Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir

Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir

14.07.2020 [09:18]

1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Ümummilli Lider Heydər Əliyev respublikamızın gələcək inkişafı üçün möhkəm təməllər yaratmağa nail oldu
Bu, bir həqiqətdir ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Ümummilli Lider Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülmüşdür.
1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu
Məlum olduğu kimi, 1969-cu ilədək Azərbaycan keçmiş SSRİ-nin tərkibində bütün sahə və istiqamətlər üzrə ən geridə qalmış respublikaların başında gəlirdi. Respublikamızın inkişafı üçün əhəmiyyətli resurs və potensial mövcud olsa da, onlardan səmərəli surətdə istifadə edilməməsi tənəzzül meyillərinin əsasında dayanan başlıca faktor idi. Amma Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olması Azərbaycanın sovet dövrü tarixində dönüş nöqtəsi oldu. Məhz bu tarixdən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən strateji əsas oldu.
Həmin dövrə qədər Azərbaycan SSRİ miqyasında xammal mənbəyi qismində çıxış edən aqrar respublika kimi tanınırdı. Odur ki, ölkəmizin yalnız xammal mənbəyi kimi çıxış etməsi ənənəsini aradan qaldırmaq və davamlı, sürətli inkişafı təmin etmək üçün kompleks səciyyəli strateji islahatlar aparmaq, genişmiqyaslı tədbirlər görmək zəruri idi. Bunun üçünsə ilk növbədə sosial-iqtisadi islahatlar həyata keçirməklə milli inkişafın maddi bazasını formalaşdırmaq lazım idi. Ulu Öndər Heydər Əliyev də məhz bu istiqamətdə fundamental strateji tədbirlər görməklə davamlı və nizamlı inkişafı təmin etməyi bacardı. Sürətli sənayeləşmə kursu seçildi və qısa zaman kəsiyində sənaye sahəsinin inkişafında mühüm irəliləyişlər qeydə alındı. Ardıcıl surətdə sənaye müəssisələri tikilib istifadəyə verildi ki, bu da davamlı inkişaf konsepsiyasının həyata keçirilməsini təmin edən əsaslardan biri oldu. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı. Bununla yanaşı, kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirildi və istehsal olunan məhsulların orta illik həcmi mütəmadi surətdə artırıldı. Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artırılmışdı ki, bu da aqrar sektorun inkişafı yönündə həyata keçirilən siyasətin səmərəliliyindən xəbər verirdi. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində də tənəzzül meyilləri aradan qaldırıldı və bəhs edilən sahədə ehtiyatlardan səmərəli istifadə etməklə davamlı və nizamlı inkişafın əsası qoyuldu. Nəticə etibarilə, neft hasilatı xeyli artırıldı. Beləliklə, görülən tədbirlərin fonunda tənəzzül meyillərinə son qoyuldu və respublikamızın sosial-iqtisadi inkişafına, dirçəlişinə start verildi. Sosial-iqtisadi inkişafın təmin edilməsi mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə də görülən fundamental strateji tədbirlərin uğurluluğunu şərtləndirdi ki, bu da Azərbaycanın SSRİ səviyyəsində ən yüksək inkişaf tempinə malik olan respublikaya çevrilməsinin təminatçısı qismində çıxış etdi. Təhsil sektorunda da ardıcıl və davamlı islahatlar həyata keçirildi ki, bu da kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi işinə fundamental töhfələr bəxş etmiş oldu. Əvvəla, təhsil sektorunun maddi-texniki bazası yaxşılaşdırıldı. Xüsusi intellektual təbəqənin formalaşdırılması istiqamətində normativ baza yaradıldı və buna müvafiq olaraq praktik müstəvidə əhəmiyyətli tədbirlər görüldü. Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısının fonunda kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərildilər. Belə ki, azərbaycanlı tələbələr Moskva, Leninqrad, Xarkov, Kiyev, Minsk, Voronej və s. şəhərlərdə fəaliyyət göstərən nüfuzlu ali təhsil müəssisələrində öz təhsillərini başa vuraraq ölkəmizə qayıdır və kadr potensialı kimi müxtəlif sahələrdə çalışırdılar. Ümumilikdə, Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksəkixtisaslı mütəxəssis hazırlandı. Bu isə milli inkişafın intellektual əsaslarının möhkəmlənməsinə fundamental töhfə idi. Bununla yanaşı, azərbaycanlı gənclərin SSRİ miqyasında fəaliyyət göstərən nüfuzlu ali təhsil məktəblərinə göndərilməsi milli mədəniyyətimizin təbliği işinə mühüm strateji töhfələr bəxş etdi.
