Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ağcabədi rayonu yüksək iqtisadi inkişaf dövrünü yaşayır

Ağcabədi rayonu yüksək iqtisadi inkişaf dövrünü yaşayır

17.09.2009 [10:04]

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində görülən məqsədyönlü tədbirlər Ağcabədinin simasını əsaslı şəkildə dəyişdirərək onu abad bir rayona çevirib, rayon əhalisinin maddi rifah halını xeyli yaxşılaşdırıb
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu ölkəmizi nəinki regionun liderinə, eyni zamanda dünyanın inkişaf etməkdə olan dövlətlərindən birinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illər) Azərbaycanın inkişafına təkan verib. Sənədin imzalanmasından sonra aparılan işlər və əldə edilən nəticələr belə deməyə əsas verir. Bundan başqa, dövlət başçısının səfər etdiyi hər bir şəhər və rayonda yerli rəhbərlərə sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi xüsusi tapşırıqlar da diqqət mərkəzindədir. Bu, özünü Ağcabədidə də qabarıq şəkildə büruzə verir. “Yeni Azərbaycan” qəzeti olaraq 2004-2008-ci illəri əhatə etmiş “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yerlərdə necə həyata keçirilməsini, rayon, şəhər, qəsəbə və kəndlərimizin necə inkişaf etməsini oxucularımıza bir daha əyani surətdə çatdırmaq üçün başladığımız layihəni davam etdiririk.
“İri qəsəbə”nin qısa tarixi
Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Rayonun adının mənası iri məskən (ağca-iri, badi-məskən, qəsəbə) deməkdir. Bu ərazidə yerləşən maddi əlamətlərdən olan eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları - Kamiltəpə, Nərgiztəpə, Qaraköbər, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək deyirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir olunması güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlarına qəbiristanlıqlarda rast gəlmək olur. Ağcabədi rayonu 1930-cu ildə təşkil olunub, 1963-cü ildə isə yenidən ləğv olunub, Ağdam rayonunun tabeliyinə verilib. Lakin 1965-ci ildə yenidən ayrılaraq rayon statusu alıb. Ağcabədi rayonunun ərazisində tarixi, memarlıq və incəsənət abidələri mövcuddur. Belə ki, rayonda eneolit, tunc, antik dövr və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları mövcuddur.
Ağcabədi rayonuna və onun zəhmətsevər insanlarına yüksək diqqət və qayğının təzahürü
Azərbaycan Prezidenti İlham Əliyevin ötən il yanvarın 17-də Ağcabədi rayonuna səfəri və bu səfər çərçivəsində bir neçə obyektin açılışında iştirak etməsi rayonun tarixinə ən əlamətdar hadisələrdən biri kimi yazılıb. Belə ki, Prezident İlham Əliyev səfər çərçivəsində Ulu öndər Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edib, uzun illərdən sonra Ağcabədiyə verilən qazın bərpa məşəlini alovlandırıb. Dövlət başçısı cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Ulu öndər Heydər Əliyev muzeyinin açılışında, rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilmiş 3 mərtəbəli, 24 mənzilli binanın istifadəyə verilməsi mərasimində iştirak edib. Prezident İlham Əliyev rayon ictimaiyyəti ilə görüşündə Ağcabədidə son bir neçə il ərzində böyük işlər görüldüyünü qeyd edib, rayonda gedən quruculuq işlərinin daha da sürətləndirilməsi üçün müvafiq tədbirlərin bundan sonra da görüləcəyini bildirib. Elə bu məqsədlə də dövlət başçısı 22 yanvar 2008-ci il tarixində Ağcabədi rayonunda sosial-iqtisadi inkişafı sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ağcabədi rayon İcra Hakimiyyətinə 2 milyon manat vəsait ayrılması haqqında Sərəncam imzalayıb. Ağcabədililər dövlət başçısının rayona səfərini Onun Ağcabədi rayonuna, rayonun zəhmətsevər insanlarına olan diqqət və qayğısının aydın təzahürü kimi qiymətləndirirlər.
