Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İranın Zəngəzur “qorxusu”...

İranın Zəngəzur “qorxusu”...

03.05.2023 [10:42]

Tehran bölgədəki stabillikdən və inkişafdan narahatdır

Azərbaycanın 2020-ci ildə regionda yaratdığı yeni siyasi reallıqlar bəzi “sirrlərin” də üstünü açdı. Belə demək mümkündürsə, 30 ilə yaxın “gizli” saxlanılmasına çalışılmış bir sıra məsələlər bu reallıqlarla paralel olaraq ortaya çıxdı. Burada ən diqqət çəkən məqam İranın Ermənistanla “qardaş” münasibəti, hətta Ermənistanın “maraqlarının” Tehran üçün “qırmızı xətt” kimi dəyərləndirilməsi idi. Ümumiyyətlə, İranda baş verən son proseslər molla rejiminin əsl simasını ortaya qoymaqla yanaşı, dövlətin apardığı siyasətin qeyri-səmimiliyini də ifşa etdi. Maraqlı cəhət orasındadır ki, hər zaman dini əlində “bayraq” edən İran Ermənistana münasibətdə bu amillə bağlı tamamilə sükuta qərq olur. “Din təəssübkeşliyi” adı altında günahsız insanları edam edən, qatı radikal qərarlar verən, hüquq və azadlıqları tanımayan İran rejiminin Azərbaycan - Ermənistan məsələsindəki davranışları da heç də bir “İslam dövləti”nə yaraşan davranışlar deyil. Məsələn, 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarındakı məscidləri dağıdan, təhqir edən, həmin məscidlərdə donuz bəsləyən ermənilərə qarşı nümayiş etdirdiyi “qardaşlıq nümunəsi” İranın əsl üzünü nümayiş etdirir. Yaxud, molla rejiminin din pərdəsi altında gizləndiyindən xəbər verir.

Eyni zamanda, Azərbaycanın öz suveren ərazilərinə nəzarəti bərpa etməsi deyəsən İranın “ürəyincə” deyil. Bunun nəticəsidir ki, İran artıq üç ildir ki, imzalanan üçtərəfli bəyanatda qeyd edilmiş öhdəliklərin yerinə yetirilməsinə mane olmağa çalışır. Məsələn, Zəngəzur dəhlizinin açılması nədəndirsə rəsmi Tehran üçün ən böyük “problem” statusu qazanıb. Son aylarda Ermənistanın sülh gündəliyinə adekvat cavab verməsi, bəzi məsələlərdə ortaya qoyduğu münasibət isə ədeyəsən heç də onun “müttəfiqinin” ürəyincə deyil. Bunun nəticəsidir ki, İran istər Azərbaycana, istərsə də artıq reallaşacağı şübhə doğurmayan “Zəngəzur dəhlizi”nə qarşı yeni planlar qurmaqdadır.

İran yeni plan hazırlayır?

KİV-də yayılan məlumata görə, İraqın “Kitabat” saytı İranın Azərbaycana qarşı düşmənçilik münasibətində ən mühüm problem kimi Azərbaycanın Zəngəzur dəhlizi layihəsində israrlı olmasını göstərir. “Müsəlman Qardaşlar”ına yaxın “Arab Post” saytı yaxşı “məlumatlı İran mənbələri”nə istinadən Tehran rəhbərliyində hərbi əməliyyatların aparılması ilə bağlı fikir və rəylərin olduğunu təsdiqləyib. SEPAH-a yaxın mənbə sayta bildirib ki, Azərbaycanın İsraildə səfirliyinin açılmasından və Azərbaycan-İsrail ittifaqı yarandıqdan sonra “İran rəhbərliyi arasında Azərbaycana qarşı məhdud hərbi əməliyyat keçirməyi düşünmək tendensiyası yaradıb”. SEPAH-dakı mənbə hesab edir ki, “Zəngəzur dəhlizi” İranın Cənubi Qafqaza, oradan isə Rusiya və Avropaya gedən yeganə yolunu kəsəcək. Buna görə də Tehran onu öz milli təhlükəsizliyinə təhdid hesab edir: “Zəngəzur dəhlizinin yaradılması Tehranla Bakı arasındakı münasibətlərdə dəvə belini qıran saman çöpü olacaq. Ötən onilliklər ərzində İran rəhbərliyi Azərbaycan Respublikası ilə fikir ayrılıqlarını cilovlamağa çalışıb, lakin görünən odur ki, Bakı bu fikir ayrılıqlarını inkişaf etdirmək və sərhədlərimizə çatdırmaqda israrlıdır”.

Tehrandan strateji analitik Soruş Dehqaninin rəyinə görə, Zəngəzur dəhlizinin yaradılması o deməkdir ki, Azərbaycan və Türkiyə İrana əlavə güc və təsir alətləri qazanacaq...

SEPAH Azərbaycana qarşı təhdid vasitəsi kimi...

Bu kimi xəbərlər, İranın Azərbaycana qarşı hər hansı bir təhdid hazırlaması ilə bağlı informasiyalar zaman-zaman aktuallaşır. Məsələn, bu ilin fevralında Ermənistanın Azərbaycana qarşı növbəti dəfə hərbi təxribat həyata keçirmək planları ilə bağlı məlumatlar yayılmışdı və bildirilirdi ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupunun bu planlarda iştirak edəcəyi gözlənilir. Məlumatda bildirilirdi ki, SEPAH-ın xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Sünik rayonunda yerləşdirilib və orada Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti ilə hazırlıq işləri aparır. Bundan öncə, ötən ilin ortalarında isə 30 iranlının Laçın yolu ilə Qarabağa gəlməsi ilə bağlı məlumatlar yayılmışdı. Araşdırmalardan onların da SEPAH ilə əlaqəli olduğu məlum olmuşdu.

