Azərbaycan pandemiyaya qarşı səmərəli mübarizə aparan nümunəvi ölkədir
06.02.2021 [09:47]
Prezident İlham Əliyev: Həm beynəlxalq təşkilatlar, bu sahədə aparıcı təşkilat olan Ümumdünya Səhiyyə Təşkilatı, həm də ölkə əhalisi bizim fəaliyyətimizi yüksək qiymətləndirir
Son bir ildə dünya gündəmində müzakirə olunan əsas məsələlərdən biri yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlıdır. İlk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində baş qaldıran və qısa müddətdə dünyanın 200-dən çox ölkəsinə yayılan təhlükəli yoluxucu xəstəlik beynəlxalq aləmdə həyatın nizamını tamam dəyişib. Bir sıra iqtisadi və sosial fəsadlara yol açan pandemiya ayrı-ayrı ölkələri çox ciddi sınaqlarla üz-üzə qoyub və qarşıya yeni çağırışlar çıxarıb. Verilən məlumatlara görə, dünyanın 150-dən çox ölkəsi pandemiya səbəbindən artan xərclərini qarşılamaqda çətinlik çəkdiklərini bildirərək kömək üçün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına müraciət edib. Azərbaycanın adı isə bu siyahıda yoxdur. Güclü iqtisadi potensiala və geniş maliyyə imkanlarına malik olan respublikamız pandemiyaya qarşı müxtəlif istiqamətləri əhatə edən mübarizə tədbirlərini sırf daxili imkanları hesabına həyata keçirir.
Ölkəmizdə pandemiya ilə mübarizə çərçivəsində görülən ardıcıl və məqsədyönlü tədbirlər müsbət nəticə verir
Azərbaycan dövləti özünün dərinməzmunlu sosial siyasətinə uyğun olaraq hər zaman çətin vaxtlarda vətəndaşlarının yanında olmaq nümunəsi sərgiləyir. Biz dövlətimizin, şəxsən Prezident İlham Əliyevin ölkəmizdə formalaşan və yüksək vətəndaş məmnunluğu yaradan bu gözəl ənənəyə yeni növ koronavirus pandemiyası şəraitində də sadiq qaldığının şahidi oluruq. Azərbaycan dövləti respublikamızda təhlükəli virusa ilk yoluxma faktı qeydə alınandan etibarən pandemiya ilə mübarizə məsələsinə həssas yanaşma sərgiləyir. Ötən dövrdə milli səviyyədə pandemiyaya qarşı mübarizə məqsədilə müxtəlif istiqamətləri əhatə edən Tədbirlər Planı təsdiqlənib və ardıcıllıqla həyata keçirilir. Xəstəliyin xüsusiyyəti elədir ki, hər şeyi əvvəlcədən proqnozlaşdırmaq və vəziyyəti həmişə stabil saxlamaq mümkün deyil. Ölkəmizdə müvafiq dövlət qurumlarının koordinasiya edilmiş fəaliyyəti də məhz xəstəliyə yoluxma hallarının artmasına və yaxud azalmasına uyğun şəkildə tənzimlənir. Virusa yoluxma statistikası artdıqda sərt karantinə keçid zərurətə çevrilir. Yoluxma halları azaldıqda isə karantin tədbirləri yumşaldılır, iqtisadi və xidmət subyektlərinin fəaliyyətində açılmalar edilir. Vurğulamaq yerinə düşər ki, respublikamız MDB məkanında COVID-19-a qarşı mübarizəyə ən çox büdcə ayıran ölkələr sırasında yer alır.
Azərbaycan dövlətinin yeni növ koronavirus pandemiyasına qarşı mübarizə gündəliyində səhiyyə tədbirləri xüsusi yer tutur. Bu da onunla bağlıdır ki, respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq pandemiya şəraitində insanların sağlamlığının və həyatının qorunması prioritet məsələ kimi müəyyənləşdirilib. Məlum olduğu kimi, qlobal pandemiya hətta inkişaf etmiş dövlətlərin də səhiyyə sistemlərini ciddi sınaqlarla üz-üzə qoyub. Verilən məlumatlara görə, ayrı-ayrı ölkələrdə yoluxmanın pik dövrlərində xəstələri qəbul etmək üçün tibb müəssisələrində çarpayılar kəskin şəkildə çatışmayıb və pasientlər evlərinə geri qaytarılıblar. Azərbaycanda isə indiyədək bu kimi hallar müşahidə edilməyib. Virusa yoluxan xəstələr məhz tibb müəssisələrində müayinədən keçiblər və zəruri olan müalicəni alıblar. Hazırda ölkəmizdəki 40-dan çox xəstəxanada COVID-19-a yoluxan xəstələrin müayinə və müalicəsi həyata keçirilir. Respublikamız pandemiya şəraitində çarpayı fonduna getdikcə artan tələbatı özünün güclü səhiyyə infrastrukturu ilə qarşılayıb. Qeyd edək ki, son 17 ildə bütün respublika üzrə səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni xəstəxanaların, diaqnostika mərkəzlərinin tikintisi, kadr hazırlığı və bu kimi digər vacib məsələlər daim diqqət mərkəzində saxlanılıb. Bütövlükdə, bəhs olunan dövrdə ölkə üzrə yeni tikilən və yaxud əsaslı şəkildə təmir olunan tibb müəssisələrinin sayı 750-dən çoxdur. Əlamətdar haldır ki, bəhs olunan dövrdə Prezident İlham Əliyev ölkə miqyasında 100-dən çox yeni tikilən və yaxud əsaslı şəkildə yenidən qurulan səhiyyə müəssisəsinin istifadəyə verilməsi mərasimlərinə qatılıb və Özünün dəyərli tövsiyələrini verib. Yeri gəlmişkən, dövlətimizin başçısı və Birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər.
