Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Terrorun üzü deyil, özü olan...

Terrorun üzü deyil, özü olan...

01.04.2023 [10:30]

Hansı dövlətin terror təhlükəsi yaratdığı, hansı ölkənin distabilizasiya axtarışında olduğu faktlarla ortadadır

Tehrandakı səfirliyimizə edilən xain terror hücumdan iki aydan çox zaman keçməsinə baxmayaraq hələ də obyektiv araşdırma aparmayan İran dövlətinin ölkəmizə qarşı aqressiv davranışları davam edir. Bütün dünyada terror yuvası, şər yuvası kimi xarakterizə olunan, dünyada terroru himayə edən ölkə kimi tanınan, ildə terrorun maliyyələşdirilməsinə 16 milyard dollardan artıq vəsait ayıran, Yaxın Orta Şərqdə distabilizasiyanın hökm sürməsinə baiskar olan İran öz “ayıbına” utanmaq əvəzinə, ətrafına şər-böhtan atmaqla məşğuldur. Məsələn, İran Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri kimilərinin Azərbaycana qarşı apardığı iftira kampaniyası birbaşa düşmənçilik mövqeyinə əsaslanır.

Ermənistanın dünyada iki əsas müttəfiqindən biri...

Azərbaycan dövləti Kiomərs kimilərinin cavabını hər zaman vaxtında verib. İranlı “general”ın Azərbaycan haqqında əsassız fikirlərinə münasibət bildirən Müdafiə Nazirliyimizin açıqlamasında deyilir ki, Azərbaycan ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan ərazisində kənar elementlər mövcud deyildir: “İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri tərəfindən Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlər səsləndirilmişdir. K.Heydəri öz cəfəng fikirlərində Azərbaycanda guya “sionist” qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir. O, eyni zamanda, İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deyir. K.Heydəriyə xatırlatmaq istərdik ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamışdır. Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 137 kilometrlik hissəsi də işğal edilmişdi. Lakin, İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməmişdir. Əksinə, bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da güclənmişdir. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa onlardan biri Fransa, ikinci isə İrandır. Azərbaycan Respublikası bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və dövlətlərin daxili işlərinə qarışmır. 44 günlük Vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, şanlı Azərbaycan ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək zəfər salnaməsi yazmışdır. Bu iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyildir. Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülüş doğurur.”

İran Ermənistana necə yardım edib?

Bəli, ortada təzad var. Azərbaycanın yürütdüyü çoxvektorlu, dostluğa və əməkdaşlığa, qarşılıqlı milli maraqlara əsaslanan xarici siyasət kursundan narahat olan molla rejimi 30 ilə yaxın ermənilərlə etdiyi “əməkdaşlığı”, “dostluğu” necə əsaslandıracaq? Axı, bu faktdır ki, illərlə Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlamasına bu və ya digər şəkildə həm də İran yardım edib.  İran Ermənistana dəstəyi ilə İrəvanı Azərbaycan qarşısında ayaqda saxlamağa çalışıb - işğaldakı torpaqlarımızın tar-mar edilməsi də İranın “xidmətləridir”. Amma Azərbaycan həmin illər ərzində özünün xarici siyasət kursunda bir sıra məsələlərdə İranın maraqlarını nəzərə alıb. Hətta öz torpaqlarından İrana hücum edilməsinə imkan verməyib.

İran isə üzdə “din” uğrunda mübarizəni, “din qardaşlığını” və bu kimi gəlişi gözəl sözləri əlində bayraq etməklə Ermənistanın Şuşa məscidini dağıtmasına, Qubadlı məscidində heyvan saxlamasına, Ağdam məscidini təhqir etməsinə, Zəngilan məscidini yerlə-yeksan edilməsinə göz yumub. İran maşınları işğal altındakı evlərimizi söküb daşıyıblar - sərvətlərimizə göz dikiblər. Bu gün isə, Ermənistanın sərhədlərinin təhlükəsizliyini özünün “qırmızı xətti” hesab edir. İranın dindən siyasi alət kimi istifadə etməsi faktlarla və arqumentlərlə ortadadır...

Niyə adını özgələrə qoymağa çalışır?

Heydərinin yalanları miqyasagəlməz dərəcədədir. Azərbaycan ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir. Təbii ki, mənzərə hər kəs üçün aydındır - İran açıq şəkildə Azərbaycan - Türkiyə - İsrail əməkdaşlığının güclənməsindən narahatlıq keçirir.

İranlı “generalın” Azərbaycanı terrorda və ya terrorizmlə əlbir olmaqda “günahlandırması” gülünc situasiya yaradır - “cənab” Heydəri dönüb öz ölkəsinə baxsa, terrorun harada yuva saldığını açıq şəkildə görə bilər. İran SEPAH-ın əli ilə yerləşdiyi bölgədə hansı terrora əl atmayıb?

- SEPAH dünyanın bir sıra ölkələrində hərbi toqquşmalarda da iştirak edib;

- SEPAH Suriya vətəndaş müharibəsində Bəşər Əsədin tərəfində döyüşüb;

- SEPAH İraqda hərbi qarşıdurmanın körüklənməsində “mühüm rol” oynayıb;

- SEPAH Yəməndə vətəndaş qarşıdurmasının yaranmasına milyardlarla pul xərcləyib;

- İran mütəmadi olaraq Səudiyyə Ərəbistanına qarşı hərbi iddialar səsləndirir.

Eyni zamanda, qonşu ölkələrin daxili işlərinə qarışmaqda “maraqlı” olan

SEPAH-ın həmin ölkələrdə verdiyi itkilərin də sayı az deyil:

- SEPAH Suriya döyüşlərində 6 generalını itirib;

- 8 oktyabr 2015-ci ildə SEPAH generalı Hüseyn Həmədani Hələb yaxınlığında öldürülüb;

- Həmin il oktyabrın 12-də korpusun yüksək rütbəli hərbi rəhbərləri general-mayor Fərşad Xasunizadə və briqada generalı Həmid Möhtərbənd Suriyada gedən döyüşlərdə öldürülüb;

- Suriyada İİKK-nın Fatemiyun diviziyasının briqada generalı Rza Xavəri də öldürülən generalların siyahısındadır;

- 3 yanvar 2020-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani ABŞ Hərbi Hava Qüvvələrinin prezident Donald Trampın icazəsi ilə Bağdad Beynəlxalq Hava Limanına endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

Artıq şərhə ehtiyac yoxdur - hansı dövlətin terror təhlükəsi yaratdığı, hansı ölkənin distabilizasiya axtarışında olduğu faktlarla ortadadır...

Agentləri ifşa olunan ölkənin çarəsizlik görüntüsü...

İran qonşuluq münasibətlərində “səmimidirsə”, ölkəmizdə yaratmağa çalışdığı casus şəbəkələrini niyə formalaşdırırdı? Sual ritorik sayılsa da, cavab ortadadır. Artıq aylardır ki, Azərbaycanın xüsusi xidmət, hüquq-mühafizə orqanları əməkdaşlığa cəlb olunmuş Azərbaycan vətəndaşlarının aşkarlanması ilə məşğuldur. Son bir neçə ayda onlarla İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunmuş şəxs müəyyənləşdirilib. Tehranın din pərdəsi altında qurmağa çalışdığı agentura şəbəkəsi isə bir işə yaramadı - Azərbaycan dövləti bu çirkin kampaniyanın da qarşısını ala bildi. Artıq bütün kartları açılan molla rejiminin şər-böhtana əl atması onun çarəsizliyinin görüntüsüdür...

SADİQ

Paylaş:
Baxılıb: 511 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31