Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ-ın çirkin Ukrayna "planı"…

ABŞ-ın çirkin Ukrayna "planı"…

06.04.2024 [21:10]

Bu gün Kiyevin “təhlükəsizliyindən” narahat olan Vaşinqtonun 30 il öncəki məkri...

SSRİ-nin dağılması ilə başa çatan “Soyuq müharibə” yeni siyasi münasibətlər sistemi formalaşdırmaqla yanaşı, böyük güclər üçün yeni strategiya imkanı qazandırdı. Xüsusilə ABŞ Şərqə yönəlik yeni və “operativ” planlar quraraq “hücuma keçdi”. Ən böyük rəqibinin süqutundan, varislərin isə onunla baş edəcək gücdə olmamasından maksimum yararlanmağa çalışan ABŞ üçün qarşıda iki yol vardı - ya Avropanı da yanına alaraq “kollektiv Qərb” formatında “yeni dünya düzəni” formalaşdırmalı, ya da təkbaşına vahid qütbə çevrilərək qlobal sistemin söz sahibi olmalı. Bunun üçün isə bir sıra məsələlər daha tez şəkildə öz həllini tapmalı idi:

- SSRİ-dən miras qalmış ölkələri nəzarətdə saxlamaq üçün çoxşaxəli planlar qurmaq;

- Xususilə Avropa kontingentinə yaxın post-sovet ölkələrinin “köhnə qitə”nin ambisioz dövlətlərdən uzaq qalmasını şərtləndirmək;

- SSRİ-dən miras qalmış hərbi potensialın paritet şəkildə bölünməsinin qarşısını almaq.

Ukrayna dünyada üçüncü nüvə ölkəsi idi...

Son iki tezis xüsusilə böyük əhəmiyyət kəsb edirdi. Həmin dövrdə Rusiyanı ciddiyə almayan ABŞ üçün əsas olan özünün məkrli planlarını icra etmək, bütövlükdə, Avropanı ələ keçirmək idi. Bunun üçün isə ilk addım Avropanı dirçəldəcək gücə malik, hətta ətrafında birləşdirəcək plotensiala  sahib Ukraynanı sıradan çıxarmaq idi - bəli, nə qədər təəccüblü olsa da, ötən əsrin son 10 illiyində ABŞ Ukraynanı tərk-silah etmək üçün səfərbər olmuşdu. Bu gün “Ukraynanın təhlükəsizliyi üçün” milyardlar xərcləyən Vaşinqton cəmisi 30 il öncə başqa hava çalırdı.

30 il əvvəl, 1994-cü ilin fevralında Ukrayna NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşuldu. Bunun üçün isə NATO-nun, dolayısı ilə ABŞ-ın əsas şərti Ukraynanın SSRİ nüvə silahlarının Rusiyaya təhvil verilməsi haqqında saziş imzalaması idi. Məsələ burasındadır ki, SSRİ-nin dağılmasından sonra Kiyev dünyada üçüncü ən böyük nüvə arsenalına sahib ölkəyə çevrilmişdi. Bu amili özü üçün böyük təhlükə sayan ABŞ yeni “Avropa qrandı”nın yaranmaması üçün ilkin mərhələdə önləm almaq “məcburiyyətində qalmışdı”. Slavyan kökənli olması, Polşa ilə yaxınlığı, həmin vaxt sosialist şinelindən hələ tam xilas olmamış ölkələr ilə münasibətləri Ukraynanı Vaşinqton üçün baş ağrısına çevirmişdi. Bunun qarşısını almaq üçün isə ilk addım Ukraynanı “nüvəsizləşdirmək” planının icrası idi.

