Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Terrorun “yuvası”...

Terrorun “yuvası”...

13.03.2024 [10:40]

Dünyanı vahimə altında saxlayan təşkilatlar yarandıqları mərkəzlərə qarşı...

Bir çox hallarda Qərbin monopolistik mənafeyinə uyğun gələn normaların “beynəlxalq standart” adı altında qlobal ictimai rəyə yerləşdirilməsinin şahidi oluruq. Maraqlıdır ki, özünü “qlobal hakim” sayan Qərb dünyası bütün regionlara münasibətdə xüsusi imtiyazlarla davranış sərgiləməkdə “azad” olduğunu düşünür. “Demokratiya ölçüləri” Qərb standartı ilə “təyin edilir”, “hüquq və azadlıqlar”ın sərhədləri Qərb “dəyərləri” üzərindən müəyyənləşdirilir, lokal anlaşılmazlıqlar və ya mübahisələr Qərbin “təklif və ya təhdidləri” əsasında öz həllini tapır. Halbuki...

Region olaraq Qərb insan hüquq və azadlıqlarının pozulması prizmasında daha çox “gözükölgəlidir”. Yüzillərlə insanları istismar edən, qul əməyindən istifadənin geniş yayıldığı, hətta insanların əşya kimi satış bazarının mövcud olduğu, rənginə, dininə, irqinə görə diskriminasiya formalaşdıran Qərbin özü olub. Müdrik Şərqin tarixi ənənələrə söykənən dəyərlərini “gözardı edərək” öz standartlarının tətbiqi üçün müxtəlif üsullardan istifadə olunub. Bu üsullardan biri də təəssüf ki, terrorizmdir...

Üçüncü “sort” dünya üzərində hökmranlıq...

Terrorizmə qarşı “mübarizə”də ön sıralarda yer aldığı təsəvvür olunsa da, Avropanın bu terror yuvalarının bu və ya digər formada “təşkil olunmasında” iştirakı danılmazdır. Hətta loyal münasibət və ya qurulmaya verilən “dəstək” belə terrorizmin şaxələnməsinə imkanların yaradılmasından xəbər verir. Sual yaranır ki, axı, Qərb son zamanlarda xüsusilə terrorizmə qarşı mübarizə məsələsində “barışmaz mövqe” tutur, bu acı reallığın aradan qaldırılması uğrunda gücünü səfərbər edir.

İlk baxışdan diqqəti bu kimi nüanslar cəlb etsə də, proseslərin inkişafı çılpaq reallıqları öz önünə sərir. Avropanın “xeyri-duası” ilə ərsəyə gələn terror yuvalarının fəaliyyətinin istiqamətlərinə nəzər saldıqda onların hansı məqsədlərdən yarandığını görməmək mümkün deyil. “Terror şəbəkəsi” olduğu iddia edilən bu və ya digər “təşkilatlar” və ya “qruplaşmalar” nədəndirsə, Qərbin “əlinə oynayır”. Son 30 ildə Qərb dünyasının terrorizmə qarşı mübarizə sxeminə göz gözdirdikcə bir sıra reallıqları daha aydın təsvir etmək mümkündür.

