Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçiriləcək

Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçiriləcək

30.06.2020 [09:44]

Dünyanın 130-dan çox dövlətinin Azərbaycanın dövlət başçısının bəhs olunan təşəbbüsünü dəstəkləməsi beynəlxalq birliyin ölkəmizə olan böyük etimad və hörmətinin ifadəsidir
Artıq arxada qalan ayların təcrübəsi təsdiqlədi ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizədə yalnız milli səviyyələrdə görülən tədbirlər yetərli deyil. Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb. Dünya müharibəsi ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində özünü təcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə, qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır. İndiki çətin dövrdə ölkələrin bir-birlərindən təcrid olunmaları, özlərinə qapanmaları vəziyyəti daha da ağırlaşdırır. Qısa müddətdə dünyanın 200-dən çox ölkəsinə yayılan COVİD-19 qlobal səciyyə daşıdığına və qlobal təhdidlər yaratdığına görə ona qarşı mübarizədə beynəlxalq səviyyədə əlaqələndirilmiş fəaliyyət qurulmalı, həmrəylik gücləndirilməli və səylər birləşdirilməlidir. Yalnız belə olan halda pandemiyaya qarşı mübarizənin səmərəliliyini artırmaq mümkündür. Deyilənlər baxımından Azərbaycanın sərgilədiyi mövqe təqdirəlayiqdir.
Azərbaycan indiki çətin şəraitdə qlobal həmrəyliyin möhkəmlənməsinə fəal dəstək nümayiş etdirir
Təəssüf doğuran haldır ki, qlobal təhdidlər yaradan pandemiyaya qarşı mübarizədə BMT-nin, onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür. İndiki çətin şəraitdə dünyanın aparıcı ölkələri qlobal liderlik göstərməlidirlər. Bunun əvəzində biz həmin dövlətlərin geosiyasi rəqabət apardıqlarını və özünü təcridə kökləndiklərinin şahidi oluruq. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmayıb. BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də, onların da əksəriyyəti uğurla nəticələnməyib və yalnız deklarativ mətnlərlə yekunlaşıb.
Pandemiya dövründə Azərbaycan dövlətinin sərgilədiyi mövqe isə tamamilə fərqli bir rakursdan diqqəti çəkir. Azərbaycan dövləti pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə tədbirləri gördüyü kimi, beynəlxalq miqyasda da özünü çox məsuliyyətli dövlət kimi aparır, qlobal həmrəyliyin möhkəmlənməsinə fəal dəstək nümayiş etdirir. Qeyd edək ki, Azərbaycan COVİD-19-la mübarizə məqsədilə indiyədək qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım göstərib.
Qlobal pandemiya şəraitində Prezident İlham Əliyevin həmrəylik təşəbbüslərinin önəmini isə ayrıca qeyd etmək lazımdır. Məlum olduğu kimi, aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü təşkil olunub. Bəhs olunan beynəlxalq tədbirlərin keçirilməsi təşəbbüsləri isə məhz Azərbaycanın dövlət başçısından gəlib. Zirvə görüşlərində Azərbaycan Prezidentinin həmrəylik təşəbbüsləri yüksək dəyərləndirilib, qlobal pandemiyaya qarşı səylərin əlaqələndirilməsinin, koordinasiya olunmuş fəaliyyət göstərilməsinin vacibliyi vurğulanıb.
Şübhəsiz ki, Azərbaycan Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiya şəraitində yüksək səviyyəli görüşlərini təşkil etməklə liderlik keyfiyyəti ortaya qoyub və qlobal səyləri birləşdirib. Qeyd edək ki, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən Zirvə görüşündə 120 ölkə təmsil olunub, eyni zamanda, tərkibində 55 dövləti birləşdirən Afrika İttifaqı buna qoşulub. Bundan başqa, 27 dövlətin yer aldığı Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə qatılıb. Qeyd edək ki, tərkibində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır.
Azərbaycanın dövlət başçısının təşəbbüsünü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir
Azərbaycanın dövlət başçısının pandemiya ilə mübarizədə qlobal həmrəyliyin möhkəmləndirilməsinə hesablanan növbəti təşəbbüsü BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi ilə bağlıdır. Prezident İlham Əliyev bu təklifi Qoşulamama Hərəkatının yuxarıda bəhs olunan Zirvə görüşündə çıxışı zamanı səsləndirib.
BMT-nin Nizamnaməsinə əsasən, qurumun Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. Qeyd edək ki, BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib. Azərbaycan Prezidentinin təklifi Nyu Yorkda Qoşulamama Hərəkatının 120 üzv ölkəsi arasında yekdilliklə razılaşdırılıb. Bunun ardınca Qoşulmama Hərəkatının Sədri, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb. Öz növbəsində qurumun Baş katibi 28 may tarixində BMT Baş Assambleyasının “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət ünvanlayaraq 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilmələrini xahiş edib.
Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Verilən rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-a qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıblar. BMT üzvü olan 130-dək dövlətin Qoşulmama Hərəkatının Sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü dəstəkləməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.
Onu da vurğulamaq yerinə düşər ki, təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər vardır. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatı üzvlərinin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul olunduğu üçün xüsusi sessiyasının keçirilməsi artıq təkcə Qoşulmama Hərəkatı ölkələrinin deyil, BMT-yə üzv olan bütün dövlətlərin ümumi məsələsinə çevrilib. Yaxın günlərdə BMT Baş katibi tərəfindən üzv dövlətlərə rəsmi qaydada məlumat verilməsi gözlənilir.
Xoş niyyətə əsaslanan bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə Ermənistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə beynəlxalq həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü bir daha rüsvay edib. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi olub.
Bütövlükdə, Azərbaycan tərəfi ümid edir ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaq. Respublikamız Prezident İlham Əliyevin rəhbərliyi altında Qoşulmama Hərəkatımnda sədrliyi dönəmində bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarsında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 388 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31