Vurğulamaq yerinə düşər ki, Sovet İttifaqının dağılmasından az əvvəl, 31 avqust 1991-ci ildə SSRİ və ABŞ tarixdə ilk Strateji Silahların Azaldılması Müqaviləsi imzalasa da ratifikasiya olunmadı - SSRİ-nin dağılması ilə İttifaqın nüvə potensialı yeni dövlətlərin - Belarus, Qazaxıstan, Rusiya və Ukraynanın balansına keçdi. Düzdür, Belarus və Qazaxıstan “nüvə dövləti” statusu ilə bağlı iddia irəli sürməsələr də, Ukraynada işlər başqa səmtə yönəldi - Ukrayna ABŞ və Rusiyadan sonra dünyada üçüncü ən böyük nüvə arsenalından imtina etmək fikrində deyildi. Hətta 1993-cü ildə Ukrayna parlamenti prezident Kravçuka müraciətlərində nüvə silahından imtina etməməyi xahiş edirdilər. Onlar ən azı 20 il nüvə silahına sahib olmanın vacibliyini önə sürürdülər. Həmin dövrdə Kiyevin nüvə arsenalı isə göz oxşayırdı - SS-19 və SS-24 qitələrarası ballistik raketləri olan 176 qurğu, iki minə yaxın strateji nüvə başlığı, iki mindən çox taktiki nüvə silahı, həmçinin nüvə silahı daşıya bilən 44 strateji bombardmançı təyyarə. Bu güc ilə Ukrayna Böyük Britaniya, Fransa və Çinin birlikdə nüvə ehtiyatlarından daha çox nüvə gücünə sahib olmuşdu.

Vaşinqton Avropada yeni rəqibi qəbul etmirdi...

Vurğulandığı kimi, bu fakt Vaşinqtonu yeni planlar qurmağa sövq etdi. Yeni rəqibi sıradan çıxarmaq ilkin şərtə çevrilmişdi - çünki, XXI əsrdə Avropa üzərində hegemonluğun təmin edilməsi üçün Ukrayna sıradan çıxarılmalı, hətta onun torpaqları parçalanmalı, qitənin ən böyük dövlətlərindən biri yerlə-yeksan edilməli idi. Təsadüfi deyil ki, həmin ərəfələrdə ABŞ rəsmiləri nüvə silahlarından imtina ilə bağlı kütləvi təbliğata start vermişdilər - BMT TŞ həmin günlərdə ard-arda bununla bağlı qətnamələr qəbul edirdi. Bu sənədlərdə hədəfin adı konkret çəkilmirdi - amma Qərbin, konkret olaraq Amerikanın əsas planı, bütövlükdə, Ukraynanı sıradan çıxarmaq idi.

1992-ci ilin mayında ABŞ, Rusiya, Ukrayna, Belarusiya və Qazaxıstan Lissabon sazişlərini imzaladılar ki, bu sazişə əsasən, Ukrayna nüvə silahı olmayan dövlət kimi NPT-yə tezliklə qoşulmalı idi. Lakin reallıqda Ukrayna tərəfi bu sazişlərin ratifikasiyasından müxtəlif yollarla yayındı - 1992-ci ilin dekabrında Ukrayna Xarici İşlər Nazirliyi (XİN) hətta bütün akkreditə olunmuş səfirliklərə nüvə siyasəti məsələlərinə dair memorandum göndərdi. Orada Ukrayna “öz ərazisində yerləşən nüvə başlıqlarının bütün komponentlərinə sahiblik” məsələsini qaldırdı.

1993-cü ilin yanvarında nüvə silahının statusu ilə bağlı aparılan danışıqlarda Ukrayna yenidən döyüş başlıqlarına hüquqlarını təsdiqlədi. Danışıqların əsaslı şəkildə aparıla bilməməsi, əvvəllər götürülmüş öhdəliklərdən imtina və sabit danışıqlar mövqeyinin formalaşdırılmasının mümkünsüzlüyü danışıqlar prosesini nəinki ifrat dərəcədə çətinləşdirdi, həm də qlobal təhlükəsizliyi tamamilə təhlükə altına atdı. ABŞ dövlət katibi Ceyms Baker həyacanla bildirirdi ki, “strateji mənada, ölkənin dağılmasından sonra Sovet İttifaqının nüvə potensialı problemindən başqa heç bir xarici siyasət məsələsi bizim diqqətimizə və ya vaxtımıza layiq deyil. Vəziyyət 30 min nüvə başlığı ilə Yuqoslaviya ssenarisini xatırladan inanılmaz təhlükə yaradır. İnsanlar bunu bilir və adekvat cavab verməliyik”.

