Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Makronun “Cənubi Qafqaz macəraları” bitir...

Makronun “Cənubi Qafqaz macəraları” bitir...

27.02.2024 [10:20]

Paris çıxılmaz vəziyyətdə - məğlubiyyət seriyasına analitik baxış

II Qarabağ müharibəsində əldə olunan Zəfər və ötən ilin sentyabrında baş tutmuş antiterror tədbirləri Azərbaycanın siyasi-hərbi hədəflərinə çatmasını şərtləndirdi. Artıq ərazi bütövlüyümüzlə və suverenliyimiz tam bərpa olunub. Qarşıdakı mərhələ üçün proses regionda yeni münasibətlər sisteminin qurulmasını özündə ehtiva edir ki, Azərbaycanın bu məsələdə mövqeyi aydın və şəffafdır.  Rəsmi Bakı artıq tarixə qovuşmuş “münaqişənin” aradan qalxması ilə yaranan yeni situasiyada davamlı və əbədi sabitliyin qurulması, əməkdaşlığın formalaşdırılması kimi gələcək perspektivi özündə əks etdirən məzmunlu müzakirələrin tərəfdarı qismində çıxış edir. Bunun üçün isə əsas şərt rəsmi İrəvanın siyasi iradəsi və qətiyyətidir - təəssüf ki, indiyə qədər münasibətlərin normallaşması prosesinin nəticələnməməsinin ən real səbəbi kimi bu məziyyətlərin Ermənistan tərəfindən nümayiş etdirilməməsi göstərilə bilər...

İrəvan “qaçır”: Azərbaycan aydın mövqe ortaya qoyur

Azərbaycan artıq bir müddətdir ki, prosesin ikitərəfli xarakterdə davam etdirilməsinin tərəfdarı kimi çıxış edir. Ötən ilin sonunda atılan bəzi addımlar - birgə açıqlamaların verilməsi, ikitərəfli komissiyaların sərhəddə görüşməsi və s. Azərbaycanın mövqeyini tam dəstəkləyir. Bu onu göstərir ki, məsələ iki dövlət arasında həll edilməlidir və qlobal gündəlikdən çıxarılmalıdır. Rəsmi Bakı normallaşma prosesinin yekunlaşması ilə bağlı şərtlərini İrəvanla mübadilə edib. Amma İrəvan məsələni bu və ya digər “bəhanələrlə” yubadır. Bu cəhdlər isə açıq-aydın nəzərə çarpır. Təbii ki, Ermənistanın bu addımlarını bu və ya digər şəkildə qiymətləndirmək mümkündür:

- Bu yolla vaxt qazanmaq və nələrəsə ümid etmək fikrindədir;

- Yeni təxribatlar üçün “siyasi fürsət” gözləyir;

- Qlobal situasiyanın fonunda regional reallıqların “dəyşəcəyini” fikirləşir;

- Xarici təsirlər nəticəsində münasibətlərin yeni axarının başlaması mümkünsüzləşir.

Paris oyunları: Münxendə əldə olunmuş müsbət siqnallara və irəliləyişə zərbə...

Məsələlərin düzülüşünə diqqət yetirsək, ən aktual amil kimi məhz sonuncu amil - xarici təsirlər məsələsi önə çıxır. Bir müddət öncə Münxendə Almaniya kanslerinin təşəbbüsü və müraciəti ilə keçrilən ikitərəfli görüş siyasi gündəm üçün pozitiv vədləri əks etdirirdisə, Paşinyanın Fransaya səfəri zamanı davranışı və açıqlamaları prosesin inkişaf mərhələsini yenidən qaranlığa sürükləyir. Başqa sözlə, bu açıqlamalar Münxendə əldə olunmuş müsbət siqnallara və irəliləyişə zərbədir. Görünən isə odur ki, bu dəfə də Paşinyan sülh prosesində irəliləyişi məhz Makronun təhriki ilə pozmağa çalışır, yeni təxribatlar üçün özünün “siyasi zəminini” formalaşdırmağa cəhd göstərir.

Təbii ki, ilk diqqət yönəldiləcək məqam Münxendə təşkil olunan ikitərəfli görüşün ardından Paşinyanın “Parisə çağrılmasıdır”. Bu məqam fərqli nüanslarla əlaqələndirilsə də, reallıq ortadadır - Makronu ən çox narahat edən amillərdən biri görüşün bir müddət öncəyə qədər müttəfiqlik etdiyi Şoltsun müraciəti və təşəbbüsü əsasında reallaşmasıdır. Rəsmi Paris artıq həqiqətləri çılpaqlığı ilə görmək məcburiyyətindədir - Azərbaycan Prezidenti andiçmə mərasimində bəyan etdi: “Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək”.

