Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan mətbuatı ötən 141 il ərzində böyük inkişaf yolu keçib

Azərbaycan mətbuatı ötən 141 il ərzində böyük inkişaf yolu keçib

21.07.2016 [09:32]

Ekspertlər ölkəmizdə söz və mətbuat azadlığının yüksək səviyyədə təmin olunduğunu söyləyirlər
Söz və mətbuat azadlığı demokratik dövlət quruculuğunun başlıca prinsiplərindəndir. Bununla yanaşı, bu meyar həm də ölkələrin əsas azadlıq göstəricisi kimi də dəyərləndirilir. Məhz bu səbəbdəndir ki, ölkələrdə demokratiyanın, hökumət-cəmiyyət münasibətləri kimi məsələlərə yanaşmanın səviyyəsi mətbuatın azadlığı ilə ölçülür. Dövlət və mətbuat münasibətləri qarşılıqlı şəkildə tənzimlənir. Bunun üçün isə ilk olaraq qanuni bazanın olması vacibdirsə, eyni zamanda, sosial, ictimai tərəflərin də varlığı əsas şərtlərdəndir. Bu gün Azərbaycan dövləti mətbuatın inkişafı, söz azadlığının təmini üçün kifayət qədər iş görüb. Müstəqil, azad və peşəkar mətbuatın inkişafı, söz, məlumat və fikir azadlığının təmin edilməsi daxili siyasətin başlıca istiqamətlərindən birinə çevrilib. Mətbuata dövlətin bu cür qayğıkeş münasibətinin əsası isə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub.
Milli mətbuatımızın inkişafını özündə təcəssüm etdirən bu siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün kütləvi informasiya vasitələrinin maddi texniki bazasının möhkəmləndirilməsi, eləcə də jurnalistlərin sosial rifahının yüksəldilməsi yönündə mühüm addımlar atılır. Bunu media qurumlarının rəhbərləri də təsdiqləyirlər.
Məsələn, ötən 141 il ərzində mətbuatımızın şərəfli və zəngin bir yol keçdiyini deyən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə vurğulayıb ki, xüsusilə, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmizdə digər sahələrdə olduğu kimi, mətbuatın inkişafı ilə bağlı uğurlu addımlar atıldı: “1995-ci ildə qəbul edilmiş Konstitusiya ölkəmizdə söz və fikir azadlığının təsbitinə geniş zəmin yaratdı. Azad sözə hörmət prinsiplərinin əsasında yaradılan yüksək qanunvericilik bazası mətbuatın inkişafında xüsusi önəm kəsb edirdi. 1998-ci ilin avqustunda senzuranan aradan qaldırılması isə olduqca mühüm tarixi nailiyyət idi. Bu, Azərbaycan mətbuatının inkişafına çox böyük təkan verdi. 1999-cu ildə ölkəmizdə KİV haqqında qanunun qəbul edilməsi, 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi bu sahəyə dövlət nəzarəti mexanizminin bütövlükdə aradan qaldırılmasına yol açdı ki, bu da özlüyündə söz azadlığının inkişafına xidmət göstərirdi”.
2003-cü ildə jurnalistlər tərəfindən Mətbuat Şurasının yaranması ilə özü özünə nəzarət edən və formalaşdıran bir mexanizm ortaya qoyulduğunu bildirən V.Rəhimzadə ötən illər ərzində şuranın mühüm layihələrlə yadda qaldığını söyləyib: “Mətbuat Şurası peşəkarlığın artırılmasına xidmət göstərən xüsusi layihələrin reallaşmasına böyük önəm verir. Digər tərəfdən, Mətbuat Şurası beynəlxalq təcrübənin Azərbaycanda tətbiq olunması, öyrənilməsi ilə bağlı lazımi addımlar atıb”.
V.Rəhimzadə onu da bildirib ki, 2005-ci ildə Prezident İlham Əliyevin jurnalistlərə fəxri adların verilməsini bərpa etməsi və ölkənin aparıcı media nümayəndələrinin yüksək fəxri adlarla təltif olunması bütövlükdə mediaya göstərilən qayğını ortaya qoymuş oldu: “2008-ci ildə ölkə başçısı tərəfindən KİV-in inkişafı ilə bağlı konsepsiyanın qəbul edilməsi, eləcə də 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması Azərbaycan mətbuatı tarixində böyük hadisələrdən biri idi. Bu gün fond tərəfindən medianın inkişafı, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı layihələr həyata keçirilir. Konsepsiyada öz əksini tapan müddəalar məhz həmin layihələr vasitəsilə geniş ictimaiyyət arasında təbliğ olunur. 2013-cü ildə jurnalistlərin məzil probleminin həlli ilə bağlı mühüm addımlar atıldı. Ötən il Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşdə də möhtərəm Prezidentin mühüm tapşırıq və fikirləri oldu. Bu isə bizim gələcək fəaliyyətimizin əsas tezislərini təşkil edir. Bu gün Azərbaycan mətbuatı özünün parlaq, inkişaf etmiş və peşəkar dövrünü yaşayır”.
