Niyə indi?..
14.09.2022 [10:11]
Təxribatların pərdəarxası məqamları
Mübariz ABDULLAYEV
Son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində, xüsusilə də respublikamızın Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensivləşib. 12 sentyabr 2022-ci il tarixində isə gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Baş verən son təxribatla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı Bəyanatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısı alınıb və Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması istiqamətində Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb.
Sual yaranır: Müharibə başa çatandan sonra Azərbaycanın və vasitəçilərin böyük səyləri sayəsində iki ölkə arasında sülh danışıqlarının irəlilədiyi bir ərəfədə məğlub Ermənistanın yenidən genişmiqyaslı təxribatlara əl atmasının pərdəarxası məqamları nədən ibarətdir? Sualın cavabı olaraq müxtəlif versiyalar irəli sürmək mümkündür. Bu versiyalar sırasında aşağıdakıları xüsusilə qeyd etmək istərdik:
- məğlub Ermənistanın sülh danışıqlarını ləngitmək,
- bu ölkədə hakimiyyətdəki və müxalifətdəki müəyyən qüvvələrin revanşist mövqedən geri çəkilməməsi,
- Azərbaycanın 44 günlük müharibədə işğaldan azad etdiyi ərazilərdə başladığı bərpa və quruculuq işlərinə mane olmaq, beləliklə də Böyük Qayıdışı sabotaj etmək,
- işğaldan azad edilmiş ərazilərə investisiya qoyuluşuna maneçilik törətmək,
- Zəngəzur dəhlizinin açılmasını əngəlləmək,
- KTMT-ni münaqişəyə cəlb etmək,
- vasitəçilərin missiyasına kölgə salmaq və s.
Sülh danışıqlarına növbəti zərbə
Qalib Azərbaycan müharibə səhifəsini birdəfəlik bağlamaq və gələcəyə baxmaq əzmi nümayiş etdirir. Ölkəmizin bu qəti mövqeyini Prezident İlham Əliyev postmüharibə dövründə dəfələrlə bəyan edib. Belə yanaşma respublikamızın xoş niyyəti, regionda əmin-amanlığın bərqərar olmasına verdiyi böyük önəmlə bağlıdır. Əslində, Azərbaycan ötən 30 ildə Ermənistanın havadarlarının dəstəyi ilə davam etdirdiyi işğalçılıq siyasətindən ən çox ziyan çəkən ölkədir. Buna baxmayaraq, Azərbaycan postmüharibə mərhələsində sülh danışıqlarını hər hansı bir ilkin şərtlər irəli sürmədən, hansısa üstünlüklər istəmədən davam etdirir. Respublikamız uzun sürən dağıdıcı müharibədən sonra regiona sabitlik gəlməsini, etimad mühitinin yaranmasını, təhlükəsizliyin bərqərar olmasını və bölgə ölkələri arasında əməkdaşlığın genişlənməsini istəyir. Məhz sülh müqaviləsinin imzalanması bütün bunlar üçün fundamental hüquqi əsaslar formalaşdıracaq. Nə qədər ki, iki ölkə arasında sülh sazişi yoxdur, nə qədər ki, sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçirilməyib, bölgədə silahlar susmayacaq və müharibə riskləri qalacaq. 2020-ci il 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanata və sonrakı mərhələdə əldə olunmuş razılaşmalara tam sadiqlik nümayiş etdirən Azərbaycan sülh sazişinin imzalanması məqsədilə qarşı tərəfə beş bənddən ibarət paket təqdim edib. Həmin sənəddə aşağıdakı müddəalar yer alıb:
1. Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
2. Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
3. Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Respublikamız bu sənədi hazırlayarkən sırf beynəlxalq hüquqa və praktikaya əsaslanıb. Aparılan bütün danışıqlarda Azərbaycan tərəfi birmənalı şəkildə bəyan edib ki, bu müddəalar əsasında sülh sazişinin mümkün qədər tez hazırlanmasının və imzalanmasının tərəfdarıdır. Yeri gəlmişkən, elə bu günlərdə respublikamız sülh proseslərinə sadiqliyinin ifadəsi kimi 5 erməni əsirinin qarşı tərəfə qaytarılmasını təmin etdi.