Əhalinin məşğulluq səviyyəsi xeyli yüksəlib
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icra olunması nəticəsində Ağcabədi rayonunda böyük nailiyyətlər qeydə alınıb. Aparılan məqsədyönlü tədbirlər Ağcabədinin simasını əsaslı şəkildə dəyişərək onu abad bir rayona çevirib, rayon əhalisinin maddi rifah halını yaxşılaşdırıb.  Rayonda 2003-cü ilin oktyabr ayından 2008-ci ilin sonuna kimi 11.459 yeni iş yeri açılıb ki, bunlardan da 5256-sı daimi iş yerləridir. Təkcə 2008-ci ildə açılan 1748 yeni iş yerlərindən 875-i daimidir.
Eyni zamanda, rayonda sahibkar və iş adamları üçün yaradılan münbit şərait nəticəsində yeni istehsal, emal və xidmət obyektləri tikilərək istifadəyə verilib. Görülən tədbirlər nəticəsində rayonda əhalinin məşğulluq səviyyəsi xeyli artıb. Rayonun mərkəzində və kəndlərində yeni tikintilərin aparılması, əlavə olaraq iş yerlərinin açılması bunun əyani sübutudur.
Tikinti - quruculuq işləri rayonun görkəmini tamamilə dəyişdirib
Azərbaycanın hər yerində müşahidə olunan böyük quruculuq və abadlıq işləri Ağcabədi rayonunda da geniş vüsət alıb. Xüsusilə, Dövlət Proqramının birinci mərhələsinin icra olunduğu illər ərzində yeni yaradılmış müəssisələr, mədəniyyət və iaşə obyektləri, parklar, istirahət guşələri həm də Ağcabədinin görkəmini tamamilə dəyişdirib, onun müasir görkəm almasına şərait yaradıb. Belə ki, bu illər ərzində ərazisi 4 hektar olan Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı yenidən qurulub, parkda Ulu öndər Heydər Əliyevin büstü qoyulub. İnsanların istirahəti üçün tam şərait yaradılıb, əraziyə müxtəlif çeşidli minlərlə bəzək ağacı və gül kolları əkilib.
Rayonda aparılan quruculuq işlərindən danışarkən, xüsusi olaraq, ötən il Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib istifadəyə verilmiş Qarabağ Muğam Mərkəzini qeyd etməliyik. Tikintisinə 1 milyon 589 min manat vəsait xərclənən Mərkəz yay və qış salonlarından, tədris korpusundan ibarətdir. Hazırda Qarabağ Muğam Mərkəzində Ağcabədi, Ağdam, Laçın, Beyləqan, Xocavənd və digər rayonlardan olan 60 nəfərdən çox gənc muğamın incəliklərini öyrənir.
2006-ci ildə Heydər Əliyev Muzeyi tikilib istifadəyə verilib, rayon Icra Hakimiyyətinin inzibati binası qarşısında Ulu öndər Heydər Əliyevin möhtəşəm heykəli ucaldılıb. 2006-2008-ci illərdə rayonda Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 24 və 16 mənzilli yaşayış binası tikilib istifadəyə verilib. Rayonun 4 giriş istiqamətində və şəhərin girişində ülu öndər Heydər Əliyevin portretlərini əks etdirən abidə kompleksləri tikilib, şəhər, qəsəbə və kəndlərdə 700-dən artıq yararsız ticarət, xidmət və digər obyektlər götürülərək müasir üslubda 411-dən çox ticarət, xidmət, iaşə və s. obyektlər tikilib istifadəyə verilib. Son 5 ildə 98000 kv.m-dən çox fərdi yaşayış sahəsi tikilib, Hindarx qəsəbəsində yeni ticarət mərkəzi, ərazisi 2 hektar olan yeni park salınıb. Su Kanal idarəsinin, DSMF Ağcabədi rayon şöbəsinin , 82 saylı Ağcabədi Dairə Seçki Komissiyasının, Torpaq, Bitki və Su analizi laboratoriyasının yeni binaları tikilib istifadəyə verilib, Maliyyə idarəsinin binasının tikintisində son tamamlama işləri aparılır, rayon İcra Hakimiyyətinin inzibati binası, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının tədris korpusu, “Kapital Bank”ın Ağcabədi filialının, Dövlət Sığorta Şirkətinin Ağcabədi rayon şöbəsinin, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binaları, Ağcabədi Pedaqoji Texnikumunun tədris korpusu əsaslı təmir edilib.
