Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Prezidentinin fəaliyyətinə verilən ən yüksək qiymət vətəndaşların münasibətidir

Azərbaycan Prezidentinin fəaliyyətinə verilən ən yüksək qiymət vətəndaşların münasibətidir

10.06.2020 [09:26]

Prezident İlham Əliyev: Mən hər gün insanlardan yüzlərlə təşəkkür məktubu alıram
Azərbaycanda həyata keçirilən siyasətin uğurlarını şərtləndirən amillər sırasında xəliqilik və zamanın dəyişən tələblərinin nəzərə alınması kimi prinsipləri xüsusi qeyd edə bilərik. Son 16 ildə biz Azərbaycan dövlətinin gündəliyində duran proritet məsələlərin məhz cəmiyyətdən gələn sosial sifarişlər əsasında müəyyənləşdirildiyinin şahidi oluruq. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev insanlarla sıx təmasda olur, tez-tez regionlara səfərlərə gedir, ictimaiyyət nümayəndələri ilə görüşür. Belə görüşlərdə qaldırılan məsələlər sonradan dövlət siyasətində mütləq nəzərə alınır. Eyni zamanda, ölkəmizdə qlobal miqyasda meydana çıxan çağırışlara adekvat olan tədbirlər görülür. Bütün bunlar isə son nəticədə ölkəmizdə aparılan məqsədyönlü siyasətin səmərəliliyini təmin edir və yüksək vətəndaş məmnunluğu yaradır.
Pandemiya şəraitində Azərbaycan dövləti yenə də öz vətəndaşlarının yanında olmaq nümunəsi göstərir
Məlum olduğu kimi, çətin anlarda - daşqın, sel basma, zəlzələ kimi təbii fəlakətlər, yanğın, uçqun kimi bədbəxt hadisələr baş verəndə vətəndaşlar, bir qayda olaraq, öz yanlarında Azərbaycan dövlətini görürlər. Dünyanın 200-dən çox ölkəsinə yayılan qlobal pandemiya şəraitində də Azərbaycan dövləti vətəndaşlarını tək qoymur. Respublikamızda yeni növ koronavirus (COVİD-19) infeksiyasına ilk yoluxma faktı qeydə alınandan bəri Azərbaycan dövləti Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq özünün bütün resurslarını vətəndaşların sağlamlığının və həyatının qorunmasına, onların sosial müdafiəsinin təmin edilməsinə səfərbər edib. Hazırda respublikamızda 20-dən çox xəstəxana sırf koronavirusla bağlı fəaliyyət göstərir, bu səhiyyə ocaqlarında ancaq koronavirus xəstələri müalicə olunurlar. Belə səhiyyə müəssisələri sırasında bir qədər bundan əvvəl Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən “Yeni klinika” da var. Ən müasir texniki təchizata malik belə bir xəstəxananın koronavirus xəstələrinin müalicəsinə cəlb olunması Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığına necə böyük həssaslıqla yanaşdığının əyani göstəricisidir. Qısa müddətdə paytaxt Bakıda və regionlarda 20-dən çox müasir laboratoriya təşkil olunub. Azərbaycanda tibbi maska, kombinezon, dezinfeksiya vasitələrinin istehsalına başlanılması da böyük uğurdur. Eyni zamanda, respublikamızın səhiyyə infrastrukturu daha da genişləndirilir. Ölkə üzrə modul tipli 10 xəstəxananın inşasına başlanıb. Onlardan dördünün açılışı artıq təmin edilib. Modul tipli xəstəxanaların hər biri 200 çarpayılıqdır. Beləliklə, əlavə 2000 yataq xəstələrin ixtiyarına veriləcək.
Pandemiya şəraitində ölkəmizdə insanların sosial müdafiəsinin təmin olunmasına hesablanan tədbirlərin də əhatə dairəsi kifayət qədər genişdir. Uğurla reallaşdırılan məşğulluğa və sosial rifaha dəstək proqramı çərçivəsində artıq dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam ödənilib. Eyni zamanda, özəl sektorda çalışan təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsinin ödənilməsi dövlət tərəfindən həyata keçirilib. Pandemiya şəraitində işləməyən, işini itirən, o cümlədən qeyri-formal əmək fəaiyyəti göstərən insanların sosial təminatı təşkil edilərək onların hər birinə 190 manat vəsait ayrılıb. Dövlət başçısının humanist təşəbbüsü ilə belə insanların sayı 200 mindən 600 minə çatdırılıb. Paralel şəkildə, ünvanlı sosial yardım alanların əhatə dairəsi genişləndirilib. Hazırda 80 min ailə bu proqramla əhatə olunur və orta hesabla hər bir ailəyə ayda 220 manatdan çox vəsait ödənilir.
Eyni zamanda, yenə də dövlət başçısının təşəbbüsü ilə ödənişli ictimai iş yerlərinə cəlb olunan vətəndaşların sayı artırılır. Belə ki, ölkəmizdə 90 min ödənişli ictimai iş yerinin açılması istiqamətində intensiv iş aparılır. Prezident İlham Əliyev bu günlərdə Ağcabədidə “ASAN Həyat” kompleksi ilə tanışlıqdan sonra ASAN könüllüləri ilə görüşdəki çıxışında ölkəmizdə pandemiya şəraitində həyata keçirilən səhiyyə və sosial məzmunlu tədbirlərin əhatə dairəsinin kifayət qədər geniş olduğuna diqqət çəkərək vurğulayıb: “Bütün bunlar bir daha ona göstərir ki, birincisi, Azərbaycan güclü dövlətdir, ikincisi, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun sağlamlığıdır. Bu, onu göstərir ki, bizim tədbirlərimiz məqsədyönlüdür, səmərəlidir, vaxtında atılmış cəsarətli addımlardır. Biz insanların həyatını qorumaq üçün şüurlu şəkildə iqtisadi tənəzzülə və iqtisadi itkilərə getdik. Milyardlarla manat, - baxmayaraq ki, neftin qiyməti düşüb, - xərclədik və xərcləyirik. İnsanların sağlamlığı birinci yerdədir. Bu, onu göstərdi ki, ən çətin böhranlı anlarda biz düzgün addım ata bilərik və güclü iradə göstərə bilərik”.
