Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan pandemiya şəraitində beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsində fəal rol oynayır

Azərbaycan pandemiya şəraitində beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsində fəal rol oynayır

01.07.2020 [10:01]

Ekspertlər qeyd edirlər ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi COVİD-19 pandemiyasına qarşı mübarizə üzrə dünya ölkələrinin birgə səylərinin gücləndirilməsinə mühüm töhfə olacaq
Azərbaycanın xoş mərama əsaslanaraq davamlı şəkildə regional və qlobal əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfələr beynəlxalq miqyasda ölkəmizə böyük nüfuz qazandırıb. Təsadüfi deyil ki, bu gün müstəqil Azərbaycan bütün dünyada həm milli maraqlarını qətiyyətlə qoruyan, həm də qlobal təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına böyük səy göstərən dövlət kimi tanınır. Respublikamız öz ənənəsinə sadiq qalaraq qısa müddətdə dünyanın 200-dən çox ölkəsinə yayılan və qlobal təhdidlər yaradan koronavirus pandemiyasına (COVİD-19) qarşı mübarizədə də dünya dövlətlərinin və beynəlxalq təşkilatların fəaliyyətinin koordinasiyalı şəkildə qurulmasına, səylərin əlaqələndirilməsinə hesablanan təşəbbüslərlə çıxış edir. İndiyədək Azərbaycanın təşəbbüsü ilə qlobal pandemiya ilə mübarizə mövzusunda Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında Zirvə görüşləri keçirilib. Dünyada Birləşmiş Millətlər Təşkilatından sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsü də beynəlxalq birlik tərəfindən rəğbətlə qarşılanıb. Beləliklə, Azərbaycan özünün xoş niyyəti, indiki çətin dövrdə beynəlxalq əməkdaşlığın möhkəmlənməsi istiqamətində səyləri ilə yenidən dünyanın diqqətini özünə cəlb edib. Yeri gəlmişkən, ekspertlər qeyd edirlər ki, dövlətimizin başçısının beynəlxalq səviyyədə pandemiyaya qarşı mübarizənin səmərəliliyinin artrırılmasına hesablanan təşəbbüsünün indiyədək 130-dan çox dövlət tərəfindən dəstəklənməsi respublikamızın dünyada artan nüfuzunun, ölkəmizə və onun liderinə olan böyük hörmətin göstəricisidir.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, professor Elman Nəsirov deyib ki, planetin bəlasına çevrilmiş COVID-19-la mübarizədə hər bir dövlətin başçısı öz mövqeyini ortaya qoydu. Bu baxımdan, Azərbaycan Respublikası dünya dövlətləri sırasında nümunəvi təcrübə nümayiş etdirir və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz koronavirusla mübarizədə milli, regional və beynəlxalq səviyyədə ardıcıl, sistemli mübarizə aparır. Millət vəkilinin sözlərinə görə, dünyada koronavirusla mübarizədə müəyyən boşluqların olması hər kəsə məlumdur: “Təəssüf doğuran haldır ki, dünya dövlətləri bu ağrılı məsələyə münasibətdə birlik, həmrəylik nümayiş etdirmirlər, bir sıra hallarda təcridolunma siyasətinə üstünlük verirlər. Bütün bunların fonunda Prezident İlham Əliyevin koronavirusla mübarizədə birliyin, həmrəyliyin, məsuliyyətin təmin edilməsi məqsədilə atdığı addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan Prezidentinin təşəbbüsü qlobal səviyyədə ən böyük dəstəyə layiq görülüb”.
“Qoşulmama Hərəkatının Təmas Qrupunun videoformatda keçirilən Zirvə görüşü dediklərimizi bir daha təsdiqləyir. Həmin toplantıda dövlətimizin başçısı BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü. Nizamnaməyə əsasən təşəbbüsün BMT-yə üzv olan 97 ölkə tərəfindən dəstəklənməsi kifayət etsə də, Azərbaycan Prezidentinin bu təşəbbüsünü dünyanın 130 dövləti dəstəklədi. Bu, qürur duyulası haldır. Bu, Azərbaycan dövlətinin, onun Prezidenti İlham Əliyevin diplomatik qələbəsidir, böyük uğurudur”, - deyə E.Nəsirov əlavə edib.
Millət vəkili Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçiriləcək növbəti beynəlxalq tədbirin - BMT Baş Assambleyasının xüsusi sessiyasının koronavirusla mübarizədə imkanları genişləndirəcəyini bildirib: “Bütün dünyanın diqqəti məhz bu toplantıya yönələcək. Hesab edirəm ki, toplantıdan sonra iqtisadi və humanitar səylər güclənəcək, həm də bəşəriyyətin intizarla gözlədiyi vaksinin əldə olunması imkanları daha da artacaq. Çünki dünyanın ən böyük və universal təşkilatı məhz BMT-dir. Qlobal pandemiyaya qarşı mübarizənin BMT səviyyəsində müzakirə predmetinə çevrilməsi, şübhəsiz ki, öz müsbət nəticələrini verəcək”.
“Dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi beynəlxalq səviyyədə Azərbaycana olan etimadın göstəricisidir”. Bunu isə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, bu, eyni zamanda, Prezident İlham Əliyevin qlobal liderliyi kimi dəyərləndirilməlidir. “Məlum olduğu kimi, COVİD-19 pandemiyasının başladığı ilk vaxtlardan etibarən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və effektiv addımlar atılır. Azərbaycan Respublikası COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım göstərib. Dünyada BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı da məhz Azərbaycanın təşəbbüsü ilə virusa qarşı mübarizədə həll yolları axtarmaq üçün onlayn formatda bir araya gəldi”, - deyə Könül Nurullayeva vurğulayıb.
Deputat qeyd edib ki, Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünə mühüm dəstək ifadə edildi: “Məlumdur ki, pandemiya dövründə əksər böyük dövlətlər və beynəlxalq təşkilatlar qlobal liderlik əvəzinə, özünütəcridə üstünlük verdi. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. Halbuki belə mürəkkəb şəraitdə özünütəcrid və fikirayrılığı daha ciddi problemlərə yol aça, humanitar fəlakətin miqyasını daha da genişləndirə bilər.Gözlənildiyi kimi, bəşəriyyətin xilasına yönələn bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan oldu. İşğalçı ölkə bu davranışı ilə, əslində, növbəti dəfə özünün terrorçu və destruktiv mahiyyətini ortaya qoymuş oldu.Çünki BMT Baş Assambleyasının xüsusi sessiyası pandemiya qarşısında dünya ictimaiyyətinin səfərbər olunmasına hesablanıb. Ermənistan BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda xüsusi sessiyasının təşkilinə etiraz etməklə, əslində,koronavirus kimi bəşəri təhdidə qarşı qlobal cavabın tapılmasının əleyhinə çıxmış oldu. Vaksin tapılmayana qədər bütün dünya COVİD-19-la mübarizədə həmrəylik nümayiş etdirməli, birlikdə həll yolları tapmalıdır. Tarixə nəzər yetirsək, BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib. Bu mənada, Azərbaycan həm də bəşəriyyətin xilasına çalışan dövlət kimi tarixə düşdü”.
“Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı mübarizədə mühüm beynəlxalq təşəbbüslərlə çıxış edib. Dövlətimiz xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığa böyük əhəmiyyət verir. Bu prinsip pandemiya şəraitində də xarici ölkələrlə əlaqələrdə özünü aydın şəkildə göstərir”. Bu fikirləri isə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan PartiyasınınBeynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, Azərbaycan beynəlxalq miqyasda pandemiya ilə mübarizəyə özünün sanballı töhfələrini verir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının Təmas Qrupunun videoformatda Zirvə görüşlərinin keçirilməsi də buna sübutdur: “Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə yüksək səviyyədə qoşulub. Bu prosesdə Azərbaycan dünyada birləşdirici rol oynadı. Təsadüfi deyil ki, hər iki tədbirin keçirilməsinə görə beynəlxalq miqyasda Azərbaycanın rolu çox yüksək qiymətləndirildi. Digər vacib məqam isə Azərbaycanın bir sıra ölkələrə humanitar yardım göstərməsidir. Azərbaycan indiyə qədər 30-dan çox ölkəyə humanitar yardım göstərib. Həmin ölkələrin əksəriyyəti Qoşulmama Hərəkatının üzvüdür. Bundan əlavə, Azərbaycan fərdi qaydada müvafiq beynəlxalq təşkilatlara da ianə verib. Beləliklə, dövlətimizin başçısının qeyd etdiyi kimi, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır”.
Deputat deyib ki, ölkəmizin koronavirusla mübarizə istiqamətdə təşəbbüsləri beynəlxalq müstəvidə yüksək dəyərləndirilir: “Mayın 4-də Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi Azərbaycana və onun Liderinə dünyada olan inamın, etibarın və etimadın göstəricisidir. Sammitdə Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan Prezidenti çox vacib bir təkliflə - BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunan dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürdü. Bu, çox mühüm məsələdir və Azərbaycan Prezidentinin qlobal çağırışlara çox çevik reaksiya verməsinin göstəricisidir. Artıq 130 ölkə təşəbbüsə dəstək verdiyi barədə Baş katibin ofisini məlumatlandırıb. Şübhəsiz ki, BMT-nin 130 üzv dövlətinin Qoşulmama Hərəkatının Sədri statusunda Azərbaycan Prezidenti İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir. Bu fakt bir daha Azərbaycanın dünyada artan nüfuzunun əyani nümunəsidir. Düşünürəm ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi yeni növ koronavirus pandemiyasına qarşı beynəlxalq mübarizədə dünya ölkələrinin birgə səylərinin gücləndirilməsində mühüm rol oynayacaq”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 337 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31