Məcburi imza ...

O vaxta qədər ABŞ NATO-ya bağlı Sülh Naminə Tərəfdaşlıq adlı təhlükəsizlik təşkilatının yaradılmasına rəhbərlik etmişdi -  bu proqram isə məqsədli şəkildə Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə Avropanın digər dövlətləri və postsovet ölkələri arasında etimadın yaradılmasına yönəlmiş proqram sayılırdı. 20 dövlətin üzv olduğu proqram 20-21 oktyabr 1993-cü ildə Almaniyanın Travemünde şəhərində keçirilən NATO Müdafiə Nazirlərinin görüşündə ABŞ-ın təşəbbüsü kimi təklif edilmiş və 10-11 yanvar 1994-cü ildə Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən NATO sammitində rəsmi olaraq fəaliyyətə başlamışdı. ABŞ Dövlət Departamentinin məxfilikdən çıxarılmış sənədlərinə görə, prezident Bill Klinton Sülh Naminə Tərəfdaşlığı “NATO üzvlüyünə aparacaq yol” və “Avropanı bir neçə yüz mil şərqə doğru ayıran başqa bir xətt çəkməyən” yol kimi təsvir etmişdi. Amma əsl plan məhz Ukraynanın “zərərsizləşdirilməsinə” yönəldilmişdi.

1993-cü ilin noyabrında NATO nüvə tərksilah prosesinin qarşısını almağa davam edərsə, Ukraynanı Sülh Naminə Tərəfdaşlıq proqramından kənarlaşdırmaqla hədələdi. Vaşinqton Ukrayna ilə münasibətləri inkişaf etdirmək üçün şərtin nə olduğunu açıqladı - Qərb dünyasından qovulma təhlükəsi öz rolunu oynadı. 1994-cü il yanvarın 14-də Rusiya, ABŞ və Ukrayna prezidentləri Boris Yeltsin, Bill Klinton və Leonid Kravçuk nüvə başlıqlarının Ukraynadan Rusiyaya verilməsi proseduru, təzminat və kompensasiyalar haqqında üçtərəfli bəyanat imzaladılar. Ukrayna üçün təhlükəsizlik zəmanətləri alındı. 1994-cü il fevralın 8-də Ukrayna NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının çərçivə sənədini imzaladı. Yekun sənədə isə 1994-cü il dekabrın 5-də Budapeştdə imza atıldı - orada Rusiya, Ukrayna, Böyük Britaniya və ABŞ nümayəndələrinin imzaladığı memoranduma uyğun olaraq, böyük dövlətlər Ukraynanın nüvə silahından imtinası müqabilində onun suverenliyinə və müstəqilliyinə hörmət etmək, təhdidlərdən çəkinmək öhdəliklərini təsdiqlədilər. Budapeşt Memorandumunun elementlərinə təsir edən vəziyyət yaranarsa, onu imzalayanlar məsləhətləşmələr aparmağı öhdələrinə götürdülər...

Göründüyü kimi, ABŞ-ın Ukrayna, dolayısı ilə Mərkəzi Avropa ilə bağlı planının nə az, nə çox düz 30 yaşı var. Bu gün özünü Ukraynanın “təhlükəsizliyinə cavabdeh” kimi qələmə verən ABŞ-a isə maraqlı və ritorik bir sual ünvanlanmalıdır - söhbət təhlükəsizlikdən gedirdisə, nə üçün Ukraynanın əlindən silahını aldın? Demək ki, ABŞ üçün əsas olan özünün marağı, özünün arzu və istəyidir...

SADİQ

 

 

 

 

Paylaş:
Baxılıb: 644 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31