Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Nazirlərin Moskva görüşü...

Nazirlərin Moskva görüşü...

13.05.2023 [10:10]

Ermənistanın sülhdən başqa şansı yoxdur

Nardar BAYRAMLI

Mayın 19-da Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü keçiriləcək. Ceyhun Bayramov, Ararat Mirzoyan və Sergey Lavrovun arasında keçiriləcək görüş zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh sazişinə dair məsələlər müzakirə olunacaq. Qeyd edək ki, sülh sazişi ilə bağlı danışıqların üç raundu arxada qalıb. Bu yöndə ilk görüş ötən il oktyabrın 2-də Cenevrədə, ikinci görüş isə noyabrın 7-də Vaşinqtonda keçirilmişdi. Üçüncü görüş ötən ilin dekabrında Moskvada nəzərdə tutulsa da, son məqamda Ermənistan tərəfi bu görüşdən imtina etmişdi. Bu səbəbdən də, həmin görüş Rusiya və Azərbaycanın XİN başçıları arasında keçirilmişdi. Bundan sonra isə sülh sazişi üzrə müzakirələr onlayn formatda aparılırdı. Amma uzun fasilədən sonra bu il 1-4 may tarixlərində XİN başçılarının Vaşinqton görüşü isə tərəflərin masaya qayıtmasının təsdiqidir.

İkinci Qarabağ müharibəsində qalib gəlməsinə baxmayaraq, Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasına maraqlı olduğunu bəyan edib. Çünki müharibə dövrü tarixin arxivində qalmalı, Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilməlidir. Məlumdur ki, Azərbaycan sülh sazişi imzalamaq üçün qarşı tərəfə beş bənddən ibarət təkliflərini təqdim edib. Bu  baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Göründüyü kimi, rəsmi Bakının sülh sazişinin imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır.

Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində Rusiya, Avropa İttifaqı və ABŞ vasitəçilik edir. Qeyd etdiyimiz kimi XİN başçıları bu yaxınlarda ABŞ-da görüşdülər. Görüşdə tərəflər bəzi məsələlərdə razılığa gəldiklərini bəyan etdilər. Fevral ayında isə ABŞ dövlət katibi Blinkenin təşəbbüsü ilə hər iki ölkənin liderləri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşmüşdülər. Avropa İttifaqının vasitəçiliyi ilə də liderlərin bir neçə görüşü baş tutub. Növbəti görüşün mayın 14-də Brüsseldə keçiriləcəyini də bütün tərəflər təsdiqləyib.

Rusiyaya gəlincə, Dağlıq Qarabağ münaqişəsinə rəsmi Moskvanın vasitəçiliyi ilə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatla son qoyulub. Bundan əlavə liderlərin digər görüşləri də keçirilib. Amma ötən ilin dekabr ayında Moskva görüşünə Ermənistan tərəfinin qatılmaması Rusiyada müsbət qarşılanmamışdı. Bununla belə, mayın 19-da nəzərdə tutulan Moskva görüşü sülh danışıqlarında növbəti mərhələni təşkil edəcək.

Azərbaycan bölgəmizdə sülhün təmin olunması naminə irəli sürülən bütün təşəbbüsləri müsbət qarşılayır. Məhz bu səbəbdən də, dövlətimiz bu proseslə bağlı təklif edilən görüşlərdə və danışıqlarda iştirak edir. Moskvada  keçiriləcək Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünə də bu kontekstdə yanaşılmalıdır. Dövlətimiz sülhə, sabitliyə xidmət edən bütün təşəbbüsləri təqdir edir. Bu baxımdan, keçiriləcək görüş sülh yolunda irəliləyişə səbəb olacaqsa,  Azərbaycan tərəfindən dəstəklənəcək.

Beləliklə, hazırda hər iki tərəf sülh müqaviləsinin imzalanması ilə əlaqədar təmasları davam etdirirlər.   Prosesin ləng getməsinin səbəbi isə Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsidir. Halbuki, erməni tərəfi Praqa sənədində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqləyib. Rəsmi İrəvan Azərbaycanın 5 bənddən ibarət olan sülh sazşi üzrə təkliflərini qəbul etdiklərini bəyan etsə də, son zamanlar dövlət rəhbərliyi səviyyəsində - baş nazir, prezident, eləcə də xarici işlər naziri ölkəmizə qarşı əsassız ittihamlarla çıxış edirlər. Bu da sülh sazişinin imzalanmasına əngəl olan amildir. Lakin erməni tərəfinin  sülh müqaviləsinə qeyd-şərtsiz imza atmaqdan başqa yolu yoxdur. Ona görə ki, haqlı və qalib Azərbaycanın irəli sürdüyü təkliflər konstruktiv məzmuna malikdir. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların bəyanatları da yeni mərhələdə müzakirə predmetinin müharibəsonrası gerçəkliklər və çağırışlar olduğunu təsdiqləyir. Digər tərəfdən, Ermənistanın hər hansı pozucu fəaliyyət göstərmək şansı və imkanı yoxdur. Bu ölkə regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında deyil.

Paylaş:
Baxılıb: 546 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31