Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əziz Şuşaya böyük qayğı

Əziz Şuşaya böyük qayğı

11.05.2023 [10:06]

Bütün dünya azərbaycanlıları üçün son dərəcə əziz olan bir məkan var - torpaqla səmanın qovuşduğu uca dağlar qoynunda qərar tutaraq yüksəklikdən ətrafa, bütün Qarabağa hakim kəsilən Şuşa şəhəri! Uzun illər ərzində biz Şuşanın işğal altında qalması ilə barışmadıq, səbrlə, inadla ora mütləq qayıdacağımıza inandıq. Bu xoşbəxtliyi isə qəlbi Şuşa ilə döyünən Azərbaycan xalqına ata vəsiyyətini yerinə yetirən Müzəffər Liderimiz İlham Əliyev bəxş etdi. 2020-ci il noyabrın 8-də Ali Baş Komandanın bütün döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirən igid əsgər və zabitlərimiz dünyaya bir möcüzə göstərdilər, inanılmazı mümkün etdilər, qayalardan cırmaq-cırmaq dırmaşaraq, cığırlardan dizin-dizin sürünərək Şuşaya daxil oldular və şəhəri erməni vandallarından azad etdilər. Şuşanın azad edilməsi ilə 44 günlük müharibənin taleyi həll olundu, desək, yanılmarıq. Məhz buradakı məğlubiyyətdən sonra dizi bükülən, beli sındırılan düşmən noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq və üzərinə müəyyən öhdəliklər götürmək məcburiyyətində qaldı.

Müharibədən sonra isə əziz Şuşamızın genişmiqyaslı quruculuqla səciyyələnən yeni dövrü başlayıb. Şuşaya onu sevənlər, onun əsl sahibləri qayıdıblar. İndi onlar erməni vandallarının ögey münasibət bəslədikləri, vəhşicəsinə dağıtdıqları şəhəri qarış-qarış yenidən qururlar. Deyə bilərik ki, tarixi Şuşa yenidən bərpa olunur, həm də gözəl şəhərimizin siması müasir elementlərlə, yeni memarlıq həlləri ilə daha da zənginləşdirilir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bütün layihələr son dərəcə məsuliyyətlə yerinə yetirilir. Müharibənin başa çatmasından ötən iki il yarımda şəhərdə onlarca layihə tamamlanıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya növbəti səfərləri çərçivəsində burada ayrı-ayrı ünvanlarda reallaşdırılan yeni layihələrin icra vəziyyəti ilə tanış olublar, həmçinin bir sıra obyektlərin təməlqoyma və açılış mərasimlərinə qatılıblar.

Şuşada dayanıqlı infrastruktur quruculuğu

Şuşanın bərpası və yenidənqurulması planı çərçivəsində icra olunan layihələr paralel şəkildə bir neçə mühüm istiqamətdə aparılır. Bu istiqamətlərdən biri də şəhərdə dayanıqlı infrastruktur quruculuğunu əhatə edir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya növbəti səfərləri çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlərlə tanış olublar. Başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilən Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən 81,7 kilometr uzunluğundakı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil magistralının tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Şuşada reallaşdırılan infrastruktur quruculuğu çərçivəsində şəhərin su təchizatı sistemi yenidən qurulur.  Bu məqsədlə ayrıca layihə hazırlanıb. 2040-cı ilə perspektiv inkişaf nəzərə alınmaqla hazırlanan Şuşa şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsi 25 min nəfərin tələbatının ödənilməsinə hesablanıb.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mayın 8-də açılışına qatıldıqları Daşaltı kəndindəki Zarıslıçay nasos stansiyası Şuşanın etibarlı su təminatı üçün mühüm əhəmiyyət daşıyır. Layihəyə əsasən, Şuşa şəhərində 24 kilometr magistral su kəməri, 44 kilometr içməli, 42 kilometr tullantı və 41 kilometr yağış su şəbəkələri inşa olunacaq. Şuşa şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq.

Şuşada infrastruktur quruculuğunda ən müasir texnologiyaların tətbiqinə üstünlük verilir.  Mayın 9-da Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışına qatılıb.

İnnovativ Texnologiyalar Mərkəzində (EŞİTM) müxtəlif gücdə transformatorlar, 35 kV-luq yeni yarımstansiya inşa olunub, müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi, avtomatika sistemləri və 0,4 kV şəbəkələrini də əhatə edən SCADA dispetçer idarəetmə sistemi quraşdırılıb.

Mərkəzin ərazisində elektromobillərin enerji ilə doldurulmaları üçün müvafiq qurğular yerləşdirilib. Burada, həmçinin günəş enerjisi ilə çalışan panellər quraşdırılıb. Həmin panellər vasitəsilə əldə olunan enerjinin bir hissəsi yarımstansiyada qəza hallarında daxili tələbatın ödənilməsi və elektromobil enerji doldurma cihazları üçün istifadə olunur. Qalan enerji isə avtomatik rejimdə şəbəkəyə ötürülür.

Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi yeni yaradılan dairəvi təchizat sxeminin tərkib hissəsi kimi layihələndirilib. Açılış mərasimində bildirilib ki, beynəlxalq təcrübədə istifadəsi və iqtisadi-texnoloji üstünlükləri nəzərə alınaraq Şuşa şəhərinin Rəqəmsal Əkiz modeli hazırlanıb, bu da EŞİTM-in təsnifat modelinə daxildir.

Heydər Əliyev Fondunun mühüm töhfələri

Şuşanın bərpasına birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun töhfələri də kifayət qədər böyükdür. Fond işğaldan azad olunan ərazilərdə 2020-ci il dekabrın 8-dən etibarən mədəni-dini abidələrin, məscidlərin bərpası layihələrinin icrasına başlayıb. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Aparılan işlərə yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislər də cəlb olunub.

Mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər. Mehmandarovların malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Yaşayış kompleksinə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir.

Bildirildiyi kimi,  2021-ci ilin oktyabr ayından etibarən Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Bulaq Prezident İlham Əliyev 2022-ci ilin sentyabrında kompleksdə bərpa işlərinin gedişi ilə tanış olarkən istifadəyə verilib.

Kompleksə daxil olan evin və məscidin binalarının dam örtükləri yenilənib, tavanlar bərpa edilib. Malikanə kompleksinin dağılmış divarı bərpa olunub, zədəli divarda bərkitmə işləri aparılıb. Evin döşəmə daşlarının dağılmış yerləri, pilləkəni yenidən qurulub, divar və tavanlardakı rəsmlər eskiz layihələri üzrə bərpa edilib. Məscidin “Güldəstə”si restavrasiya olunub. Yaşayış evinin həyətində XX əsrin əvvəllərinə aid tarixi fayton da dövrünün texnologiyalarına uyğun bərpa edilib.

Görülmüş işlərdən sonra malikanə kompleksində muzey ekspozisiyası qurulub. Ekspozisiyanın tərtibatı zamanı 150-dən çox əntiq əşyadan istifadə edilib.

Prezident İlham Əliyev mayın 9-da Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarını ziyarət edib. Bu il görkəmli alimin anadan olmasının 190 ili tamam olur. Mir Möhsün Nəvvab Qarabaği 1833-cü ildə Şuşada anadan olub, orada yaşayıb-yaradıb və 1918-ci ildə vəfat edib.

Mayın 10-da isə dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışında iştirak edib, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində burada təşkil edilən “Heydər Əliyev və Qarabağ” fotosərgisi və Gül Festivalı ilə tanış olublar.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışında, həmçinin məscidin ərazisində yerləşən mədrəsə binasında “Mir Möhsün Nəvvab Qarabaği - XIX əsrin ensiklopedik alimi” sərgisinin açılışında iştirak ediblər.

Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışlarında da iştirak edib, Muzeydə sərgilənən eksponatlar və sənət əsərləri ilə tanış olublar.

Yaşayış və qeyri-yaşayış binalarının inşası

Postmüharibə dövründə Şuşada yaşayış və qeyri-yaşayış binalarının inşası da geniş vüsət alıb. Mayın 9-da Prezident İlham Əliyev Şuşa şəhərinin Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməlini  qoyub. Qarabağ küçəsində inşa ediləcək yaşayış binasının ümumi sahəsi 5400 kvadratmetr olacaq. Ərazidə qeyri-yaşayış binası da inşa olunacaq. A və B korpuslarından, həmçinin ofis binasından ibarət həmin binanın ümumi sahəsi 5745 kvadratmetr nəzərdə tutulub. Binanın ikinci mərtəbəsində avtodayanacaq yerləşəcək.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub, 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlqoyma mərasimində, Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışlarında, Prezident İlham Əliyevin tapşırığına əsasən, Şuşa şəhərində dövlət xidmətləri mərkəzinin yenidənqurma və təmir işlərinə başlanılması ilə bağlı tədbirdə iştirak ediblər.

Şuşada Prezident İlham Əliyevin iştirakı ilə Atatürk küçəsinin, eləcə də Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışı tədbirləri keçirilib. Atatürk küçəsinin uzunluğu 714 metr, eni isə 11 metrdir. Molla Pənah Vaqif küçəsinin uzunluğu 2473 metr, eni isə yol yatağına uyğun olaraq 10-15 metr aralığında dəyişir. Pənahəli xan küçəsinin uzunluğu 864 metr, eni isə yol yatağına uyğun olaraq 10-13 metr təşkil edəcək.

Azərbaycan Prezidenti, birinci xanım və ailə üzvləri Xurşidbanu Natəvan, Zəfər, Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsində lövhələrin açılışlarında iştirak ediblər. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Şuşada Dəmir Yumruq küçəsinin lövhəsinin açılışı böyük rəmzi məna daşıyır.

Şəhərin bərpası proqramına uyğun olaraq Şuşada Xüsusi nümayəndəliyin inzibati binasının qarşısındakı meydanda da bir sıra işlərin görülməsi layihələndirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşada Xüsusi nümayəndəliyin inzibati binasının qarşısındakı meydanda olublar. Onlara meydanda görüləcək işlər barədə məlumat verilib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 588 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31