Vaxtilə Sovet İttifaqına qarşı hərbi-siyasi üstünlüklər əldə etmək üçün dünyanın bölüşdürülməsi prosesində aktivlik göstərən Qərb xüsusilə Afrika və Şərq regionunda bu “kartlardan” istifadə edirdi. Belə demək mümkündürsə, müəllifi olduğu terror qruplaşmalarının imkanlarını artırmaq, hətta “fəaliyyət mexanizmlərini” formalaşdırmaq üçün isə bütün vasitələrdən istifadə olunurdu. Qərb dünyası bu terrror qrupları üzərindən xüsusilə Afrikada narkotrafikə nəzarət edir, üçüncü, dördüncü “sort” ölkələr üzərində özünün təsir rıçaqlarını formalaşdırır, yerli xalqları qorxu altında saxlayaraq öz maraqlarını və iqtisadi oturuşunu bərqərar edirdi. Afrikanın XX əsrin ortalarına təsadüf edən tarixi reallıqları bunu açıq şəkildə əks etdirir. Məsələn, Fransanın xeyir-duası ilə ərsəyə gələn və Afrikanın şimalını qorxu altında saxlayan OAS hətta hərbi faşist qruplaşması kimi xarakterizə olunurdu. Gizli Silahlı Təşkilat 1961-ci ilin yazında qatı müstəmləkəçi zabitlər və ifrat sağ siyasi xadimlər tərəfindən yaradılmışdı. Qruplaşmanın başlıca məqsədi Əlcəzairə istiqlaliyyət verilməsinə mane olmaq idi. Əlcəzairdə onlarla terakt törədən bu təşkilat ölkənin müstəqilliyinə qovuşmasının ardından sirrli şəkildə “ləğv edildi”.

Və ya Tanrının Müqavimət Ordusu (Lord’s Resistance Army - LRA), həm də həmçinin Tanrının Müqavimət Hərəkatı kimi də tanınan militant qrup. Şimali Uqanda, Cənubi Sudan, Konqo Demokratik Respublikası və Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən bu qrup Qərbin həmin regiondakı maraqlarının daha “rahat” təmin olunması üçün lazımdır. Geniş insan hüquqları pozuntuları o cümlədən qətl, oğurlama, uşaq cinsi köləliyi, uşaqları hərbi əməliyyatlarda iştirak etməyə məcbur etməyə qədər qanunsuz fəaliyyətləri isə Qərb dünyası tərəfindən “xüsusi” gözəçarpmalarla tənqid edilmir. Dolayısı isə bu qrup da Qərbin həmin regionlardakı iqtisadi dayanıqlığının əsas “təminatçısı”na verilir.

Terror təşkilatlarının əsl mahiyyəti...

Bu sıraya İŞİD, Əl-Qaidə, Əş-Şəbab və saymaqla bitməyən təşkilatları da əlavə etmək olar. 1989-cu ildə yaradılan Əl-Qaidə fəaliyyətinin daha aktiv olduğu ilk 20 ilində ABŞ-ın dövlət büdcəsini 908 milyard ABŞ dolları zərərə salıb, 5 min əsgərin ölümünə, 30 min əsgərin yaralanmasına bais olub. Qəribə hal orasıdır ki, bu təşkilatın əlindəki silahlar ən müasir silahlar, ən müasir texnikalardır. Bu təşkilatın haradan maliyyə aldığı isə hələ də “sirri-müəmmadır”. Amma xidmətə gəldikdə isə, Əl-Qaidənin arxasınca kollektiv Qərb Yaxın Orta Şərqdə hansı əməliyyatları həyata keçirməyib, hansı “nailiyyətələrə” imza atmayıb.

İŞİD isə son dövrlərin ən populyar terror təşkilatıdır. İŞİD-in 2004-cü ildə İraq müharibəsinin başlamasından qısa müddət sonra “Camaat əl-Tövhid vəl-Cihad” adı ilə qurulmasının şahidi olarıq. 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək “Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn” (daha çox “İraq Əl-Qaidəsi” adı ilə tanınır) adını götürən radikal terrorçular 2006-cı ilin yanvar ayında “Ceyş ət-Taifa Əl-Mənsur”, “Ceyş Əhli-Sünnə vəl-Camaa”, “Ceyş əl-fatihin”, “Cund əs-Səhabə” kimi kiçik qruplarla birləşib “Mücahidun Şura Konseyi” adını aldı. İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan “İraq İslam Dövləti” adlı dövlət elan etdi. Bu tarixdən etibarən “Mücahidun Şura Konseyi” adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar “İraq İslam Dövləti” adıyla keçirilməyə başladı.