Eyni zamanda, Azərbaycan pandemiya dövründə bütün mümkün riskləri nəzərə alaraq çarpayı fondunun artırılması istiqamətində zəruri tədbirlər görüb. Qısa müddətdə 13 modul tipli xəstəxananın alınaraq paytaxt Bakıda və bölgələrdə quraşdırılması pandemiya ilə mübarizədə ölkəmizin imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Pandemiya dövründə respublikamızda tibbi maska və xüsusi geyimlərin istehsalı müəssisələrinin istifadəyə verilməsi böyük uğurdur. Azərbaycanda pandemiyaya qarşı mübarizənin səmərəliliyinin artmasında xaricdən müasir laboratoriyaların alınaraq ölkəmizə gətirilməsi xüsusi rol oynayır. Pandemiyaya qədər respublikamızda 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdi. Hazırda laboratoriyaların sayı 42-yə çatdırılıb və gün ərzində ölkəmizdə 20 min test keçirilə bilər. Xatırladaq ki, Azərbaycan dünyada əhali sayına görə ən çox test aparan ölkələr sırasında yer alır. İndiyədək respublikamızda 2 milyon 400 min test keçirilib ki, bu da kifayət qədər böyük rəqəmdir.
Respublikamızda pandemiyaya qarşı mübarizə çərçivəsində görülən bu və ya digər işlər, həmçinin vətəndaşların həyata keçirilən məhdudlaşdırıcı tədbirləri anlayışla qarşılamaları öz müsbət nəticəsini verir. Bütövlükdə, ölkə üzrə vəziyyət nəzarət altında saxlanılır. Prezident İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə bu amili xüsusi olaraq nəzərə çatdırıb. “İndi bizdə xəstəxana fondu tam imkan verir ki, xəstəliklə bağlı bütün məsələlər həll olunsun və həm palatalar, həm reanimasiya palataları kifayət qədərdir. Bunun və eyni zamanda, son həftələr ərzində dövlət siyasətinin nəticəsidir ki, müsbət dinamika müşahidə olunur, sağalanların sayı xəstələnənlərin sayından xeyli çoxdur”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan koronavirus pandemiyasına qarşı qlobal həmrəyliyə və əməkdaşlığa mühüm töhfələr verir
Biz yuxarıda yeni növ koronavirus pandemiyasının qlobal miqyasda ciddi fəsadlara yol açdığını qeyd etdik. Belə qlobal təhlükəyə qarşı beynəlxalq miqyasda ölkələrin və ayrı-ayrı təşkilatların səylərinin əlaqələndirilməsi çox vacibdir. Yalnız qlobal həmrəylik sayəsində təhlükəli xəstəliyə qalib gəlmək mümkündür. Bu baxımdan Azərbaycanın pandemiyanın ilk günlərindən beynəlxalq qurumlarla, o cümlədən də Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq etməsi təqdirəlayiq haldır. Yeri gəlmişkən, Azərbaycanın yeni növ koronavirus pandemiyasına qarşı həyata keçirdiyi ardıcıl mübarizə tədbirləri beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Ümumdünya Səhiyyə Təşkilatı “Azərbaycan modeli” haqqında danışaraq bir neçə dəfə Azərbaycanı pandemiyaya qarşı səmərəli mübarizə aparan nümunəvi ölkə kimi dəyərləndirib. Prezident İlham Əliyev qeyd edib: “Bu yaxınlarda mənə verilən məlumata görə, dünyanın aparıcı rəy sorğusu şirkəti olan “Gallup” da Azərbaycan vətəndaşları arasında təhlil-rəy sorğusu aparıb. Vətəndaşların 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir və bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir. Yəni, həm beynəlxalq təşkilatlar, bu sahədə aparıcı təşkilat olan Ümumdünya Səhiyyə Təşkilatı, həm də ölkə əhalisi bizim fəaliyyətimizi yüksək qiymətləndirir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Respublikamızın indiki çətin şəraitdə beynəlxalq həmrəyliyə davamlı töhfələr verməsi də təqdirəlayiq haldır. İndiyədək Azərbaycan ÜST-ə iki tranşda 10 milyon dollar həcmində ianə edib, eyni zamanda, 30-dan çox ölkəyə dəstək göstərib.
