Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rusiya ilə Azərbaycan arasındakı strateji əməkdaşlıq

Rusiya ilə Azərbaycan arasındakı strateji əməkdaşlıq

06.03.2024 [10:30]

Baş nazir Mişustinin ikigünlük işgüzar səfəri əlaqələrin daha da genişlənməsinə şərait yaradır

Xəbər verildiyi kimi, dünəndən başlayaraq Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayıb. Bu barədə səfərdən öncə məlumat yayan Rusiya hökuməti mətbuat xidməti onun bir sıra görüşlər keçirəcəyini vurğulayıb. Bildirilib ki, danışıqlar zamanı Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. İkigünlük səfər zamanı xüsusilə, enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və digər sahələrdə birgə layihələrin təşviqinə diqqət yetiriləcək. Görüşlərin və danışıqların yekunu olaraq bir sıra hökumətlərarası və idarələrarası sənədlərin imzalanması da nəzərdə tutulur.

Qarşılıqlı faydalı əlaqələr...

Qeyd edilməlidir ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan milli maraqlara əsaslanan, səmərəli və praqmatik xarici siyasət həyata keçirir. Eyni zamanda, ölkəmiz regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. 2020-ci il Vətən müharibəsi, 2023-cü il antiterror tədbirlərinin ardından ölkəmiz regional güc mərkəzi kimi bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bir sözlə, uğurlu və praqmatik xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsini təmin edib, respublikamızla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır, eyni zamanda, əməkdaşlıqların mahiyyəti və xarakteri dəyişir, keyfiyyət etibarı ilə yenilənir. Bu mənada, Azərbaycan ilə Rusiya arasında müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Azərbaycan Rusiyanın aparıcı xarici iqtisadi tərəfdaşlarından biridir. Ölkəmizdə də habelə Rusiyanın iştirakı ilə 1,4 mindən çox müəssisə var ki, onlardan 300-ü tamamilə Rusiya kapitalına malikdir. 2023-cü ildə Rusiya Federasiyasının Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları 295 milyon dollar təşkil edib.

Əmtəə dövriyyəsi mühüm perspektiv yaradır...

Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır. İki ölkə arasında siyasi, humanitar və mədəni əməkdaşlığın yüksək səviyyəsinə uyğun olaraq ikitərəfli iqtisadi əlaqələr də çox uğurla inkişaf edir. Rusiya Azərbaycanın ən böyük qonşusu olmaqla yanaşı, ölkəmizdə istehsal olunan məhsullar üçün böyük bazardır. Azərbaycan iqtisadiyyatı, sahibkarları üçün bu bazar vacib əhəmiyyət daşıyır.

2023-cü ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsində də artım müşahidə edilib. Belə ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3,9 milyard dollar təşkil edib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21 faiz çoxdur. 11 ayda Azərbaycanın xarici ticarət dövriyyəsinin 8,35 faizi Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub. 11 ayda Azərbaycandan Rusiyaya 1 milyard dollardan çox məhsul ixrac (artım 26,1 faiz) edilib. Rusiyadan Azərbaycana isə 2,8 milyard dollarlıq məhsul idxal (artım 19,3 faiz) edilib.

Kənd təsərrüfatı sahəsindəki tərəfdaşlıq...

