Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ “Tik-Tok”dan niyə qorxur?

ABŞ “Tik-Tok”dan niyə qorxur?

08.03.2024 [10:50]

ABŞ Konqresinin Nümayəndələr Palatasının qanunvericiləri Çinin “ByteDance” şirkətinə məxsus olan “TikTok” sosial şəbəkəsini qadağan edən qanun layihəsi hazırlayıblar. Bu barədə xarici nəşrlərdə məlumatlar yayılıb. CNN xəbər verir ki, Nümayəndələr Palatası martın 1-də qanun layihəsinə baxıb və təsdiqləyib. Təşəbbüs qəbul olunarsa, “TikTok”un sahibi olan ByteDancein ABŞ-dakı biznesini satmaq üçün 5 ay vaxtı olacaq. Onlayn proqram mağazaları “Google” və “Apple” proqramın satışını və onu dəstəkləməyi dayandırmağa məcbur olacaqlar.

Dünyada çox sürətlə yayılan “Tik-Tok”

Qısa videolar yükləməyə imkan verən “Tik-Tok” sosial şəbəkəsinin əsası Çində qoyulub. İlk olaraq onun Çin versiyası sayılan Douyin adlanan tətbiqi işə salınıb. Xüsusi Çin senzurası qanunlarına riayət etməli olduğu üçün bu Çin versiyası hazırda da mövcuddur. Başqa sözlə, dünyanın “Tik-Tok”a çıxışı var, Çində isə yalnız Douyin-dən istifadə etmək mümkündür. “Tik-Tok” 2017-ci ildə, beynəlxalq versiyası isə 2018-ci ilin avqustunda istifadəyə verilib. Şəbəkənin sahibi baş ofisi Şanxayda yerləşən internet nəhəngi “ByteDance” şirkətidir. “ByteDance” dünyanın ən böyük startapı sayılır. Onun dəyərinin 75 milyard dollara bərabər olduğu bildirilir.

“Tik-Tok”, necə deyərlər, ən gənc sosial şəbəkə platdorması olmasına rəğmən, qısa müddətdə çox  sürətlə böyüyüb və geniş populyarlıq qazanıb. Belə deyirlər ki, hazırda “Tik-Tok” bütün dünyanı öz cənginə alıb. Bu proqram 15 saniyəlik dublyaj videolarından ibarətdir. Videoların dinamikliyi, əyləncəli olması və əsasən qeyri-adi hadisələri əhatə etməsi xüsusən gəncləri özünə cəlb edir. 23 yanvar 2018-ci il tarixində, “Tik-Tok” Tayland və digər ölkələrdə tətbiq mağazalarında pulsuz tətbiq yükləmələri arasında 1-ci yeri tutdu. Üç il əvvəl dünya üzrə “Tik-Tok”un 800 milyona yaxın istifadəçisi vardı, indi bu say təxminən 3,5 milyard nəfəri ötüb. Əlbəttə, bu statistika şərtidir və daim yenilənir.

Platforma üzrə ən çox istifadəçi sayının Hindistanda olduğu bildirilir. O cümlədən ABŞ-da da “Tik-Tok” istifadəçilərinin sayı durmadan artır. Hazırda “Tik-Tok” 150-dən çox sosial platforma bazarında 75 dildə istifadə olunur. Bu, “Appstor”da ən çox yüklənən proqramdır. “Tik-Tok” üzrə gəlirlər astranomik rəqəmlərlə ifadə olunur. Məsələn, şirkət 2019-cu ilin iyun ayında 10.8 milyon dollar qazanıb. Bu isə əvvəlki ilin eyni ayı ilə müqayisədə 588 faiz artım deməkdir. 2022-ci ildə şirkətin gəlirləri 80 milyard dollar ötüb. Bununl? da “Tik-Tok”u idarə edən qurum “Meta” və “Amazon” da daxil olmaqla bir çox texnologiya şirkətini geridə qoyub.