Ancaq baş verənlərdən də göründüyü kimi, Ermənistan sülh prosesinə hansısa əməli töhfə verməkdən çox uzaqdır və yalnız imitasiyalarla, manipulyasiyalarla məşğuldur. Müşahidə edilən odur ki, xülyalardan əl çəkmək istəməyən məğlub Ermənistandakı ayrı-ayrı revanşist qüvvələr - belələri həm iqtidar komandasında, həm də müxalifət sıralarında var - guya iki ölkə arasında sülh prosesinə başlamaq üçün zəmin formalaşmadığı görüntüsü yaratmağa çalışırlar. Ermənistanın rəhbərliyi aparılan danışıqlarda özünü sülh tərəfdarı kimi qələmə verir və Bakının təqdim etdiyi paketə razılığını bildirir. Razılaşmaların mürəkkəbi qurumamış isə daxili auditoriya qarşısında tamam fərqli məzmunlu iddialar səsləndirir. Paralel şəkildə, sərhəddə təxribatlar törədilir. Azərbaycan Xarici İşlər Nazirliyinin yuxarıda xatırlatdığımız Bəyanatda dövlət sərhədində törədilən təxribatın da sülh prosesinə tamamilə zidd olduğu qeyd edilib. Sənəddə oxuyuruq: “Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır, Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir”.
Böyük Qayıdışı sabotaj etməyə yönələn uğursuz cəhd
Postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərin bərpası və həmin ərazilərə Böyük Qayıdışın təmin edilməsi respublikamızın gündəliyinin mərkəzində dayanan prioritet məsələdir. Güclü və məsuliyyətli dövlət olan Azərbaycan üç onillik ərzində ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızın öz doğma yurd yerlərinə Böyük Qayıdışını yüksək səviyyədə və ləyaqətlə təmin etmək əzmindədir.
Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasına müharibə başa çatandan dərhal sonra başladı. Bəli, müharibədən ölkəmizə kədərli miras qalıb. Özlərini hər yerdə mədəni xalq kimi qələmə verən ermənilər üç onillik ərzində nəzarətlərində saxladıqları 11 min kvadratkilometr ərazidə, demək olar ki, hər şeyi dağıdıb və talayıblar. Onların törətdikləri əməllər ancaq vəhşi tayfalara xas ola bilər. Dağıntıların miqyası geniş olsa da, ölkəmizin doğma torpaqları dirçəltməyə, şəhər və kəndləri yenidən qurmağa gücü və iradəsi var. Müharibənin başa çatmasından cəmi iki ilə yaxın vaxt ötüb. Ancaq bəhs olunan ərazilərdə görülən işlərin-müxtəlif təyinatlı infrastruktur quruculuğunun, tarixi mədəni-dini irsin bərpasının, yaşayış məntəqələrinin inşasının miqyası kifayət qədər genişdir. Artıq Zəngilanda inşası tamamlanan ilk “Ağıllı kənd”ə sakinlərin köçürülməsinə start verilib. Çoxsaylı yol layihələrinin icrası tamamlanıb və yeniləri də həyata keçirilməkdədir. Bəhs olunan ərazilərdə üç beynəlxalq səviyyəli hava limanı inşa olunur. Füzuli hava limanı artıq fəaliyyət göstərir. Zəngilanda-Şərqi Zəngəzurda yaradılan ilk hava limanında bu günlərdə sınaq uçuşları uğurla həyata keçirildi. Laçın Hava Limanının inşası da yüksək templə davam etdirilir. Azərbaycan bütün bu işləri indiyədək sırf öz gücü hesabına reallaşdırıb. Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərin bərpasına ötən il dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılmışdı. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Qanuna əsasən, 2022-ci ildə işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına və bərpasına 2 670 000 000,0 manat məbləğində vəsait ayrılması nəzərdə tutulub.
