Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Boz zona” olmayacaq!

“Boz zona” olmayacaq!

02.09.2023 [10:10]

Azərbaycan haqlı olduğunu faktlarla sübut etmək iqtidarındadır...

44 günlük Vətən müharibəsi Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmini istiqamətində ən mühüm və real addım oldu. Belə ki, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi faktı qarşıdakı mərhələ kimi Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyasını və demarkasiyasını gündəmə gətirdi - artıq, iki ilə yaxındır ki, davam edən danışıqlar prosesinin ən mühüm detallarından sayılan bu məsələ ətrafında mühüm irəliləyişlər əldə edilib. Buna misal olaraq, Ermənistan tərəfinin son aylarda bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanıması faktını göstərmək olar. Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel formatında keçirilən son tədbirlərdə, eləcə də ölkəsində jurnalistlərə açıqlamalarında bu faktı dilə gətirib. Bu isə onu deməyə əsas verir ki, Ermənistan həm də beynəlxalq aləmin Azərbaycan torpağı kimi tanıdığı, qəbul etdiyi Xankəndi də daxil olmaqla Qarabağı bizim suveren ərazilərimiz sayır.

Separatizmə dəstəklə bağlı boş xəyallar

Bununla belə Ermənistan üzdə bu faktın arxasında “gizlənərək” özünün çirkin planlarını davam etdirməyə çalışır - məsələn, Laçın dövlət sərhəd- buraxılış məntəqəsi ətrafında yaradılan “humanitar şou”, əsassız şəkildə BMT TŞ-ya edilən “şikayət”, o cümlədən üçtərəfli Bəyanata zidd olaraq silahlı qrupların Qarabağdan çıxarılmaması bunu təsdiqləyir. Son günlərdə Azərbaycanın alternativ kimi Ağdam-Xankəndi yolundan istifadə ilə bağlı təklifinin Ermənistan və havadarları tərəfindən “top-tüfənglə” qarşılanması da anlaşılan deyil. Ən əsası bu məsələdə, “israrçı” kimi görünən bəzi xarici güclərin mövqeyi anlaşılmazdır - məsələn, Fransanın cəhdləri birmənalı qarşılana bilməz. Bu, onu deməyə əsas verir ki, Ermənistan, Fransa və onlar kimi “düşünənlər” Qarabağdakı separatçı rejimlə bağlı hansısa boş xəyallara malikdirlər. Amma bu boş xəyalların birmənalı şəkildə əsası və perspektivi yoxdur.

Azərbaycan heç bir halda buna dözməyəcək...

Yeri gəlmişkən, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan öz ərazisində hər hansı bir “boz zona”nın olmasını qəbul etməyəcək. O vurğulayıb ki, Ermənistan Azərbaycanla razılaşdırmadan populizm məqsədilə müxtəlif yük maşınlarını Azərbaycan sərhədinə - Laçın sərhəd-buraxılış məntəqəsinə gətirib: “Dünən də bəzi erməni lobbisinin tərəfdarı və təsiri altında olan Avropanın korrupsioner siyasətçiləri də bu teatr xarakteri daşıyan dramanın tərkib hissəsi olaraq Azərbaycan sərhədinə doğru gəliblər. Bu kimi addımların heç bir mənası yoxdur. Belə şou xarakterli addımlardansa, real məsələləri yerində həll etmək lazımdır. Azərbaycan öz ərazisində hansısa bir boz zonanın olmasını qəbul etməyəcək. Kimlərsə düşünürlər ki, onlar mövcud şəraiti olduğu kimi davam etdirəcəklər və separatist statusunda yaşamaqda davam edərək və qeyri-qanuni rejimin mövcudluğunu təmin edəcəklər bu, baş verməyəcəkdir. Azərbaycan heç bir halda buna dözməyəcək. Onların da bu yalançı humanitar şoularının əsas məqsədi ondan ibarətdir ki, əsl niyyətlərini və xislətini gizlətsinlər. Əsl niyyət isə Ermənistanın vaxtilə Azərbaycanın işğal altında olan ərazilərində yaratdığı qondarma qanunsuz rejimin mövcudluğunun yaşamasını təmin etməkdir və bu məqsədlə də müxtəlif bəhanələrdən istifadə edirlər”.