Bəli, reallıq odur ki, Azərbaycan üçün heç nə dəyişmir. Azərbaycan öz hədəflərinə çatıb və qlobal iqtisadi-ticari münasibətlər sisteminin yeni arxitekturasının qurulmasında fəal rol alır. İtirənlər “qrupu” isə bəllidir - Ermənistan və onu himayə etməyə çalışanlar. Göründüyü kimi, Almaniya özünü bu “reallıqlardan” kənarda saxlamaq üçün yeni situasiya formalaşdırmaq istəyir. Fransanın Şoltsa qarşı qısqanclığının kökündə dayanan əsl səbəb də buradan qaynaqlanır. Əldə olunacaq hər hansı bir irəliləyiş Fransanın planlarına zərbədir və Ermənistanın regionda müstəqil siyasi subyektə çeavrilməsi Parisin onun üzərindəki neokolonialist arzularını puç edir.

Əsas məqsəd nədir?

Sadalanan səbəblər Fransanın regionda sülhə qarşı cəbhə almasını “şərtləndirir”. Parisin vəziyyəti gərginləşdirməsi buradan qaynaqlanır. Paris gedişatın onun maraqları və planları çərçivəsində olmadığını görür və anlayır. Makronun siyasi davranışları onu açıq şəkildə ələ verir - o göstərir ki, Azərbaycanın qətiyyəti və mövqeyi Parisin region üzərində qurduğu oyunları pozur. Makron Ermənistanı faktiki olaraq Ukrayna kimi qurban vermək bahasına Cənubi Qafqazda münaqişə ocağının saxlanmasına çalışır. Ermənistan Makron və ya Fransa üçün heç bir dəyər və ya mahiyyət kəsb etmir. Tam əksinə, Paris İrəvandan özünün manevr imkanları üçün yararlanır. Təsdiqləyici amilləri sıralasaq - Paşinyan Fransada olduğu günlərdə:

- İrəvan hava limanından rusiyalı hərbçilərin çıxarılması;

- Paşinyanın KTMT-də fəaliyyətlərini dondurduğunu bildirməsi;

- Fransanın müdafiə nazirinin Ermənistan üçün ayrılmış hərbi texnika ilə İrəvana səfər edəcəyini bəyan etməsi və s.

Bu siyahını artırmaq da olar. Bütün bunlar onu göstərir ki, Fransanın regiona təsir mexanizmləri formalaşdırmaq üçün oynadığı oyunlar puç olur. Bu səbəbdən də, Münxendən qayıdan Paşinyan təcili olaraq Parisə uçan təyyarənin “sərnişininə” çevrilib...

Regional təhlükə: İran Parisin planlarından niyə narahatdır?

Fransanın patronajlığı ilə Ermənistan ərazisində formalaşdırılan “mülki missiya”nın əsl missiyası hər kəsə bəllidir. Hər gün əlinə “durbin alaraq” üzü Azərbaycana tərəf boylanan bu “kəşfiyyat diversiya qrupu”nun əsl məqsədi bu və ya digər şəkildə Ermənistana “fransız hərbi bazasını” yerləşdirmək üçün “siyasi zəmin” yaratmaqdır. Bunun üçün isə ilk növbədə Makron Ermənistanın uzun illər təhlükəsizliyini təmin etmiş Rusiya bazasının çıxarılması üçün çalışır. Paşinyanın yuxarıda qeyd edilən “addımlara” təhrik edilməsinin kökündə bu dayanır. Əks halda, Ermənistanın indiki dövrdə Rusiya ilə müttəfiqliyə son verməsi üçün heç bir siyasi-iqtisadi əsası yoxdur. İllərdir ki, Ermənistanın dövlət büdcəsinin mühüm bir hissəsinin Rusiyada formalaşmış erməni lobbisinin dəstəyi ilə təmin edildiyi sirr deyil. Ermənistanın daxili iqtisadi resurslarının mühüm bir hissəsi isə Rusiya ilə birbaşa əlaqəli şəkildə tənzimlənir. Belə olan halda İrəvanın hansı “ağılla” Moskvadan “imtina” etməsi sualı meydana çıxır - bu “ağıl” Fransanın direktivləridir ki, bu da Parisin korporativ maraqlarından “keçir”.

