Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan pandemiya şəraitində öz gücünə arxalanaraq genişmiqyaslı sosial tədbirlər həyata keçirir

Azərbaycan pandemiya şəraitində öz gücünə arxalanaraq genişmiqyaslı sosial tədbirlər həyata keçirir

25.06.2020 [09:38]

Prezident İlham Əliyev: Biz sosial layihələrin heç birini ixtisara salmamışıq, onların hamısı büdcəmizdə qalır
İqtisadi aktivliyin azaldığı və bu səbəbdən də əmək bazarına çıxış imkanlarının məhdudlaşdığı pandemiya şəraitində insanların sosial müdafiəsi ilə bağlı məsələlərin aktuallığı daha da artıb. Bu baxımdan, Azərbaycan dövlətinin pandemiya şəraitində vətəndaşların sosial müdafiəsinin təmin edilməsi istiqamətində gördüyü tədbirlər təqdirəlayiqdir. Belə ki, sosial dövlət olan Azərbaycan pandemiya şəraitində də öz ənənəsinə sadiq qalaraq vətəndaşların yanında olmaq nümunəsi sərgiləyir. Prezident İlham Əliyev iyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Onunla bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda ölkəmizdə pandemiya şəraitində həyata keçirilən sosial məzmunlu tədbirlərin geniş spektirinə diqqət çəkib. “Biz sosial layihələrin heç birini ixtisara salmamışıq, onların hamısı büdcəmizdə qalır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ölkəmizdə pandemiya şəraitində insanların sosial müdafiəsinin təmin olunmasına böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir
Son 16 ildə aparılan məqsədyönlü siyasət sayəsində özünün iqtisadi və maliyyə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyə nail olan respublikamız yeni növ koronavirus pandemiyasına qarşı mübarizədə heç kimdən kömək, yardım gözləmir, sırf öz gücünə arxalanır. O cümlədən ölkəmizdə pandemiya şəraitində insanların sosial müdafiəsinin təmin olunmasına böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “İqtisadiyyatın pandemiyadan zərər çəkən sektorlarını dəstəkləmək, eləcə də işsizləri, işini itirmiş insanları, aztəminatlı insanları və hətta qeyri-formal məşğulluğa cəlb olunmuş insanları dəstəkləmək üçün 2 milyard avrodan çox vəsait ayırmışıq”.
Bütövlükdə, pandemiya şəraitində respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən sosial məzmunlu tədbirlərin əhatə dairəsi kifayət qədər genişdir. Prezidenti İlham Əliyevin mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirdiyi kimi, pandemiyaya bizim cavabımız çoxşaxəli olmuşdur. “Biz indi pandemiya dövründə yaşayırıq və pandemiyaya bizim cavabımız çoxşaxəli olmuşdur. O cümlədən sosial təminatla bağlı çox ciddi, operativ və məqsədə hesablanmış addımlar atılmışdır”, - deyə dövlət başçımız vurğulayıb.
Respublikamızda məşğulluğa və sosial rifaha dəstək proqramı uğurla reallaşdırılır. Artıq dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam ödənilib. Eyni zamanda, özəl sektorda çalışan təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsinin ödənilməsi dövlət tərəfindən həyata keçirilib. Pandemiya şəraitində işləməyən, işini itirən, o cümlədən qeyri-formal əmək fəaiyyəti göstərən insanların sosial təminatı təşkil edilərək onların hər birinə 190 manat vəsait ayrılıb. Bu kateqoriyadan olan insanların sayı heç də az deyil - dövlət başçısının humanist təşəbbüsü ilə onların sayı 200 mindən 600 minə çatdırılıb. Paralel şəkildə ünvanlı sosial yardım alanların əhatə dairəsi genişləndirilib. Hazırda 80 min ailə bu proqramla əhatə olunur və orta hesabla hər bir ailəyə ayda 220 manatdan çox vəsait ödənilir. Eyni zamanda, yenə də dövlət başçısının təşəbbüsü ilə ödənişli ictimai iş yerlərinə cəlb olunan vətəndaşların sayı artırılır. Belə ki, ölkəmizdə 90 min ödənişli ictimai iş yerinin açılması istiqamətində fəal iş aparılır. Cari ildə respublikamızda özünüməşğulluq proqramına cəlb olunan insanların sayının 12 minə çatdırılması planlaşdırılıb.
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə almış şəxslərə eyni məbləğdə birdəfəlik ödəmə veriləcək