Azərbaycan Prezidenti İlham Əliyevin pandemiya dövründə qlobal həmrəyliyin gücləndirilməsinə hesablanan təşəbbüslərlə çıxış etməsi də böyük önəm daşıyır. Məlum olduğu kimi, pandemiyanın ilk vaxtlarında dövlətimizin başçısının təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının Təmas Qrupunun videoformatda Zirvə görüşləri baş tutdu. Pandemiyaya qarşı mübarizə mövzusuna həsr olunmuş hər iki tədbirdə bir sıra aktual məsələlərə diqqət çəkildi və qərarlar qəbul olundu. Məsələn, Qoşulmama Hərəkatının Zirvə görüşündə COVID-19-a qarşı mübarizə ilə bağlı üzv dövlətlərin humanitar, tibbi ehtiyac və tələblərinə dair məlumat bazasının yaradılması üçün İşçi Qrup təsis edildi.
Bundan başqa, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Sədri statusunda BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Dövlət başçımızın bu xeyirxah təşəbbüsü işğalçı Ermənistandan başqa, dünyanın bütün qitələrində dəstəkləndi və həmin tədbir ötən il dekabrın əvvəllərində baş tutdu. BMT Baş Assambleyasının Xüsusi sessiyasında çıxış edən Prezident İlham Əliyev bütün ölkələri pandemiyaya qarşı mübarizədə həmrəyliyə çağırdı, bildirdi ki, burada hansısa birtərəfli addımlar atılmamalıdır, zəngin ölkələr məsuliyyət göstərməlidirlər.
Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya başlayan ilk ölkədir
Uzun müddət idi ki, dünya yeni növ koronavirus infeksiyasina qarşı peyvəndin ixtirasını gözləyirdi. Mütəxəssislərin, laboratoriyaların axtarışları öz müsbət nəticəsini verdi. Artıq müxtəlif şirkətlər tərəfindən COVID-19-a qarşı peyvəndin kütləvi istehsalına başlanıb. Ötən ilin dekabrından isə ayrı-ayrı ölkələrdə vaksinasiya prosesinə start verilib. Azərbaycanda da vaksinasiya prosesinə əvvəlcədən zəruri hazırlıq işləri görülüb. Cari il yanvarın 18-də isə respublikamızda ilk peyvəndləmə həyata keçirilib. Qeyd edək ki, Azərbaycan indiyədək 4 milyon doz vaksin sifariş etmişdi və həmin vaksinlərin ölkəmizə gətirilməsi təmin edilib. Bu vaksinlər Çin istehsalıdır və onların səmərəliliyi mütəxəssislər tərəfindən yüksək dəyərləndirilir. Bundan başqa, ölkəmizə vaksinlərin yeni həcmlərinin gətirilməsi ilə bağlı danışıqlar da aparılır. Prezident İlham Əliyev respublikamızda vaksinasiya prosesinə başlanılmasını müsbət dəyərləndirərək bildirib: “Azərbaycan Cənubi Qafqazda ilk olaraq artıq vaksinasiya işlərinə start verdi. Eyni zamanda, yerləşdiyimiz bölgədə Azərbaycan birincilər sırasındadır. Onun nəticəsidir ki, pandemiyanın ilk günlərindən işlər düzgün qurulmuşdur, bütün lazımi addımlar atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar qurulmuşdur. Biz COVAKS təşəbbüsünün üzvüyük və COVAKS xətti ilə müxtəlif vaksinləri ölkəmizə gətirəcəyik. Eyni zamanda, biz bir neçə şirkətlə vaksinlərin ölkəmizə gətirilməsi ilə bağlı müqavilələr bağlamışıq”.
Onu da vurğulayaq ki, hazırda dünyada vaksinlərin əldə edilməsi uğrunda mübarizə gedir. Azərbaycan bu məsələdə də ədalətin tərəfindədir. Ölkəmizin mövqeyi belədir ki, vaksinləri yalnız imkanlı, varlı dövlətlər əldə etməməlidirlər. Burada kasıb ölkələrin də mənafeləri nəzərə alınmalı və peyvənd onlara da çatdırılmalıdır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

