Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin növbədənkənar sessiyası başa çatıb

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb

08.08.2020 [01:02]

Sessiyanın son iclasında millət vəkilləri gündəlikdə olan məsələləri üçüncü oxunuşda qəbul ediblər

Avqustun 7-də Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçirilib. Milli Məclisin Sədri Sahibə Qafarova iclası açaraq gündəliyi təqdim edib. Diqqətə çatdırılıb ki, gündəliyə üçüncü oxunuşda 6 məsələ daxil edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” sənədi üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, yeni növ koronavirus (COVID-19) infeksiyası qlobal iqtisadiyyatda neqativ meyillərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub. Həm dünyada, həm də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Pandemiya iqtisadiyyatın bir sıra sahələrinin inkişafına mənfi təsir göstərib.

Tahir Mirkişili qeyd edib ki, yuxarıda göstərilənləri nəzərə alaraq, 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməsinə, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb, dövlət büdcəsinin xərcləri üzrə yeni tələbatlar ortaya çıxıb. 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olacaq.

Sonra deputat Soltan Məmmədov çıxış edərək COVID-19 pandemiyasının insanların həyatına təsiri, əhalinin sağlamlığının qorunması sahəsində görülən işlər barədə fikirlərini bildirib: “Azərbaycan COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində ən effektiv qabaqlayıcı addımlar atan ölkələr sırasındadır. Bu, məhz dövlətimizin başçısının göstərişi ilə vaxtında görülmüş tədbirlər sayəsində mümkün olub”.

Soltan Məmmədov deyib ki, Azərbaycanda bütün testlər pulsuz aparılıb. Bu gün dünya təcrübəsi belədir ki, yalnız xəstəlik simptomları olanlar testdən keçirilir. Ölkəmizdə də simptomları olan insanlar və müxtəlif risk qrupları arasında analizlər dövlət tərəfindən ayrılmış vəsait hesabına pulsuz həyata keçirilir. Bu faktın özü dövlətimizin vətəndaşların sağlamlığına nə qədər həssaslıqla yanaşdığının göstəricisidir. Laboratoriyalarda istifadə edilən reaktivlər dünyanın inkişaf etmiş ölkələrindən alınıb və ən yüksək standartlara cavab verir.

Millət vəkilinin sözlərinə görə, şübhəsiz ki, bəzi özəl müəssisələrdə də testlər aparılır. Lakin bütün dünyada olduğu kimi, bizdə də özəl müəssisələrin fəaliyyəti bazar iqtisadiyyatı qanunları ilə tənzimlənir. Bu laboratoriyalara yalnız şəxsi məqsədlərlə xarici ölkələrə səfər edənlər, bu və ya digər səbəblərdən testdən keçmək istəyənlər müraciət edir. Ona görə də bu məsələləri bir-birindən fərqləndirməliyik.

“İndiyə qədər aparılan testlərin sayı 760 minə yaxındır. Ölkəmizdə gündəlik 10 minə qədər test həyata keçirilir. Adambaşına düşən testlərin sayına görə də ölkəmiz dünyada qabaqcıl yerlərdədir. Məhz yoluxmaların vaxtında müəyyənləşdirilməsi nəticəsində 30 minə yaxın insanın bu xəstəlikdən sağalması mümkün olub. Bu testləri həyata keçirən 31 laboratoriya var ki, onların da çox böyük əksəriyyəti son bir neçə ay ərzində yaradılıb. Daha 9 laboratoriyanın yaxın günlərdə açılması planlaşdırılır.

Mən, eyni zamanda, sosial şəbəkələrdə xaricdən gələn həkimlərlə bağlı bəzi qeyri-obyektiv müzakirələrə də toxunmaq istəyirəm. Həm İtaliyadan, həm Çindən, həm də digər ölkələrdən həkimlər Azərbaycana koronavirusla mübarizədə dəstək olmaq amalı ilə gəliblər. Bu ölkələrin hər birinə Azərbaycan çətin günlərdə kömək edib. Ona görə də bu cür təşəbbüsləri ölkəmizin zamanında göstərdiyi köməyin qarşılığı kimi qiymətləndirməliyik.

Koronavirusla mübarizə son dərəcə çətin, böyük zəhmət tələb edən ağır bir işdir. Hamımız bu sahədə çalışan insanların fədakarlığını, əziyyətini nəzərə alaraq, mümkün qədər bu mövzuya həssas yanaşmalı, obyektiv olmağa çalışmalıyıq. Sonda onu da bildirmək istəyirəm ki, zəruri hesab olunacağı təqdirdə bu məsələlərə aydınlıq gətirmək üçün biz Səhiyyə Nazirliyi və TƏBİB-in nümayəndələrini də dəvət edərək, dinləmə keçirə bilərik”, - deyə deputat vurğulayıb.