“ASAN xidmət” Azərbaycan hakimiyyətinin müasir yanaşmasını nümayiş etdirir
Müasirləşməni strateji hədəf seçən Azərbaycan, həmçinin dövlət xidmətlərinə əlçatanlığın təmin edilməsini və beləliklə də, vətəndaş məmnunluğunun artırılmasını hədəfləyib. Bundan ötrü ölkəmizdə məqsədə hesablanan tədbirlər görülür, o cümlədən də institusional islahatlar aparılır. Bu baxımdan müxtəlif dövlət xidmətlərini eyni bir məkanda vətəndaşlara təqdim edən “ASAN xidmət” mərkəzlərinin ölkə üzrə əhatə dairəsinin genişləndirilməsi təqdirəlayiq haldır.
Qeyd edək ki, Azərbaycanda qısa müddət ərzində 19 “ASAN xidmət” mərkəzi istifadəyə verilib və daha səkkiz mərkəzin tikintisi nəzərdə tutulur. İndiyədək bu mərkəzlərə təxminən 38 milyon müraciət daxil olub. Əvvəllər “ASAN xidmət” mərkəzlərində cəmi 100 xidmət göstərilirdisə, indi onların sayı 320-yə çatdırılıb. Dövlət başçısının təşəbbüsü əsasında həyata vəsiqə alan “ASAN xidmət” mərkəzlərinin yaradılmasında əsas niyyət insanlar üçün gözəl, rahat və şəffaf xidmət təşkil etmək olub. Qazanılan təcrübə, əlbəttə ki, sevindiricidir. Belə ki, biz “ASAN xidmət”in timsalında ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verdiyini görürük. Təsadüfi deyildir ki, vətəndaşların “ASAN xidmət”in fəaliyyətini bəyənmə əmsalı 99,4 faizə çatıb.
Eyni zamanda, “ASAN xidmət” mərkəzləri vətəndaşları narahat edən korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı kimi problemlərin aradan qaldırılmasında mühüm rol oynayır. Məlum olduğu kimi, əvvəllər vətəndaşlara ictimai xidmətlərin göstərilməsində müəyyən problemlər yaşanırdı, onlar məmur özbaşınalığı, süründürməçiliklə üzləşirdilər. “ASAN xidmət” mərkəzlərində şəffaflıq yüksək səviyyədə təmin edilib. Prezident İlham Əliyev respublikamızda korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə bütün vasitələrdən istifadə olunduğunu bildirib. Bu xüsusda fikirlərini bildirən dövlətimizin başçısı “Biz bütün vasitələrdən istifadə edirik. Əlbəttə, hesab edirəm ki, burada əsas rol sistem xarakterli tədbirlərdir. Çünki artıq “ASAN xidmət”in timsalında görürük ki, burada bu, mümkündür. Ona görə, bu sistem xarakterli institusional tədbirlərlə biz korrupsiyanın, kölgə iqtisadiyyatının meydanını daraldırıq. Ancaq bununla yanaşı, inzibati tədbirlər və cəza tədbirləri görülür və görüləcək. Azərbaycan ictimaiyyəti bu məsələ ilə bağlı məlumatlandırılır. Deyə bilərəm ki, mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür”, - deyə vurğulayıb.
Bir sözlə, “ASAN xidmət” Azərbaycan hakimiyyətinin müasir yanaşmasını nümayiş etdirir.
Pandemiya şəraitində ölkədə milli həmrəylik yüksək səviyyədədir
Azərbaycan dövləti və cəmiyyəti həmişə olduğu kimi, indiki çətin pandemiya şəraitində də yüksək milli həmrəylik nümunəsi göstərir. Yuxarıda deyilənlərdən də göründüyü kimi, müvafiq dövlət orqanları Prezident İlham Əliyevin tapşırıqlarını əsas tutaraq öz fəaliyyətlərini pandemiya dövrünün tələblərinə uyğun qurublar və bilavasitə vətəndaşların mənafeyinə yönələn genişmiqyaslı tədbirlər həyata keçirirlər. Eyni zamanda, reallaşdırılan bütün operativ tədbirlər insanlar tərəfindən rəğbətlə qarşılanır. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın poçtuna vətəndaşlardan çoxsaylı məktublar daxil olur. İnsanlar bu məktublarda onların sağlamlığının qorunması məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə edirlər ki, bu da çox vacib məqamdır. Prezident İlham Əliyev vətəndaşların münasibətinin Onun üçün əsas olduğunu bildirərək vurğulayıb: “Mən hər gün insanlardan yüzlərlə təşəkkür məktubu alıram. Onların cəmi bir hissəsi mətbuatda dərc edilir. İnsanlar bu məktublarda minnətdarlıqlarını bildirirlər. Mənim üçün görülmüş bu işlərə verilmiş ən yüksək qiymət vətəndaşların buna münasibətidir”.
Azərbaycan son 16 ildə ölkədə yüksək səviyyədə təmin edilən dövlət-vətəndaş həmrəyliyi sayəsində böyük uğurlara imza atıb, bütün dünyada sayılıb-seçilən ölkəyə çevrilib. Şübhə yoxdur ki, dövlətin və cəmiyyətin birgə səyləri sayəsində respublikamız yaranmış pandemiya şəraitindən daha az itkilərlə çıxmağa nail olacaq.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 348 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31