Ermənistan silahlanma yolunda
23.05.2023 [10:36]
Mübariz FEYİZLİ
Son vaxtlarda alınan xəbərlər Ermənistanın intensiv şəkildə müharibə hazırlıqları apardığını təsdiqləyir. Məğlub ölkə Hindistandakı səfirliyində hərbi attaşe vəzifəsi təsis edəcək. Eyni zamanda, Hindistan da İrəvandakı səfirliyinə hərbi attaşe göndərəcək. Xatırladaq ki, bundan əvvəl İran Qafandakı konsulluğunda, Fransa isə İrəvandakı səfirliyinin yanında yeni hərbi attaşenin təyin olunması barədə qərar qəbul edib. Ermənistanın Hindistandakı səfirliyində hərbi attaşe vəzifəsi təsis edəcəyi barədə məsələ bu günlərdə hökumətin iclasının gündəliyinə daxil edilib. “İrəvan və Nyu Dehli arasında müxtəlif sahələrdə, xüsusilə də hərbi-sənaye sektorundakı əməkdaşlıq Hindistanın Ermənistanda hərbi attaşe postunun yaradılmasını zəruri edib”, - deyə məlumatda bildirilir.
Asan olmayan məsələ
Araşdırmalar təsdiqləyir ki, Ermənistanın qeyd olunan ölkələrlə hərbi-sənaye sektorunda əməkdaşlığı ilk növbədə silah tədarükünü özündə ehtiva edir. Hazırda məğlub ölkə hərbi büdcəsini atırır və silahlanma ilə məşğuldur.
Qeyd edək ki, indiyədək, bu ölkənin silah təchizatı əsasən Rusiyadan həyata keçirilirdi. Ermənistan hərbi texnikanı şimal qonşumuzdan ya havayı, ya da çox aşağı qiymətlərlə alırdı. İndi məlum hadisələr fonunda bu təchizat zənciri qırılıb. Hazırda Rusiya ilə Ermənistan arasında silah qovğaları yaşanır. Ermənistanın yüksəksəviyyəli rəsmiləri bildirirlər ki, Rusiyaya maliyyə vəsaitləri göndərilsə də, sonuncu silah tədarükü ilə bağlı öhdəliklərini yerinə yetirməkdən yayınır. Ekspertlər Ermənistan rəsmilərinin şimal qonşumuzu şantaj etdikləri ehtimalını irəli sürürlər. Ermənistan Rusiyadan əvvəlki illərdə aldığı hərbi texnikanın dəyərini tam ödəmədiyi halda, yeni silahlar istəyir.
Başqa mənbələrdən müasir silah tədarükü də Ermənistan üçün heç də asan bir məsələ deyil. Əvvəla, bu ölkənin maliyyə imkanları məhduddur. Müasir döyüş texnikalarının qiymətləri isə çox bahadır. Digər tərəfdən, müasir silahları Ermənistana satan şirkətlər yoxdur. Bu ölkənin beynəlxalq imici aşağı səviyyədədir. Bu və ya digər səbəblərə görə də dünyanın qabaqcıl silah istehsalçıları N.Paşinyan hökuməti ilə sövdələşmələrə getməkdən yayınırlar.
Hindistandan, Fransadan və İrandan tədarük olunan silahlar
Açıq və gizli şəkildə müharibə hazırlıqları görən Ermənistan axtardığı silah-sursatı uzaq Hindistanda tapıb. Ermənistanın KİV-nə bu barədə məlumatlar sızdırılıb. Bildirilir ki, Hindistandan Ermənistana silah tədarükünə dair müqavilə imzalanıb. Ermənistan mətbuatı Hindistanda dərc olunan “The Economic Times” nəşrinə istinadən müqavilənin bəzi detallarını açıqlayıb. Bəhs olunan dövlətlərarası müqavilə İrəvanla Dehli arasında ötən il sentyabrın əvvəllərində imzalanıb. Sənədin şərtlərinə əsasən, Hindistan Ermənistana təxminən 250 milyon dollarlıq silah tədarük edəcək. Söhbət əsasən “Pinaka” raket sistemlərinin və onların sursatlarının, eləcə də tank əleyhinə digər silahların satışından gedir. Bu silahlar Hindistanın yerli istehsalıdır. Onlardan daxili silahlanmada istifadə olunur.
Ermənistana göndəriləcək silahlar barədə Hindistan mətbuatında da materiallar dərc olunub. Hindistan mətbuatının yazdığına görə, yaxın üç ildə Ermənistana dəyəri təxminən 150 milyon ABŞ dolları olan “ATAGS” haubitsaları da tədarük ediləcək. Ermənilərin şəninə təriflər yağdırdıqları 155 mm-lik bu topların atış məsafəsinin 48 kilometrə qədər olduğu, dağ döyüş əməliyyatları şəraitində sınaqdan keçirildiyi və hazırda Hindistan ordusunun arsenalına 150 ədəd “ATAGS”ın daxil edildiyi bildirilir.
Alınan məlumatlardan aydın olur ki, Hindistan Ermənistana silah tədarükü ilə yanaşı, hərbçilər üçün təlimlər də keçir. Bir qədər bundan əvvəl Ermənistan Hindistandan almaq istədiyi 155 mm-lik “MArG” özüyeriyən haubitsalarının sınağını keçirib. Bu barədə yazan Hindistan mediası Ermənistan nümayəndə heyətinin iştirakı ilə sınaqların tam 40 gün davam etdiyini bildirib. Bu isə o anlama gəlir ki, erməni hərbçiləri 40 gün ərzində haubitsalardan istifadəni öyrənib və praktikada təcrübədən keçiriblər.
