Azərbaycan pandemiyaya qarşı səmərəli mübarizə aparan nümunəvi ölkələr sırasında yer alır
15.05.2020 [11:34]
Prezident İlham Əliyev: Azərbaycan ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir. Məhz bu addımlar nəticəsində biz bu günə qədər vəziyyəti tam nəzarətdə saxlayırıq və yoluxanların sayı kifayət qədər azdır
Artıq bir neçə aydır ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə dünyanın əksər ölkələrinin gündəliyinin əsas məsələsinə çevrilib. Qısa müddətdə dünyanın 200-dən çox ölkəsinə yayılan və özü ilə bərabər ciddi səhiyyə və sosial-iqtisadi problemlər gətirən pandemiyanın yayılma coğrafiyasının daha da genişlənməsinin qarşısının alınması, onun fəsadlarının aradan qaldırılması məqsədilə həm qlobal, həm də milli səviyyələrdə ciddi mübarizə tədbirləri həyata keçirilir. Öz növbəsində, Azərbaycan dövləti də ölkə ərazisində koronavirusa ilk yoluxma faktı qeydə alınandan etibarən bu məsələyə həssas yanaşma ortaya qoyur. Hazırda ölkəmizin bütün resursları pandemiyaya qarşı mübarizəyə səfərbər edilib ki, bu da respublikamızın vəziyyətdən daha az itkilərlə çıxmasını şərtləndirir. Prezident İlham Əliyev mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışından sonra müəssisələrin bir qrup işçisi ilə görüşdəki çıxışında respublikamızın pandemiyaya qarşı mübarizədə qətiyyətli mövqe tutduğunu bir daha nəzərə çatdıraraq vurğulayıb: “Koronavirus pandemiyası hər bir ölkə üçün gözlənilməz bir bəla oldu və bütün ölkələr, ilk növbədə, öz daxili resurslarını səfərbər etməyə çalışmış və pandemiyaya qarşı mübarizə üçün lazım olan tədbirləri görməyə başlamışdır, o cümlədən Azərbaycan. Deyə bilərəm ki, Azərbaycan ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir. Məhz bu addımlar nəticəsində biz bu günə qədər vəziyyəti tam nəzarətdə saxlayırıq və yoluxanların sayı kifayət qədər azdır”.
Pandemiya şəraitində insanların sağlamlığının qorunması və sosial müdafəsinin təmin edilməsi əsas məsələlər kimi müəyyənləşdirilib
Respublikamızda koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər müxtəlif istiqamətləri əhatə edir. Bütövlükdə, Azərbaycan pandemiyaya qarşı səmərəli mübarizə aparan nümunəvi ölkələr sırasında yer alır. Dövlətimizin başçısı xüsusi olaraq vurğulayıb ki, pandemiyaya qarşı respublikamızda görülən işlər həm Azərbaycan xalqı tərəfindən, həm də beynəlxalq səviyyədə yüksək dəyərləndirilir: “Əlbəttə ki, bu gün hamımızı və bütün dünyanı narahat edən koronavirus pandemiyasıdır. Bu sahədə də Azərbaycan nümunəvi yanaşma göstərir. Bunu həm Azərbaycan vətəndaşları deyir, - mənə ünvanlanmış minlərlə təşəkkür məktubunda bu, əksini tapır, - həm də beynəlxalq təşkilatlar. Bu yaxınlarda mən Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorundan ikinci məktubu almışam. Birinci məktub mart ayının sonunda mənə ünvanlanıb, ikinci məktub isə mayın 7-də. İkinci məktubda da Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda koronavirusla mübarizə sahəsində görülmüş işlərə çox yüksək qiymət verir, işlərimizi təqdir edir. Əlbəttə ki, bu, görülmüş işlərə verilən böyük qiymətdir. Ancaq bir daha demək istəyirəm ki, ən böyük qiyməti Azərbaycan xalqı verir”.
Qeyd etdiyimiz kimi, Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizə siyasəti kompleks səciyyə daşıyır. İnsanların sağlamlığının qorunması, vətəndaşların sosial müdafiəsinin təmin edilməsi isə Azərbaycan dövlətinin pandemiya şəraitində müəyyənləşdirdiyi prioritetlər sırasında xüsusi yer tutur. “Bu gün vəziyyəti nəzarətdə saxlamaq o qədər də asan məsələ deyil. Biz bütün səylərimizi insanların sağlamlığının qorunmasına yönəltdik. Pandemiyanın ilk günlərindən, demək olar ki, bizim üçün seçim etməkdə heç bir tərəddüdlü məqam olmamışdır. Mən birmənalı şəkildə demişdim ki, ilk növbədə, vətəndaşların sağlamlığı, onların həyatıdır”, - deyə Prezident İlham Əliyev bildirib.
