Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Anarxiyaya doğru addımlayan Yelisey sarayı

Anarxiyaya doğru addımlayan Yelisey sarayı

12.03.2024 [10:40]

Müqayisələr apardıqda Fransanın keçmişi ilə bu günü arasında kəskin fərq olduğu üzə çıxır. Bu ölkə zaman-zaman bəşər sivilizasiyasının inkişafına sanballı töhfələr verib, dünyaya bir sıra mütərəqqi ənənələr gətirib. İndiki Fransanın timsalında isə biz ənənələrin və mütərəqqi dəyərlərin kəskin deqradasiyaya uğradığının şahidi oluruq. Fransa  xüsusilə Emmanuel Makronun prezidentliyi dönəmində, bəlkə də, tarixinin ən miskin dövrünü yaşamaqdadır. Onun rəhbərliyi altında Fransa daxili və xarici siyasətində ardıcıl olaraq uğursuzluqlarla üzləşir. Təkzibolunmaz faktlara istinadən deyə bilərik ki, ölkə demokratiyadan mühafizəkarlığa və anarxiyaya geri dönüş edir.

Peyin iyi verən Fransa

Ölkə vətəndaşları onların həyatını ağırlaşdıran daxili siyasətdən narazıdırlar. Parisin küçələrində və əyalətlərdə etirazlar permanent hala keçib və dağıdıcı xarakter alıb. E.Makronun ölkə vətəndaşlarının mənafeyini nəzərə almayan, əksinə onların həyat şəraitinin ağırlaşması ilə sonuclanan qərarları Parisdə və regionlarda səngimək bilməyən etirazların əsas qaynağıdır. Bir qədər bundan əvvəl “Hümanite” qəzetində dərc olunan statistika etirazçıların narahatlığının əbəs olmadığını təsdiqləyir. Həmin statistik təqdimatda bildirilir ki, Fransada daha kasıb əhalinin 25 faizi 62 yaşdan daha tez həyatdan köçür. Başqa bir rəqəm də kədərlidir. Vurğulanır ki, 62 yaş fransızların yarısı üçün arzulanan “uzun ömür” sayılır. Bütün bunların əsas səbəbi isə ölkədə həyat şəraitinin getdikcə ağırlaşmasıdır. Xatırladaq ki, 2023-cü ilin əvvəlindən ölkə prezident E.Makronun təşəbbüsü ilə hökumətin təqdim etdiyi pensiya islahatları layihəsinə qarşı etirazlarla silkələndi.  Küçələrə axışan etirazçılar “Ömür boyu işləmək istəmirik” şüarları səsləndirirdilər.

Sonradan Fransada daxili etirazların yeni dalğası başladı. Söhbət fermerlərin hökumət əleyhinə getdikcə genişlənən aksiyalarından gedir.  Fransa KİV-nin yaydığı məlumata görə, bu dəfə fermerlər artan vergilərə və gübrə qiymətlərinə etiraz  edirlər. Təbii ki, hökumət fermerlərin etirazlarına məhəl qoymaq istəmir. Buna görə də fermerlər etirazlarını qeyri-adi formada ifadə etmək məcburiyyətində qalırlar. Onlar regionlarda hökumət binalarının qarşısındakı meydanlara peyin töküblər və yandırıblar. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, hökumət binalarının qarşısına yığılan peyin ətrafa dözülməz üfunət yayır.

Fermerlərin aylardır ki, davam edən etiraz aksiyaları səngimək bilmir, əksinə daha da genişlənir. Fevral ayının son ongünlüyündə Fransa hökumətinin siyasətindən narazı qalan fermerlər polis kordonunu yarıb və kənd təsərrüfatı salonunun açıldığı sərgi mərkəzinə soxulublar. Sərgi mərkəzində Fransa Prezidenti Emmanuel Makron da olub.Sərgi mərkəzinə girişi bağlayan hüquq-mühafizə orqanlarının əməkdaşlarının olmasına baxmayaraq, fermerlər içəri giriblər. Bildirilir ki, təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında dava düşüb, nəticədə polis onları zorla binadan çıxarmağa başlayıb. Makronun bəxti onda gətirtib ki, etirazçılar salona hücum çəkəndə onu ikinci mərtəbəsində gizlətmək mümkün olub.

Bu günlərdə isə Avropanın kənd təsərrüfatı sektorundakı böhrana etiraz olaraq fermerlər iki yüz traktor və kənd təsərrüfatı maşını ilə İspaniya və Fransa sərhədinin hər iki tərəfində magistral yolu bağlayıblar.  Verilən məlumata görə, sosial şəbəkələr vasitəsilə birləşən bask və fransız fermerlər Biriatu sərhəd-keçid məntəqəsində AP-8 avtomobil yolunu bağlayıblar. Nəticədə təxminən 20 kilometr uzunluğunda tıxac yaranıb.

