Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Zəngəzur dəhlizi Meğri ərazisindən keçməlidir

Zəngəzur dəhlizi Meğri ərazisindən keçməlidir

12.01.2024 [10:55]

Postmüharibə dövründə  10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda öz əksini tapan Azərbaycanın əsas hissəsi ilə üç onillik ərzində blokada şəraitində yaşamaq məcburiyyətində qalan Naxçıvan arasında  kommunikasiyaların açılması müddəasının yerinə yetirilməsi regionda qarşılıqlı etimad quruculuğu, əməkdaşlığın genişləndirlməsi baxımından çox zəruridir. Ancaq müharibənin başa çatmasından sonrakı üç ildə məğlub Ermənistan Qərbdəki müəyyən dairələrin təhriki ilə manipulyasiyalara əl atmaqla sözügedən sənədlə üzərinə götürdüyü öhdəliklərdən yayınır. Qalib Azərbaycanın prinsipial mövqeyi isə bəhs  olunan müddəanın tam şəkildə yerinə yetirilməsinə nail olmaqdan ibarətdir. Xatırladaq ki,  Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək kommunikasiya dəhlizini tarixi gerçəkliklərə əsaslanmaqla, Zəngəzur dəhlizi adlandırıb və bu termin beynəlxalq səviyyədə də məhz belə qəbul olunub. Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı respublikamızın prinsipial yanaşmasını növbəti dəfə yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində diqqətə çatdırıb.

Ən cəlbedici marşrut

Zəngəzur dəhlizinin açılması Azərbaycanın tarixi, milli və strateji maraqları çərçivəsindədir Dəhliz fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm halqa təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Azərbaycanın Xəzərdə qurduğu ən böyük limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan üç beynəlxalq səviyyəli aeroportun yaradacağı imkanları da nəzərə alsaq, belə bir qənaət ifadə edə bilərik: Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək.

Zəngəzur dəhlizinin yaradılmasında region dövlətləri ilə Azərbaycanın maraqları üst-üstə düşür. Dəhliz açılandan sonra Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Beləliklə, bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürəcək.

Zəngəzur dəhlizinin yaradılmasında ən mühüm məqamlardan biri isə Türkdilli ölkələr arasında əlaqələrin genişlənməsi üçün yeni imkanların yaranması ilə bağlıdır. Söhbət 1.4 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan Türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Perspektivdə Zəngəzur dəhlizi üzrə çəkilən həm dəmir, həm də avtomobil yolları Naxçıvandan keçməklə Türkiyəyə qədər uzanacaq. Beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq.

Məğlub Ermənistanın piar aksiyası

Yuxarıda qeyd etdiyimiz kimi, havadarlarından təlimatlar alan məğlub Ermənistan Zəngəzur dəhlizinin açılmasını yubatmaqdan ötrü müxtəlif manipulyasiyalara əl atır.  Aradan üç il vaxt ötüb, ancaq bu ölkə öz öhdəliklərinin yerinə yetirilməsi istiqamətində hər hansı bir əməli iş görməyib. Son olaraq Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə İpək Yolu Forumunda “sülhün kəsişməsi” adlandırdığı hansısa bir layihədən bəhs etdi. Sözdə layihə guya Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan arasında kommunikasiyaların, belə deyək, inkişafını nəzərdə tutur. Ermənistanın baş naziri bunu yeni bir təşəbbüs kimi səsləndirdi. Halbuki, Azərbaycan üç ildir ki, regional kommunikasiyaların açılmasını təkid edir və bu istiqamətdə konkret addımlar atır.