Respublikamızda pandemiya şəraitində Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı əsasında reallaşdırılan məşğulluğa və sosial rifaha dəstək tədbiri 4,8 milyon vətəndaşı əhatə edib. Azərbaycan dövlətinin pandemiya dövründə öz vətəndaşlarına ardıcıl sosial dəstəyinin davamı olaraq Nazirlər Kabineti 23 iyun 2020-ci il tarixli daha bir Qərar qəbul edib. Qərara əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə eyni məbləğdə ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək. Ödəmə həmin şəxslərin banklar tərəfindən təqdim edilmiş bank kartlarına köçürüləcək.
Həmçinin Nazirlər Kabinetinin digər Qərarında ünvanlı dövlət sosial yardımının müddəti bitmiş aztəminatlı ailələrə, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə ödənişlərin də davam etdirilməsi nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll edəcək.
Ölkədə həyata keçirilən siyasət sosial ədalət prinsipinə əsaslanır
Azərbaycanda həyata keçirilən siyasət sosial ədalət prinsipinə əsaslanır. Başqa sözlə desək, ölkəmizdə ehtiyacı olan bütün vətəndaşlar dövlət qayğısından bəhrələnirlər. Bu baxımdan, pandemiya şəraitində müəcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin mənzillərlə təmin olunması xüsusi əhəmiyyət daşıyır. Məlum olduğu kimi, bir qədər bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı baş tutub. Paytaxtın Qobu qəsəbəsində məcburi köçkünlər üçün salınan yeni yaşayış komplekslərinin təməli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə qoyulub. 2018-ci ildə bu ərazidə “Qobu Park-1”, ötən il isə “Qobu Park-2” yaşayış kompleksləri istifadəyə verilib. Birinci yaşayış kompleksində 1026 ailəlik doqquzmərtəbəli 11 yaşayış binası, ikinci yaşayış kompleksində isə 1300 ailəlik onmərtəbəli 13 bina inşa olunub. “Qobu Park-3” yaşayış kompleksində onmərtəbəli 13 yaşayış binası inşa olunub. Beləliklə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə salınmış yeni şəhərciklərdə 3700 məcburi köçkün ailəsi yerləşdiriləcək və burada 20 minə yaxın insan yaşayacaq. Prezident İlham Əliyev “Qobu Park-3” yaşayış kompleksinin açılışından sonra məcburi köçkünlərlə görüşdəki çıxışında müvafiq kateqoriyadan olan soydaşlarımızın mənzil-məişət problemlərinin ardıcıllıqla həllini tapdığına diqqət çəkərək bildirib: “Keçən il məcburi köçkünlər üçün rekord sayda evlər-mənzillər tikildi - 5 minə yaxın. Bu il qarşıya hədəf qoyulub ki, 7 min, bəlkə də 8 min məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin edilsin. Əgər biz buna nail olsaq, bir il ərzində həm Bakı şəhərində, Sumqayıt şəhərində və digər şəhərlərdə təqribən 40 minə yaxın insan yeni evlərə köçürüləcək. Bu işlər ardıcıllıqla aparılır. Biz gələn ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün vəsait ayıracağıq”.
Bu günlərdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə daha 100 mənzil təqdim edilib. Mənzillərdən 53-ü Abşeron rayonunun Məmmədli kəndindəki yeni yaşayış binalarından, 47-si Bakının Hövsan qəsəbəsində inşa olunan yaşayış kompleksindən alınıb.
Mənzillərin təqdim edilməsi tədbirlərində vurğulanıb ki, şəhid ailələrinin və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı uğurla davam etdirilir. Onlara təqdim edilən mənzillərin sayı ildən-ilə əhəmiyyətli dərəcədə artır. Şəhid ailələrinə və müharibə əlillərinə 2018-ci ildə 626 ədəd, 2019-cu ildə 934 ədəd mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığı əsasında 2020-ci ildə müvafiq kateqoriyadan olan vətəndaşlara ən azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutub. Bu il üçün nəzərdə tutulan 1500 mənzil və fərdi evdən artıq 300-ü sahiblərinin ixtiyarına verilib. Ümumilikdə isə, indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 7900-ə yaxın mənzil və fərdi ev təqdim edilib.
Nəticə etibarilə, dövlət pandemiya şəraitində öz gücünə, iqtisadi-maliyyə imkanlarına arxalanaraq mühüm sosial tədbirlər reallaşdırır. Bu isə həyata keçirilən dövlət siyasətinin mərkəzində məhz ölkə vətəndaşlarının rifahı və mənafeyinin dayandığını göstərir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 317 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31