Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətimizin əsas prioritetlərindəndir

Milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətimizin əsas prioritetlərindəndir

20.11.2018 [09:13]

Ölkəmiz dinlər və millətlərarası dialoqun dərinləşməsinə öz töhfələrini verir
Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və daha da zənginləşdirilməsi siyasətinin, dünya üçün nümunəvi olan dövlət-din münasibətlərinin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Məlum olduğu kimi, Ümummilli lider Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra respublikada vətəndaş qarşıdurmasına son qoydu, etnik separatçılıq və dini zəmində parçalanma təhlükəsini aradan qaldırdı, cəmiyyəti azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi və beləliklə də müstəqilliyimizin əbədiyaşarlığını təmin etdi.
Ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı dövlət siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub
Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə həmçinin xalqın milli-mənəvi-dini dəyərlərinin qorunub saxlanılmasına və daha da zənginləşdirilməsinə, respublikamızda tolerantlıq mühitinin möhkəmlənməsinə böyük həssaslıqla yanaşırdı. Məlumat üçün bildirək ki, Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə Bakıda və bölgələrdə 500-dən artıq məscid tikilib, yüzlərlə məscid isə yüksək səviyyədə təmir olunaraq inanclı insanların istifadəsinə verilib. Ulu öndər Heydər Əliyevin 21 iyun 2001-ci il tarixində imzaladığı müvafiq Fərmanla Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini qurumların Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının aparılması, bu qurumların nizamnamələrinə (əsasnamələrinə) müvafiq qaydada dəyişikliklər və əlavələr edilməsinin təmin olunması, dini qurumların xahişi əsasında dövlət orqanları ilə razılaşmalar əldə edilməsində və dövlət orqanları tərəfindən həlli tələb olunan məsələlərdə dini qurumlara lazımi yardım göstərilməsi, müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı anlaşmanın və bir-birinə dözüm və hörmətli münasibətin möhkəmlənməsinə kömək edilməsi, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması qurumun əsas vəzifələridir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərin qorunması siyasəti uğurla davam etdirilir
Vurğulanmalıdır ki, son 15 ildə respublikamızda milli-mənəvi dəyərlərin qorunması siyasəti uğurla davam etdirilib və Prezident İlham Əliyevin qayğısı sayəsində dövlət-din münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib. Ölkədə din və vicdan azadlığı tam təmin edilib, o cümlədən dini abidələrin, məscidlərin, ibadətgahların bərpası istiqamətində mühüm işlər görülüb. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, indi onların sayı 2250-yə çatıb, həmçinin ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir. Hazırda respublikamızda 300-dən çox məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Ötən il Şamaxı rayonunun Dəmirçi kəndindəki qədim məscidin bərpası başa çatdırılıb. Hazırda Bakıda yerləşən Təzəpir məscidinin ətrafında böyük quruculuq işləri aparılır. Onu da vurğulayaq ki, Cənubi Qafqazda ən böyük məscid 26 dekabr 2014-cü il tarixində məhz Azərbaycanda istifadəyə verilib və Ulu öndər Heydər Əliyevin adını daşıyır. Eləcə də 2016-cı ilin aprelindən tam şəkildə Azərbaycan dövlətinin nəzarətində olan Cocuq Mərcanlı kəndinin bərpa olunması və orada dağıdılmış Şuşa məscidinin oxşarının tikilərək istifadəyə verilməsi Azərbaycan xalqının öz tarixinə, mənəvi dəyərlərinə necə möhkəm tellərlə bağlı olduğunu bir daha təsdiqləyir.
Bununla yanaşı, hər zaman dünyaya tolerantlıq və dialoq məkanı olaraq nümunə göstərilən Azərbaycan dövlətində bu gün də multikultural dəyərlər yaşamaqda və inkişaf etməkdədir. İqtisadi inkişafına görə böyük bir coğrafiyanın aparıcı dövləti sayılan Azərbaycan, eyni zamanda, millətlərarası və dinlərarası dialoq baxımından da nümunəvi bir ölkə kimi xarakterizə olunur. Ölkəmizdə milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan amil kimi deyil, əksinə tolerantlıq, mədəni dialoq mühitinin əsas ünsürləri şəklində çıxış edir. Yeri gəlmişkən, bu ilin oktyabrında keçirilən VI Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev də bildirib ki, əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşamışlar və bu siyasət bu gün də davam etdirilir: “Azərbaycanda bu istiqamətdə dövlət siyasəti çox səmərəlidir və gözəl nəticələrə gətirib çıxarır. Bizim tarixi keçmişimiz, mədəniyyətimiz onu göstərir ki, müxtəlif dinlərin nümayəndələri Azərbaycanda həmişə çox rahat yaşayıblar, bir ailə kimi yaşayıblar. Bizim tarixi, dini abidələrimiz həm qədim tariximizi göstərir, eyni zamanda, göstərir ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələri üçün doğma diyar, doğma məkan olmuşdur”.
Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması milli-mənəvi dəyərlərin qorunması ilə bağlı siyasətin davamlı xarakter daşıdığını təsdiqləyir
Qeyd etmək lazımdır ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması istiqamətində aparılan siyasət çoxşaxəlidir və bu istiqamətdə atılan addımlar davamlı xarakter daşıyır. Prezident İlham Əliyev son 15 ildə qloballaşma şəraitində milli-mənəvi dəyərlərimizin qorunmasına, zəngin mədəniyyətimizin təbliğinə, tariximizin araşdırılmasına dair çoxsaylı Fərman və sərəncamlar imzalayıb. Ölkəmizdə gənc nəslin milli ruhda tərbiyə olunması diqqət mərkəzində saxlanılır. Dövlətin hərtərəfli qayğısı sayəsində cəmiyyətdə xalqımızın milli-mənəvi dəyərlərinə böyük bağlılıq yaranıb. Ölkəmizdə bütün milli və dini bayramlar dövlət səviyyəsində qeyd edilir. Eyni zamanda, tarixdən gələn ənənələrimiz müasir dövrün tələbləri və çağırışları nəzərə alınmaqla daha da zənginləşdirilir. Ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması isə bu sahəyə dövlət dəstəyinin növbəti təzahürüdür. Fond dövlət başçısının 10 oktyabr 2017-ci il tarixində imzaladığı müvafiq Fərmana əsasən yaradılıb. Mütəxəssislər Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasını ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunması və inkişafı, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi sahəsində mühüm addım kimi dəyərləndirirlər. Fond mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir. Fond fəaliyyət göstərdiyi qısa müddətdə paytaxt Bakıda, regionlarda və ölkə hüdudlarından kənarda milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı çoxsaylı tədbirlər keçirib. Fondun fəaliyyət planına milli-mənəvi dəyərlərin təbliğinin təşviqi məqsədilə respublikanın bölgələrini də əhatə edəcək maarifləndirmə işinin aparılması, məqsədli proqramların hazırlanması və həyata keçirilməsi və bu kimi məsələlər daxildir.
Beləliklə, dünyada milli-dini-irqi müxtəlifliyə münasibətdə müşahidə edilən kədərli mənzərə ilə müqayisədə Azərbaycandakı vəziyyət tamam fərqlidir. Hazırda Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Lakin belə rəngarəngliyə baxmayaraq, ölkəmizdə müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanlar arasında heç bir fərq qoyulmur.
Pərviz SADAYOĞLU
Mənəvi Dəyərlərin Təbliği
Fondunun keçirdiyi yazı
müsabiqəsinə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 552 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31