Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Çin Rusiya-Ukrayna müharibəsini bitirəcəkmi?

Çin Rusiya-Ukrayna müharibəsini bitirəcəkmi?

13.05.2023 [11:40]

Pekinin prosesə müdaxiləsi həlledici ola bilər

Baxmut uğrunda mübarizə Rusiya-Ukrayna müharibəsində yeni bir mərhələnin başlanğıcını qoymaqdadır. Artıq bir ildən çoxdur ki, davam edən müharibənin ən qanlı epizodlarından biri kimi yadda qalan bu döyüş qarşıdakı günlər üçün də xoş perspektiv yaratmır - qarşıdakı dövrdə bundan daha qanlı, daha böyük faciələrə yol açacaq döyüşlərin baş verə bilmə ehtimalını günü-gündən artır. Bu ağır döyüş bir daha göstərdi ki, Rusiya - Ukrayna müharibəsi gələcək Avropa ilə yanaşı, gələcək dünya nizamı üçün ən mühüm mərhələdir.

Avropanın tək ümidi - yeni qütb...

Ümumiyyətlə, müharibənin gedişinin, son proseslərin Qərb siyasi blokunda yaratdığı “çatlar” kifayət qədər aydın görünür. Özünü Mərkəzi Avropanın “söz sahibi” kimi qələmə verən Makronun ötən ay Çinə etdiyi səfər bəzi qaranlıq məqamları işığa çıxarmışdı. Bu səfər bir daha onu göstərmişdi ki, artıq əsrlərdir davam edən “Avropa çəkişməsi”nin tərəflərindən sayılan Fransa üçün avrosentristlərin maraqları daha öndədir. Almaniyanın keçmiş kansleri Angela Markelin siyasi səhnədən gedişinin ardından özünü avrosentristlərin qeyri-rəsmi lideri elan edən Makronun Böyük Britaniya-ABŞ ittifaqına qarşı “gizli iqtisadi cəbhə” açmaq haqda düşündüyü də iddia olunur. Qərb siyasi texnoloqlarının düşüncəsinə görə, Makron anlayır ki, blokun Rusiya üzərindəki qələbəsinin əsas pay sahibi kimi heç də Avropa tanınmayacaq. Bu isə ona gətirib çıxaracaq ki, nəticə yalnız Kremli zəiflətməyəcək:

- Bu qələbə min illik tarixi olan avrosentrist-anqlosakson mübarizəsinin sonuncu və həlledici mərhələsini ikincilərin qəti qələbəsi ilə yekunlaşdıra bilər;

- Fransa, Almaniya, İspaniya, Hollandiya kimi köhnə qitə təmsilçiləri Avropa siyasətinin tənzimləyicisi rollarını itirə bilərlər;

- İqtisadi cəhətdən bitkin hala düşmüş Avropa birmənalı şəkildə ABŞ-ın nəzarətinə keçər;

- Enerji mübadilələri ABŞ-ın diktəsi və şərtləri altında formalaşdırılar.

Beləliklə də, Avropa özünün “lider obrazı”nı tam və qəti şəkildə itirər. Avropanın Çindən kömək istəməsi təbii qarşılanmalıdır. Hətta köhnə qitə də anlayır ki, yeni dünyanın əsas qütblərindən biri nə şimalda, nə də cənubdadır - bu qütb şərqi Asiyadadır...

Çin oyun qaydalarını dəyişəcəkmi?

Beləliklə, Avropanın bəzi dövlətləri üfüqdə belə nəticəsi görünməyən müharibə ilə özünün iqtisadi-siyasi maraqlarını zərbə altına qoymaq istəmir. Tam əksinə, yeni dünya nizamının əsas iqtisadi potensialını özündə əks etdirəcək “Bir kəmər, bir yol”, Orta Dəhliz, Şərq-Qərb, Cənub - Şimal layihələrindən kənarda qalmamaq, dünyanın gələcək iqtisadi inkişafının nüvəsi sayılan Çinlə əlaqələri daha da möhkəmləndirmək üçün yeni hərəkətlənmələr yaşanmaqdadır. Tayvan məsələsinə yeni baxış, Çinə davamlı səfərlər, hətta Avropa bazarlarının Çinə yararlılıq dərəcəsinin müzakirəsi də bunları təsdiqləyir. Bunun qarşılığında isə Avropanın da öz “arzu”ları var:

- Çin susqunluğunu pozmalıdır;

- Rəsmi Pekin Rusiyaya dəstək əvəzinə müharibənin sülhlə nəticələnməsinə köklənməlidir;

- Kremlə qarşı Finlandiya üzərindən hazırlanan “NATO tələsi”nin nüvə müharibəsinə çevrilməsinin qarşısını almalıdır;

- Ən əsası isə bütün müzakirələrdə Mərkəzi Avropanın maraqlarını müdafiə etməlidir.