Okeanın o tayında qadağalar dalğası

Dünyada “Tik-Tok”a münasibət birmənalı deyil. Ayrı-ayrı ölkələrdə təhlükəli bir vərdiş kimi hətta  uşaqları belə özünə çəkən bu platformanın qadağan edilməsi və yaxud onun istifadəsinin məhdudlaşdırılması ilə bağlı müzakirələr aparılır. Məsələn, parnoqrafiyaya təşviq etdiyi iddiası ilə sözügedən proqramın istifadəsi qısa zaman aralıqlarında Hindistanda qadağan edilib. Bu ölkədə müxtəlif səviyyələrdə, o cümlədən də parlamentdə “Tik-Tok”un birdəfəlik məhdudlaşdırılması gündəmə gətirilib.

“Tik-Tok”a qarşı mübarizə kampaniyasında “liderlik” isə ABŞ-a məxsusdur. 2020-ci ildə bu ölkədə bəhs olunan tətbiqi az qala qadağan edəcəkdilər. Buna ozamankı prezident Donald Tramp şəxsən özü nail olmağa çalışırdı. Ancaq onun səyləri cəmiyyətin ciddi narazılığına səbəb oldu və Co Bayden prezident seçiləndən sonra Trampın müraciətini geri götürmək məcburiyyətində qaldı. Bununla belə, ABŞ-da anti “Tik-Tok” kampaniyası səngiməyib. Ölkənin bir çox ştatları “Tik-Tok”u qadağan edib. Bununla bağlı  ilk qərarı Texas qubernatoru Qreq Abbottun verib.Bu qərardan sonra isə Texas Universiteti təhsil müəssisəsi daxilində “Tik-Tok” sosial platformasına daxil olmağı əngəlləyib.

Montana ştatı isə Çin sosial media platforması “Tik-Tok”a “təhlükəsizlik narahatlığı” səbəbi ilə daha geniş miqyasda qadağa tətbiq edib. Belə ki, Montana qubernatoru Qreg Gianforte “ştat sakinlərinin şəxsi məlumatlarının açıqlanmasının qarşısını almaq səbəbiylə” “Tik-Tok”u qadağan edən qanun layihəsini imzalayıb. Yeni dövlət qanununun pozulması halında “Tik-Tok” tətbiqini təklif edən “Google Play Store” və “App Store” kimi platformalara gündə 10 min dollara qədər cərimə tətbiqi nəzərdə tutulur.

Yuxarıda bəhs etdiyimiz qanun layihəsi ABŞ-da “Tik-Tok”a qarşı mübarizənin yeni dalğasıdır. Qanun layihəsinin müəllifləri respublikaçı Mayk Qallaher və demokrat Raja Krişnamurtidir. Sənəddə “ByteDance” və “Tik-Tok” “əcnəbi bədəməllər” tərəfindən idarə olunan proqramlar kimi qiymətləndirilir. Həm də Nümayəndələr Palatasının Çin üzrə Komitəsinin rəhbəri Mayk Qallaher mətbuata bildirib ki, bu, onun “Tik-Tok”a mesajıdır: “Çin Kommunist Partiyası ilə əlaqənizi kəsin və ya amerikalı istifadəçilərinizə girişinizi itirin”.

Xatırladaq ki, ABŞ-da “Tik-Tok”a ilk qadağalar 2020-ci ildə başlayıb. Birinci qadağa - rəsmi cihazlarda sosial şəbəkələrdən istifadəyə məhdudiyyətlər ABŞ Ordusu və Hərbi Dəniz Qüvvələrində tətbiq edilib. Sabiq prezident Donald Trampın administrasiyası federal qadağa tətbiq etməyə çalışsa da, “Tik-Tok”un başlatdığı məhkəmə çəkişməsi bunun qarşısını alıb. Prezident Co Bayden bu proqramın dövlət işçilərinin rəsmi cihazlarında istifadəsini qadağan edən fərman imzalayıb, bundan sonra ABŞ-ın 34 ştatı yerli məmurlar üçün oxşar qadağalar qəbul edib.

ABŞ-ın bəhanələri, yoxsa qorxulu röyaları?

