Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakının haqlı etirazı

Bakının haqlı etirazı

05.04.2024 [10:50]

ABŞ-Aİ cütlüyü  anlayır ki, indiki dövrdə Azərbaycanın mövqeyini nəzərə almadan bölgə ilə bağlı hər hansı bir hərəkətlənmə mümkün ola bilməz!

Pərviz İsmayılov

30 ilə yaxın erməni işğalından əziyyət çəkmiş Azərbaycan 2020-ci ilin payızında öz gücü ilə ədaləti bərpa etdi. 44 gün davam etmiş Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyü ilə yanaşı, erməni təcavüzünü qəbul etməyən, işğal faktının qeyd-şərtsiz sona çatmasının gərəkdiyini vurğulayan beynəlxalq konvensiyaların icrasını şərtləndirdi. Beləliklə, son 4 ildə Azərbaycan apardığı uğurlu siyasi kursla həm bölgədəki separatizm meyllərini aradan qaldırdı, həm də yeni regional iqtisadi-siyasi konfiqurasiya formalaşdırdı. Birinci amilin yaratdığı yeni reallıq kimi ortaya çıxmış yeni iqtisadi-siyasi konfiqurasiya isə Azərbaycanın xarici siyasət kursu ilə eyni istiqamətə köklənib - əməkdaşlığı, iqtisadi inkişafı və normal münasibətlərin qurulmasını özündə ehtiva edir. Ümumiyyətlə, Azərbaycan hər zaman ikitərəfli və çoxtərəfli əlaqələrin maksimal şəkildə vertikallaşdırılmasının tərəfdarı kimi çıxış edib. Qlobal məkanda yeni enerji təhcizatçısı kimi qısa zamanda şöhrət qazanan ölkəmiz xüsusilə Avropanın enerji təhlükəsizliyində əsaslı rol oynayır.

Təəssüfləndirici haldır ki, Azərbaycanın apardığı bu açıq, şəffaf və qarşılıqlı maraqlara əsaslanan siyasət Qərb tərəfindən adekvat cavablandırılmır. Bölgədə destruktiv təhdid olaraq xarakterizə edilən Ermənistanı silahlandırmaq, yeni müharibələr üçün stimullaşdırmaq yolunu seçən Qərb hətta bu addımlarının “təbliğini” etməkdən də çəkinmir. Aprelin 5-də Brüsseldə baş tutacağı ehtimal edilən Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşü bu mənada, böyük narahatlıqlara yol açır. Azərbaycan dövləti və ictimaiyyəti haqlı olaraq bu görüşü regionun gələcəyi üçün təhlükə sayır və yaranma ehtimalı böyük olan yeni “hərbi pakt”ın regional inkişafa mühüm mənfi təsirlər göstərəcəyini ortaya qoyur.  

Bölgədə təhdid dalğası ...

Qeyd edildiyi kimi, Azərbaycan dövləti hər zaman Avropa İttifaqının, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib. Xüsusilə, Fransanın Ermənistanı silahlandırmaqla bağlı apardığı açıq və təhdid xarakterli siyasi kursunun regionda yeni eskalasiyalara yol açma təhlükəsi formalaşdırdığı vurğulanıb. Halbuki post-müharibə dövründə Azərbaycan açıq sülh təklifləri ilə çıxış edib və Ermənistanla münasibətlərin normallaşması prinsipləri təklifini səsləndirib. Təəssüf ki, Azərbaycanın bu xoşməramlı mövqeyi öz maraqları üçün Ermənistanı “dəstəkləyən” bəzi güclər tərəfindən manipulyasiyaya məruz qoyulub. Məsələn, Aİ-nin “mülki missiya” adı altında regiona göndərdiyi kəşfiyyat qrupunun fəaliyyəti buna ən real misaldır.

İndiki halda isə ABŞ və Aİ-nin açıq “dəstək kampaniyası” ilə çıxış etməsi haqlı etiraz yaradır. Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də baş tutacaq toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir. Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dan bu formada qeyd-şərtsiz dəstək almayıb.

Göründüyü kimi, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Bu konfrans  isə öz növbəsində, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır.

Beləliklə, Cənubi Qafqaz regionunun aparıcı siyasi-iqtisadi aktoru olan Azərbaycan açıq şəkildə bu görüşün bölgədə qeyri-adekvat durum yaradacağını bildirir və Ermənistanı yeni münaqişəyə həvəsləndirəcəyini vurğulayır. Bu isə yolverilməzdir. 30 ildən sonra bölgədə yaranan sabit və ədalətli mənzərənin yenidən pozulması, Ermənistanın havadarlarının əli ilə yenidən fərqli arzulara düşməsi, təxribatxarakterli planlar hazırlaması Cənubi Qafqazdakı sabitliyi təhlükə qarşısında qoyur. Bu isə öz növbəsində bölgədə reallaşmış və reallaşması nəzərdə tutulan qlobal layihələr üçün mühüm təhdiddir.

Azərbaycanın qlobal siyasi məkandakı yeri...

Vurğulandığı kimi, Azərbaycan regional lider kimi bu 5 aprel görüşü ilə bağlı mövqeyi aydındır. Eyni zamanda, öz maraqları xatirinə Ermənistanı “dəstəkləyən” ABŞ-Aİ cütlüyü də anlayır ki, indiki dövrdə Azərbaycanın mövqeyini nəzərə almadan bölgə ilə bağlı hər hansı bir hərəkətlənmə mümkün ola bilməz. ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi bu reallığı aydın şəkildə ortaya qoyur. Bəlli olduğu kimi, hazırda prezident Baydenin mövcud vəziyyətində dövləti faktiki idarə edən Blinken Azərbaycanın dövlət başçısına zəng edərək mövqelərini izah etməyə çalışıb. Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib. Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.

Bu məqam ilk olaraq özündə Azərbaycanın son illərdə qlobal müstəvidə qazandığı yeri bir daha müəyyənləşdirir - ABŞ dövlət katibinin Azərbaycan Prezidentinə zəng edərək ölkəsinin mövqeləri ilə bağlı izah verməsi Prezident İlham Əliyevin qlobal müstəvidə nüfuzunun və çəkisinin göstəricisidir. Bu, ölkəmizin başçısının qlobal məkanda müstəqil Lider kimi oynadığı rolu, dövlətinin maraqlarını hər zaman xüsusi qətiyyətlə qoruduğunun açıq nümunəsidir.

Paylaş:
Baxılıb: 560 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Sosial

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31