İkitərəfli əlaqələrdə ən mühüm məqamlardan biri kənd təsərrüfatı sahəsindəki əməkdaşlıqdır. Təbii ki, statistik rəqəmlər bu sahədə də mühüm əməkdaşlığın formalaşdığını deməyə əsas verir. Belə ki, ötən ilin doqquz ayı ərzində Azərbaycandan Rusiyaya 332 milyon dollardan çox məbləğdə aqrar-sənaye kompleksi məhsulları tədarük edilib. Hesabat dövründə Azərbaycanın Rusiya Federasiyasına ixracı 33,6 faiz artaraq 961 milyon dollar təşkil edib. Azərbaycanın ixracında Rusiyanın payı ümumi tədarükün 3,27 faizini təşkil edib. Eyni zamanda, Azərbaycanın Rusiyadan idxalı qeyd olunan dövrdə 15,5 faiz artaraq 2,4 milyard dollara çatıb, Rusiya mallarının ölkəyə ümumi tədarükdə payı isə 17,5 faiz təşkil edib. Azərbaycanın Rusiyaya ixracının əsas maddəsi kənd təsərrüfatı məhsulları - pomidor, alma, ərik, digər tərəvəz və meyvələrin tədarüküdür. Bundan başqa, Rusiya Azərbaycana buğda, un, diri mal-qara, quş əti, yumurta, kartof və digər məhsulların tədarükünü də artırıb. Azərbaycan isə süd məhsulları, nar və çəyirdəkli meyvələr, qoz-fındıq tədarükünü artırıb və Rusiyaya pomidor, xurma, alma və kartof ixracında ənənəvi olaraq lider mövqeyini qoruyub saxlayır.

Şimal-Cənub Nəqliyyat Dəhlizi xüsusi üstünlüklər yaradır...

Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı iki dövlət arasındakı münasibətlərdə xüsusi yerə malikdir. Bu dəhlizin potensialının genişləndirilməsi və bütövlükdə, həm dəmir yolu, həm də avtomobil yolları vasitəsilə yükdaşımaların həcminin bu marşrut boyunca artması iqtisadi-ticari münasibətlərə yeni ruh qazandırıb.

Qeyd edək ki, Azərbaycanın da iştirakçısı olduğu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburqda imzalanıb. Razılaşma 2002-ci il mayın 21-dən qüvvəyə minib. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Körfəz ölkələri və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaratmaq imkanına malikdir.

Ümumiyyətlə, bu dəhliz hər zaman olduqca strateji bir layihə kimi dəyərləndirilib. Nəzərə alınmalıdır ki, bu dəhliz də Azərbaycandan keçir və ölkəmizin mühüm nəqliyyat qovşağı kimi cəlbediliciyini artırır. Diqqət yetirsək görərik ki, mürəkkəb regionda geostrateji qütblər arasında münasibətlərin daha da kəskinləşdiyi bir vaxtda Azərbaycan məhz burada körpü rolunu oynamaqla özünün milli maraqlarını təmin edir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi istiqamətində çox böyük həcmdə yük daşımaları var. Bu yük daşımaları, qısa zaman kəsiyində təyinat nöqtəsinə çatdırıla bilir. Xüsusi vurğulanmalıdır ki, Azərbaycan bu layihəyə qoşulduqdan sonra Prezident İlham Əliyevin irəli sürdüyü təkliflər səmərəli və cəlbedici oldu. Məhz bu səmərəlilik ondan ibarətdir ki, yüklərin daşınması xərci azalır və çatdırılması vaxtı qısalır.

İki ölkə arasında humanitar əlaqələr...

İki dövlət arasındakı münasibətlər yalnız siyasi-iqtisadi müstəvidə məhdudlaşmır. Vurğulanmalıdır ki, Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələr də daima yüksək olub. Ölkəmizdə rus dilinə göstərilən qayğı, Bakıda Slavyan Universitetinin fəaliyyəti, o cümlədən ölkəmizdəki rus icmasına göstərilən diqqət hər zaman Rusiya dövlətinin rəhbərliyi tərəfindən yüksək dəyərləndirilib. Bununla yanaşı, qarşılıqlı şəkildə iki ölkənin gənclərinin Rusiyada və Azərbaycanda təhsil almaları üçün yaradılan şərait dövlətlərarası münasibətlərdə ən mühüm prioritetlərdən sayılıb. Bunun nəticəsidir ki, 15 mindən çox azərbaycanlı, Azərbaycan vətəndaşı Rusiyanın ali məktəblərində təhsil alır.

Təsadüfi deyil ki, iki dövlətin prezidenti arasında keçirilən görüşdə də humanitar sahədə əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, bu baxımdan Azərbaycanda rus dilinə qayğı, xeyli sayda ali və orta təhsil müəssisəsində rus dilinin tədrisi qeyd edilib.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 550 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31