Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rusiya və Türkiyədən açıq etiraz...

Rusiya və Türkiyədən açıq etiraz...

06.04.2024 [10:37]

Bölgəyə yaranan təhdid iki böyük dövləti hərəkətə keçirdi

Azərbaycanın Cənubi Qafqazın gələcək inkişafı ilə bağlı apardığı siyasi xətt birmənalı şəkildə əməkdaşlığa, sülhə və sabitliyə əsaslanır. Bu amillər kompleks şəkildə bölgənin yeni iqtisadi inkişaf mərhələsini formalaşdırır. Yaradılan yeni siyasi-iqtisadi konfiqurasiya isə özündə bölgə dövlətlərinin ümumi əməkdaşlıq maraqlarını cəmləşdirir: Mərkəzi Asiya-Cənubi Qafqaz-Kiçik Asiya üzərindən keçən tranzit xəttlərinin, iqtisadi imkanların diversifikasiyası yaxın perspektiv üçün mühüm imkanlar yaradır. Təəssüflər olsun ki, bəzi xarici qüvvələrin, konkret olaraq ABŞ və Aİ-nin qeyri-adekvat “həvəsləndirmələri” ilə Ermənistan bu perspektiv inkişaf mərhələsini yubadır.

Bu amil bölgə dövlətləri tərəfindən də böyük etirazla qarşılanır. Çünki Aİ və ABŞ-ın Ermənistan üzərindən Cənubi Qafqaza müdaxilə cəhdi siyasi-iqtisadi balansa zərər yetirməklə yanaşı, yeni proseslər başlada bilər. Bu isə yolverilməzdir. Bu mənada, dövlətlərin etdikləri etirazlar məntiqli və gözlənilən haldır...

Rusiyadan “incə mesaj”: burada Ermənistanın özündən də çox erməni yaşayır

Regionun ən mühüm dövlətlərindən sayılan Rusiya son zamanlarda Ermənistanın apardığı siyasəti görür - rəsmi Krem bu və ya dgər şəkildə İrəvana atdığı addımları korrektə etməklə bağlı sətiraltı, hətta açıq mesajlar ötürür. Məsələn martın axırlarında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Arqumentı i faktı” nəşrinə müsahibəsində bildirmişdi ki, Rusiya Ermənistanla münasibətlərdə kifayət qədər çətin dövr yaşayır”. “Burada Ermənistanın özündən də çox erməni yaşayır. Yeri gəlmişkən, Rusiya Federasiyasının vətəndaşları olan ermənilərin iqtisadi fəallığı hələ də Ermənistanın ümumi büdcəsinin çox böyük faizini təşkil edir. Adamlar ora pul köçürür, söhbət ildə bir neçə milyard dollardan gedir”, - deyə Peskov İrəvana maraqlı mesaj vermişdi. Rusiya dövlətinin rəsmisi ABŞ və Aİ-nn müdaxiləsinə diqqət çəkərək vurğulamışdı ki, Qafqaz regionu təəssüf ki, müxtəlif regiondankənar qüvvələrin diqqətini cəlb edir. “Biz əminik ki, bu qüvvələrin iştirakı çox məhdud olmalıdır, çünki həmin qüvvələr orada sabitlik və rifah gətirmək iqtidarında deyil. Ona görə də ümid edirik ki, əlaqələrimizin inkişafını davam etdirmək üçün İrəvanda siyasi iradə qalib gələcək və biz bu çətin dövrdən uğurla keçəcəyik” - Peskov əlavə etmişdi.

İndiki halda isə Rusiyanın mövqeyi daha da konkretləşib - xüsusilə də, Brüssel görüşündə bəzi xoşagəlməz “perspektivlərin” yaranması ehtimalı Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Mövzu ilə bağlı açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, görüşü yaxından izləyəcəklərini və 5 apreldə atılacaq imzaların region üçün müsbət nəticə verməyəcəyini qeyd edib: “Biz bu görüşü çox böyük bir diqqətlə izləyəcəyik. Əvvəlki kimi, hesab edirik ki, digər dövlətlərin regional işlərdə iştirakının artması müsbət nəticə verməyəcək”.

