Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın güclü səhiyyə infrastrukturu pandemiyaya qarşı səmərəli mübarizə aparmağa imkan verir

Azərbaycanın güclü səhiyyə infrastrukturu pandemiyaya qarşı səmərəli mübarizə aparmağa imkan verir

11.08.2020 [09:17]

Prezident İlham Əliyev: Xəstəxana fondumuzu qısa müddət ərzində xəstəliklə əlaqədar vəziyyətə uyğunlaşdıra bildik
Hər zaman ölkəmizin siyasətini meydana çıxan yeni çağırışlara uyğun quran Azərbaycan dövləti respublikamızda yeni növ koronavirus (COVİD-19) infeksiyasına ilk yoluxma faktı qeydə alınandan etibarən bu məsələyə kifayət qədər yüksək həssaslıq nümayiş etdirir. Artıq bir neçə aydır ki, ölkənin müvafiq qurumları Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabinetinin pandemiya ilə mübarizə məqsədilə təsdiqlədiyi Tədbirlər Planının icrasına səfərbər olunublar. Bəhs olunan sənədə əsasən reallaşdırılan tədbirlər müxtəlif istiqamətləri əhatə edir. Belə məqsədyönlü tədbirlərin nəticəsidir ki, Azərbaycan yaranmış vəziyyətdən daha az itkilərlə çıxır. Prezident İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə respublikamızda xəstəliyin nəzarət altında saxlanıldığını müsbət məqam kimi dəyərləndirərək vurğulayıb: “Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq. Artıq üç həftədir ki, bu müsbət dinamika, əlbəttə, bizi çox sevindirir. Prinsip etibarilə ilk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq”.
Əlamətdar haldır ki, respublikamızda pandemiya ilə mübarizə çərçivəsində görülən işlər həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin nümayəndələrinin bu günlərdə Prezident İlham Əliyevə ünvanladıqları məktublarda ölkəmizdə yeni növ koronavirus xəstəliyinə qarşı həyata keçirilən operativ tədbirlərə görə dövlət başçımıza dərin minnətdarlıq ifadə olunur. Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı pandemiya ilə səmərəli mübarizə aparan nümunəvi ölkə kimi səciyyələndirib.
Bu gün ölkənin 46 xəstəxanası ancaq koronavirus xəstələrinin müalicəsinə cəlb olunub
Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, respublikamızda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Azərbaycanın pandemiya ilə mübarizə gündəliyi də ölkənin dərinməzmunlu sosial siyasətinə uyğun olaraq insan amili ön plana çəkilməklə müəyyənləşdirilib. Prezident İlham Əliyev pandemiya dövründə keçirilən müxtəlif tədbirlərdə ölkəmizin koronavirus xəstəliyinə qarşı mübarizə gündəliyinin prioritetlərinə diqqət çəkərək bildirib ki, indiki çətin dönəmdə bizim üçün əsas məsələ insanların sağlamlığının, həyatının qorunmasıdır. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq respublikamızda pandemiya ilə mübarizə çərçivəsində görülən genişmiqyaslı işlər güclü səhiyyə tədbirləri ilə tamamlanır.
Respublikamızda pandemiya şəraitində koronavirus xəstələrinin müalicəsi məqsədilə 46 xəstəxana ayrılıb. Bunlar ölkənin ən yaxşı xəstəxanalarıdır. Bir qədər bundan əvvəl Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən “Yeni klinika” da onların sırasında yer alır. “Yeni klinika” ən müasir avadanlıqlarla təchiz edilib. Ölkəmizin ən yaxşı xəstəxanalarının koronavirus xəstələrinin müalicəsinə cəlb olunması respublikamızda aparılan siyasətin mahiyyətini, vətəndaşların sağlamlığına yüksək dəyər verildiyini təsdiqləyir.
Məlum olduğu kimi, COVİD-19-un səmərəli müalicəsində erkən və dəqiq diaqnostika mühüm rol oynayır. Bu baxımdan da Azərbaycanın nümunəsi təqdirəlayiqdir. Vaxtilə Azərbaycanda cəmi 6 laboratoriya fəaliyyət göstərirdi. Pandemiya şəraitində artan tələbatı qarşılamaq, xəstəliyi erkən mərhələdə və dəqiq müəyyənləşdirmək məqsədilə ölkə üzrə laboratoriyaların sayı 31-ə çatdırılıb. Perspektivdə isə laboratoriyaların sayının artırılaraq 45-ə çatdırılması nəzərdə tutulub. İndiyədək müasir avadanlıqlarla təchiz olunan laboratoriyalarda 785 mindən çox test keçirilib. Yeri gəlmişkən, adambaşına keçirilmiş testlərin sayına görə ölkəmiz dünyada qabaqcıl yerlərdən birini tutur.
Pandemiya şəraitində Azərbaycanın imkanlarını artıran əsas amillərdən biri qismində ölkənin güclü səhiyyə infrastrukturu çıxış edir. Məlumdur ki, son 17 ildə respublikamızda həm paytaxt Bakıda, həm də regionlarda mövcud səhiyyə müəssisələrinin əsaslı şəkildə təmirinə və yenilərinin tiklilməsinə, onların maddi-texniki bazalarının möhkəmləndirilməsinə böyük həcmlərdə maliyyə vəsaiti yönəldilib. Bütövlükdə, bəhs olunan dövrdə ölkə üzrə yeni tikilən və yaxud əsaslı şəkildə təmir olunan tibb müəssisələrinin sayı 750-dən çoxdur. Son 17 ildə ancaq bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika-müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub. Beş xəstəxananın tikintisi isə davam edir. Prezident İlham Əliyev ölkəmizdə zamanında səhiyyə infrastrukturunun möhkəmləndirilməsinin önəmini vurğulayaraq deyib: “Bildiyiniz kimi, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Onu da bildirməliyəm ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”.
