Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / BMT TŞ-yə “yeni üzvlər”

BMT TŞ-yə “yeni üzvlər”

22.09.2023 [10:20]

Almaniya iddialıdır, Türkiyənin isə haqqıdır

Günel ABBAS

Dünyanın ən böyük siyasi təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının (BMT) formatı və strukturunun dəyişməsi ilə bağlı bir sıra laiyhələr səslənməkdədir. Dünyanın aparıcı siyasi mütəxəssisləri qurumun ən ali orqanı sayılan Təhlükəsizlik Şurasının da dəyişikliyə ehtiyac duyduğunu düşünür. Qeyd edək ki, II Dünya Müharibəsindən sonra yaranan BMT dünyada sülhün və təhlükəsizliyin təmini ilə bağlı funksiyaları həyata keçirir. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üzrə əsas məsuliyyət isə Təhlükəsizlik Şurasının üzərinə düşür. Hazırda BMT Təhlükəsizlik Şurasının 15 üzvü vardır və onlardan ABŞ, Böyük Britaniya, Çin Xalq Respublikası, Fransa və Rusiya Federasiyası qurumun daimi üzvləri, digər 10 ölkə isə iki il müddətinə seçilmiş qeyri-daimi üzvlərdir. Qeyri-daimi üzvlərin hər il beşi öz “müddətini başa vururaq” dəyişir.

Şuranın hər üzvü bir səsə malikdir və prosedur məsələlər istisna olmaqla bütün işlərdə Qərarlar şuranın beş daimi üzvünün səslərinin üst-üstə düşməsilə qəbul edilir. Bu qərarlar məcburi xarakter daşıyır və BMT-yə üzv olan dövlətlər həmin qərarlara riayət etməlidirlər. BMT Təhlükəsizlik Şurasının üzvü olmaq isə hər bir dövlətin arzusudur - bu, həmin ölkənin dünyada qlobal aktor kimi qəbul olunmasının göstəricisi sayılır. Hazırda daimi üzvlüyə can atan ölkələrdən biri də Almaniyadır. Yeri gəlmişkən, Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Almaniya BMT Təhlükəsizlik Şurasında daimi yer almaq üçün işini davam edəcək.

Diplomat vurğulayıb ki, Almaniya Federativ Respublikasının daimi üzv olmasını XXI əsrin reallıqlarını daha çox nəzərə alan genişmiqyaslı modernləşmənin bir hissəsi kimi görə bilərik.

Qeyd edək ki, son dövrlərdə aktiv siyasi fəallığı ilə seçilən Türkiyənin fəaliyyəti qlobal aktor səviyyəsindədir - NATO-nun ikinci ən güclü ordusuna malik rəsmi Ankara hərbi qarşıdurmaların geniş miqyas aldığı regionlarda sabitliyin və təhlükəsizliyin formalaşdırılması, terrora qarşı mübarizədə aktivlik nümayiş etdirir. Rusiya-Ukrayna müharibəsində vasitəçi kimi rolu, “Taxıl sazişi”nin imzalanmasındakı xidməti, Cənubi  Qafqazda sülhün bərqərar olunması yönündə addımları, Yaxın Orta Şərqdə sabitliyin formalaşmasındakı qətiyyəti Ankaranın qarşıdakı mərhələdə BMT TŞ-nin daimi üzv olması üçün böyük perspektiv yarada bilər.

Politoloq Yeganə Hacıyeva “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hazırkı mövcud dünya düzənində BMT Təhlükəsizlik Şurası dünyanın maddi-mənəvi resurslarının gələcək taleyi ilə bağlı məsələlərə məhz daimi üzvlərin maraq dairəsindən yanaşır: “Bu, heç bir halda ədalətli deyil və İkinci Dünya Müharibəsindən sonra formalaşan ədalətsiz bir yanaşmadır. Bu mənada, ikinci dünya müharibəsinə başlamaqla dünyanın təhlükəsizlik sistemini sıradan çıxaran Almaniya kimi bir ölkənin Təhlükəsizlik Şurası üzvlüyünə iddiası da absurd yanaşmadır”.

Politoloqun fikrincə, dünyada sülhün və stabilliyin təmin olunmasında iştirak edən, İslam dünyasının müdafiəçisi qismində çıxış edən Türkiyə kimi bir ölkənin isə Təhlükəsizlik Şurasında təmsil olunmaması ən böyük  ədalətsizliklərdəndir. “Türkiyənin Təhlükəsizlik Şurasına üzv qəbul olunması üçün olduqca münbit və zəruri zəmin mövcuddur. Bu gün dünyanın ən aktiv nöqtələrindən sayılan Yaxın Şərqdə Türkiyə kifayət qədər nüfuzludur və mühüm söz sahibidir. Nəzərə alsaq ki, Yaxın Şərq dünyanın resurs mərkəzi kimi kifayət qədər populyardır. Eyni zamanda, bu region XX əsrin sonlarında maraqları ən çox zədələnmiş bölgə sayılır. Çünki dünyanın bir sıra ölkələri öz xarici siyasətində islamafobiyanı əsas vektor seçərək Yaxın Şərqdə destruktiv fəaliyytələ məşğul olublar. Bunu da Yaxın Şərqdə terrorist qrupların olması və onlarla mübarizə aparılması ilə izah ediblər”, - deyən Y.Hacıyevanın sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında Türkiyə kimi bir dövlətin olması bu kimi ədalətsizliklərin aradan qalxmasına ciddi töhfə verə bilər: “XXI əsrin əvvəlindən başlayaraq BMT Təhlükəsizlik Şurasının mövcud təhlükəsizlik konstruksiyasına adekvat cavab vermədiyinin şahdidi oluruq. Bunu Türkiyə də, hətta BMT-nin baş katibi də bildirib. Bu mənada, Almaniyanın quruma daimi üzv kimi uyğun görülməsi xristian həmrəyliyi və dünyaya müəyyən bir qrupun pəncərəsindən baxmaq yanaşmasının davamıdır. Məsələ ondadır ki, bəzi dünya güclərinin XXI əsrin əvvəlindən başlyaraq özünün xarici siyasətinin vektoru kimi İslamı və terrorizmi identifikasiya etməsi hazırda geniş vüsət alan İslamofobiya təzahürlərini artırıb. Bu mənada, İslama qarşı olan, həmrəylik və humanizm dini sayılan İslamı terrorla eyni xarakterizə etməyə çalışan bir nəsil foramalaşdırılır. Bunun nəticəsidir ki, özünü demokratik sayan ölkələrdə 2 milyarddan çox insanın dini etiqad kitabı olan müqəddəs Quranin - Kərimin yandırılması sadəcə, ifadə azadlığı kimi “izah edilir”. Ancaq bu amil dünyanın mövcud konstruksiyasında kəskin qütbləşmə və bundan da müəyyən qrupların faydalanması siyasətinin güdülməsidir”.

Paylaş:
Baxılıb: 620 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31