Ankaranın mövqeyi: bu təşəbbüs Cənubi Qafqazın geosiyasi münaqişələr meydanına çevrilməsinə yol açacaq

Qeyd olunduğu kimi, Ermənistanın tutduğu yol təhlükəli və region üçün müsbət vədlər ortaya qoymayan perspektivə hesabalanmış yoldur. Halbuki Azərbaycanla münasibətləri normallaşdırmaqla, sülh imzalamaqla Ermənistan bütövlükdə regional inkişafın mühüm halqası qismində çıxış edəcək. Bu, Ermənistan üçün yeni imknalar, yeni iqtisadi münasibətlər deməkdir - eyni zamanda, bölgənin aparıcı siyasi aktoru olan Türkiyə ilə də münasibətlərin normallaşması üçün əsas yaradacaq. Ermənistan bu reallığı bilir - Azərbaycanla sülhün imzalanması İrəvanın Türkiyə ilə də münasibətlərinin normallaşması deməkdir. Bu isə, İrəvana həm Şərq, həm də Qərb istiqamətində mühüm iqtisadi imkanlar açır. Çünki bölgənin ümumi inkiaşaf mənzərəsində xüsusi ştrixlər əlavə etmiş Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının fonunda reallaşdırılan əməkdaşlıq platformaları regional miqyaslı strateji təmasların sıxlaşdırılmasına və bölgənin siyasi, iqtisadi və hərbi təhlükəsizliyinin təmin olunmasına xidmət göstərir. Bakı-Ankara tərəfdaşlığı regional miqyaslı, qlobal xarakterli müxtəlif enerji layihələrinin reallaşdırılmasını mümkün edib ki, bu da bölgənin iqtisadi inkişafına təsir göstərir, həmçinin iqtisadi təhlükəsizliyin təmin olunması işinə özünəməxsus fundamental töhfələr verib.

Bunun üçün isə Ermənistan özünün hazırki qeyri-konstruktiv mövqeyindən əl çəkməlidir. Üçtərəfli görüş bu əməkdaşlığın inkişaf imkanlarının genişlənməsinə mane olan predmet kimi çıxış edir. Türkiyənin bu görüşlə bağlı mövqeyi isə Azərbaycanla adekvatdır - rəsmi Ankara bu görüşü gələcək perspektiv üçün böyük zərbə sayır. Belə ki, Türkiyə Xarici İşlər Nazirliyinin aprelin 5-də keçirilməsi planlaşdırılan bəyanatında bildirilir ki, üçtərəfli görüş regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq. Bəyanatda vurğulanır ki, Azərbaycanın iştirakını nəzərdə tutmayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etmək yerinə, bölgənin geosiyasi münaqişələr meydanına çevrilməsinə yol açacaq.

“Üçüncü ölkələri proses kontekstində atacaqları addımlarda regionun xüsusiyyətlərini nəzərə almağa və tərəflərə eyni məsafədən yanaşmağa çağırışımızı bir daha təkrar edirik. İnanırıq ki, Cənubi Qafqaz regionda bərqərar olacaq daimi sülh və sabitlik əsasında yüksələcək və layiq olduğu regional rifaha nail olacaq. Türkiyə həmişə olduğu kimi bu məsələdə üzərinə düşəni etməyə davam edəcək və Azərbaycanla Ermənistan arasında daimi sülhün əldə olunması üçün tarixi fürsətdən istifadəni təşviq etməyə davam edəcək”, - deyə bəyanatda vurğulanıb.

Həmçinin əlavə olunub ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində zəfəri ilə işğal olunmuş torpaqların azad edilməsi və 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağda həyata keçirilən antiterror əməliyyatı ilə bütün ölkə üzərində suverenliyinin bərpası nəticəsində regionda daimi sülh və sabitliyin bərqərar olması üçün tarixi fürsət yaranıb:

“Bu tarixi fürsətin uğurla nəticələnməsinə çox yaxın olduğumuz bir vaxtda üçüncü tərəflərin, xüsusən də qeyri-regional aktorların prosesə ədalətli və qərəzsiz yanaşması, prosesə zərər vurmamaq üçün ehtiyatlı olması daha da vacib olub”.

Göründüyü kimi, artıq bütövlükdə bölgə dövlətləri, hətta ABŞ-ın NATO-dakı ən aparıcı tərəfdaşı olan rəsmi Ankara bu görüşün yaradacağı mənfi tendensiyaların anonsunu səsləndirməkdədir. Bu kimi görüşlər, eyni zamanda yaranma ehtimalı böyük olan “hərbi pakt” bütövlükdə bölgəni təhdid qarşısında qoyur. Bu isə yolverilməzdir. Ermənistan anlamalıdır ki, ona korporativ maraqlar qarşılığında verilən “dəstək” regiona böyük iqtisadi ziyan verəcək - ən əsası, Ermənistanın özünün yaranma ehtimalı böyük olan yeni inkişaf mərhələsini istisna edəcək. Eyni zamanda, bu addım İrəvanın Bakı ilə yanaşı Ankara ilə münasibətləri normallaşdırma prosesinə mənfi təsir göstərəcək. Çünki Türkiyə hər zaman bəyan edib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi rəsmi Bakı ilə aparılan proseslə əlaqəli şəkildədir. Bu isə, onu deməyə əsas verir ki, Ermənistan yenə də bölgədə dalan dövləti statusundan qurtula bilməyəcək...

P. SADAYOĞLU

Paylaş:
Baxılıb: 576 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30