Suriya vətəndaş müharibəsinin başlamasından bir müddət sonra həmin radikal terrorçular Suriyada Əl-Nusra Cəbhəsi (“Əl-Qaidə”nin Suriya qanadı) adı altında “peyda oldular”. 2013-cü ilin aprel ayında İŞİD əmiri Əbu Bəkr əl-Bağdadi yayımladığı səs yazısında Əl-Nusra Cəbhəsinin İŞİD tərəfindən yaradıldığı, maliyyələşdirildiyi və dəstəkləndiyi açıqlamasını verdi. Və bu tarixdən etibarən hər iki qruplaşmanın “İraq və Şam İslam Dövləti” adı altında fəaliyyət göstərəcəyini bildirdi. İŞİD-in törətdiyi qətliamlar, terror aktları haqda geniş məlumat verməyə ehtiyac yoxdur. Bütün dünya tərəfindən terror qruplaşması kimi tanınan bu qruplaşma ayrı-ayrı vaxtlarda Türkiyə, Fransa, Liviya və başqa ölkələrdə yüzlərlə dinc insanın həyatına qəsd edərək terror aktları həyata keçiriblər.

Missiya yerinə yetirildi...

İŞİD-in ilk ünvanı olan Yaxın-Orta Şərq, daha dəqiq desək Suriya və İraq əraziləri  əsrlərdir ki, müxtəlif dini cərəyanların qisasçılıq zəminində döyüşdüyü bölgədir. Xarici təsirlərin əməyi naticəsində ərsəyə gələn və din pərdəsi altında gizlədilən terrorçu qruplaşmanın həmin regionda yaradılma səbəbləri də buna əsaslanırdı. Dünyanın enerji resurslarının əsas mənbələrindən sayılan İraq, Suriya, Liviya və bu kimi region dövlətləri üçün “başağrısına” çevrilən İŞİD-in qısa müddətdə ən müasir texnikalar, səhra avtomobilləri, silahlar və pulla təmin edilməsi ortaya xeyli suallar çıxarmışdı. Düzdür, “France Presse” agentliyinin reportyoru, amerikalı James Foleyi, Amerikanın “Time” və “Foreign Policy” jurnallarının müxbiri, 31 yaşlı Stiven Sotloffu, yaponiyalı jurnalistlər Haruna Yukavanı və Kendzi Qotonu edam edən İŞİD bu kimi “tryuklarla” Qərbə də “düşmən olduğunu” nümayiş etdirməyə çalıssa da, hədəf və nəticə dəyişmədi - Yaxın Orta Şərqin enerji resursları “xilskar güclərin” nəzarətinə keçdi. Proses başa çatan kimi isə İŞİD-in liderləri məhv edildi, qruplaşma ləğv olundu, “tör-töküntüsü”, daha doğrusu on minlərlə potensial qatil Afrika ölkələri başda olmaqla dünyanın əksər hissələrinə göndərildi. Əldə olunan nəticə onu göstərirdi ki, İŞİD qarşıya qoyulan vəzifəni ən yüksək səviyyədə yerinə yetirmişdi. Regiondakı hərbi gücünü yumşaq güclə əvəz etməyə başlayan Qərb təsisatları “demokratik mənzərəyə” xələl gətirən İŞİD-i asan şəkildə proseslərdən kənarlaşdırdılar.

Bütün misallar və həqiqətlər bir ünvanı hədəf göstərir - bu kimi terror qrupları kimin maraqlarını qoruyursa, demək ki, himayədarları da həmin güclərdir. Avropanın fərqli adlar altında dünyaya təqdim etdiyi “inkişaf planlarında” yalnız və yalnız “qlobal maraqlar” əks olunur - “qlobal dünya” dedikdə isə sərhədləri həmin güclər tərəfindən cızılmış coğrafyalar nəzərdə tutulur. Beləliklə, terroru dünyaya daşıyan terrorçu zehinlər üçün əsas olan maraqların təminidir...

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 610 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31