Fransanın bu planından İranın kəşfiyyat orqanlarının da məlumatı var və Tehran da bundan narahat olur. Fransa ilk növbədə kollektiv Qərbin və NATO-nun aktiv hissəsidir. İrana qarşı müxtəlif formatlı sanksiyalar həyata keçirən bir qrupun aparıcı simalarından birinin “nəfəsini” sərhəddində hiss etmək isə İran üçün qəbuledilməzdir. Bu nöqteyi-nəzərdən Ermənistanın Fransanın “çətirinə” sığınmaq cəhdi ona qarşı regional münasibətə köklü şəkildə yeni normativlər qazandırır...

Fransa təklənir

Beləliklə, bütün siyasi platformalarda iflas yaşayan Fransa “sonuncu variantı” aktivləşdirmək üçün səy göstərir. Özünü BMT TŞ üzvü və beynəlxalq prinsiplərə sadiq sivil dövlət kimi yox, irticaçı ölkə kimi aparan Paris Qafqaza münasibətdə də kolonizator simasını gizlətmir. Azərbaycana qarşı bütün addımları nəticəsiz qalır - Makron Prezident İlham Əliyevə açıq fərqlə məğlub olur. Azərbaycanın yaratdığı siyasi reallıqlar hətta Qərb üçün daha cəlbedici və real görünür. Münxen Konfransında ortaya çıxan mənzərə Fransa üçün “siyasi intihar” funksiyasında çıxış edir:

- Almaniya kansleri Prezident İlham Əliyev ilə görüş üçün müraciət edir;

- ABŞ dövlət katibi Prezident İlham Əliyev ilə görüş üçün müraciət edir;

- ABŞ prezidentinin xüsusi nümayəndəsi və xüsusi koordinatoru Prezident İlham Əliyev ilə görüş üçün müracitə edir;

- Prezident İlham Əliyev ilə görüş üçün müraciət edən ATƏT-in fəaliyyətdə olan sədri İan Borqa keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğu bildirilir.

Fransa bütün bunları görür və anlayır ki, dünyanın aparıcı gücləri artıq Azərbaycanın siyasi-iqtisadi gündəliyinə istinad edir - Parisin Ermənistan üzərindən qurmağa çalışdığı təxribatçı planlar dəstəklənmir.

Müharibə arzusu: Fransa qüvvələr balansını dəyişmək iqtidarında deyil  

Nəinki Cənubi Qafqaz region?ndakı maraqlarının üzərindən xətt çəkilən, hətta qlobal siyasi mühitdə belə gözardı edilən Fransa Ermənistanı silahlandırmaqla vəziyyəti “düzəltməyə” ümid edir. Amma bu ümidlər də boşunadır. Fransanın hərbi dəstəyi bölgədə qüvvələr balansını dəyişmək gücünə malik deyil. Paris Azərbaycanın hərbi imkanlarını bilmir. 23 saata ermənilərin 30 il qurduğu istehkamları məhv etmiş Azərbaycana Fransa və Hindistanın Ermənistana verdiyi texnikanı darmadağın etmək üçün bir neçə saat kifayətdir. Azərbaycan dövləti, Azərbaycan Prezidenti yalnız reallığı özündə əks etdirən tezislər önə çəkir. Necə ki, II Qarabağ müharibəsindən öncə açıq kontekstdə qələbə qazanmaq iqtidarında olan ordumuzun varlığı xatırladılırdısa, bu gün Ermənistanı yeni müharibəyə təhrik edənlərə xəbərdarlıqlar ünvanlanır. Bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev bildirdi: “Bu hadisələrin gedişatı onu göstərdi ki, - hesab edirəm bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, - bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil”.

Bəli, artıq Fransa da yeni reallıqları qəbul etməli və qeyri-adekvat addımlardan əl çəkməlidir. Makron bu kimi vasitələrlə Cənubi Qafqaza “daxil olmaq” planlarını qatlayıb cibinə qoymalıdır.

Eyni zamanda, Ermənistan bir az daha dərindən düşünməlidir. Makron üçün Ermənistan dövlətçiliyinin və ya xalqının hər hansı bir mahiyyət daşımadığı ortadadır - Ermənistan anlamalıdır ki, münasibətlərin normallaşması prosesindən Makronun təhriki ilə boyun qaçırmaları onların özləri üçün əlverişsiz və təhlükəlidir...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 540 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31