Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Azərbaycanlıların soyqırımı” kitabının təqdımatı olub

“Azərbaycanlıların soyqırımı” kitabının təqdımatı olub

04.04.2017 [09:04]

Səbail Rayon İcra Hakimiyyətinin (RİH) təşəbbüsü, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə ötən il keçirilmiş “31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda elmi-praktik konfransdakı çıxışların əsasında kitab hazırlanması qərara alınıb. Mart soyqırımının ildönümü günlərində təşkilatçıların birgə hazırladığı, ADPU-nun müəllim və tələbələrinin, tarixçilərin konfransdakı çıxışlarından və mövzulara aid xeyli fotoşəkildən ibarət, nəfis tərtibatlı “Azərbaycanlıların soyqırımı” kitabı çap olunub.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyinin, dövlət qurumlarının nümayəndələrinin, Milli Məclisin deputatlarının, ziyalıların iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində aprelin 3-də kitabın təqdimat mərasimi keçirilib.
Tədbirdə Səbail RİH-in başçısı Eldar Əzizov 31 Mart hadisələrindən bəhs edib.
Qeyd olunub ki, Azərbaycan xalqı XX əsrdə bir neçə dəfə soyqırımlarına məruz qalıb. Uzun illər azərbaycanlıların əzəli torpaqlarına sahib çıxmaq və burada “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan erməni qəsbkarları 1918-ci ildə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv etmiş, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmışlar.
Ötən əsrin 80-ci illərində isə SSRİ-nin süqutunun sürətlənməsindən istifadə edən ermənilər öz havadarlarının köməyi ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün Azərbaycana qarşı birbaşa hərbi təcavüzə başlayıblar. 1992-ci ilin fevralında isə Xocalıda azərbaycanlılara qarşı növbəti soyqırımı törədilib, daha sonra isə torpaqlarımızın 20 faizi işğal olunub.
E.Əzizov bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra uzun illər gizli saxlanılan həqiqətlər açılıb, təhrif edilən hadisələr əsl qiymətini alıb. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşib.
Ulu öndərin ideya və əməllərini yaşadan Prezident İlham Əliyevin fəaliyyəti sayəsində Qarabağ probleminin həlli istiqamətində mərhələli addımlar atılır, ölkənin iqtisadi gücü artır və siyasi nüfuzu güclənir.
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev, ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı 1918-ci il hadisələri, sonrakı illərdə ermənilərin Azərbaycan xalqına qarşı təcavüz faktları, onların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülmüş işlər barədə danışıblar.
Digər çıxış edənlər vurğulayıblar ki, hər bir faciənin elmi cəhətdən araşdırılması və tarixi faktların dünya ictimaiyyətinə dolğun çatdırılması həmin hadisəyə obyektiv siyasi-hüquqi qiymətin verilməsinə, günahkarların layiqli cəzasına çatmasına və gələcəkdə belə halların qarşısının alınmasına həlledici təsir göstərə bilər.
Bununla əlaqədar rayonun 163 nömrəli tam orta məktəbinin direktoru Sevil Cavadova məktəb kollektivi adından kitabın ingilis dilinə tərcümə edilməsi və bu işin məktəb kollektivinə həvalə olunması təklifini irəli sürüb.
Təklif razılıqla qarşılanıb və növbəti ildə kitabın ingilis dili variantının hazırlanaraq təqdimatının keçirilməsi və kitabın beynəlxalq ictimaiyyətə çatdırılması qərara alınıb.

Paylaş:
Baxılıb: 613 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31