Bunlardan başqa, milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini daha da artırdı.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi. Qeyd etdiyimiz kimi, əgər o zamanadək Azərbaycan SSRİ miqyasında yalnız xammal mənbəyi kimi çıxış edərək inkişaf tempinə görə ən geridə qalmış respublika kimi səciyyələndirilirdisə, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və 1970-ci illərin sonu - 1980-ci illərin əvvəlində bütün sahələrdə mütəmadi inkişaf meyilləri qeydə alındı.
Bununla yanaşı, siyasi-ideoloji müstəvidə görülən işlər də milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etdi. Milli ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi strateji addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı ki, bu da bəhs edilən siyasətin milli-ideoloji əsası səciyyəsi daşıdı.
Beləliklə, 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu. Həmin il 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Ümummilli Lider Heydər Əliyev hələ sovet dönəmində respublikamızın gələcək inkişafı üçün möhkəm təməllər yaratmağa nail oldu.
Müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizdə sabitlik və inkişaf dönəmi kimi tarixə düşüb
Müstəqillik illərində isə Ümummilli Lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Ölkəmizdə hökm sürən xaotik və anarxik meyillərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi. Məhz bütün bu hadisələrin təhlili bu qənaətə gəlməyə imkan verir ki, bu günədək əldə etdiyimiz nailiyyətlərin kökündə məhz Qurtuluş məfkurəsinin dayanması tarixi bir gerçəklikdir.
Bütün bunların qanunauyğun nəticəsi kimi, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev milli maraqlara əsaslanan fəaliyyəti ilə ölkədə milli həmrəyliyi və inkişafı təmin etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Ən əsası, nizami ordu yaradıldı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verilməsi, ilk parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, kütləvi informasiya vasitələri üzərində senzuranın aradan qaldırılması, neft müqavilələrinin imzalanması, Azərbaycanın iqtisadi dirçəlişinin əsasının qoyulması, respublikamızın beynəlxalq əlaqələrinin formalaşdırılması və inkişaf etdirilməsi, ölkənin dünya birliyinə inteqrasiyası prosesinə başlanması dövlətimizin tərəqqi yolunda inamla irəliləməsini təmin etdi.
Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi rasional, praqmatik xarici siyasət kursu sayəsində beynəlxalq münasibətlərin aktoru kimi çıxış edən milli dövlətlərlə milli maraqlara müvafiq surətdə müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri formalaşdırıldı və Azərbaycan etibarlı tərəfdaş kimi tanınmağa başladı. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Daha sonra Azərbaycan neftinin dünya bazarlarına nəqli istiqamətində müstəsna əhəmiyyət kəsb edən tədbirlər görüldü və mühüm əməkdaşlıq layihələri gerçəkləşdirildi. Digər tərəfdən, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atıldı, məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail oldu. Bütövlükdə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik xarici siyasət kursu nəticəsində Azərbaycanın xarici əlaqələri genişlənməyə başladı, ölkəmizin beynəlxalq mövqeyi möhkəmləndi. Nəticə etibarilə, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsinin qarşısını aldı, ölkəmizi tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı.
Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti tam dəstəkləyir
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir çağırışlara cavab verən praqmatik strateji kursun nəticəsində Azərbaycan dünya miqyasında qüdrətli və nüfuzlu dövlətə çevrilib. Həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar müvəffəqiyyətlə davam etdirilib. İqtisadiyyatın şaxələndirilməsinə nail olmaq üçün reallaşdırılan islahat xarakterli tədbirlər, eyni zamanda, yeni inkişaf perspektivlərinin meydana çıxmasını şərtləndirib. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan, məqsədyönlü və prinsipial siyasət həyata keçirilir, bunun nəticəsində Azərbaycan qüdrətli dövlət kimi tərəqqi yolunda əmin addımlarla irəliləyir. Həyata keçirilən çoxvektorlu xarici siyasətin məntiqi nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq güclənir. Ölkəmizin təşəbbüsü və liderliyi ilə çox mühüm transmilli layihələr reallaşdırılır, Azərbaycanın beynəlxalq əlaqələri uğurla inkişaf edir. Şübhəsiz ki, bütün bu müsbət reallıqlar Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti tam dəstəkləyir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 362 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31