Erməni ekspert Leonid Nersisyan atəş məsafəsi 24 km olan və dağlıq ərazidə istifadəyə yarayan bu haubitsalardan Ermənistanın 70-100 ədəd ala biləcəyini deyib. Onun sözlərinə görə, ümumilikdə İrəvan 18 ədəd “Pinaka” reaktiv yaylım atəş sistemi (atış məsafəsi 70 km), çoxlu sayda tank əleyhinə sistemlər və s. almağı da planlaşdırır. Bu isə bütün müqavilələrin ümumi dəyərinin 500 milyon dollara qədər artırılması deməkdir.
Son vaxtlarda Ermənistan, həmçinin qonşu İranla hərbi əməkdaşlığı genişləndirib. Yayılan məlumatlarda bildirilir ki, bu ölkə İranla pilotsuz uçuş aparatlarının tədarükü ilə bağlı sövdələşib. Yayılan məlumatlarda qonşu ölkədən Ermənistana 740 ədəd “Dahlaviyeh” raket kompleksinin, eləcə də 210 ədəd “Almas” raket kompleksinin tədarük edildiyi bildirilir. İran, həmçinin Ermənistana kadrların hazırlanmasında da dəstək verir. İran zabitləri Ermənistana gələrək burada müxtəlif poliqonlarda tədarük etdikləri texnikaların parametrlərini yerli hərbçilərə öyrədirlər və onlarla döyüş hazırlıqları aparırlar.
Əlbəttə, İranın və Hindistanın Ermənistana tədarük etdiyi silahlar hər nə qədər təriflənsə də, onların texniki parametrləri analoqları ilə müqayisədə geri qalır. Belə olan halda “böyük bacı” Fransa sinəsini qabağa vermək istəyir. Xatırladaq ki, aprelin əvvəlində Fransadan Mari-Aqnes Pikar-Çesselin başçılıq etdiyi Silahlar üzrə Baş Direktorluğun (Direction generale de l’armement, DGA) nümayəndə heyəti İrəvana səfər edib. Artıq ikitərəfli silahlanma komitəsinin işi bərpa olunur. Ona Fransa silahlarının Ermənistana tədarükü üçün “strateji planlaşdırma”nı təmin etmək tapşırılıb. Fransa mətbuatında 2022-ci ilin yanvarında Armen Sarkisyanın Ermənistanın prezidenti postunu tərk etməsindən təəssüf ifadə olunub. Fransa xüsusi xidmət orqanlarının ruporu qismində çıxış edən nəşrlərdən biri A.Sarkisyanın Ermənistanda Fransa hərbi sənayesinin əsas “kommersiya agenti” kimi çıxış etdiyinə xüsusi diqqət çəkib.
Daim Ermənistanın arxasında dayanacağını deyən Fransadan bu ölkəyə öldürücü silahların tədarük ediləcəyi barədə məlumatlar yayılıb. Bu məlumatları Fransa inkar etmir. İrəvandakı səfirliyində hərbi attaşe vəzifəsi təsis etməsi “böyük bacının” niyyətini bir daha ortaya qour. Bildirilib ki, fransalı hərbi attaşe Fransa ölümcül silahlarının Ermənistana tədarükünə nəzarət edəcək. Parisin Ermənistana ölümcül silahların tədarükü barədə hərbi-siyasi qərarına əsas dəstəyi şəxsən prezident Emmanuel Makron göstərib. Beləliklə, Avropa İttifaqının aparıcı ölkələrindən biri regiona ölümcül silahların tədarükündən imtina üzrə ənənəvi ümumavropa siyasətini kobud şəkildə pozub. Belə çıxır ki, onilliklər ərzində Afrikada, yaxın Şərqdə ayrı-ayrı ölkələri nəzarəti altında saxlayan, onların sərvətlərini talayan Fransa özünün kolonialist siyasətini indi Cənubi Qafqaza daşımaq və regionda hərbi tarazlığa Ermənistanın xeyrinə təsir göstərməyə çalışır.
Silahlanma Ermənistana nə üçün lazımdır?
Postmüharibə dövründə Ermənistan silahlanmanı gündəliyinin önünə çıxartmaqla əsasən iki məqsəd güdür:
- Birincisi, məğlub ölkə yeni silahlar alamaqla 44 günlük müharibədə tar-mar olan ordusunun bərpasına nail olmaq istəyir.
- İkincisi, Fransa və İran kimi dostları Ermənistanı revanşizmə ruhlandırıblar. Bu ölkədə hakimiyyətdə və müxalifətdə olan qüvvələr bəlkə də qaytardılar xülyasına qapanıblar və güman edirlər ki, yeni silahların alınması Ermənistana hansısa üstünlüklər qazandıracaq. Yeri gəlmişkən, Prezident İlham Əliyev mayın 19-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən Ermənistanın silahlanma yolunda olduğuna narahatlıqla diqqət çəkib. 44 günlük müharibədə Azərbaycanın şanlı Qələbə çaldığını xatırladan dövlətimizin başçısı eyni zamanda vurğulayıb ki, bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən dövlətimizin başçısı qeyd edib ki, əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır. Azərbaycan Prezidenti vurğulayıb ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.
Açıq və gizli şəkildə müharibə hazırlıqları görən Ermənistan səhv yoldadır. Otuz ili əhatə edən işğalçılıq siyasəti bu ölkəyə yaxşı heç nə vermədi. Postmüharibə dövründə genişlənən revanşizmə görə Ermənistan yenə də sarsıdıcı bədəl ödəyəcək. Bu dəfə “Dəmir yumruq” daha zəhmli və əzici olacaq. Bu ölkənin yeganə çıxış yolu qalib Azərbaycanın sülh təkliflərini qəbul etmək və manipulyasiyalara son qoymaqdır.
Xəbər lenti
Hamısına baxDünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43

