Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İrandan xəbərdarlıq...

İrandan xəbərdarlıq...

08.03.2024 [10:40]

Regiona kənar maraqları cəlb edən İrəvan özünü təkləyir...

Cənubi Qafqazın geocoğrafi strateji əhəmiyyəti bəzi güclərdə bu və ya digər yollarla regiona təmas etmək marağı yaradır. Xüsusilə, son illərdə bu maraq daha qabarıq şəkildə hiss olunmaqdadır. Azərbaycanın son 4 ildə yaratdığı yeni siyasi - iqtisadi reallıqlar bölgə ilə bağlı mühüm perspektivlər formalaşdırıb. Şərq-Qərb tranzit xəttinin ən mühüm nöqtələrindən biri kimi realizə olunan Cənubi Qafqazda stabilliyin yaradılması, müharibənin bitməsi və separatizmin sona çatdırılması ticari əlaqələr baxımından cəlbedici nüanslar yaradır. Bu isə kompleks şəkildə Cənubi Qafqazın yeni iqtisadi münasibətlər sistemindəki əhəmiyyətli yerini müəyyənləşdirir. Sabitlik amili regional əməkdaşlığın da yüksək normalarla tənzimlənməsini özündə ehtiva edir - Azərabaycanın müəllifi olduğu sabitlik formulu bütövlükdə, regionətrafı formatda yeni əməkdaşlıq platformalarını aktuallaşdırır.

Mülki” missiyadan silahlanmaya uzanan “yol”...

Əlbəttə ki, bu məsələlər bir sıra qüvvələrin planları ilə düz gəlmir. Belə ki, regionda ən zəif halqa sayılan və tarixən fərqli güclərin vasitəsi kimi çıxış etmiş Ermənistandan istifadə etməklə Cənubi Qafqazı yenidən distabil zonaya çevirmək arzularının şahidi oluruq. Xüsusilə, son vaxtlarda Fransanın patronajlığı ilə Qərbin bəzi ölkə və dairələri Cənubi Qafqazda həm siyasi, həm də hərbi mövcudluğunu təmin etmək uğrunda “çalışır”. Buna misal olaraq Aİ-nin “mülki missiya” adı altında bölgədə yerləşdirdiyi kəşfiyyat qrupunu göstərmək olar. Bu qrupun genişləndirilməsi istiqamətində atılan addımlar, Ermənistanın aktiv şəkildə silahlandırılması, eyni zamanda paralel olaraq bölgə ilə bağlı kəşfiyyat materiallarının toplanması və Qərbə ötürülməsi regiona yönəlik təhdidlərin mühüm komponentləridir.

Ermənistandakı Aİ missiyasının qeyri-adekvat davıranışları ilə yanaşı Fransa və Hindistan kimi ölkələr tərəfindən mütəmadi olaraq silahlandırılma da gözardı edilməyəcək faktlardandır. Ötən il rəsmi Delhi ilə Ermənistan arasındakı silah alveri məsələsi ortaya çıxmışdı. Ermənistan KİV-in yaydığı məlumata görə, hətta Hindistandan Ermənistana silah tədarükünə dair müqavilə imzalanmışdı. Sənəddə Hindistanın Ermənistana təxminən 250 milyon dollarlıq silah tədarük edəcəyi göstərilmişdi. Söhbət əsasən “Pinaka” raket sistemlərinin və onların sursatlarının, eləcə də tank əleyhinə digər silahların satışından gedir. Bu silahlar Hindistanın yerli istehsalıdır. Onlardan daxili silahlanmada istifadə olunur və Fransa lisenziyası ilə istehsal edilir. Fransa Ermənistanı həm Hindistanın əli ilə, həm də birbaşa özü silahlandırır. Ötən il bəlli olmuşdu ki, Paris İrəvana yüz milyonlarla avro dəyərində silah-sursat satır. Bu barədə Fransanın məşhur “Le Mond” nəşri yazmışdı və bildirilmişdi ki, silah satışında müxtəlif texnikaların, o cümlədən zenit-raket komplekslərinin verilməsi nəzərdə tutulur. Ermənistan Silahlı Qüvvələri üçün nəzərdə tutulan “Acmat” şirkətinin istehsalı olan Fransanın çoxməqsədli “Bastion” zirehli texnikası İrəvana göndərilmişdi. “Bastion” üçün komponentlər də göndərilən silah-sursatın arasında yer alırdı. Bütün bunları göndərən isə Fransanın “ARQUUS” şirkəti idi.