İqtisadi inkişaf dinamikası ildən-ilə artmaqdadır
Dövlət Proqramının icra olunduğu illər ərzində iqtisadi göstəricilər də ilbəil artıb. İllik göstəricilər arasında aparılan müqayisələr bu qənaətə gəlməyə əsas verir. Belə ki, Proqramın icra olunduğu sonuncu - 2008-ci ildə rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 141.849,7 min manat olub. ümumi məhsul buraxılışının həçmı 2007-ci ilə nisbətən 23,5 faiz atrıb, rayon üzrə ümumi məhsul buraxılışının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 80,5 faiz təşkil edib. İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı sənaye üzrə 9.988, 2 min manat, kənd təsərrüfatı üzrə 65.755,6 min manat, tikinti üzrə 29.121,4 min manat, nəqliyyat üzrə 2.468,3 min manat, rabitə üzrə 498 min manat, ticarət üzrə 34.018,2 min manat olub. Son 5 illə müqayisədə bütün sahələrdə artımlar olub. Belə ki, 2004-cü ildə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 51.641,1 min manatdan 141.849,7 min manata çataraq 90.209 min manat artıb. Əsaslı kapital qoyuluşunun həcmi 2004-cü ildə 2 min manatdan, 2008-ci ildə 21.266,3 min manata çataraq 10,6 dəfə artıq olub. Rayon üzrə orta aylıq əməkhaqqı 2004-cü ildə 53,5 manat təşkil etdiyi halda, 2008-ci ildə 156,5 manat olub ki, son beş ildə 2,9 dəfə və ya 109 manat artıb.
Aparılmış torpaq islahatları nəticəsində rayonun torpaq fondundan dövlət mülkiyyətinə 100855 hektar, bələdiyyə mülkiyyətinə 23427 hektar, xüsusi mülkiyyətə 51498 hektar torpaq sahəsi ayrılıb. Rayonda torpaq payı almaq hüququ olan 17197 ailəyə - 80007 vətəndaşa 47389 hektar torpaq payı verilib.
Təhsilin inkişafı diqqət mərkəzindədir
Son illər rayonda baş vermiş müsbət irəliləyişləri təhsil sahəsində açıq-aşkar görmək mümkündür. Əvvəlki dövrlərlə son illərin göstəricilərini müqayisə etsək, onda aradakı fərqin hansı səviyyədə olduğu ortaya çıxar. Belə ki, Ağcabədi rayonunda 2003-cü ilə qədər 360 şagird yerlik şəhər 12 saylı orta məktəbi istisna olmaqla heç bir yeni ümumtəhsil məktəbi tikilib istifadəyə verilməyib. Lakin təkcə 2008-ci ildə 360 şagird yerlik şəhər 7 saylı, 640 şagird yerlik şəhər 8 saylı, 180 şagird yerlik Xocavənd kənd əsas, 220 şagird yerlik Şahsevən Təzəkənd kənd orta məktəbi tikilib istifadəyə verilib, şəhər 1 və 11 saylı orta məktəbləri əsaslı təmir edilib, Hindarx qəsəbə 2 saylı əsas məktəbin dam örtüyü, Xocavənd kənd 1 saylı orta məktəbin dam örtüyü yenidən vurulub. Nizami adına Avşar kənd orta məktəbi üçün 480 şagird yerlik, Gələbədin kənd orta məktəbi üçün 360 şagird yerlik, Nəcəfqulubəyli kənd orta məktəbi üçün 320 şagird yerlik yeni məktəbin tikintisinə başlanıb.
Umumiyyətlə, son 5 ildə rayonda Heydər Əliyev Fondunun xətti ilə 6, Dövlət Proqramına əsasən 10, Humanitar və qeyri-hökumət təşkilatlarının xətti ilə 9 məktəb binası tikilib istifadəyə verilib.