Sonuncu şərt sırf Avropanın gələcəyi üçün labüddür. Əgər Çin indiki məqamda Avropaya “müxalif” olan müttəfiqlərlə razılığa gəlsə, bu köhnə qitənin həm siyasi, həm də iqtisadi defoltudur.

NATO-dan Çin xəbərdarlığı...

Qərb bloku da Çinin bu qədər qısa zamanda prosesin gedişinə daxil olmasından narahatlıq keçirir. Məsələn, Şimali Atlantika Alyansının (NATO) Asiya ölkələrini öz sıralarına qəbul etməyəcəyi ilə bağlı “bəyanat” bunun göstəricisi sayıla bilər. Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq “The Washington Post” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, NATO Şimali Amerika və Avropanın ittifaqı olaraq qalacaq və qloballaşmayacaq. “Bizim kollektiv təhlükəsizlik zəmanətimiz NATO ərazisinə qədər uzanır”, - deyə baş katib bildirib.

Çinlə müttəfiqlik münasibətinin mümkünlüyü ilə bağlı sualı cavablandıran Stoltenberq qeyd edib ki, Tayvanda və onun ətrafında böhran “ciddi nəticələrə” səbəb olacaq.

Bütün bunlarla yanaşı, NATO növbəti dəfə Avropaya “barmaq sirkələyib”.

NATO-nun baş katibi bildirib ki, Avropa İttifaqı (Aİ) Şimali Atlantika Alyansı olmadan Avropanı müdafiə edə bilməz.

Beləliklə, “kartlar” açılıb - Avropanın özünün təhlükəsizliyindən narahatlıq keçirdiyi rəsmi şəkildə bəyan edilir. Təhlükə haradadır - bu ünvan dəyişkən ola bilər. Yəni, indiki halda Rusiya bu təhlükənin tək ünvanı sayılsa da, qarşıdakı dövrdə maraqlar toqquşması Rusiyanı Mərkəzi Avropaya müttəfiq belə edə bilər...

Kissincerin fikrincə...

Bu arada ABŞ-ın aparıcı fikir mütəxəssislərindən sayılan keçmiş dövlət katibi Henri Kissincer də Çinlə bağlı bəzi məqamlara toxunub. O bildirib ki, Rusiya və Ukrayna sülh danışıqlarına 2023-cü ilin sonuna kimi başlaya bilər. “İndi Çin sülh təşəbbüsü ilə çıxış etdiyinə görə hər şey öz yerinə düşəcək. Düşünürəm ki, ilin sonuna kimi biz danışıqlar prosesinin başlanmasından danışacağıq”, - o bildirib. Kissincerin fikrincə, indi Ukrayna böhranı dönüş nöqtəsinə yaxınlaşa bilər.

Beləliklə, Kissincer də Çinin məsələyə müdaxiləsinin böyük əhəmiyyət daşıdığını görür və dəyərləndirir. Təsadüfi deyildi ki, Kissincer hələ mart ayında ikinci soyuq müharibənin birincidən daha təhlükəli olacağı barədə xəbərdarlıq etmişdi. Kissincerin sözlərinə görə, son qlobal iqtisadi və siyasi qarşıdurma zamanı rəqiblərin maliyyə və iqtisadi imkanları qeyri-bərabər olub və bu, ABŞ-ın “qələbəsini” təmin edib. Bu dəfə Kissincer qeyd edir ki, həm ABŞ, həm də Çinin imkanları bərabərdir və Vaşinqton Çinin tezliklə “qərbləşəcəyini” gözləməməlidir.

Bir müddət əvvəl köşə yazarı Ketlin Bruş “American Thinker” jurnalına yazdığı məqalədə ABŞ administrasiyasının Rusiya və Çindən fərqli olaraq siyasi yaddaş məsələsinə yanlış yanaşmasının ABŞ-ı uduzmuş vəziyyətə saldığını bildirmişdi. Çin və Rusiyadan fərqli olaraq, ABŞ elitası və hakimiyyət orqanları, müəllifin hesab etdiyi kimi, öz siyasi yaddaşını keçmişin qəhrəmanlıq anlarına deyil, köləlik və ya sistemli irqçilik kimi mənfi məqamlara cəmləşdirir.

Beləliklə, Çinin “böyük yeni nizam” prosesindəki rolunun artması bütün tərəflərdə etiraf edilir.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 566 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31