ABŞ-da kibertəhlükəsizlik baxımından Çin şirkətinə qarşı üç əsas iddia irəli sürülür. İddialardan biri ondan ibarətdir ki, “Tik-Tok” istifadəçilər haqqında “həddindən artıq” məlumat toplayır. Amerikalı mütəxəssislər bu iddianı irəli sürərkən Avstraliyanın “İnternet 2.0” şirkətinin 2022-ci ilin iyulunda dərc olunmuş, onlayn təhlükəsizlik məsələlərinə dair hesabatına istinad edirlər. Şirkətin əməkdaşları tətbiqin baza kodunu araşdırandan sonra belə qənaətə gəliblər ki, “Tik-Tok” öz istifadəçilərinin dəqiq yeri, şəbəkəyə hansı cihazdan daxil olmaları və bu cihaza başqa hansı proqramların quraşdırılması barədə məlumatlar toplamaqla məşğuldur. “Citizen Lab” şirkəti isə analoji araşdırmadan sonra bildirib ki, digər məşhur sosial media platformaları kimi, “Tik-Tok” da istifadəçilərinin davranışlarını izləməyə imkan verən məlumatlar toplayır.

ABŞ-da “Tik-Tok” həmçinin Çin rəsmilərinə istifadəçiləri izləmək imkanı verməkdə ittiham olunur. “Tik-Tok” vasitəsilə beyinlərin “yuyulmasıması “ da ABŞ-ı narahat edən məsələlər sırasındadır. “Çin hakimiyyəti... təsir əməliyyatları aparmaq üçün tövsiyələrin alqoritmini idarə edə bilər” (Yəni proqram hər hansı mövzuda auditoriyanın fikrinə təsir etmək imkanına malikdir), - deyə  2022-ci ilin noyabr ayında FTB direktoru Christopher Wray ABŞ qanunvericilərinə bildirib.

Belə iddialar nə dərəcədə əsaslıdır? Yoxsa onlar supergüc dövlətin qorxulu röyalarıdır? ABŞ mətbuatı yazır ki, qanun layihəsi ABŞ prezidentinə “əcnəbi bədməllər” tərəfindən idarə olunan digər tətbiqləri də qadağan etməyə imkan verəcək. Görəsən, ABŞ ölkənin təhlükəsizliyini “bədəməllərdən” qorumaq üçün niyə bu qədər təşvişə düşür?

Çin şirkəti səsləndirilən iddiaları absurd və əsassız sayır. 2020-ci ildən bəri “Tik-Tok” rəhbərləri dəfələrlə öz auditoriyalarını inandırmağa çalışıblar ki, Çindən kənarda yaşayan istifadəçilərin məlumatları onlar üçün əlçatmazdır və istəsələr belə, onları əldə edə bilməzlər.

CNBC-nin verdiyi məlumata görə, “Tik-Tok” nümayəndələri öz bəyanatlarında qanun layihəsini sosial şəbəkəyə birbaşa qadağa adlandırıblar. Onların fikrincə, təşəbbüs 170 milyon ABŞ vətəndaşının hüquqlarını məhdudlaşdırır və 5 milyon kiçik biznesi reklam və layihələrin hazırlanması, həmçinin iş yerlərinin yaradılması platformasından məhrum edəcək.

Prezident Donald Tramp dönəmində olduğu kimi, yeni qanun layihəsinə də ABŞ cəmiyyətinin özündə də təpkilər var. Ümumi qənaət belədir ki, “Tik-Tok”un qadağan edilməsi əslində demokratiyanın pozulması anlamında qəbul edilməlidi ki, bu da ABŞ-ın imicinə ciddi zərbədir.

Bir qrup analitik isə “Tik-Tok”un qadağan edilməsini ABŞ-Çin qarşıdurmasının tərkib hissəsi kimi dəyərləndirir. Hazırda bu iki dünya nəhəngi geosiyasi məsələlərdə əks mövqelərdən çıxış edirlər. Xüsusilə də Tayvan məsələsi və Rusiya-Ukrayna müharibəsi qarşıdurmanı pik həddədək yüksəldib. ABŞ ondan ehtiyatlanır ki, özünə ən ciddi rəqib sandığı  Çin “Tik-Tok” üzərindən ölkənin təhlükəsizliyinə proqnozlaşdırılan və  ehtimal olunmayan təhdidlər yarada bilər. Belə olan halda ABŞ-ın siyasi rəhbərliyi ən optimal çıxış yolunu platformanı qapatmaqda görür - hətta bu, ölkənin bəyan etdiyi demokratik prinsiplərlə daban-dabana ziddiyyət təşkil etsə belə!

Mübariz FEYİZLİ 

Paylaş:
Baxılıb: 605 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31