Oxşar aksiyalar bir qədər bundan əvvəl Paris ətrafında yaşandı. Bir neçə gün ərzində Parisin giriş və çıxış yollarını traktorlarla bloklandı. Regionlarda da eyni ssenarilər  təkrarlanır. Belə ki, traktor sürücüləri Tuluza hava limanına gedən yolu bağlayıblar. Aksiyalar Bordo, Marsel və digər şəhərlərdə də keçirilib.

Fransız fermerlər vergilərin artırılmasına və kənd təsərrüfatı texnikası üçün yanacağın yüksək qiymətlərinə qarşı çıxır, həmçinin Fransa və Aİ-də ekoloji standartlarla bağlı tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edirlər.

Neokolonializm siyasəti iflasa uğrayır

Özünü “demokratiya beşiyi” adlandıran Fransa, əslində, ən qatı müstəmləkəçilik siyasəti aparan ölkələrdən biri kimi tanınır. Fransa özünün ağır şərtləri ilə fərqlənən müstəmləkə şəbəkəsinə daxil etdiyi Afrika ölkələrinə yaxşı heç nə gətirməyib. Əksinə, ən qəddar vasitələrlə ram edilən ölkələr sivilizasiya ilə bir araya sığmayan mühafizəkar qanunlarla idarə olunub, təbii sərvətlər talanıb, baş qaldıran etirazlar ən sərt və qəddar müdaxilələrlə yatırılıb.  Fransa, Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırımına görə məsuliyyət daşıyır.

Hazırda isə iqtidarın xarici siyasət doktrinası müxtəlif regionlarda iflasa uğrayır. Belə ki, Fransanın neokolonializm siyasəti apardığı Afrikada bu ölkədən qopmalar intensivləşib və narazılıqlar kütləvi hal almağa başlayıb. Bütün bunların nəticəsidir ki, E.Makron Fransanın özündə və ölkə hüdudlarından kənarda  arzuolunmaz şəxs kimi qarşılanır.

Artıq Fransa Silahlı Qüvvələri dəniz piyadalarını Seneqaldan çıxarmağa başlayıb. Dəniz piyadalarının ölkədən çıxarılması prosesi iyunun sonundan gec olmayaraq başa çatacaq. Beləliklə, Fransanın Seneqaldakı hərbi kontingentinin sayı 500 əsgərdən 260-a enəcək. Xatırladaq ki, bundan əvvəl Mali və Niger hakimiyyətinin tələbi ilə həmin ölkələrin ərazisində yerləşən fransız qoşunları tamamilə çıxarılıb.

“Budəfəki etiraz aksiyası keçmiş siyasi məhbusları bir araya gətirən “Patriotti” kollektivi və siyasi dustaqları müdafiə edən “Associu Sulidarita” assosiasiyaları tərəfindən təşkil olunub. Bu assosiasiyalar Fransa həbsxanalarında siyasi baxışlarına görə saxlanılan korsikalı məhbuslara dəstək nümayiş etdirirlər. Fransadan Korsika xalqının hüquqlarının tanınmasını tələb edirik”.

Bu sözləri KİV-ə açıqlamasında Bastiyada korsikalı məhbuslara dəstək üçün keçirilən etiraz nümayişində “Nazione” partiyasının sözçüsü Petru Antone Tomasi deyib. O qeyd edib ki, siyasi məhbusları dəstəkləyən bu iki assosiasiya Fransa repressiyalarına etirazlarını bildirirlər. Vurğulanıb ki, bu repressiyalar əsasən müstəqillik tərəfdarlarını hədəfə alır. “Həmçinin bu assosiasiyalar Korsika xalqının Fransa dövləti tərəfindən rədd edilən və tapdalanan hüquqlarının tanınması üçün aksiya keçirirlər. Aksiyada “Repressiyaya son!”, “Korsika xalqının hüquqları uğrunda!”, “Siyasi həll tapılsın!”, “Fransa dövləti, Korsikadan çıx!” kimi şüarlar səsləndirildi”, - deyə o əlavə edib.

Media xalqın  səsini eşitmir

“Nümayişimizin əsas məqsədi Korsikanın müstəqillik hərəkatı fəallarının həbsinə etiraz etmək və onları dəstəkləməkdir. Onlar Fransa dövləti tərəfindən hədəfə alınıb və polis onların evlərinin qapısını partladaraq dağıdıb. Belə hərəkətlər qəbuledilməzdir”.

Bu sözləri Bastiyada polis tərəfindən saxlanılan korsikalılara dəstək üçün keçirilən etiraz aksiyasının iştirakçısı Paskal Alberini deyib.

“Bu gün Fransa mətbuatına etibar etmirik. Milyarderlərin əlində olan Fransa mediası xalqın səsini eşitmir, onu nəzərə almır və insanların hüquqları tapdalanır”, - deyən nümayiş iştirakçısı Fransa mətbuatının dezinformasiya xarakterli məlumatlar yaydığını qeyd edib.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 588 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31