Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil

Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil

25.06.2020 [09:44]

Keçirilən bayram tədbirləri Azərbaycanın qazandığı uğurların təhlili və qarşıdakı vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, 26 iyun-Silahlı Qüvvələr Günü qət edilən yolu bir daha nəzərdən keçirməyi zərurətə çevirir. Hər bir ölkənin suverenliyinin, təhlükəsizliyinin qarantı olan ordunun güclənməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi həyata keçirilən siyasətin ana xəttini təşkil edir. Bu gün böyük fəxrlə və inamla qeyd edirik ki, Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Təbii ki, bu uğurumuzu şərtləndirən əsas amil iqtisadi qüdrətimizin artması və bu fonda digər sahələr kimi, ordu quruculuğu istiqamətində də zəruri addımların atılmasıdır.
Tarixə müraciət edərkən əvvəlcə bu məqamı xüsusi vurğulamaq istərdik ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə hər ilin konkret bir sahənin, əhəmiyyətli bir hadisənin adı ilə bağlanması onun mahiyyətinin daha dərindən dərk olunmasında, həmçinin keçilən yolun düzgün dəyərləndirilməsində əhəmiyyətli rol oynayır. Bu baxımdan, cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ayrı-ayrı istiqamətlərdə, eyni zamanda, ordu quruculuğu sahəsində əldə olunun uğurların təqdimatında əhəmiyyətli rol oynadı. Məlum olduğu kimi, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradılıb. 1918-ci il mayın 28-də qəbul edilmiş “İstiqlal Bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Məhz bu səbəbdən hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. 1918-ci il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olunub. Ölkəmizdə ilk hərbi parad da 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirildi. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilmişdi. 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu. Bu, 102 yaşı olan Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının keçdiyi yolun xronologiyasının bir hissəsidir. Qeyd edək ki, 2018-ci ildə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Bakı şəhərinin azad edilməsinin 100 illiyi münasibətilə Azərbaycan və türk əsgərlərinin möhtəşəm paradı keçirildi. İstər Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının, istərsə də Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunan parad Azərbaycan Ordusunun gücünü və qüdrətini bir daha dünyaya nümayiş etdirdi.
Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra digər sahələr kimi, ordu quruculuğu sahəsində də yaşadığı uğursuzluqlar yaddaşlardadır. Həmin dövrlərdə Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı şəxslərin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb oldu. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə də mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun maddi-texniki bazasının formalaşdırılmasına, gənclərdə vətənpərvərlik hissinin daha yüksəlməsinə böyük stimul oldu. Ümummilli Lider Heydər Əliyev bildirirdi ki, müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir. 1994-cü il mayın 12-də Ulu Öndər Heydər Əliyevin böyük səyləri və qətiyyəti nəticəsində Ermənistanla atəşkəs sazişinin imzalanması ölkəmizin hərtərəfli inkişafının təmin edilməsində əsas amil olmaqla yanaşı, Azərbaycanın sülh siyasətinə sadiqliyini dünyaya nümayiş etdirdi. Münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olduğunu ən yüksək tribunalardan bəyan edən rəsmi Bakı bu mühüm məqamı da xüsusi diqqətə çatdırırdı ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü, qüdrətli ordunun olması əsas şərtlərdən biridir. Müstəqilliyimizin, dövlətçiliyimizin qarantı kimi ordunun möhkəmlənməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi daim prioritet məsələ kimi öndə dayanmalıdır.
Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, 26 iyun - Silahlı Qüvvələr Gününün Azərbaycanda ümumxalq bayramı kimi qeyd olunması orduya diqqət və qayğının bariz nümunəsidir. 29 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın keçdiyi inkişaf yoluna diqqət yetirdikdə, ölkəmizin müdafiə gücünün artırılması istiqamətində atılan addımların davamlı xarakter daşıdığını böyük inam və qətiyyətlə qeyd edə bilərik. Son 16 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev daim ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə səy göstərib, bölgələrə səfərləri çərçivəsində hərbi hissələrə baş çəkir, əsgərlərin qayğıları ilə yaxından tanış olur, aidiyyəti qurumlara öz tapşırıq və tövsiyələrini verir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən bu məqamı xüsusi vurğulayır ki, müasir, mütəşəkkil ordu yaradılması Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olmuşdur.
Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək zəruri olan addımları atmışdır ki, bunlardan biri gənclərin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, digəri C.Naxçıvanski adına hərbi liseyin yaradılması olmuşdur. Bu gün orduda xidmət edən zabitlərin böyük əksəriyyəti həmin məktəbin yetirmələridir. Əbəs yerə deyilmir ki, ordun varsa, yurdun var. Hər bir ölkənin inkişafında iki amil önə çəkilir ki, bunlar iqtisadi tərəqqi və ordu quruculuğudur. Dövlət büdcəsindən ayırmalarda birinci yeri müdafiə, ikinci yeri təhsil tutur. Hər iki sahə ölkəmizin dayanıqlı inkişafı, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi üçün önəmlidir. Möhkəmlənən iqtisadi imkanlarımız hesabına daha da təkmilləşən Azərbaycan Silahlı Qüvvələri müasir texnika ilə təchiz edilmiş, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilmişdir.
Dövlətimizin başçısı İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında Müdafiə Sənayesi Nazirliyinin yaradılması, bu qurumun qatıldığı beynəlxalq sərgilərdə istehsal etdiyi məhsullarla diqqəti çəkməsi, hərbi təyinatlı məhsullarının çeşidlərini artırması bir daha qazanılan uğurların göstəriciləri kimi dəyərləndirilməlidir. Son 16 ildən artıq dövrdə ilk hərbi parad 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirildi. Daha sonra keçirilən hərbi paradlar 2013-cü ildə Silahlı Qüvvələr Gününün yaranmasının 95, növbəti parad isə 2018-ci ildə ordumuzun 100 illiyinə həsr olundu. Bu möhtəşəm paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4 min nəfərədək şəxsi heyəti iştirak edildi. Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunmuşdur. Paradda, həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə iştirak etmişdir. Dövlətimzin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik.
Ordu quruculuğu sahəsində həyata keçrilən islahatların ilk günündən müdafiə xərclərinin artırılması əsas prioritet kimi dövlət siyəsətinin əsasında dayanır. 2003-cü ildə 160 milyon dollar olan hərbi büdcəmiz artıq 3,5 milyard dollardan çoxdur. Bu reallığı xüsusi vurğulamalıyıq ki, hazırda Azərbaycanın hərbi büdcəsi işğalçı Ermənistanın ümumi büdcəsindən artıqdır. Müharibə şəraitində yaşayan bir ölkədə dövlət büdcəsindən hərbi təyinatlı xərclər üçün ayırmalara, ordu quruculuğuna bu cür diqqət və qayğı təbiidir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli üçün danışıqlar istənilən nəticəni verməyənə kimi orduya ayırmaların artımı daim diqqətdə saxlanılacağını vurğulayan Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, həmçinin digər beynəlxalq təşkilatların oxşar qərar və qətnamələrinin icra edilməməsini ədalətsizlik kimi dəyərləndirərək bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir: “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır və olmayacaqdır. Biz çalışırıq ki, məsələ tezliklə beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın və Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilsin. Bunun üçün biz diplomatik səylərimizi davam etdirəcəyik. Bizim işimiz haqq işidir. Biz heç bir başqa ölkənin torpağını zəbt etməmişik, heç bir başqa ölkənin torpağında bizim gözümüz yoxdur... Ancaq bu işğal çox çəkə bilməz. Mən tam əminəm ki, Azərbaycanın ərazi bütövlüyü istənilən yolla bərpa ediləcəkdir. Bunu etmək üçün biz daha da güclü olmalıyıq. Azərbaycanda bütün sahələrdə aparılan islahatlar, ölkəmizin inkişafı, bölgədəki mövqelərinin möhkəmləndirilməsi nəticəsində istədiyimizə nail ola biləcəyik”.
