Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İspaniyanın “separatizm”qaysağı...

İspaniyanın “separatizm”qaysağı...

16.08.2023 [10:51]

Kataloniyada qətliam edən Madridin erməni separatizminə “yardım”ı

Yaşadığımız XXI əsrdə qloballaşmanın təsiri altında korporativ maraqlar daha çox qabardılmaqdadır. Başqa sözlə, milli dövlətlərə qarşı təsir mexanizmləri və vasitələri dəyişikliyə uğrayır, hətta beynəlxalq hüquqa, konvensiyalara zidd qərarlar və ya mövqelər “balans” kimi dəyərləndirilir. Bu kimi təzyiq vasitələri arasında “demokratiya” və “insan hüquqları” kimi institusional bəşəri məfhumlarla yanaşı, separatçılığı dəstəkləmək, onları hətta himayə etmək kimi meyillər formalaşır. Bu hallar daha çox özünü dünyaya “demokratiya keşikçisi” kimi təqdim edən Qərbin, xüsusilə də Avropanın mövqe və siyasətində özünü göstərir. Fransa və başqa ölkələrin timsalında Azərbaycana qarşı münasibətdə adekvat olmayan “jestlər” belə görmək mümkündür - halbuki, həmin Qərb dövlətlərinin özləri bu kimi problemlərdən əziyyət çəkir. Amma özlərinə nisbətdə fərqli münasibət “tələb edirlər”.

Öz ərazisində separatizmlə mübarizə aparan bir ölkə...

Məsələn, İspaniya kimi... İspaniyanın Rusiyadakı səfirliyi Azərbaycandakı separatizmi dəstəkləyən təxribat xarakterli tvit paylaşmışdı. Azərbaycanın qəti tələbinin ardından bu təxribatçı tviit silib. Paylaşımda İspaniyanın Rusiyadakı səfirliyi Qarabağdakı erməni separatçılarına yardım göstərildiyini açıqlamışdı.  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “X” sosial şəbəkəsində İspaniyanın qanunsuz erməni separatçı rejimi təbliğ etməsinin qəbuledilməz olduğunu qeyd etmişdi. “Öz ərazisində separatizmlə mübarizə aparan bir ölkənin başqa ölkələrdə separatizmi dəstəklədiyini görmək qəribədir. İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir. Biz bu qeyri-konstruktiv yanaşmanı qətiyyətlə pisləyirik”, - XİN rəsmisi vurğulamışdı.

8 milyon kataloniyalıya “separatçı” deyir, 20 min ermənini isə...

Əlahəzrət fakt yenə də ortadadır. İspaniya uzun illərdir ki, Kataloniya ilə “mübarizə” aparır. İspaniyanın ən varlı bölgəsi olan Kataloniyanın “müstəqillik mübarizəsi” bir neçə əsrdir ki, davam edir. Bu savaş hətta 1714-cü ilə gedib çıxır. Kataloniya əhalisi bütün İspaniya əhalisinin 16 faizini təşkil edir. 2019-cu ilin statistikasına görə, burada 7,5 milyon əhali yaşayır. Bölgənin mərkəzi olan Barselonada isə 1 milyon yarımdan çox insan yaşayır. Kataloniya İspaniya büdcəsinə ən çox vəsait ödəyən regiondur. 2017-ci ildə keçirilmiş referendumda səsverməyə gələn 43 faiz seçicinin 90 faizi müstəqilliyə səs vermişdi. Nəticə nə oldu? - referendumun nəticələri nə İspaniya, nə də Avropa tərəfindən qəbul edilmədi. Maraqlıdır ki, İspaniya əhalisinin beşdəbirini təşkil edən Kataloniyanın “müstəqillik mübarizəsi” separatizm sayılır, amma İspaniya hakimiyyəti Azərbaycanda yaşayan 20 min erməniyə münasibətdə separatizmi dəstəkləyirlər. Bu faktın özü Qərbin korporativ maraqlara əsaslanan ikili standartının göstəricisidir.

Madrid 2017-ci ildə niyə fərqli mövqe tutdu?

BMT-nin, Aİ-nin, NATO-nun tamhüquqlu üzvü olan İspaniya təmsil olunduğu bütün təşkilatların Qarabağla bağlı mövqeyini çox gözəl bilir -dünyanın bu kimi aparıcı siyasi-hərbi təsisatları hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib, Ermənistanı işğal faktına son verməyə çağırıb. Rəsmi Madridin bunları bilməməsi mümkün deyl - sadəcə olaraq, ermənipərəst xora qoşulmaq arzusu İspaniyanı da beynəlxalq hüquqa arxa çevirməyə “vadar edir”. Nəzərə alınmalıdır ki, belə təxribatçı addımlarını arxasında mütləq şəkildə Fransanın barmağı var. Son dövrlərdə separatizmi dəstəkləyən bəyanatlar verən, beynəlxalq aləmi Qarabağdakı “vəziyyətə” qarşı diqqətli olmağa çağıran, qondarma “blokada” hay-küyü yaradan Fransa öz ətrafında “sadiq dostları”ndan ibarət çəmbər yaratmağa cəhd göstərir. Nəzərə alsaq ki, İspaniya da Fransanın təmsil olunduğu “mərkəzçi Avropa” kontingentinin aparıcı üzvüdür, bu mənada, Parisin “sözünü” və ya “xahişini” yerə salmaz. Əks halda, özündəki “Kataloniya yarası”nın qaysağı qurumamış Madrid belə addımlara getməz. Axı, 2017-ci ildə baş verənlər hələ də unudulmayıb - etirazçı kütlənin itlərə yedirdilməsi, atların dırnaqları altında əzdirilməsi, su və qaz püskürdən maşınların törətdikləri, yüzlərlə insanın xəstəxanalıq edilməsi, onlarla şəxsin qətlə yetirilməsi və nəhayət, muxtariyyətin ləğv edilməsi ilə nəticələnən “Kataloniya hadisələri” hələ də yaddaşlardadır. Kataloniya lideri Puçdemon Avropa ölkələrinə ingilis dilində etdiyi müraciətdə Kataloniyada Avropa Birliyi dəyərlərinin risk altında olduğunu bildirmişdi. Amma bütün Aİ ölkələri mərkəzi hakimiyyətə haqq qazandırmış, İspaniyanın ərazi bütövlüyünün qorunmasına tərəfdar olduqlarını bildirmişdilər. Beləliklə, Avropa özünün mərkəzində 32 min kvadrat kilometrdən artıq ərazidə yaşayan 8 milyona yaxın xalqı “separatçı” adlandırmışdı. Necə olur ki, İspaniya Qarabağda yaşayan 20 min erməninin “qayğısına” qalmaq fikrinə düşür? Bunun bir adı var - ikili standart...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 556 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31