Respublikamızda insanların sağlamlığının qorunması məqsədilə 20-dən çox ən yaxşı xəstəxana koronavirus xəstələrinin müalicəsinə cəlb olunub. Bu xəstəxanalar sırasında bir qədər bundan əvvəl Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda istifadəyə verilən “Yeni klinika” da var. Pandemiyaya qarşı mübarizənin səmərəliliyini artırmaq və xəstəliyin erkən mərhələdə müəyyənləşdirilməsini təmin etmək məqsədilə paytaxt Bakıda və bölgələrdə qısa müddətdə 23 laboratoriya yaradılıb. Həmin laboratoriyalarda testlərin yüksək səviyyədə və dəqiqliklə keçirilməsi təmin olunur. Onu da vurğulayaq ki, respublikamız adambaşına düşən testlərin sayına görə bütün dünyada ön sıralarda yer alır. Ölkədə pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həmçinin 10 modul tipli xəstəxananın tikintisinə başlanılıb. Hər birinin çarpayı sayı 200 olacaq yeni xəstəxanalar həm dövlət tərəfindən ayrılan vəsait, həm də özəl sektor təmsilçilərinin investisiyaları hesabına inşa olunur. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla bu məqsədlə 14,8 milyon manat vəsait ayrılıb. Artıq modul tipli ilk xəstəxananın inşası tamamlanaraq Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində respublikamıza xaricdən ən müasir tibbi avadanlıqların gətirilməsi təmin edilir. Dövlət başçısının 9 aprel 2020-ci il tarixində imzaladığı “Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında” Sərəncamla sənəddə qeyd olunan məqsədlərdən ötrü İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat vəsait ayrılıb. Müvafiq səhiyyə tədbirlərinin görülməsi üçün daha 150 milyon manat vəsaitin ayrılması da nəzərdə tutulub.
Azərbaycanı fərqləndirən həm də o cəhətdir ki, ölkəmiz pandemiya şəraitində özünün nümunəvi sosial siyasətinə sadiq qalır. Respublikamızda dövlətin pandemiyaya qarşı mübarizə çərçivəsində reallaşdırdığı tədbirlərin böyük bir qismi sosial sferanı əhatə edir. Xüsusilə, dövlət pandemiyadan zərər çəkən sahələrdə çalışanların, iş yerlərini itirən insanların, aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsinə hərtərəfli dəstək verir. Ölkədə ünvanlı sosial yardımla təmin olunan ailələrin sayı artırılıb. Bu gün ölkəmizdə 330 mindən çox aztəminatlı vətəndaş ünvanlı sosial yardım proqramı ilə əhatə olunub. Prezident İlham Əliyev pandemiya şəraitində ödənişli ictimai işlərə cəlb olunan vətəndaşların sayının 90 minə çatdırılması ilə bağlı tapşırıq verib və hazırda bu tapşırığın yerinə yetirilməsi istiqamətində intensiv iş aparılır. Dövlət başçısının təşəbbüsü ilə birdəfəlik ödəmə alacaq vətəndaşların sayı 200 mindən 600 minədək artırılıb. Pandemiya şəraitində xüsusi həssas təbəqələrin sosial müdafiəsi də diqqət mərkəzində saxlanılır. Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldilib. Məlumat üçün bildirək ki, bu ödənişləri 2,3 milyon şəxs alır. Prezident İlham Əliyev diqqəti ölkəmizdə pandemiya şəraitində reallaşdırılan sosial müdafə tədbirlərin əhəmiyyətinə çəkərək “İşini itirənlər üçün dövlət öz sosial dəstəyini göstərir. İşsiz, qeyri-formal məşğulluqda fəaliyyət göstərən və aztəminatlı kateqoriyaya aid olan 600 min insan dövlətdən iki ay ərzində 190 manat vəsait alır. Pandemiyadan ən çox zərər çəkən özəl sektorda 690 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Dövlət sektorunda çalışan 900 min nəfərin hər birinin əməkhaqqı ödənilir. Bu və digər tədbirlərə biz bütövlükdə 3,5 milyard manat vəsait ayırmışıq və nə qədər lazımdırsa, o qədər də ayıracağıq”, - deyə vurğulayıb.
Pandemiyaya qarşı mübarizədə vətəndaşların üzərinə böyük məsuliyyət düşür
Məlum olduğu kimi, Azərbaycanda pandemiyaya qarşı mübarizədə müşahidə edilən müsbət dinamika nəzərə alınaraq aprelin 27-dən etibarən məhdudlaşdırıcı tədbirlərin yumşaldılmasına start verilib. Prezident İlham Əliyevin bildirdiyi kimi, ölkəmizdə sərt katrantin rejiminin yümşaldılması mərhələlərlə həyata keçiriləcək. Artıq yumşaldılma tədbirləri çərçivəsində müəyyən addımlar atılıb.
Heç şübhəsiz, pandemiya təhlükəsinin tam sovuşduğunu söyləmək hələ tezdir. Sərt karantin rejiminin yumşaldılması heç də pandemiya dövrünün bütünlüklə arxada qaldığı anlamına gəlməməlidir. Prezident İlham Əliyev indiki mərhələdə vətəndaşların məsuliyyəti, nizam-intizamın gözlənilməsi məsələsini ön plana çəkib. Dövlət başçısı cəmiyyətə çağırış edərək vurğulayıb: “Mən bir daha bütün vətəndaşlara çağırış edirəm, məsuliyyətli olun, intizamlı olun, qaydaları pozmayın, özünüzü, öz yaxınlarınızı, öz tanışlarınızı qoruyun ki, biz bu bəladan az itkilərlə çıxa bilək”.
Yuxarıda deyilənlərdən də bəlli olduğu kimi, dövlət pandemiyaya qarşı mübarizədə lazım olan bütün addımları atır. Bu mərhələdə hər birimizin üzərinə düşən əsas vəzifə - xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblərə, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verilməməsi, distansiya saxlanması və s. qaydalara riayət etməyimizdir. Vətəndaşlar qoyulan tələblərə uyğun davranmalıdırlar. Müəyyənləşdirilən tələblərə əməl etmək isə heç də çətin deyil. Biz ictimai yerlərdə bir-birimizlə 1-2 metr məsafə saxlamaqla, maska taxmaqla, sanitar-epidemioloji şərtlərə əməl etməklə, zərurət olmadığı halda evdən çıxmamaqla dövlətin pandemiyaya qarşı apardığı mübarizəyə öz dəstəyimizi vermiş olarıq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

