/ / Qarabağın dirçəlişi və Şuşaya yeni həyatın bəxş edilməsi tarixi ədalətin bərpası, dövlətimizin strateji hədəfi və xalqımızın mənəvi öhdəliyidir
Qarabağın dirçəlişi və Şuşaya yeni həyatın bəxş edilməsi tarixi ədalətin bərpası, dövlətimizin strateji hədəfi və xalqımızın mənəvi öhdəliyidir
29.01.2021 [09:37]
Qarabağ torpaqlarının işğaldan azad edilməsi uğrunda aparılan Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfərdən sonra dövlətimizin qarşısında duran ən ümdə məsələlərdən biri bu əraziləri tez bir zamanda hərtərəfli bərpa etmək və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına təhlükəsiz qayıdışını təmin etməkdən ibarətdir. Azad edilmiş ərazilərin ölkənin sabit inkişaf edən sosial-iqtisadi sisteminə inteqrasiyası da əsas hədəflərimizdən biridir.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş şəhər və rayonlarımıza səfərləri çərçivəsində bu istiqamətdə qarşıya qoyulan vəzifələr, eyni zamanda, səfərdən sonra həmin ərazilərdə bərpa işlərinin aparılması ilə bağlı imzalanan sənədlər də bu torpaqların qısa müddətdə cəlbedici bir məkana çevriləcəyindən, yeni regional inkişaf proqramlarının icrasına başlanacağından xəbər verir.
Bu il yanvarın 4-də “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında imzalanmış Prezident Fərmanında qeyd edilir ki, Azərbaycan xalqı Qarabağdakı ərazilərini böyük Zəfərlə 30 illik işğaldan azad edərək, öz tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoyub. Təxminən bir qərinəlik dövr ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilən torpaqlarımızın yenidən dirçəldilməsi ölkənin siyasi-iqtisadi qüdrətinin güclənməsinin mühüm dayaqlarından biri olacaq.
Bu günlərdə dövlətimizin başçısı cənab İlham Əliyevin, Birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərinə səfərləri, Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi artıq burada yeni həyatın başlandığının müjdəsidir.
Noyabrın 10-dan üzübəri həmin bölgələrdə Azərbaycan dövləti adından suveren hakimiyyətin bütün funksiyalarını həyata keçirən orqan və strukturların yaradılması, Qarabağın bərpası ilə bağlı 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulan 2,2 mlrd. manat məqsədli vəsaitin ayrılması və bir çox digər məsələlər bu qəbildəndir. Şuşaya bu il istifadəyə verilməsi nəzərdə tutulan müasir standartlara uyğun yeni yolun çəkilişi, Füzuli rayonu ərazisində yeni beynəlxalq aeroportun tikintisi ilə bağlı qərar gələcəkdə bu bölgədə, xüsusilə Şuşada turizm üçün geniş imkanların açılması baxımından çox önəmlidir.
İşğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında Azərbaycan Respublikası Prezidentinin 9 yanvar 2021-ci il tarixli Fərmanı isə ölkə rəhbərliyinin bu məsələyə xüsusi diqqətinin və siyasi iradəsinin göstəricisi kimi dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən Şuşa şəhərinin Azərbaycan üçün tarixi, siyasi strateji və mənəvi əhəmiyyətini yüksək qiymətləndirmişdir: “Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələri, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. Şuşanı biz qorumalıyıq, qoruyacağıq. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır. Necə ki, bütün dövrlərdə Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur və ermənilərin saxtakarlıq cəhdlərinə baxmayaraq, bütün dünya Şuşanı məhz Azərbaycan şəhəri kimi tanıyıb və qəbul edib”.
