Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 14 təklifə qarşı “Azadlıq layihəsi”...

14 təklifə qarşı “Azadlıq layihəsi”...

05.05.2026 [09:58]

Yeni “İslamabad prosesi” başlayacaqmı?

Vaşinqton Hörmüz boğazında “Azadlıq layihəsinə” start verdi

Yaxın Şərqdə davam edən münaqişədə yaranan status-kvo pozulmur. Belə ki, aprelin 12-də baş tutan nəticəsiz İslamabad görüşünün ardından tərəflər hələ də ortaq mövqeni müəyyənləşdirə bilməyiblər. Qeyd edək ki, ABŞ Hörmüz boğazının təcili və qeyd-şərtsiz açılmasını tələb edir. Bundan başqa Vaşinqtonun ən çox israr etdiyi məsələlərdən biri də İranın nüvə proqramları, uranın zənginləşdirilməsi ilə bağlıdır - ABŞ bu məsələdə güzəştə getmək fikrində deyil. Qarşı tərəf isə müəyyən məsələlər üzərindən, xüsusilə Hörmüz boğazında razılığın əldə olunmasının tərəfdarıdır.  Bunun qarşılığında isə uranın zənginləşdirilməsi məsələsi arxa plana keçir - daha doğrusu, müzakirə predmetləri arasında geriyə doğru “sürüşdürülür”.

Yeni təkliflər - Tehran uran məsələsini “aradan çıxarır”...

Qeyd edək ki, Tehran ABŞ-la mümkün razılaşma üçün Pakistan vasitəsilə Vaşinqtona “yol xəritəsi” göndərib. Tehran yekun atəşkəs və münaqişənin dayandırılması üçün 14 maddədən ibarət təklif paketi təqdim edib. Bildirilir ki, bu sənəd ABŞ tərəfinin daha əvvəl irəli sürdüyü 9 maddəlik təşəbbüsə cavab olaraq hazırlanıb. İran tərəfi ABŞ-dan hərbi əməliyyatların dayandırılmasını, yenidən hücumların edilməyəcəyinə zəmanət verilməsini, dəniz blokadasının qaldırılmasını, İran aktivlərinin azad edilməsini və ABŞ qoşunlarının qonşu ərazilərdən çıxarılmasını tələb edir. Tehran həmçinin dağıntılara görə kompensasiya da istəyir.

Vurğulandığı kimi, sənəd Tehran və Vaşinqton arasında davam edən mesaj mübadiləsinin bir hissəsi olaraq Pakistan tərəfinə təqdim olunub Tasnimin məlumatına görə, İran ABŞ tərəfindən təklif edilən iki aylıq atəşkəs əvəzinə, əsas məsələləri 30 gün ərzində həll etməyi təklif edib - onların mövqeiynə görə, atəşkəsi uzatmaqdansa müharibə sona çatdırılsın. Bundan başqa, paketdə Hörmüz boğazındakı vəziyyətin həlli üçün mexanizm təklifləri də qeyd olunur.

“Fars” agentliyi isə bildirib ki, sənəd İran hökumət qurumları tərəfindən daxili təsdiq prosedurları başa çatdıqdan sonra təqdim edilib.

ABŞ təklifləri gözdən keçirir - təsdiqlənmə ehtimalı aşağıdır...

ABŞ-ın mövqeyinin dəyişəcəyi isə az ehtimaldır - xüsusilə, prezident Donald Trampın bu təklifləri qəbul etməsi mümkün görünmür. Bununla belə Ağ Ev İranın təklifini nəzərdən keçirəcək. ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb ki, “Tezliklə İranın bizə göndərdiyi planı nəzərdən keçirəcəyəm, amma onun qəbul ediləcəyini təsəvvür edə bilmirəm, çünki onlar son 47 ildə bəşəriyyətə və dünyaya etdiklərinə görə hələ kifayət qədər yüksək qarşılıq ödəməyiblər”.