Hazırda rayonda 62 orta ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, onlardan da 50-si orta, 11-i əsas və 1-i ibtidai məktəbdir. Həmin məktəblərdə 21146 nəfər şagirdin təlim-tərbiyəsi ilə 2797 nəfər müəllim məşğul olur ki, onlardan da 2021 nəfəri ali təhsillidir. Rayonda Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı, Ağcabədi Pedaqoji Texnikumu, Sumqayıt Musiqi Texnikumunun Ağcabədi filialı, Ağcabədi Texniki Peşə məktəbi fəaliyyət göstərir.
“Azərbaycan Respublikasında ümumtəhsil Məktəblərinin İnformasiya-Kommunikasiya Texnologiyaları ilə təminatı (2005-2009-cu illər) Proqramı”na əsasən rayon məktəbləri 566 ədəd kompyuterlə təmin edilib. Proqrama əsasən hər 29 şagirdin 1 kompyuterlə təmin olunması planlaşdırılır. Hazırda Ağcabədi rayonunun orta ümumtəhsil məktəblərində hər 36 şagird 1 kompyuterlə təmin edilib.
Qeyd edək ki, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında 391 nəfər tələbə təhsil alır. Onların təlim-tərbiyəsi ilə məşğul olan 48 nəfərdən ibarət müəllim heyətinin 1 nəfəri elmlər doktoru-professor, 9 nəfəri elmlər namizədi-dosent, 8 nəfəri elmlər namizədi-baş müəllim, 19 nəfəri baş müəllim, 11 nəfəri isə müəllimdir. Filialın tədris korpusu 2008-ci ildə əsaslı təmir edilib. 2001 -ci ildə Şuşa Mədəni-Maarif Texnikumunun Ağcabədi şöbəsinin bazası əsasında yaradılan Ağcabədi Pedaqoji Texnikumunda isə 42 əyani texniki təlim vasitəsi ilə təmin olunan auditoriya, 200 yerlik iclas zalı var. 2008-ci ildə Texnikumda xeyli abadlıq işləri görülüb, məktəbin foyesində Ulu öndər Heydər Əliyevin büstü qoyulub, müasir idman zalı inşa edilib. Texnikumda 4 ixtisas üzrə 1114 nəfər tələbənin təlim-tərbiyəsi ilə 102 nəfər müəllim kollektivi məşğul olur. Hazırda 600 nəfərlik iclas zalının bünövrəsi qoyulub ki, bu zal 2009-cu il ərzində istifadəyə veriləcək.
Kənd təsərrüfatının inkişafı sahəsində Görülən işlər bəhrəsini verməkdədir
Bildiyimiz kimi, kənd təsərrüfatı qeyri-neft sektorunda əsas yerlərdən birini tutur. Elə bu səbəbdən də dövlət kənd təsərrüfatının inkişafı sahəsində ciddi işlər həyata keçirir. Sevindirici haldır ki, bu tədbirlər artıq öz bəhrəsini verməkdədir. Bunu Ağcabədi rayonunda qeydə alınan nəticələr də sübuta yetirir. Belə ki, hesabat dövründə rayonda 13177 hektar sahədə dənli və paxlalı bitkilər əkilib, 51084 ton məhsul istehsal edilib, hər hektardan 38,7 sentner məhsul götürülüb. 2008-ci ildə rayonda 284 hektar sahədə kartof əkilib, 3558 ton məhsul istehsal olunub. 2008-ci ildə 2004-cü ilə nisbətən 217 ton çox kartof istehsal edilib. Rayonda 612 hektar sahədə tərəvəz əkilib, 7571 ton tərəvəz məhsulu yığılıb. 290 hektarda bostan bitkiləri əkilib, 6472 ton bostan məhsulları istehsal olunub, 1787 hektar meyvə bağlarından 11417 ton meyvə toplanıb. 2219 ton üzüm istehsal edilib.
2008-ci ildə 1526 hektar sahədə şəkər çuğunduru əkilərək 43.844 ton məhsul istehsal edilib. 2005-ci ildə cəmi 180 hektar sahədə çuğundur əkildiyi halda, bu rəqəm 2008-ci ildə 1346 hektar olub.
