Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Tarif Şurasının müvafiq qərarları kompleks yanaşmaya əsaslanır

Tarif Şurasının müvafiq qərarları kompleks yanaşmaya əsaslanır

07.01.2021 [09:09]

Ekspertlərin qeyd etdikləri kimi, ölkəmizdə vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımlar atılır
Xəbər verildiyi kimi, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib. Tarif Şurasının iclasında SOCAR-ın təklifi əsasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərəri nəzərə alınaraq daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.
Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib ki, Azərbaycan dövlətinin yürütdüyü siyasətin mərkəzində hər zaman insan amili, əhalinin sosial rifahı dayanıb. Bu baxımdan Aİ-92 benzinin və dizel yanacağının qiymətinin dəyişməsi ilə paralel olaraq bunun əhaliyə təsirlərinin qarşısının alınması üçün lazımi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Millət vəkili bildirib ki, dövlət tərəfindən yanacağın qiymətinin təsirinə daha çox məruz qalan sahələrə lazımi dəstək mexanizmiləri hazırlanır: “Belə ki, Tarif Şurasının da qərarında qeyd olunduğu kimi, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaq. Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara da kompensasiya ödəniləcək. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaq. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır. Qiymət dəyişikliklərinin digər sahələrə də təsirinin minimallaşdırılması üçün müvafiq tədbirlər görüləcək. Yəni dövlət bu yollarla qiymət dəyişikliyinin əhaliyə təsirinin qarşısını alır”.
Onun sözlərinə görə, 2019-cu ildən başlayaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə iki inqilabi sosial paket həyata keçirilib. Pandemiya dövründə əhaliyə və biznesə dəstək paketləri reallaşdırılıb. Prezident İlham Əliyevin təsdiq etdiyi sosial paketlərə əsasən, 2019-cu ilin aprel və oktyabr aylarında ölkədə maaşlar, təqaüdlər, müavinətlər və digər ödənişlər kəskin artırılıb. Minimum əməkhaqqı iki dəfə artırılaraq 250 manata çatdırılıb, dövlət sektorunda əməkhaqları 20-100 faiz həcmində artırılıb. Ölkəmizdə minimum aylıq pensiya 200 manata çatdırılıb və ya 72,4 faiz artırılıb. Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə MDB ölkələri üzrə 1-ci yerə, minimum əməkhaqqının alıcılıq qabiliyyəti indeksinə görə isə 2-ci yerə yüksəlib. Bütün bunlar onu göstərir ki, dövlət hər bir qərarı verən zaman, ilk növbədə, öz insanlarını düşünür.
“Hər bir ölkənin hərtərəfli inkişafında iqtisadi amil əsasdır. Nəzərə alsaq ki, dövlətimizin həyata keçirdiyi siyasətin təməlində vətəndaş amili dayanır, bu halda iqtisadi tərəqqinin rolu özünü daha qabarıq şəkildə büruzə verir. Çünki iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlandıqda vətəndaş məmnunluğunun yüksək olması qaçılmazdır. Təkcə son iki ildə həyata keçirilən sosial paketlərə diqqət yetirmək kifayətdir. 2019-cu ildən başlayaraq dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan iki sosial paket 4,2 milyon insanı əhatə etdi. Görülən işlərin davamı olaraq 2020-ci ildə dünyada, o cümlədən ölkəmizdə pandemiya ilə ciddi mübarizə tədbirlərinə başlandığı andan Prezident İlham Əliyev heç bir sosial layihənin təxirə salınmayacağını bildirdi, dövlətimizin başçısının imzaladığı Sərəncam əsasında icra edilən Tədbirlər Planına uyğun olaraq əhaliyə və biznesə dəstək paketləri reallaşdırıldı, həmin proses bu gün də davam edir”. Bu fikirləri isə YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə qeyd edib ki, pandemiya ilə əlaqədar məşğulluq və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir olmaqla, sosial dəstək tədbirləri əhalinin təqribən 5 milyon nəfərini əhatə edib. 190 manat birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılaraq 600 min şəxsi əhatə edib. “Atılan hər bir addım Azərbaycanın iqtisadi və maliyyə imkanlarının aydın mənzərəsini yaradır”, - deyən baş redaktor diqqəti bu məqama da yönəldib ki, 2020-ci ilin əvvəlində pandemiya səbəbindən dünya bazarlarında neftin qiymətində azalma müşahidə olunsa da, ilin sonuna yaxın bu tədbirlərin gücləndirilməsi fonunda müsbət irəliləyişin əldə edilməsi, əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağının və digər neft məhsullarının qiymətinə də təsir edir. “Müqayisəli təhlil aparsaq görərik ki, qardaş Türkiyədə benzinin qiyməti 2020-ci ilin mart ayında bir litrə görə 5,5 lirəyə düşdüyü halda, hazırda 7,2 lirə civarındadır, yəni 32 faiz artım var. Gürcüstanda martda 2,2 lariyə olan benzin ötən ay artıq 2,4 lari təşkil edib. Ukraynada ötən ilin noyabr-dekabr aylarında yanacağın qiyməti 4 faiz bahalaşıb. Rusiyada Yeni il qabağı Aİ-95 benzininin qiyməti 7 faiz artıb. Ötən ilin sonundan etibarən bu tendensiya artıq Avropada da özünü göstərməyə başlayıb. Belə ki, noyabr-dekabr aylarında Avropada dizel yanacağının qiymətində 29 faiz artım qeydə alınıb”, - deyən V.Rəhimzadə diqqəti Tarif Şurasının qərarına yönəldib.
Bildirib ki, tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır. Bir mühüm məqamı da nəzərə alaq ki, son illər Azərbaycana avtomobil idxalı benzinə və dizelə olan tələbatı daha da artırıb. Statistikaya diqqət yetirsək, ölkəmizdə dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə isə 2017-ci ildə aparılıb. 2013-2020-ci illərdə ölkədə orta aylıq əməkhaqqı 66 faiz, pensiyalar 73 faiz artıb. Göründüyü kimi, əhalinin gəlirlərində əhəmiyyətli artım qeydə alınıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 709 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31