Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Azərbaycan ədəbiyyatında erməni xisləti”

“Azərbaycan ədəbiyyatında erməni xisləti”

12.05.2018 [15:47]

Professor Buludxan Xəlilovun növbəti kitabı işıq üzü görüb
Bu günlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovun növbəti kitabı işıq üzü görüb. Professorun “Azərbaycan ədəbiyyatında erməni xisləti” adlanan kitabı son 200 ildə Azərbaycan xalqının başına gətirilən bəlaların əsasını təşkil edən çox mühüm məsələyə həsr olunub. Kitabın elmi redaktoru millət vəkili, siyasi elmlər üzrə elmlər doktoru, professor Hikmət Babaoğludur. “Adiloğlu Çap Evi” tərəfindən nəşr olunan kitaba filologiya üzrə fəlsəfə doktoru Ağasən Bədəlzadə və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa rəy veriblər.
Kitabda görkəmli ədiblərimiz Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyli və Yusif Vəzir Çəmənzəminlinin əsərlərində bədnam qonşularımızın xarakterinin əsas cizgiləri - qorxaq və ikiüzlü olmaları, müsəlmanları əsas hədəf kimi götürmələri, milli ədavətin qızışdırıcısı və iştirakçısı rolunda çıxış etmələri, başqa xalqları təqlid etmələri ciddi arqumentlərlə və məntiqi şərhlərlə təhlil olunur. Bundan əlavə, müəllif erməni-müsəlman münasibətləri, ermənilərin öz maraqları naminə başqa millətlərdən istifadə etmələri, digər xalqların nümayəndələrinə yarınmaq üçün min cür oyundan çıxmaları, hazırda yaşadıqları əraziyə gəlmə olmaları və s. barədə məsələləri bədii mətnə istinadla oxuculara təqdim edir, bəzi məqamlarda elmi nöqteyi-nəzərdən təhlil edir.
Kitabda böyük mütəfəkkir M.F.Axundzadənin “Sərgüzəşti mərdi-xəsis” (“Hacı Qara”) əsərində yüzbaşı Ohanın və erməni kəndlilərinin, XX əsrin əvvəllərində realist nəsrimizin ən görkəmli nümayəndələrindən olan C.Məmmədquluzadənin “Kamança” pyesində Baxşının, “Danabaş kəndinin əhvalatları” əsərində Karapetin, “Usta Zeynal” hekayəsində Muğdusi Akopun timsallarında, eləcə də N.Nərimanovun “Bahadır və Sona” romanında və başqa əsərlərdə üzdə dost görünən, arxadan isə xalqımıza qarşı xəyanət yolu tutan ermənilərin iç üzü, qorxaqlığı, hiyləsi və digər əsas mənfi xüsusiyyətlərinin ustalıqla oxucuya çatdırılması peşəkar şəkildə təhlil edilir.
Müəllif Cəfər Cabbarlının “1905-ci ildə”, Nəriman Nərimanovun “Bahadır və Sona” əsərlərini və digər ədiblərimizin yaradıcılığını erməni məsələsinin iç üzünü açmaq və əsl erməni xislətinin nədən ibarət olduğunu göstərmək baxımından təhlil edib. Belə ki, indiyə qədər bəzi tənqidçilər dövrün tələbinə uyğun olaraq C.Cabbarlının “1905-ci ildə” əsərində erməni-müsəlman münasibətlərini xalqlar dostluğu zəminində təhlil ediblər. Bu kitabda isə müəllif C.Cabbarlının həmin əsərdə sətiraltı olaraq erməni xislətini açdığını, əsərin erməni obrazlarının dili ilə onların bəzi naqis xüsusiyyətlərini göstərdiyini oxuculara çatdırır.
B.Xəlilov kitabında peşəkarcasına izah edir ki, Üzeyir Hacıbəylinin məqalələrində, felyetonlarında erməni xislətinin əsasını hansı mənfi xüsusiyyətlərin təşkil etdiyi bəzən açıq, bəzən də kinayə ilə ortaya qoyulub. Kitabda Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığında erməni xislətinin bir çox çalarları ilə də öz əksini tapdığının şahidi oluruq. Belə ki, müəllif “İki od arasında” romanında onların millətlərin arasına “şeytan toxumu” səpməsi, qonşu xalqlara xəyanət etmələri, həmişə özlərini yazıq göstərib “xristianlıq mərhəməti”ndən öz mənfəətləri naminə istifadə etmələrini sübut edən nümunələr gətirib, onları ustalıqla təhlil edib.
Bu kitabda Azərbaycan ədəbiyyatının və ictimai fikrinin görkəmli nümayəndələrinin əsərlərinin təhlili göstərir ki, əslində bir çox hallarda mənfi xarakter daşıyan erməni obrazlarını ədəbiyyata gətirən sözügedən ədiblərimiz bədnam qonşularımızı tanımaq, onların xarakterinə bələd olmaq üçün böyük mənbə qoyub gediblər. Bu baxımdan Buludxan Xəlilovun ötən əsrin əvvəllərindən başlayaraq bütün dövrlərin aktual mövzusuna həsr olunmuş “Azərbaycan ədəbiyyatında erməni xisləti” kitabını Azərbaycan ədəbi tənqidi sahəsində sanballı əsər kimi qiymətləndirmək olar.
Qaşqay Ziyəddinoğlu

Paylaş:
Baxılıb: 582 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31