“Səs” Media qrupunun rəhbəri Bəhruz Quliyev bildirib ki, Həsən bəy Zərdabinin naşirliyi ilə işıq üzü görən “Əkinçi” qəzetinin fəaliyyətə başlaması ilə dünya mətbuatı sferasına qədəm qoyan Azərbaycan mətbuatı ötən 141 il ərzində böyük inkişaf yolu keçib. Hələ Sovet dövründə Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi digər sahələr kimi, mətbuatın inkişafında da əsaslı dönüş yaratmışdı. Məhz həmin dövrdə Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Ulu öndər Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atdı: “1992-ci ildə hakimiyyətdə olan qüvvələrin təkidi ilə mətbuatın inkişafına mane olmaq, azad sözü boğmaq üçün yaradılan hərbi senzura medianın vəziyyətini ağırlaşdırdı. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi, mətbuatın da inkişafında mühüm dəyişikliklərə səbəb oldu. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli, söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Eləcə də senzuranın ləğvi ilə bağlı atılan addım ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirildi”.
B.Quliyev onu da qeyd edib ki, bu gün ölkəmizdə azad sözün inkişafı, fikir plüralizmi olduqca yüksək səviyyədədir. Azərbaycan mediasının müasir inkişafı ümumilikdə cəmiyyətimizin, dövlətimizin inkişafı ilə paralellik təşkil edir: “Müasir, qlobal media dünyasının mühüm komponentlərindən birinə çevrilməyi bacaran Azərbaycanın həm internet media resursları, həm də ənənəvi yazılı mətbuatı yüksək peşəkarlığı ilə seçilir. Təbii ki, əldə olunan bu uğurların əsasında da dövlətimizin azad sözə, fikir plüralizminə verdiyi qiymət dayanır. Möhtərəm Prezidentimiz İlham Əliyevin KİV-in inkişafı ilə bağlı xüsusi konsepsiyanın qəbulu, KİV-in inkişafını dəstəkləyən Fondun yaradılması, mətbu orqanların bir sıra layihələrdə yer alması, jurnalistlərin sosial təminatının daha da yaxşılaşdırılması və mənzillə təmin edilməsi kimi mühüm addımları müasir medianın daha təkmil formada inkişafında mühüm meyara çevrilir. Əminliklə bildirirəm ki, bu gün siyasi yönümündən asılı olmayaraq, hər kəs ölkədə azad fikrini ifadə etmək imkanına malikdir. Vətəndaşlarımız azad şəkildə internetdən istifadə edir, sosial şəbəkələrdə fəaliyyət nümayiş etdirirlər. Bu kimi faktorlar bir daha onu göstərir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan azad sözün, mətbuatın qorunması siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
“Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Azərbaycanda söz və mətbuat azadlığı böyük bir yol keçərək bir çox ölkələr üçün nümunə ola biləcək səviyyəyə çatıb. Onun sözlərinə görə, bu gün ölkəmizdə mətbuatın inkişafına verilən dəstək media azadlığı kontekstində bir Azərbaycan modelini yaradıb: “1995-ci ildə qəbul edilən Konstitusiyamızda azad söz hüququ təsbit edilib. Bundan başqa, məlumat azadlığı, media azadlığı ayrıca bəndlərlə ifadə olunub. Ölkəmizdə media azadlığını təmin edən qanunlar hazırlanıb və müasir dövrün tələblərinə uyğun formalaşdırılıb, düzəlişlər edilib. Bu gün tam cəsarət ilə demək olar ki, ölkəmizdə azad medianın inkişafına lazım olan təminatı yarada bilmək gücündə olan hüquqi mexanizm fəaliyyət göstərir”.
A.Quliyev həm də qeyd edib ki, dövlətimizin medianın inkişafına dəstəyi olduqca böyükdür. Xüsusilə KİV-in inkişafı ilə bağlı konsepsiyanın hazırlanması, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması medianın inkişafında böyük rol oynadı: “Bu, dünyanın hər hansı bir ölkəsində rast gəlinməyən bir modeldir. Azərbaycan bu modeli, institutu çox yüksək səviyyədə yarada bilib. Bu gün KİV-ə dövlət dəstəyi ölkəmizdə medianın inkişafını təmin edir, jurnalistlərin sosial vəziyyətinin daha da yaxşılaşmasında rol oynayır. Mətbuat Şurasının azad sözün inkişafındakı rolu da xüsusi qeyd edilməlidir”.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də vurğulayıb ki, Azərbaycanda qəbul edilmiş KİV haqqında qanun mətbuat azadlığının geniş şəkildə təmin olunmasına imkan verir. Azərbaycan dövlətinin mətbuata verdiyi dəstəyin göz qabağında olduğunu söyləyən E.Mirzəbəyli bu dəstəyin, ilk növbədə, Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ortaya qoyulduğunu önə çəkib: “Azərbaycanda müstəqil medianın inkişafı məhz həmin tarixdən başlanır. Təsadüfi deyil ki, ölkədə senzuranın ləğvi də Ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilib. Senzuranın ləğvindən sonra medianın inkişafı istiqamətində kifayət qədər genişmiqyaslı tədbirlər həyata keçirilməyə başlanıldı”.