Bütövlükdə, regionda respublikamızın iştirakı olmadan hər hansı bir nəqliyyat layihəsinin həyata keçirilməsi mümkün deyil. Ölkəmiz Avrasiyada bir qovşaq qismində çıxış edir. Bu geniş coğrafiyada ən optimal nəqliyyat marşrutları məhz respublikamızın ərazisindən keçir. Prezident İlham Əliyev bəhs olunan müsahibəsində Ermənistan tərəfindən səsləndirilən  “sülhün kəsişməsi” deyilən layihəni piar aksiyası kimi səciyyələndirib. Çünki Ermənistan üçtərəfli Bəyanatın müddəasını yerinə yetirmir və faktiki olaraq öz öhdəliyinə laqeyd yanaşır. Ona görə bunu pərdələmək, eyni zamanda, “Zəngəzur dəhlizi” sözünü unutdurmaq üçün belə bir təklif irəli sürüb. “Onu da bildirməliyəm ki, “Zəngəzur dəhlizi” sözü onları çox qıcıqlandırır və mən deyəndə ki, axı dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır, - Şimal-Cənub dəhlizi var, Azərbaycan ərazisindən keçir. Bu, o demək deyil ki, bizim suverenliyimiz burada şübhə altına düşür. Şərq-Qərb dəhlizi var, - amma nədənsə Ermənistanda bu dəhliz sözünə münasibət bir az fərqlidir. Ona görə bu erməni yol kəsişməsi, ya yolayırıcı, ondan sonra bunu “sülh yol kəsişməsi” adlandırmışlar. Amma faktiki olaraq bu, piar aksiyadan başqa bir şey deyil”, - deyə Prezident İlham Əliyev bildirib.

Azərbaycan vətəndaşlarının sərbəst keçidi təmin olunmalıdır!

Zəngəzur dəhlizinin önəmini bir neçə aspektdən dəyərləndirdik. Bu marşrutun ən önəmli cəhətlərindən biri isə onun Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirməsidir. Dəhlizin açılması ilə Naxçıvanın üç onillik ərzində davam edən blokadasına son qoyulacaq. Qarşı tərəf  Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidir. Bu, onların öhdəliyidir. Azərbaycanın prinsipial yanaşmasını diqqətə çatdıran dövlətimizin başçısı “Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər. O ki qaldı, digər ölkələrin yüklərinə, əgər, məsələn, Orta Asiyadan Türkiyəyə bir yük Ermənistan ərazisindən göndərilirsə və hətta Azərbaycandan Türkiyəyə hansısa bir yük göndərilirsə, təbii ki, bütün gömrük rüsumları da ödənilməlidir. Yəni bu, çox ədalətli mövqedir”, - deyə bildirib.

Digər bir önəmli məsələ marşrutun təhlükəsizliyi ilə bağlıdır. Ermənistan bu məsələdə də manipulyasiyalar işlədərək bildirir ki, yola nəzarət bu ölkənin özü tərəfindən təmin olunmalıdır.  Ermənistanın qarantiyaları bizə kifayət deyil. 10 noyabr Bəyanatında göstərilib ki, Rusiya sərhədçiləri 42-43 kilometr ərazidə təhlükəsizliyi və nəzarəti həyata keçirirlər və bu öhdəlik yerinə yetirilməlidir. Ermənistan isə bundan indi boyun qaçırmaq istəyir. Halbuki bu da məntiqli deyil. Çünki Rusiya sərhədçiləri Ermənistanın, İrəvanın aeroportundadırlar, Ermənistan-İran, Ermənistan-Türkiyə sərhədindədirlər. Niyə orada onlar qala bilərlər, amma burada qala bilməzlər? Sadəcə olaraq, bu, bir bəhanədir ki, Zəngəzur dəhlizi açılmasın. “Biz üç il gözləmişik, bizi ittiham edirdilər ki, biz güc tətbiq edərək o yolu açacağıq. Halbuki bu, cəfəng bir ittiham idi. Onu da bildirməliyəm ki, bu şayiələri, belə ucuz şayiələri yayan da Fransadır. Biz dəqiq bilirik ki, hər yerdə danışırdılar və bu gün də yəqin davam edir ki, bu gün-sabah Azərbaycan Ermənistana hücum edəcək. Halbuki bunun heç bir əsası yoxdur, heç bir hazırlıq da getmir və bu gün hazırlığı gizlətmək də mümkün deyil. Çünki hər şey yuxarıdan, peykdən görünür, digər informasiya mənbələri var. Biz, sadəcə olaraq, üç il gözləmişik, görəndə ki, bu alınmır, bizim başqa yolumuz qalmayıb. Biz qısa yolla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməliyik və bildiyiniz kimi, İranla artıq razılıq da əldə edildi, nəinki razılıq, təməlqoyma mərasimi keçirildi. İndi Ağbənd istiqamətində artıq birinci körpünün inşası başlamışdır və ikinci körpü də Ordubad istiqamətində nəzərdə tutulur. Yəqin ki, bu il biz ona da başlayacağıq”, - deyə Prezident İlham Əliyev bildirib.