İribuynuzlu mal-qaranın sayı 2008-ci ildə 82.085 baş olub. Bu rəqəm 2004-cü ildəkindən 1527 baş çoxdur. Qoyun və keçilərin sayı son 5 ildə 2957 baş artaraq 322461 baş olub. Quşların sayı 2008-ci ildə 316.494 baş olub ki, bu da son 5 ildəkindən 3974 baş çoxdur.
Ət istehsalı 2008-ci ildə son 5 ilə nisbətən 435 ton artaraq 5438 ton (kəsilib çəki hesabı ilə), süd istehsalı 603 ton artaraq 48192 ton, yumurta istehsalı 553 min ədəd artaraq 11 milyon 881 min ədəd, yun istehsalı 367 ton artaraq 975 ton olub.
Səhiyyədə ən müasir texnologiyalar tətbiq edilir
Bütün digər sahələrdə olduğu kimi, səhiyyənin inkişaf etdirilməsini, bu istiqamətdə ən müasir texnologiyaların tətbiqini təmin etmək məqsədilə bir sıra mühüm işlər həyata keçirilib. Qeyd edək ki, hazırda Ağcabədi rayon Mərkəzi Xəstəxanasının nəzdində 2 şəhər, 1 qəsəbə, 9 kənd xəstəxanası, 17 kənd həkim ambulatoriyası və 22 feldşer-mama məntəqəsi fəaliyyət göstərir.
ötən dövr ərzində Mərkəzi Xəstəxananın 140 çarpayılıq əsas binası, doğum evi, Uşaq xəstəxanası, Uşaq poliklinikası, infeksiya şöbəsi, rentgen şöbəsi, fizioterapiya şöbəsi, Hacıbədəlli, Pərioğullar, Kəhrizli kənd ambulatoriyaları, Cəfərbəyli feldşer-mama məntəqəsi əsaslı, H.Məmmədov adına Avşar kənd xəstəxanası, Qaravəlli kənd xəstəxanası isə cari təmir edilib. 2005-ci ildə Yuxarı Qiyaməddinli kənd həkim ambulatoriyası, 2006-cı ildə Yeni Qaradolaq, Aran, Ağabəyli, Aşağı Avşar kənd feldşer-mama məntəqəsi, Salmanbəyli kənd həkim ambulatoriyası, 2007-ci ildə Şərəfxanlı, Rəncbərlər kənd həkim ambulatoriyaları üçün yeni bina tikilib. 2008-ci ildə 5 həkim ambulatoriyası və 4 fledşer-mama məntəqəsi üçün yeni bina tikilib, Hüsülü kənd xəstəxanasında əlavə 10 çarpayılıq binanın tikintisinə başlanılıb.
Son 5 il ərzində rayon Mərkəzi Xəstəxanasının maddi-texniki bazası xeyli möhkəmlənib, 2 ədəd UZİ aparatı, 2 ədəd bakterioloji analizator, 2 ədəd KUVEZ, Narkoz sorucu aparatlar, Əməliyyat otağı üçün işıqlandırıcı, cərrahi və doğum dəstləri, yumşaq və bərk inventarlar alınıb.
Əhalinin sosial-müdafiəsi gücləndirilir
Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən islahatlar ölkə əhalisinin maddi-rifah halının yaxşılaşdırılmasına xidmət edir. Aztəminatlı təbəqənin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, həmçinin, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi, ünvanlı sosial yardımın təyin edilməsi və digər məsələlər Ağcabədi rayonunda da diqqət mərkəzində saxlanılır. 2008-ci il ərzində mərkəzdə 10118 ailənin 23573 nəfər üzvünü əhatə edən kontingentin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə müxtəlif növ sosial müavinət, təqaüd və sosial yardım formasında 5.243.700 manat vəsait ödənilib. “Şəhid ailələri üçün Azərbaycan Respublikası Prezidenti təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq 186 şəhid ailəsinin işi qəbul edilib və şəhid ailəsi üzvü statusu almış 283 nəfərə 204.985 manat məbləğində təqaüd ödənilib. Həmçinin, Prezidentin 09 sentyabr 2008-ci il tarixli Fərmanı ilə müharibə əlillərinə Prezident təqaüdü təsis edilib ki, bu da rayonda 141 nəfərin Prezident təqaüdü almasına səbəb olub. 3 nəfər Qarabağ müharibəsi əlilinə “OKA” markalı minik avtomaşını verilib.