Bütün bunlar məğlub Ermənistanda qısqanclıq hissi yaradır. Qarşı tərəf dövlət sərhədi boyunca təxribatlara əl atmaqla işğaldan azad olunmuş ərazilərdə çalışan inşaatçıların əl-qolunu işdən soyutmaq, onları qorxutmaq məqsədi güdür. Belə təxribatlara əl atmaqla Ermənistanın digər məqsədi isə həm də xarici investorları Qarabağın dirçəldilməsi ilə bağlı reallaşdırılan layihələrdə iştirakdan çəkindirməkdir. Məlumdur ki, dost ölkələrdən olan şirkətlər Azərbaycanın öz gücünə reallaşdırdığı layihələrdə podratçı qismində çalışırlar. Son vaxtlarda isə bir sıra ölkələrdən olan şirkətlər işğaldan azad edilmiş ərazilərə investisiyalar yönəltmək istəklərini bildiriblər. Bu da Ermənistandakı revanşist qüvvələrin narahatlığını daha da artırır. Onlar hansı yolla olursa-olsun bu proseslərə əngəllər yaratmağa uğursuz cəhdlər göstərirlər. Özü də məğlub ölkədəki qüvvələr ilk dəfə deyil ki, belə qısqanclıq nümayiş etdirirlər. Müharibə başa çatandan sonra məğlub Ermənistanın mətbuatında belə bir tezis dövriyyəyə buraxıldı ki, Azərbaycanın geri qaytardığı əraziləri bərpa etməyə imkanları çatmayacaq və bunun üçün ən yaxşı halda onilliklər tələb olunacaq. Bu, ermənilərin xəstə təxəyyüllərinin məhsulu idi. Görünür ki, zaman ötsə də, “erməni xəstəliyi” sağalmır.
Zəngəzur dəhlizinin yaradılmasına qarşı
Məğlub Ermənistanı əndişələndirən və məqsədli şəkildə təxribatlara əl atmağa sövq edən digər bir amil Zəngəzur dəhlizi ilə bağlıdır. Zəngəzur dəhlizi Azərbaycanın Qərb bölgələri ilə üç onillik ərzində blokada şəraitində yaşamaq məcburiyyətində qalan Naxçıvanı birləşdirəcək. Bu marşrutun regional və qlobal önəmi də kifayət qədər böyükdür. Naxçıvandan Türkiyəyə, oradan isə Avropa məkanına bağlanacaq marşrut Avrasiyada daşımaların tez və rahat şəkildə həyata keçirilməsini təmin edəcək. Regionda kommunikasiyaların açılması, o cümlədən də Azərbaycanın Qərb bölgələri ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təmin edilməsi ilə bağlı müvafiq müddəa üçtərəfli Bəyanatda yer alıb. Sənədin müddəalarına bütünlüklə əməl edən, o cümlədən də qısa müddətdə Laçın dəhlizinə alternativ marşrut yaradan Azərbaycan Zəngəzur dəhlizinin açılmasında israrlıdır. Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, bu, ölkəmizin tarixi, milli və strateji maraqlarına tam cavab verir. Respublikamız müharibənin başa çatmasından az sonra öz ərazisində Zəngəzur dəhlizinin həm avtomobil yolu, həm də dəmir yolu seqmentlərinin inşasına start verdi. Həmçinin regionun digər dövlətləri də Zəngəzur dəhlizinin yaradılmasına böyük maraq göstərir. İndiyədək müxtəlif formatlarda aparılan danışıqlarda bəhs olunan marşrutun yaradılmasının vacibliyi dəfələrlə diqqətə çatdırılıb. Danışıqların müxtəlif raundlarında Zəngəzur dəhlizinin yaradılmasına razılığını bildirən Ermənistan isə burada da, əslində, pozuculuqla məşğudur. İndiyədək bu ölkədə dəhlizin yaradılması istiqamətində praktiki müstəvidə hər hansı bir iş görülməyib. Törədilən son təxribatlar isə ondan xəbər verir ki, məğlub ölkə Zəngəzur dəhlizi ilə bağlı tərəddüdlərini hələ bundan sonra da uzun müddət davam etdirmək istəyindədir. Ancaq Ermənistanda anlamalıdırlar ki, bu ölkənin üçtərəfli Bəyanatın bütün müddəaları kimi, Zəngəzur dəhlizinin açılmasını təmin etməkdən başqa yolu yoxdur. Əks halda, Ermənistan Azərbaycanın da Laçın dəhlizi üzrə müvafiq addımlar atmasının şahidi ola bilər.