Qeyd edək ki, “Wall Street Journal” mənbələrə istinadən İranın yeni görüş təklifi ilə çıxış etdiyini də açıqlayıb - Tehran vasitəçilərə bildirib ki, Vaşinqton yeni təkliflə maraqlanarsa, yaxın günlərdə Pakistanda danışıqlara hazırdır. Qeyd edək ki, “Axios” əvvəllər İranın təklifinin atəşkəsin uzadılmasını və ya müharibəyə son qoymaq üçün hərtərəfli razılaşmanı, eləcə də Hörmüz boğazının açılmasını əhatə etdiyini bildirmişdi - lakin bunun qarşılığında nüvə danışıqlarının təxirə salınması təklif olunur.

Qısa, amma güclü zərbələr...

“Axios” həmçinin üç mənbəyə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Vaşinqton və Tehran arasındakı danışıqlardakı dalan vəziyyətini aradan qaldırmaq üçün İrana qarşı “qısa, lakin güclü” zərbələr dalğası planı hazırlayıb. Bir neçə gün öncə ABŞ prezidenti Donald Tramp nəşrə bildirib ki, Tehran Vaşinqtonun nüvə silahlarının inkişafını dayandırmaq tələblərini yerinə yetirənə qədər Hörmüz boğazındakı İran limanlarının blokadasını davam etdirəcək. Bundan əlavə, ABŞ Silahlı Qüvvələri İrana qarşı zərbələr planı hazırlayıb ki, bu da İranın infrastrukturunu hədəfə alır. Məqsəd Vaşinqtonun təzyiqi altında Tehranın danışıqlar masasına “daha çevik” mövqe ilə qaytarılmasıdır. “Axios” mənbələri bildirib ki, Tramp hələ hücum əmri verməyib.

Nəşr yazır ki, prezident Tramp dəniz blokadasının bombardmandan daha təsirli olduğuna inanır. Mənbələr bildirib ki, İranın əməkdaşlıqdan imtina edəcəyi təqdirdə, hərbi əməliyyat ideyası da istisna olunmur.

“Azadlıq layihəsi” - köməksiz gəmilər çıxarılır...

Vurğulandığı kimi, ABŞ administrasiyası indiki mərhələdə Hörmüz boğazında blokadını gücləndirməyi hədəfləyir. Prezident Donald Trampın yeni “Azadlıq layihəsi” də bunu təsdiqləyir. Qeyd edək ki, prezident Tramp Hörmüz boğazında yaranmış vəziyyətlə bağlı geniş açıqlama verib. Trampın sözlərinə görə, dünyanın müxtəlif ölkələri ABŞ-dan bu bölgədə qalan gəmilərin təhlükəsiz çıxarılması üçün kömək istəyib. Trampın sözlərinə görə, bu gəmilər Hörmüz boğazında ilişib qalıb və baş verən münaqişə ilə heç bir əlaqəsi yoxdur: “Onlar sadəcə neytral və günahsız müşahidəçilərdir”.

ABŞ prezidenti qeyd edib ki, Vaşinqton bu ölkələrə gəmilərin təhlükəsiz şəkildə dar su yollarından çıxarılmasına yardım edəcəyini bildirib ki, onlar fəaliyyətlərini normal davam etdirə bilsinlər. O vurğulayıb ki, bu proses “Azadlıq layihəsi” adlandırılıb. Tramp əlavə edib ki, nümayəndələrinə həm gəmilərin, həm də ekipajların təhlükəsiz çıxarılması üçün maksimum səylərin göstərilməsi tapşırılıb: “Bu gəmilərin əksəriyyəti baş verənlərlə heç bir əlaqəsi olmayan ölkələrə məxsusdur”.