Suveren işimiz

Yaranmış reallıq fonunda Azərbaycanın Naxçıvanla birbaşa bağlantını təmin etmək üçün İran ərazisindən alternativ yolun çəkilməsini qonşu dövlətlə razılaşması o anlama gəlir ki,  Ermənistan yenə dalan olaraq qalacaq. Azərbaycanın prinsipiallığı və optimal variant seçməsi Ermənistanı və bu ölkənin havadarlarını təşvişə salıb. İndi onlar vurnuxurlar, əl-ayağa düşüblər. Bir qədər bundan əvvəl   Amerika Dövlət Departamentinin rəhbərinin müavini anlaşılmaz açıqlama vermişdi ki, yol ya Ermənistandan keçəcək, ya da ki, biz imkan verməyəcəyik. ABŞ rəsmisinin ifadə etdiyi fikirlərdə məntiq yoxdur. Axı Azərbaycan üç ildir təkid edir ki, Ermənistan daşı ətəyindən töksün və yolu açsın. Qarşı tərəf bunu etmir. İndi də ölkəmizi alternativ marşrut seçməkdə ittiham edirlər. İttihamlar məhz layihəni yubadan tərəfə yönəldilməlidir. Yolun Ermənistan ərazisindən açılmasına şərait yaradılmalıdır, Özü də bu yol Prezident İlham Əliyevin növbəti dəfə vurğuladığı kimi məhz, Meğri ərazisindən keçməlidir və Azərbaycanın şərtləri təmin olunmalıdır. Azərbaycanın prinsipial mövqeyini bir daha diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb: “Bu gün Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yenə də İran ərazisindən həyata keçirilir. Niyə buna etiraz edilmir, məhz Meğri hissəsinə etiraz edilir? Ermənistan-İran ticarəti gündən-günə artır, çiçəklənir. İran Qərbi Zəngəzurda konsulluq açıb. Niyə bu, necə deyərlər, heç bir sual yaratmır? Yəni belə məntiqsiz və cəfəng açıqlamalar heç kimə şərəf gətirmir və “biz buna imkan verməyəcəyik” deyəndə, - mən artıq bunu demişəm, - Amerika nəyi nəzərdə tutur, necə imkan verməyəcək? Gələcək Zəngəzurda bir sədd qoyacaq, ya Zəngilanda bir qoşun yerləşdirəcək, ya İran ərazisində? Necə imkan verməyəcək? Bu, bizim suveren işimizdir. Bizim İranla bu yaxınlarda Astaraçay üzərində körpünün açılışı olmuşdur. Nə üçün? Çünki Şimal-Cənub dəhlizində yükdaşımaların həcmi iki dəfə artıb və hazırda Astaradakı terminal bütün o yükləri götürə bilmir. Rusiya ilə ikinci keçid açmışıq Xanobada və indi Rusiya-Azərbaycan sərhədində iki keçid var, bir idi. İranla da iki keçid var. Yəni, bu, bizim suveren işimizdir”.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 629 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31