Professor Nəsir İmanquliyev milli mətbuatımızın tarixində özünün jurnalistika məktəbini yaradıb
23.12.2011 [11:17]
Dünən Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın ictimai-siyasi xadimi və publisisti, Əməkdar Jurnalist, ustad redaktor və pedaqoq Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli yubiley tədbiri keçirilib.
Tədbirdə Nəsir İmanquliyevin elmi və publisistik məqalələri, kitabları, həmkarlarının onun haqqında müxtəlif mətbu orqanlarda dərc etdirdikləri yazılar, ustad redaktorun həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət sərgi açılıb.
AzərTAc xəbər verir ki, Azərbaycan Prezidentinin Nəsir İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar təşkil edilmiş tədbirdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və ədəbiyyat xadimləri, jurnalistlər və alimin tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Nəsir İmanquliyevin Azərbaycan milli mətbuatının inkişafında əvəzsiz xidmətlərindən danışıb. Tədbirin əhəmiyyətini qeyd edən A.Məhərrəmov deyib ki, professor Nəsir İmanquliyev bütün mənalı ömrünü Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanmasına həsr edib.
Tədbirdə “Nəsir İmanquliyev məktəbi” mövzusunda məruzə ilə çıxış edən BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadə deyib ki, 87 illik ömür yolunun 70 ilini kütləvi informasiya vasitələri quruculuğu işinə həsr etmiş Nəsir İmanquliyev jurnalistikada hamımıza örnək ola biləcək yaradıcılıq məktəbi yaradıb. Professor Nəsir İmanquliyev bugünkü ali jurnalistika təhsilinin simasını müəyyənləşdirən və xeyli dərəcədə onun təməli sayıla biləcək bir sıra ixtisas kurslarının yaradıcısı olub.
Tədbirdə professor Şirməmməd Hüseynov, AzərTAc-ın baş direktoru Aslan Aslanov, BDU-nun kafedra müdiri Cahangir Məmmədli, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Yevlaxda çıxan “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı və BDU-nun jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi, universitetdə təsis edilmiş Nəsir İmanquliyevin adını daşıyan təqaüdü alan Türkan Xəlilova çıxış edərək XX əsr Azərbaycan mətbuatı və ictimai fikir tarixində xüsusi yeri olan Nəsir İmanquliyevin mənalı həyatından, yaradıcı əməyindən, çağdaş mətbuatımıza örnək ola biləcək fəaliyyətindən danışıblar. Görkəmli mətbuat xadimi Nəsir İmanquliyevin ailə üzvləri adından çıxış edən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva tədbirin iştirakçılarına minnətdarlığını bildirib.
Nərgiz Paşayeva deyib: “Azərbaycanda Həsən bəy Zərdabi tərəfindən təməli qoyulmuş və XX əsrdə bir çox görkəmli şəxsiyyətlərin davam etdirdikləri jurnalist sənəti bu gün öz bayramını qeyd edir. XX əsrin əvvəllərində bu peşəni Azərbaycana gətirənlərin adlarını bir daha qeyd etmək istərdim. Məhəmməd ağa Şahtaxtlı, ömər Faiq Nemanzadə, Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev və əlbəttə ki, ölməz Mirzə Cəlil. Məhz bu insanların yaratmış olduqları məktəbi sonra gələn jurnalist nəsilləri inkişaf etdirərək daha da genişləndirdilər. Əgər onlar olmasaydı, onların fədakar əməyi, döyünən qəlbi olmasaydı, jurnalist peşəsi Azərbaycanda bu qədər sürətlə inkişaf edə bilməzdi. Bu mənada, Nəsir İmanquliyevin fəaliyyəti də, şübhəsiz ki, böyük simaların, nəsillərin, tarixin bir mərhələsidir”.