Məlum olduğu kimi, dünyanın ayrı-ayrı ölkələrində səhiyyə sistemi pandemiya şəraitində xəstələrin hamısını qəbul edə bilmədi və bu sahədə ciddi çətinliklər yarandı. Azərbaycan dünyanın azsaylı ölkələrindəndir ki, bütün koronavirus xəstələrinə xəstəxana şəraitində xidmət göstərilir. Ölkəmizdə, eyni zamanda, pandemiya şəraitində xəstəxana fondunun daha da genişləndirilməsi diqqət mərkəzində saxlanılır. Hazırda respublikamızda Prezident İlham Əliyevin göstərişi əsasında 10 modul tipli xəstəxananın inşası layihəsi uğurla tamamlanmaq üzrədir. Prezident İlham Əliyevin videoformatda keçirdiyi müşavirədə də qeyd olunduğu kimi, indiyədək modul tipli 9 xəstəxana istismara verilib. Onlardan 4-nün bir gün ərzində - iyulun 29-da dövlət başçımızın iştirakı ilə Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində açılışı baş tutub. Daha bir modul tipli xəstəxananın açılışı isə avqust ayında gözlənilir. Bundan başqa, hazırda 6 yeni modul tipli xəstəxananın ölkəmizə gətirilməsi məsələsi həll olunur. Beləliklə, yaxın gələcəkdə respublikamızda modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək. Paralel şəkildə, Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verilib, qurumun 1300 çarpayılıq daha bir xəstəxanasının isə bu ayın sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulub ki, bu da əlavə 2100 çarpayı deməkdir. Bundan başqa, iki Olimpiya İdman Kompleksində qısa müddətdə uyğunlaşdırma işləri aparılıb və onlar da xəstəxanaya çevrilib. Artıq bu komplekslərin hər birində lazım olarsa, 300-ə yaxın xəstə müalicə ala bilər. Prezident İlham Əliyev diqqəti ölkədə xəstəxana fondunun daha da genişləndirilməsi istiqamətində görülən işlərə çəkərək vurğulayıb: “Əlbəttə, bütün təşkilati məsələlər lazımi səviyyədə görülməli idi və biz buna nail olduq. Xəstəxana fondumuzu qısa müddət ərzində xəstəliklə əlaqədar vəziyyətə uyğunlaşdıra bildik”.
Koronavirus xəstəliyinin nəzarət altında saxlanılmasında həkimlərin böyük əməyi var
Respublikamızda pandemiyaya qarşı mübarizə çərçivəsində həyata keçirilən səhiyyə tədbirləri kompleks səciyyə daşıyır. Qeyd edək ki, qısa müddət ərzində ölkəmizdə tibbi maskaların, dezinfeksiya vasitələrinin, həkimlər üçün kombinezonların istehsalına başlanılıb. Bu yaxınlarda ölkəmizə yeni təcili tibbi yardım maşınları gətirilib. Bütövlükdə, respublikamıza yüz belə maşının gətirilməsi nəzərdə tutulur, onlardan 40-ı artıq Bakıdadır. Bu maşınlar bütün bölgələrə göndərilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınan bu təcili tibbi yardım avtomobilləri koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən səhiyyə sisteminin bu cür ixtisaslaşdırılmış avtomobillərlə təminatının yüksəldilməsi istiqamətində atılan növbəti addımdır.
Videomüşavirədə ölkəmizdə pandemiya ilə mübarizə çərçivəsində COVİD-19-a yoluxan xəstələrin müalicəsinə cəlb olunan həkimlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən tədbirlər barədə də geniş söhbət açılıb. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov məlumat verərək bildirib ki, dövlət başçısının 18 mart tarixli Sərəncamına uyğun olaraq, koronavirusla mübarizədə iştirak edən tibbi personala əməkhaqqının 3-5 misli qədər müddətli əlavələr verilməsi tapşırılıb. Baş nazir məruzə edib ki, indiyədək 64 min 38 nəfər tibbi personala 58 milyon 300 min manatlıq məvacib vaxtında ödənilib və bu istiqamətdə işlər davam etdirilir. Koronavirus pandemiyası ilə mübarizədə həkimlərin əməyini yüksək dəyərləndirən Prezident İlham Əliyev “Həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir”, - deyə vurğulayıb.
Respublikamızda koronavirus xəstələrinin müalicəsinə həmçinin xaricdən dəvət olunmuş həkimlər cəlb olunub. Türkiyədən, Rusiyadan, Kubadan, İtaliyadan və Çindən gələn həkim briqadaları artıq respublikamızda fəaliyyətə başlayıblar. Bu təcrübədən istifadə olunması ölkəmizə pandemiya ilə mübarizədə əlavə imkanlar qazandırır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 399 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31