Qarabağa və xüsusilə onun incisi sayılan Şuşa şəhərinə belə doğma münasibət, ilk növbədə, bu torpaqların tarixən Azərbaycan xalqının qeyrət və qürur rəmzi kimi qan yaddaşına həkk olunması ilə bağlıdır. Saxtakar erməni tarixçilərinin və ideoloqlarının iddialarını puça çıxaran tarixi faktlar bu ərazinin əzəli Azərbaycanın torpaqları olduğunu sübut edir. Məlum olduğu kimi, dövlətçilik tariximizdə özünəməxsus yeri olan Qarabağ xanlığının əsası 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan tərəfindən qoyulmuş və cəmi 4 il sonra möhtəşəm, alınmaz Şuşa qalası inşa edilmişdir. Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşən xanlığın sərhədləri o dövrdə Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. 1805-ci ildə Qarabağ xanı İbrahimxəlil xan ilə Rusiya generalı Sisianovun arasında imzalanmış Kürəkçay müqaviləsinə görə xanlığın Rusiya imperiyasının tərkibinə keçməsinə baxmayaraq bu torpaqlar Azərbaycan xalqının milli-mənəvi dəyərləri baxımından öz əhəmiyyətini hər zaman saxlamışdır. Sonralar, Sovet dönəminin müxtəlif mərhələlərində ərazilərin itirilməsi və Ermənistan tərəfindən bu torpaqların işğalı Azərbaycan tarixinin qara səhifələri kimi yadda qalmışdır.
1923-cü ildə Azərbaycan SSR-nin tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına münasibətini bildirərkən Ulu Öndər Heydər Əliyev böyük cəsarət nümunəsi göstərərək bunu Azərbaycan dövlətinin ərazi bütövlüyü üçün böyük təhlükə adlandırmışdı. Ona görə də O, respublikanın Dövlət Təhlükəsizlik Komitəsinin sədri olduğu ötən əsrin 60-cı illərində və Azərbaycana rəhbərlik etdiyi 70-80-ci illərində ermənilərin dəfələrlə qaldırdıqları ərazi iddialarının qarşısının alınmasına ciddi və aşılmaz sədd çəkməyə nail olmuşdu.
Ölkəmizə rəhbərlik etdiyi o dönəmdə Heydər Əliyev Qarabağın siyasi və strateji əhəmiyyətinə xüsusi önəm verdiyi üçün bu bölgəyə çox böyük diqqət göstərmiş və onun Azərbaycana daha möhkəm bağlılığını təmin etmək üçün misilsiz işlər görmüşdür. Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşanın tarixi keçmişini yaxşı bilən Ümummilli Lider onun inkişafına çox böyük qayğı göstərirdi. O, Şuşanın kurort şəhərinə çevrilməsi üçün qərarlar qəbul etmiş, genişmiqyaslı quruculuq işlərinə təkan vermişdi. 1982-ci il yanvarın 14-də Ümummilli Liderin iştirakı ilə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılması respublika rəhbərinin milli ədəbiyyata, tarixə, etnik mənsubiyyətə böyük marağının təzahürü idi. Ulu Öndərin 29 iyul 1982-ci ildə ailəsi ilə bərabər yenidən Şuşaya gəlməsi, elm, ədəbiyyat xadimlərinin, hər bir şuşalının yaddaşına əziz xatirə kimi yazılmış poeziya bayramına qatılması, Xurşudbanu Natəvanın abidəsinin açılışında iştirak etməsi, Onun Qarabağa olan xüsusi diqqətinin təzahürü idi.
Bu baxımdan dahi Azərbaycan şairi Vaqifin məqbərəsinin bərpası, artıq bu il onun poeziya günlərinin keçirilməsi, “Xarı bülbül” festivalının təşkil edilməsi ilə bağlı ölkə Prezidentinin göstərişləri Heydər Əliyevin qoyduğu həmin ənənələrin yeni keyfiyyətdə davamı kimi dəyərləndirilməlidir.
Ərazilərin bərpası ilə bağlı bu gün həyata keçirilən fəaliyyət dağlıq və düzən Qarabağ bölgələrinə yönəlik dövlət siyasətimizin yeni strategiyasının tərkib hissəsidir. Ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə irəli sürülən taleyüklü tarixi təşəbbüslər təsdiqləyir ki, dövlətimiz azad edilmiş rayonlarımızla bağlı dəqiq və sistemli siyasət kursuna malikdir.
Ona görə də əminəm ki, bu istiqamətdə göstərilən birgə səylərlə Prezidentin bərpa siyasətinin uğurlu nəticələri milli birliyimizin daha bir təcəssümünə çevriləcəkdir.
Əli Hüseynli,
Milli Məclisin deputatı
Xəbər lenti
Hamısına baxDünya
12 Oktyabr 09:42
YAP xəbərləri
12 Oktyabr 09:30
Dünya
12 Oktyabr 09:16
İdman
12 Oktyabr 08:59
Dünya
12 Oktyabr 08:30
Dünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52