Professor Nərgiz Paşayeva vurğulayıb ki, o vaxtı məhz Mirzə Cəlillər, Şahtaxtılar, Faiqlər, Əlibəylər xaçaturovlara qarşı mübarizə aparırdılar. Onlar azərbaycandilli, türkdilli qəzetlər nəşr etdirirdilər: “Bu, böyük hadisə, şücaət, hünər idi. çünki o zaman çar Rusiyasında belə bir hünərə malik olan, Azərbaycan millətinə xidmət edən insanlar arxasız idilər. Onlar hökumət, dövlət tərəfindən dəstəklənmirdilər. Amma onların qəlbi, ürəyi gördükləri müqəddəs işlərə, amallara dəstək verirdi. Bu da həqiqi vətənpərvərlik idi. Nəsir İmanquliyev də elə bir məktəbin yetirməsidir. O, bütün həyatı boyu öz fəaliyyətində Mirzə Cəlil ənənələrini davam etdirmişdir. Əgər Mircəlal müəllim Mirzə Cəlil ənənələrini ədəbiyyatda davam etdirirdisə, Nəsir İmanquliyev bu ənənələri jurnalistikada, mətbuatda yaşadırdı. Nəsir müəllim 1958-ci ildə “Bakı” qəzetinin, 10 il sonra isə “Baku”nun nəşrinə başlayarkən çox böyük əzablara, əziyyətlərə, məşəqqətlərə sinə gərmişdir. Belə çətin bir dövrdə ona kömək edənlərin sırasında Şıxəli Qurbanov kimi vətənpərvər ziyalı vardı”.
Rektor deyib ki, tarixə çevrilən hər hansı hadisə təkcə bir insanın fədakarlığı bahasına başa gələ bilməz: “Hər bir işıqlı insan, hər bir ziyalı ətrafına özü kimi insanlar toplamalıdır ki, ortaya böyük bir iş qoya bilsin. Mirzə Cəlil də bu cür etmişdi. O, ətrafına nasirləri, şairləri yığmışdı, Nəsir müəllim də “Bakı” və “Baku” qəzetlərinə istedadlı, bacarıqlı insanları cəlb etmişdir”.
“Sözün qüdrətindən istifadə etmək məharəti hər kəsə nəsib olmur”, - deyən Nərgiz Paşayeva vurğulayıb ki, bu qüdrətdən istifadə etmək məharəti böyük yazıçılara, şairlərə xas olan ali keyfiyyətlərdir: “Jurnalistlər bu qüdrətdən necə istifadə ediblər? Onların qarşısında hansı mətləblər və hansı prinsiplər durur? Jurnalist üçün ən vacib keyfiyyət onun ifadə etdiyi sözün vaxtında deyilməyindən asılıdır. Yazıçı istədiyini, düşündüyünü bu gün yazmasa da, sabah yaza bilər. Lakin jurnalist başqa cür hərəkət etməlidir. Jurnalist operativliyi bacarmalıdır. Bu mənada, Nəsir müəllimin gördüyü işlər ona görə qiymətli idi ki, o, qəzet redaktoru kimi bu tələbləri son dərəcə dəqiqliklə bilir və özünün gündəlik fəaliyyətində onlara ardıcıllıqla əməl edirdi . Mənim yadımdadır, o, hər gün işdən evə qayıtdıqdan sonra, gecə saat 2-3-dək çalışardı. Bütün mətnləri özü yoxlayardı, gözdən keçirərdi. Gün ərzində baş verən elə bir hadisə olmazdı ki, onun redaktoru olduğu qəzetlərdə əksini tapmasın. Bu gün internet vasitəsilə hər şeyi izləmək olur. Lakin o vaxt bu imkan yox idi. O vaxt “Bakı” və “Baku” axşam qəzetləri mübaliğəsiz demək olar ki, bu günün xəbər agentliklərinin yerinə yetirdikləri işləri görür, hər gün baş verənləri operativ surətdə oxucularına çatdırırdı”.
Professor Nərgiz Paşayeva vurğulayıb ki, Nəsir müəllim cəsarətli, iradəli, hünərli, həqiqəti deməyə və yazmağa qadir olan bir şəxsiyyət idi: “O, insanlara yol göstərən, xeyirxahlıq edən nəcib insan idi. Buna görə də o, bir çoxlarına mənəvi atalıq etmişdi. Onun övladı tək deyildi, onun övladları onun yetirmələri, qəzetin əməkdaşları, jurnalistlərdir”.
Bildirilib ki, Nəsir İmanquliyev ömrünün böyük bir hissəsini Nizami küçəsindəki 66 nömrəli binadakı mənzildə keçirib. Onun ailə üzvləri bu evi muzeyə çevirməyi qərara alıblar. Onlar istəyirlər ki, bu mənzil jurnalistlərin evi olsun, bu şərəfli peşəni özünə həyat yolu seçmiş gənclərə xidmət etsin, bu mənzilin qapısı onların üzünə daim açıq olsun. Sonda Nərgiz Paşayeva deyib ki, Nəsir müəllim əsl ziyalı idi. Ziyalılar isə heç vaxt unudulmurlar.
Tədbir maraqlı konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