ABŞ Prezidenti bildirib ki, İranla aparılan danışıqlar müsbət məcradadır və bu proses bütün tərəflər üçün yaxşı nəticələr verə bilər. Onun sözlərinə görə, gəmilərin hərəkəti yalnız günahsız insanlar, şirkətlər və ölkələrin azad edilməsi məqsədi daşıyır. Tramp həmçinin qeyd edib ki, bir çox gəmidə ərzaq və ekipajın normal şəraitdə qalması üçün zəruri ehtiyatlar tükənmək üzrədir: “Onlar mövcud şəraitin qurbanlarıdır”. ABŞ lideri xəbərdarlıq edib ki, əgər bu humanitar prosesə hər hansı müdaxilə olarsa, buna “güclü şəkildə cavab veriləcək”.

15 min əsgər, 100-dən çox daşıyıcı təyyarə, çoxməqsədli pilotsuz platformalar

Artıq “Azadlıq layihəsi” icra olunmağa başlayır. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərqdəki ofisinin yaydığı məlumata görə, Hörmüz boğazından keçən ticarət gəmilərinin çıxarılmasını təmin etmək üçün idarə olunan raket esminetslərindən, 100-dən çox quru və gəmi əsaslı təyyarələrdən və dronlardan istifadə edilir. CENTCOM komandanı admiral Bred Kuper bildirib ki, “bu müdafiə missiyasına dəstəyimiz regional təhlükəsizlik və qlobal iqtisadiyyat üçün vacibdir, eyni zamanda dəniz blokadasını da dəstəkləyirik”.

Komandanlıq vurğulayıb ki, ABŞ prezidentinin təşəbbüsü ilə həyata keçirilən missiya dünya neftinin dörddə birinin, eləcə də xeyli miqdarda yanacaq və gübrənin keçdiyi Hörmüz boğazından maneəsiz keçid axtaran ticarət gəmilərini dəstəkləyəcək. CENTCOM-un məlumatına görə, “Azadlıq layihəsi” idarə olunan raket esminetsləri, 100-dən çox daşıyıcı təyyarə, çoxməqsədli pilotsuz platformalar və 15.000 hərbi qulluqçu tərəfindən dəstəklənəcək.

“Axios” isə yazır ki, Hörmüz boğazından keçən ticarət gəmilərinə rəhbərlik etmək üçün ABŞ Hərbi Dəniz Qüvvələrinin yeni əməliyyatı olan “Azadlıq layihəsi” dəniz karvanlarının təşkili və müşayiətini deyil, təhlükəsiz və minasız gəmiçilik zolaqları haqqında məlumatların verilməsini nəzərdə tutur. Nəşr iki ABŞ rəsmisinə istinadən bildirib ki, Hörmüz boğazı ilə bağlı yeni təşəbbüs mütləq ABŞ Hərbi Dəniz Qüvvələrinin ticarət gəmiləri üçün müşayiətçilərini əhatə etməyəcək.

Dünən yayılan məlumata görə isə, ABŞ-ın Northrop Grumman MQ-4C Triton kəşfiyyat pilotsuz təyyarəsi Yaxın Şərqdəki hərbi bazadan qalxaraq Fars körfəzi və Hörmüz boğazına doğru hərəkət edir. Bu barədə Yaxın Şərq hava nəqliyyatı idarəsindəki mənbə TASS-a bildirib. “ABŞ-a məxsus Northrop Grumman MQ-4C Triton pilotsuz təyyarəsi regionun hərbi bazalarından birindən qalxaraq Fars körfəzi və Hörmüz boğazına doğru hərəkət edir”, - agentliyin mənbəyi bildirib və PUA-nın hərəkətlərinin 14.000 metrdən çox hündürlükdə aşkarlandığını qeyd edib. Bundan əlavə, mənbəyə görə, təyyarə müəyyən edilmiş mülki aviasiya uçuş dəhlizlərindən kənarda uçur.

Qeyd edək ki, təxminən bir ay əvvəl oxşar dron uçuş zamanı qəza siqnalı göndərib və sonra Fars körfəzi üzərində yoxa çıxıb. Northrop Grumman MQ-4C Triton dronları dənizdə və quruda real vaxt rejimində kəşfiyyat məlumatları və müşahidə təmin etmək qabiliyyətinə malikdir.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31