KTMT-nin tamam fərqli missiyası
Ermənistanın hərbi birləşmələrinin iki ölkə arasındakı dövlət sərhədində törətdikləri məlum təxribatlar fonunda bu ölkənin baş naziri Nikol Paşinyan və digər rəsmiləri yenə də öz amplualarındadırlar. Yenə də bu forpost dövlətdən müxtəlif ölkələrin və beynəlxalq təşkilatların rəhbərlərinə açılan telefon zəngləri ara vermir. Bu sırada Ermənistan rəsmilərinin ən çox güvəndiyi və dəstəyini alacaqlarına əmin olduqları qurum Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır (KTMT). Ancaq burada da Ermənistan rəsmilərinin xəyallarının suya düşəcəyinə heç bir şübhə yoxdur. Əsası 15 may 1992-ci ildə qoyulan və Ermənistanın da daxil olduğu qurum hərbi ittifaq olsa da, indiki halda KTMT-nin işğalçı ölkənin çağırışına səs verəcəyi ehtimalı sıfıra bərabərdir. Əvvəla, KTMT-nin baş verən təxribatlara görə Azərbaycana qarşı hansısa bir hərəkətə keçəcəyinə hüquqi əsaslar yoxdur. Ermənistan hələ 44 günlük müharibə zamanı da KTMT-nin yardımından və yaxud hərbi müdaxiləsindən bəhrələnməyə böyük səy göstərirdi. Ancaq bunların heç biri baş vermədi. Çünki işğalçılıq siyasəti aparan Azərbaycan yox, Ermənistandır, münaqişə məhz bu ölkənin apardığı siyasətə görə yaranıb. Azərbaycanın yeganə tələbi ölkənin ərazi bütövlüyünün təmin olunması ilə bağlı idi və Vətən müharibəsində buna nail oldu. İndiki halda da respublikamızın qonşu dövlətin ərazisinə hücum etmək kimi bir niyyəti yoxdur, eyni zamanda, dövlət sərhədlərini qorumaq da Ordumuzun vəzifəsidir.
Ermənistanın istəklərini puça çıxardacaq digər bir amil isə KTMT-də təmsil olunan ölkələrin Azərbaycanla yüksək səviyyəli əməkdaşlıq münasibətlərinə malik olmasıdır. Həmin ölkələr respublikamızın ərazi bütövlüyünə dəstək verdiklərini bildiriblər. Digər tərəfdən, KTMT dövlətləri Azərbaycanın regionda böyük rolunu və nüfuzunu, iqtisadi əməkdaşlığın dərinləşməsinə verdiyi töhfələri yüksək dəyərləndirir. Bu kimi reallıqlar fonunda kasıb və dalan ölkə olan Ermənistanın isə heç bir cəlbediciliyi yoxdur.
Vasitəçiləri aldatmaq cəhdləri
Ermənistanın dövlət sərhədində təxribatlara son bir ayda hazırlıq görməsi və nəhayət, bunu törətməsi həm də bu ölkənin vasitəçilərə qarşı açıq-aydın saymazlıq jesti sayıla bilər. Məlumdur ki, sülh prosesində Moskva və Brüssel xüsusi fəallıq göstərir. Müharibənin başa çatmasını bildirən üçtərəfli Bəyanat məhz Rusiyanın vasitəçiliyi ilə imzalanıb. Son vaxtlarda isə Brüssel aktivliyini artırıb. Ötən ilin dekabrından bəri Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə dörd görüş keçiriblər. Yenə də danışıqlar masasında N.Paşinyan həm Moskvaya, həm də Brüsselə “hə” deyir. Ölkəsinə geri qayıtdıqdan sonra isə onun ritorikası tamam dəyişir və belə təxribatlar törədilir. Buradan da görünür ki, məğlub Ermənistan sülh prosesinə qatılan vasitəçilərin missiyasına kölgə salmağa çalışır.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