Dendiasın “təklifi”, yoxsa “xüsusi planın” bir hissəsi?

Silahlanmanı xatırlatmağımızın əsas səbəbi isə məhz bu planın kölgəsində ortaya çıxarılmasına çalışılan “yeni təkliflərdir”. Söhbət Yunanıstanın müdafiə naziri Nikos Dendiasın bir müddət öncə Ermənistana səfəri zamanı səsləndirdiyi  dördtərəfli “müdafiə əməkdaşlığı” formatından gedir: “Biz Ermənistan, Yunanıstan və Kipr arasında uğurlu üçtərəfli müdafiə əməkdaşlığı yaratmışıq. Lakin Fransa və Hindistanla, mühüm ölkələrlə, mühüm güclərlə, Ermənistan və Yunanıstanın çox nüfuzlu ortaq dostları ilə başqa üçtərəfli və ya dördtərəfli əlaqələr də ola bilər”.

Bu artıq yeni hərbi planlaşdırmadır. Ermənistan üzərindən bölgəyə can atan qüvvələr “müttəfiqlik” və ya “əməkdaşlıq” pərdəsi altında bölgədə hərbi varlığını təmin etməyə “hazırlaşır”. Əlbəttə ki, bu yalnız Azərbaycanın deyil, ümumilikdə, regionətrafı dövlətlərin də milli maraları ilə səsləşmir. Yaranma ehtimalından bəhs edilən bu “birlik” Qərb arzularının daşıyıcısı kimi meydana çıxır. Bəs axı, regionda İran, Rusiya, Türkiyə kimi dövlətlər nəzərə alınmır - demək ki, Ermənistanın “müttəfiqlik sərhədləri” də bu ideya əsasında cızılır. Yəni yaranma ehtimalı ortada olan bu birlik həm Rusiya, həm Türkiyə, həm də İran üçün potensial təhlükə mənbəyidir

Ermənistanı nə gözləyir?

Rusiyanın məsələ ilə bağlı mövqeyi bəllidir. Azərbaycanın strateji müttəfiqi olan Türkiyə isə hər zaman bəyan edib ki, bölgəyə yaranan hər hansı bir təhdid cavablandırılacaq. İran isə Ermənistana birbaşa xəbərdarlıq edib. Belə ki, İranın müdafiə naziri Məhəmməd Rza Aştiani Tehranda erməni həmkarı Suren Papikyanla görüşdə bildirib ki, rəsmi Tehran Qafqaz bölgəsində sabitliyin hökm sürməsi üçün lazım olan addımları atmağa hazırdır. İranın müdafiə naziri diqqətə çatdırıb ki, bölgəyə kənar dövlətlərin hərbi birləşmələrini cəlb etmək əks təsir göstərə bilər. Təhlükəsizlik məsələlərini tərəflər özləri müzakirə edib yekun qərara gələ bilərlər. M. R. Aştianinin fikrincə, regionu kənar dövlətlərin geosiyasi rəqabət meydanına çevirmək bölgənin bütün dövlətlərinin maraqlarına ziddir. Nazir bildirib ki, Azərbaycan ilə Ermənistanın birbaşa ünsiyyəti regiona müdaxilə edib siyasi üstünlük əldə etmək istəyən qüvvələrin qarşısını alar. “Biz hər iki qonşumuz arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasını istəyirik”, - deyə nazir vurğulayıb.

Bəli, bu cavab yəqin ki, İrəvan üçün “siqnaldır”. Ən azından bölgədə münasibəti normal olduğu yeganə ölkə kimi İranın Ermənistana qəti xəbərdarlığı vəziyyətin hansı dərəcədə ciddiyyət daşıdığını ortaya qoyur. Yəni Ermənistan qarşıdakı dövrdə özünün siyasi-hərbi qərarlarında ümumən regionun maraqlarını nəzərə almasa, vəziyyəti ürəkaçan olmayacaq...

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 580 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31