Azərbaycan Prezidenti İlham Əliyevin bu yolu davam etdirdiyini deyən E.Mirzəbəyli azad mətbuatın inkişafı üçün bütün mümkün imkanlardan istifadə edildiyini və dövlətin qayğısının medianın üzərindən heç bir zaman əskik olmadığını bildirib. Onun sözlərinə görə, KİV haqqında konsepsiyanın qəbul edilməsi, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, fond vasitəsilə həyata keçirilən layihələr, həm maliyyə, həm də sosial baxımdan mediaya ciddi dəstəyin verilməsi, jurnalistlərin mənzil problemlərinin həlli olduqca mühüm addımlardır: “Azərbaycan dövləti bunun qarşılığında mediadan yalnız dövlət maraqlarının, milli mənafeyin qorunması prinsipinə riayət olunmasını istəyir. Siyasi dünya görüşündən asılı olmayaraq bütün media qurumlarına bərabər münasibətin olması, bərabər şəraitin yaradılması Azərbaycan dövlətinin mediaya münasibətinin bariz sübutudur”.
CASCFEN sədri Azər Həsrət isə bildirib ki, ölkəmizdə KİV-lə bağlı qanunvericiliyin mükəmməlliyi, eləcə də azad sözə, azad fikrin ifadəsinə göstərilən diqqət və qayğı dünyanın aparıcı beynəlxalq qurumları və onların ekspertləri tərəfindən də qəbul edilən faktdır. Bu gün Azərbaycanda mətbuatda senzura, hər hansı bir qadağa yoxdur, Konstitusiyamızda azad sözün ifadəsi ilə bağlı müddəalar öz əksini tapıb: “Həmin Konstitusiya normaları ümumilikdə ölkəmizdə söz və ifadə azadlığının, mətbuat azadlığının təminatı ilə bağlı şərait yaradır. Təbii ki, dövlət də öz üzərinə düşən məsuliyyəti yerinə yetirir. Bu gün istənilən şəxs KİV fəaliyyəti ilə məşğul ola bilir, onun fəaliyyətinə heç kim kənardan müdaxilə etmir. Azərbaycanda qəzetlərin qeydiyyatı prosesi olduqca asandır. Bütövlükdə götürdükdə bizim bu gün üçün Azərbaycanın mətbuat palitrasında ciddi sayıla biləcək hər hansı bir problemimiz mövcud deyil. Hesab edirəm ki, Azərbaycan mətbuatı hazırkı vəziyyətində dünyanın bir çox ölkələrinin mətbuatına nümunə ola biləcək səviyyədədir”.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli də qeyd edib ki, Azərbaycanda söz azadlığının təmin olunması üçün mühüm işlər görülüb. Onun sözlərinə görə, KİV-lə bağlı qanunvericilik bazası təkmilləşdirilib. M.Ələsgərli onu da bildirib ki, ölkə Konstitusiyasında təsbit edilən söz azadlığı, mətbuat azadlığı ilə bağlı müddəalar da ölkəmizdə plüralizmin inkişafına xidmət göstərir: “Bundan başqa, KİV-lərin fəaliyyətinə sərbəst mühit yaradılıb. Demək olar ki, keçmiş postsovet məkanında medianın inkişafı üçün atılan addımlar baxımından Azərbaycan bir nümunədir. Məsələn, 2008-ci ildə KİV-in inkişafı ilə bağlı qəbul edilmiş konsepsiya, eləcə də yaradılan Fond keçmiş sovetlər məkanında bir yenilikdir. Bu hətta dünyanın ən inkişaf etmiş ölkələri ilə də müqayisə oluna bilər. Bu, dövlətin medianın inkişafına göstərdiyi qayğıdır, KİV-lərin sosial-iqtisadi inkişafına göstərilən çox ciddi bir dəstəkdir”.
M.Ələsgərli onu da vurğulayıb ki, peşəkarlığın artırılması istiqamətində də çox ciddi işlər görülür. Onun sözlərinə görə, bu gün ifadə azadlığının ən mühüm komponentlərindən biri internetin inkişafıdır. Bu həm də alternativ fikir mənbələrinin dəyərləndirilməsi kimi qəbul edilir: “Qeyd edilən istiqamətdə Azərbaycanda ciddi uğurlar var. Ölkəmiz internetdə azad fikrin yayılması baxımından ən inkişaf etmiş ölkələrdən sayılır. İnternetdən istifadə edənlərin sayı 80 faizə çatır. Bu gün ölkəmizdə 300-ə qədər internet media resursu və eləcə də ənənəvi KİV-lərin də internet versiyaları fəaliyyət göstərir. Sosial şəbəkələrin istifadəçilərinin sayı isə milyonu keçib. Bütün bunlar onu deməyə əsas verir ki, söz, mətbuat və ifadə azadlığı ölkəmizdə yüksək səviyyədə təmin edilir”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 575 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30