Boz zona” olmayacaq - Qarabağ Azərbaycanın tarixi və suveren ərazisidir

Qeyd edildiyi kimi, Ermənistanın, erməni lobbisinin və onların dəstəkçilərinin regionda “boz zona” formalaşdırmaq arzuları iflasa məhkumdur. “Boz zona” əsasən iki regiona və ya dövlət arasında bufer funksiyasını daşıyır və iki ərazini ayrı saxlamaq məqsədinə xidmət edir. Siyasi terminallogiyaya əsasən, belə zonalar suveren dövlətin bir hissəsi də ola bilər - indiki halda, Azərbaycanın suveren ərazilərində formalaşdırılmasına çalışılan “boz zona” buna real misaldır. Maraqlıdır ki, bu siyasi terminin leksik mənasında həm də başqa bir detal yatır - “boz zona”lar üçüncü, hətta dördüncü “tərəflərin” maraqlarının təcəssümü kimi çıxış edə bilir. Beləliklə, bu gün Qarabağda separatizmi körükləyən, real olaraq təhlükəsizlik arxitekturasının formalaşmasına mane olan, sülhün ləngiməsi üçün səy göstərən dövlətlər və ya qüvvələr bu “boz zona”nın formalaşmasına “yardım edir”. Başqa sözlə, onlar öz maraqları xatirinə separatizmi dəstəkləyir, beynəlxalq hüquqa zidd mövqe tuturlar.

Amma ölkəmizin dəyişməyən qəti mövqeyi belə korporativ maraqların iflasını reallaşdırıb - Qarabağ Azərbaycanın tarixi və suveren ərazisidir. Hətta 30 illik işğal dövründə belə bu fakt bir an da olsa özünün funksionallığını dəyişməmişdi. Bu gün də Qarabağdakı separatçı rejimin üzərindən oyun qurmağa çalışanlar, “humanitar” kod altında beynəlxalq təzyiq kampaniyası formalaşdırmaq istəyənlər anlamalıdırlar ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi heç bir bir zaman müzakirə mövzusu ola bilməz. Vətən müharibəsi Qarabağ məsələsini tarixin arxivinə yolladı və qazanılan Zəfər, bütövlükdə, torpaqlarımızın azadlığını təmin etdi... 

Ermənilər ajiotaj içindədir

Azərbaycanın apardığı qətiyyətli siyasət Ermənistanda böyük ajiotaj yaradıb. Beynəlxalq ictimaiyyət, eləcə də Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpus nümayəndələrinin Ağdam-Xankəndi yoluna gəlməsi və real vəziyyəti müşahidə etməsi, eyni zamanda verilən bəyanatlar Ermənistanda narahatlıqlar yaradıb. Onlar Azərbaycanın vəziyyətə nəzarət etdiyini anlayır və başa düşürlər ki, rəsmi Bakı bütün dediklərini reallaşdırmaq iqtidarındadır. Bu mənada, səslənən bəyanatların ciddiliyi Ermənistanda əks-səda doğurur. Məsələn, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı bildirib ki, Laçın yolundan silahların, minaların daşınması, eləcə də qanunsuz daşınmaların erası başa çatıb: “Bir faktı da qeyd edim ki, Ermənistan 30 il ərzində işğal və təcavüz faktının tərkib hissəsi olaraq, Azərbaycanın gömrük rejimini pozub, özü idxal etdiyi məhsullara gömrük rüsumları tətbiq edib, ondan böyük məbləğdə vəsaitlər qazanaraq Azərbaycan büdcəsinə ciddi şəkildə zərər vurub və bu məhsulların Azərbaycan ərazisinə idxalını təmin edib. Bunun özünün də ayrıca qiymətləndirilməsi aparılmalıdır. Bu, Ermənistan tərəfindən Azərbaycana ödənilməli olan ayrıca təzminat mövzusudur. Düşünürük ki, bu da ayrıca hüquqi müstəvilərdə olunacaq məsələdir”.

Heç kim xüsusi “imtiyaza” malik deyil...

Beləliklə, Laçın yolu ilə bağlı aparılan “səs-küy”lü təbliğatın yersiz olması Ermənistana və havadarlarına izah edildi - Laçın postu qurulana qədər həmin yolla Azərbaycan ərazilərinə silah-sursat, mina daşıyanlar anlamalıdırlar ki, artıq yeni mərhələ formalaşıb. 23 apreldə Laçın dövlət sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan mühüm bir addım atıb - artıq, ölkəmizin təhlükəsizliyinin təminatı beynəlxalq konvensiyalara əsaslanan sərhəd-gömrük qanunu ilə tənzimlənir. Yəni, nə Ermənistan, nə də bir başqa dövlət və ya təşkilat bu məntəqədən “imtiyazlı” şəkildə istifadə edə bilməz. Azərbaycan qanunvericiliyinin hakim olduğu dövlət sərhəd buraxılış məntəqəsi məhz qanunvericiliyin tələbləri əsasında fəaliyyətini davam etdirir və etdirəcək.

O ki, qaldı 30 il ərzində Ermənistanın Azərbaycanın gömrük rejimini pozaraq idxal etdiyi məhsullara gömrük rüsumları tətbiq edib də ondan böyük məbləğdə vəsaitlər qazanmsına, bu məsələdə də ölkəmiz beynəlxalq hüququn verdiyi imkanlardan lazımi şəkildə istifadə edəcək. Bütün sferalarda olduğu kimi, Azərbaycan bu məsələdə də özünün haqlı olduğunu faktlarla sübut etmək iqtidarındadır...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 808 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31