Qeyd olunmalıdır ki, 2008-ci ildə 3931 ailəyə ünvanlı sosial yardım təyin edilib. ünvanlı sosial yardım təyin edilən 3.931 ailənin 16.853 nəfər üzvünə 3.430.659 manat ünvanlı sosial yardım ödənilib. Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsi tərəfindən 17.084 nəfər pensiyaçıya xidmət göstərilib ki, bunlardan 10.395 nəfəri yaşa görə, 5.569 nəfəri əlilliyə görə, 1120 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır.
rayonun enerji ilə təminatında qarşıya çıxan problemlər həll olunur
Dövlət Proqramının icra olunduğu illər ərzində rayonda əhalinin işıq, qaz və içməli su ilə təminatı istiqamətində də müsbət dəyişikliklər müşahidə olunub.
İçməli su: Hesabat dövründə “Azərsu ASC” - nin xətti ilə Ağcabədi şəhər əhalisinin içməli su ilə təmin olunması üçün Yuxarı Qarabağ kanalından 7,2 km uzunluğunda içməli su xətti çəkilib. Rayonun Aran, Kəbirli, Mehrablı, Qaradolaq, Yeni Qaradolaq kəndlərində yaşayan əhalinin içməli su problemini həll etmək üçün 4 ədəd artezian quyusu vurulub, tutumu 130 ton olan 3 ədəd su qülləsi tikilib və 27 km uzunluğunda su xətti çəkilib. Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə Ağcabədi rayonunun 3 yaşayış məntəqəsində əhalinin içməli su ilə təmin edilməsi üçün tikinti işləri aparılıb, Nəcəfqulubəyli kəndində “Modul” tipli sutəmizləyici qurğu istifadəyə verilib. Bunun davamı olaraq 2009-cu ildə Ağcabədi şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması işinə başlanacaq. Rayonun 1 qəsəbə və 44 kənd ərazisində əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün hər birində 1 ədəd artezian quyusunun qazılmasına ehtiyac var.
Təbii qaz: Rayonun qazlaşdırılmasına 2007-ci ildən başlanıb. Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2005-ci il tarixli 635 saylı Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı üzrə (2005-2015-ci illər) Dövlət Proqramı”na əsasən Ağcabədi şəhərinin qazlaşması ilə əlaqədar 2007-ci ildə müxtəlif diametrlərdə 26329 paqonmetr, 2008-ci ildə isə müxtəlif diametrlərdə 84067 paqonmetr küçə qaz kəmər xətləri çəkilib. 2008-ci ilin sonuna 5116 abonentə təbii qaz çəkilişi başa çatdırılıb.
Elektrik enerjisi: Əhalinin elektrik enerjisi ilə təmin olunması sahəsində qarşıya çıxan problemlər də artıq tam həll olunmaq  üzrədir. Təkcə 2008-ci il ərzində istehlakçılara 217.475.286 kvt/saat enerji ötürülüb, verilən enerjinin dəyəri 13.048.517 manat, ödənişi 10.405.716 manat olmaqla icrası 79,7 faiz təmin edilib. O cümlədən, əhali istehlakçılarından 34.777.064 kvt/saat enerji istifadə olunmuş, onun 2.086.624 manat dəyərindən 1.754.479 manat ödənərək 84,92 faiz yerinə yetirilib.