Azərbaycan Ordusu bu gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. 1994-cü il mayın 12-də cəbhədə atəşkəs elan olunmasına baxmayaraq, ermənilər hər gün atəşkəs rejimini dəfələrdə pozmaqda davam edirlər. Azərbaycan Ordusunun qəhrəman əsgərləri ön xətdə düşmənə layiqli cavab verir, işğalçı ordunun təxribatlarının qarşısını qətiyyətlə alırlar. 2016-cı ilin aprelində Azərbaycan Ordusu düşmənə öz gücünü bir daha göstərdi. 2016-cı il aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. 2018-ci il Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyat da Silahlı Qüvvələrimizin uğurları sırasındadır. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən təntənəli hərbi paradda ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev bildirmişdir: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
Azərbaycanın ev sahibliyi etdyi beynəlxalq səviyyəli tədbirlər də müdafiə sənayesi sahəsində malik olduğmuz imkanların təqdimatında əhmiyyətli rol oynayır. Qeyd edək ki, 2018-ci ildə keçirilən “ADEX-2018” Üçüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, müasir silah və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişi oldu. Sərgiyə ildən-ilə marağın artması, yeni dövlətlərin, şirkətlərin qoşulması Azərbaycanın regionda mühüm strateji əhəmiyyətini bir daha təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyev Üçüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına məktubunda bildirmişdir ki, ərazisinin 20 faizi işğal altında olan Azərbaycan müdafiə qabiliyyətinin artırılmasına və silahlı qüvvələrinin maddi-texniki təchizatının gücləndirilməsinə daim xüsusi önəm verir. Azərbaycan hərbi-texniki sahədə dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, güclü müdafiə sənayesi yaratmışdır və bu sərgi müdafiə sənayemizin əldə etdiyi nailiyyətlərin tanıdılması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın diplomatik mübarizədə qələbəsi, eyni zamanda, iqtisadi imkanları əsasında möhkəmlənən və güclənən ordusu işğal altında olan torpaqlarımızın tezliklə azad olacağına inamı artırır. Ən yüksək tribunalardan səsləndirilən “Bir qarış torpağımız belə düşmənə verilməyəcək”, “Azərbaycan xalqının səbri tükənməz deyil” kimi bəyanatlar işğalçı Ermənistanı və ona dəstək olan dövlətləri ciddi düşündürməlidir. Bir məqamı da qeyd edək ki, Azərbaycanın öz hərbi potensialını mökəmləndirməsi işğalçı Ermənistan tərəfindən beynəlxalq ictimaiyyətə guya Azərbaycan tərəfinin sülh danışıqlarında maraqlı olmaması kimi təqdim edilirdi. Rəsmi Bakı buna sərt münasibətini açıqladı - Azərbaycanın hərbi qüdrətini artırması suveren hüququdur. Azərbaycanın tam haqqı var ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin.
Dövlətimizin başçısı İlham Əliyevin dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından, beynəlxalq tədbirlərdən işğalçı dövlətə cavab olaraq ünvanladığı “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” kimi bəyanatları, həmçinin keçirilən hərbi paradlar, təlimlər, beynəlxalq sərgilər Azərbaycan dövlətinin münaqişə ilə bağlı dəyişməz mövqeyini, ordumuzun imkanlarını, ölkəmizin regionda və dünyada rolunu, artan beynəlxalq dəstəyi təqdim etməklə yanaşı, bu reallığı da ortaya qoyur ki, xalqımız Ali Baş Komandanının hücum əmrinə tam hazırdır. Sülh danışıqları səmərə vermədiyi təqdirdə torpaqlarımızın hərb yolu ilə işğaldan azad ediləcəyi şəksizdir. Hər gün, hər an bizi qələbəyə yaxınlaşdırır. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.
Ağalar Vəliyev
Milli Məclisin deputatı

Paylaş:
Baxılıb: 302 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31