Müzakirələrdən sonra sənəd üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra Tahir Mirkişili “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə (üçüncü oxunuş) dair məlumat verib. Bildirilib ki, təqdim olunmuş sənədə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 4 milyard 785 milyon manat təklif olunur. Burada 41 milyon manat azalma müşahidə olunsa da, ilin əvvəlindən Fondun hesabında formalaşan 191 milyon manat vəsait qalığı ilə birlikdə sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat vəsaitin ayrılması gözlənilir.

Sənəd üçüncü oxunuşda qəbul edilib.

Daha sonra iclasda “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Qanuna təklif olunan dəyişikliklər üçüncü oxunuşda müzakirə edilib. Komitə sədri Tahir Mirkişili bildirib ki, Fondun gəlir və xərcləri artırılıb. 2020-ci il büdcəsinin gəlir və xərclərinin 151,2 milyon manat məbləğində təsdiq edilməsi təklif olunur. Bu isə cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23 milyon manat çoxdur. İşsizlikdən Sığorta Fondunun büdcəsinin artması işsizliyə görə sığorta ödənişlərinin əhəmiyyətli dərəcədə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşğulluq tədbirlərinin təşkilinə (əlavə olaraq 15 milyon manat) əlavə imkanlar yaradacaq. Qeyd olunub ki, həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayının və əmək haqqı fondunun artması da pandemiya şəraitində işsizlikdən sığorta fondunun gəlirlərinin əvvəlki göstəricidə saxlanmasına imkan verir.

Sənəd üçüncü oxunuşda qəbul edilib.

Gündəliyin növbəti məsələsi - “Məşğulluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi üçüncü oxunuşda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev şərh edib. Komitə sədri sənədin əhəmiyyəti barədə danışıb, layihənin parlamentdə əvvəlki oxunuşlarda müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən təkliflərin nəzərə alındığını bildirib. Qeyd edilib ki, təkliflər əsasən texniki və redaktə xarakterli olub. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra “İşsizlikdən sığorta haqqında” Qanuna edilən dəyişikliklər barədə (üçüncü oxunuş) məlumat verilib. Komitə sədri Musa Quliyev bildirib ki, təklif olunan dəyişikliklərə əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı 3 ildən 1 ilədək azaldılır. Sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, ölkəmizdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün də sığorta ödənişi hüququ yaradılması təklif olunur. Təklifə əsasən, sığorta ödənişinin təyin edilməsi üçün şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalı, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə uyğun olaraq xitam verilməlidir.

Qeyd olunub ki, sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay keçdikdən sonra ödəniləcək və bu müddət ərzində şəxs ona təklif edilmiş münasib işlərdən imtina edən şəxs olmamalıdır. Sığorta ödənişi 3 ay müddətinə təyin ediləcək, minimum məbləğdə həyata keçiriləcək və təkrar sığorta ödənişinə yol verilməyəcək. Bildirilib ki, layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb. Komitədə və Milli Məclisdə aparılan müzakirələr zamanı deputatlar və mütəxəssislər tərəfindən verilən təkliflər nəzərə alınıb.

Müzakirələr zamanı şıxış edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Prezident İlham Əliyev tərəfindən verilən qərarlar ölkəmizin inkişafını təmin edən ən mühüm amildir. Onun sözlərinə görə, bu gün biz azad və demokratik ölkədə yaşayırıq: “Müəyyən problemlər ola bilər. Cəmiyyət varsa, insanlar varsa, problem də olmalıdır. Nöqsanlar təbii ki, aradan qaldırılmalıdır. Ancaq bununla yanaşı biz görülən işləri də dəyərləndirməliyik. Rayonlarda quruculuq-abadlıq işləri aparılıb, yeni müəssisələr tikilib, yeni iş yerləri yaradılıb. Biz bu gün ölkəmizin inkişafını qiymətləndirməliyik. Bu gün Azərbaycan təhlükəsizlik adasıdır. Azərbaycanın səsi bütün dünyada Təbii ki, belə bir şəraitdə Azərbaycanı gözü götürməyən qüvvələr olacaq və biz birlikdə bu qüvvələrə qarşı mübarizə aparmalıyıq”.

Müzakirələrdə həmçinin deputatlar Fazil Mustafa, Tahir Kərimli, Rəşad Mahmudov, Vüqar Bayramov çıxış edərək dəyişikliklərin zəruriliyi barədə fikirlərini söyləyiblər.

Komitə sədri Musa Quliyev deputatların suallarına aydınlıq gətirib. Sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Verilən məlumatdan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

İclasda iştirak edən Maliyyə naziri Samir Şərifov 2020-ci il dövlət büdcəsinə və büdcə zərfinə daxil edilən sənədlərdəki dəyişikliklərlə bağlı parlamentdə aparılan səmərəli müzakirələrə görə Milli Məclisin rəhbərliyinə və deputatlara öz təşəkkürünü ifadə edib.

Sonra Milli Məclisin Sədri Sahibə Qafarova Milli Məclisin növbədənkənar sessiyasını bağlı elan edib.

Dövlət himninin səsləndirilməsi ilə sessiya öz işini başa çatdırıb.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 333 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31