Tehran niyə Zəngəzur dəhlizinin açılmasını istəmir?

Vurğulanmalıdır ki, İranın Azərbaycana qarşı apardığı düşmənçilik siyasətinin arxasında dayanan səbəblər fərqlidir və bəllidir. O baxımdan ki, birinci növbədə rəsmi Tehran Azərbaycanın son dövrlərdə beynəlxalq aləmdə güclənən nüfuzundan çəkinir. Digər tərəfdən, İranın hazırki geosiyasi durumu ürəkaçan deyil - çoxsaylı sanksiyalar, məhdudiyyətlər, beynəlxalq aləmdən təcrid olunma İrandakı daxili ictimai-siyasi vəziyyəti də gərginləşdirib. Belə olan halda, İran anlayır ki, Zəngəzur dəhlizinin açılması bir çox mənalarda regiona yeni nizam qazandıracaq. Burada Türk birliyi amili də olduqca böyük önəmə malikdir. Təsadüfi deyil ki, İranın rəsmi və ya qeyri-rəsmi kanalları Zəngəzur dəhlizini “Turan yolu” adlandırırlar. Rəsmi Tehran anlayır ki, dünyanın yeni iqtisadi aortasına çevrilmə potensialına malik Zəngəzur dəhlizi regional inkişafa yeni nəfəs gətirəcək. Eyni zamanda, Türk dövlətləri arasındakı əlaqələri daha da yaxınlaşdıracaq. O baxımdan da, İranın davranışları anti-Türk dairələrinin maraqlarına xidmət göstərir. Halbuki, istər Azərbaycan, istərsə də Türkiyə dəfələrlə bu layihənin gerçəkləşəcəyi təqdirdə İranın da iqtisadi dividenlər qazanacağını açıq şəkildə bildirirlər. Tehran isə öz yolunu, öz xəttini “seçir” - həm Azərbaycanla, həm də Türkiyə ilə düşmən olmaq bahasına anti-Türk dairələrə, hansı ki, ona qarşı irəli sürülən sanksiyalarda əsas söz sahibidirlər, xidmət etmək xəttini yürüdür. Ən əsası isə İran düşünür ki, Azərbaycanın iqtisadi cəhətdən güclənməsi onun regional maraqları ilə də uzlaşmır - bu, regionda Türkiyə-Azərbaycan birliyinin timsalında mühüm bir qüvvəni daha da gücləndirəcək. O baxımdan da, İran əlinə düşən fürsəti dəyərləndirit və qeyd edildiyi kimi, Ermənistandan öz maraqları üçün istifadə edir. Hazırki vəziyyətdə Ermənistan üçün daha real xilas yolu sayılan Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq cəhdləri ilə İran Ermənistana ən böyük pisliyi edir.

SEPAH terror təşkilatı kimi tanınır...

SEPAH-ın Azərbaycana qarşı hansısa təxriabtda iştirakı isə ən mümkün iddialardan sayılır. Çünki bu qurum bütün dünyada daha çox terror mahiyyəti ilə tanınıb. ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və Bəhreyn SEPAH-ı terror təşkilatı kimi tanıyır. SEPAH dünyanın bir sıra ölkələrində hərbi toqquşmalarda da iştirak edib.

SEPAH, həmçinin Suriyadakı Hizbullah təşkilatının da yaradıcısı və maliyyələşdiricisi kimi tanınır. İran BMT Təhlükəsizlik Şurasının 2006-cı ildə tərtib etdiyi qadağalara baxmayaraq “Hizbullah”ın  silahlanmasına yardım edir. Yəməndəki terrorçuları və “Əl-Qaidə”ni dəstəkləyir, terrorçu qruplar hazırlayaraq Suriya, İraq, Əfqanıstan və Pakistana  göndərir. İran Mərkəzi Bankı vasitəsilə “Qüds Qüvvələri” və “Hizbullah qruplaşması”na milyonlarla dollar məbləğində vəsait yönləndirildiyi müəyyən edilib. İran adına törədilən terror aktlarının əksəriyyəti isə “Hizbullah” və “HƏMAS” tərəfindən təşkil edilir, SEPAH onlara dəstək verir. Amma faktlar göstərir ki, terror aktlarının planlaşdırılması və gerçəkləşdirilməsi üçün İranın bütün mərkəzi dövlət qurumları əlaqələndirilmiş formada çalışır, vahid bir mexanizm halında birləşirlər.

Yeri gəlmişkən, Britaniyanın Tony Bleyr İnstitutu SEPAH İŞİD və Hizbullah qruplaşmalarından heç bir fərqi olmayan bir təşkilat olduğunu bildirib. Bu barədə telegram kanallarında məlumat verilib. Məlumatda qeyd olunub ki, Tony Bleyr İnstitutu həmçinin SEPAH-ı terrorçular siyahısına salmaq üçün bütün lazımi sübutları da təqdim edəcək.

MƏNSUR

Paylaş:
Baxılıb: 640 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31