Poçt və rabitə xidmətləri: Ağcabədi rayonunun əhalisinə poçt və rabitə xidməti sahəsində də müəyyən işlər görülüb. “Azərpoçt” Dövlət müəssisəsinin Ağcabədi Poçt filialının kollektivi 2008-ci ildə proqnoz tapşırıqlarını 63.200 manata qarşı 84.800 manat yerinə yetirərək tapşırığa 134 faiz əməl edib. Bu da nəzərdə tutulan proqnozdan 21.600 manat çoxdur. Əhaliyə göstərilən pullu rabitə xidməti 37.000 manata qarşı 52.800 manat, 143 faiz yerinə yetirilib ki, bu da proqnozdan 15.800 manat çoxdur. 2008-ci ildə şəhər 4 saylı və Yeni Qaradolaq Poçt şöbələri tikilib istifadəyə verilib. Ağcabədi Telekommunikasiya Qovşağı tərəfindən 2008-ci ildə rayonun 11 kəndinin daxili xətt şəbəkəsinin tikintisi başa çatdırılıb, Cəfərbəyli kəndində Elektron Avtomat Telefon Stansiyası qurulub, rayonda 2004 ədəd yeni telefon çəkilərək abunəçilərin istifadəsinə verilib.
Kommunal xidmətlər: Rayonda əhaliyə göstərilən kommunal xidmətin yaxşılaşdırılması, şəhərin təmiz saxlanması istiqamətində Kommunal Müəssisələri və Mənzil İstismar idarəsinin kollektivi xeyli işlər görüb. 2008-ci ildə 8 ictimai binanın dam örtüyü dəyişilib, 6 ictimai binanın fasadı müasir üslubda əsaslı təmir olunub, 2 ictimai binanın kanalizasiya sistemində təmir işləri aparılıb. Təmizlik üzrə işçilərin sayı 2004-cü ildə 20 nəfərdən 2008-ci ildə 41 nəfərə çatdırılıb.
Yol tikintisi: Ağcabədi 33 saylı Yol İstismar İdarəsi tərəfindən 2008-ci ildə 7,4 km respublika əhəmiyyətli yola asfalt örtüyü salınıb, 2,1 km yerli əhəmiyyətli, 11,4 km kənddaxili yola çınqıl tökülərək təmir edilib. Şəhərin daxili küçələrinin yol birləşmələrinə və dalan tipli yollara 47107 kv.m asfalt örtüyü salınıb.
Ağcabədi ictimaiyyətinin yeganə seçimi Yeni Azərbaycan Partiyasıdır
Həmişə dövlətə və dövlətçiliyimizə sadiqliyi ilə seçilən Ağcabədi rayonunun ictimaiyyəti siyasi və ictimai aktivliyi ilə də ön sıralarda dayanır. Bu, həm də rayonda yaradılmış müsbət şəraitlə əlaqədardır. Hazırda Ağcabədidə 19 ictimai təşkilat fəaliyyət göstərir.
Rayonun ictimai-siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının sıralarında hazırda 6036 nəfər üzv var. Bu  günə kimi ölkədə keçirilən bütün siyasi kampaniyalarda yüksək fəallığı ilə seçilən YAP Ağcabədi rayon təşkilatı 2008-ci il oktyabrın 15-də keçirilən Prezident seçkilərində seçicilərin mütəşəkkil iştirakını təmin etmək və YAP-ın Azərbaycan Respublikası Prezidentliyinə vahid namizədi cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin təbliği istiqamətində də fəal iş aparıblar. Eyni zamanda, bu il martın 18-də keçirilmiş referendum zamanı təşkilatın üzvləri Konstitusiya dəyişikliklərinin əhəmiyyətinin ictimaiyyətə çatdırılması işində aktiv rol oynayıblar. YAP Ağcabədi rayon təşkilatının sədri Arif Quliyev dedi ki, hazırda təşkilat qarşıdan gələn bələdiyyə seçkilərinə ciddi hazırlaşır. A.Quliyev əmin olduğunu bildirdi ki, bütün seçkilərdə parlaq qələbələr qazanmış Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində də qalib gələcəyi heç kəsdə şübhə doğurmur. çünki bütün ağcabədililərin yeganə seçimi regionun ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasıdır.
Aqşin ŞAHİNOÄžLU

Paylaş:
Baxılıb: 1812 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ədəbiyyat

MEDİA

Sosial

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31