Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / AMEA: potensialı və problemləri

AMEA: potensialı və problemləri

15.03.2022 [10:44]

Qafar Cəbiyev,

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq

Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor

Azərbaycan dövlət müstəqilliyini qazanandan sonra elmdə islahatların gerçəkləşdirilməsi üçün əlverişli şərait yaranmasına baxmayaraq, elmin ümumi vəziyyəti təhlil edilməmiş və onun ölkənin müasir tələblərinə uyğun istiqamətləri müəyyən olunmamışdır. Bu səbəbdən də aparılan elmi tədqiqatlar respublikanın yüksəlməkdə olan inkişaf tempindən geri qalır.

İlham Əliyev.

Azərbaycan Respublikasının Prezidenti

Əvvəli ötən sayımızda...

Oxucunu çox yormadan bir-iki misalla kifayətlənəcəm. “Azərxalça”nın sabiq şefi Vidadi Muradov 1980-ci ildə Rusiya Kooperasiya Universitetini bitirib. 2014-cü ilin dekabrında Tarix İnstitutu nəzdindəki Dissertasiya Şurasında namizədlik, 3 il yarımdan sonra isə AMEA-nın Naxçıvan filialında doktorluq dissertasiyası müdafiə edib. Doktorluq diplomunun mürəkkəbi qurumamış ona təntənəli surətdə professor elmi adına dair diplom da verilib. Bir-birinin ardınca çoxsaylı iri həcmli kitabları və elmi məqalələri işıq üzü görüb. Bu titullarını və “səmərəli” elmi fəaliyyətini nəzərə alaraq Arxeologiya və Etnoqrafiya İnstitutunda onun üçün məxsusi olaraq “xalçaşünaslıq” sektoru yaradılıb. Hansı ki, V.Muradov həbs olunan kimi yuxarıların sifarişi ilə yaradılmış həmin sektor dərhal elə yuxarıların göstərişi ilə də ləğv edildi. (Bilirsiniz, AMEA-nın strukturlarında kimlərəsə vəzifə yeri açmaq naminə nə qədər bu cür saxta şöbə, sektor və qrup yaradılıb?!). İndi qoy, onu himayə edən yüksək çinli akademiya rəsmləri Azərbaycanın elmi ictimaiyyətini inandırsınlar görək V.Muradov elmin bu çətin və “daşlı-kəsəkli yollarını” (K.Marks) belə tez və asanlıqla necə keçib?! Təəssüflə deməliyəm ki, AMEA-nın İnstitutlarında elm məbədimizin kriteriyalarına yad olan belə “nümunələr” olduqca çoxdur. Başqa bir misal. Prezidentin sabiq köməkçisi Əli Həsənovun doktorluq dissertasiyasını kimə yazdırdığı və necə müdafiə etdiyini incələmək istəmirəm. Bəs onun həyat yoldaşı Sona Vəliyeva necə elmlər doktoru oldu? Dövlət İdarəçilik Akademiyasında rəhbəri olduğu kafedranın müəllimi olan qızı Səfiyə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini necə əldə etdi? Ən azı Elmlər Akademiyası və Dövlət İdarəçilik Akademiyasında bu insanların dissertasiyalarını və müdafiə üçün tələb olunan elmi məqalələrini kimlərin yazmış olduğunu hər kəs yaxşı bilir. Bu “xidmətlərinə” görə həmin adamların Ə.Həsənovun himayəsi sayəsində necə deputat və AMEA-nın müxbir üzvü “seçdiklərini” də hər kəs çox yaxşı bilir. Bu yerdə deyiblər ki, “qırqovul başını kola soxur və elə bilir ki, onun şələ quyruğunu görən yoxdur”. Bu misalı eyni ilə nəyinsə müqabilində ona-buna dissertasiya yazan, belələrinə şərait yaradan, onlara bəlağətli rəylər verən, müdafiə prosesində tərif dolu çıxışları ilə kimlərsə yarınan digər insanlara da şamil etmək gərəkdir. Bütün bunlar onu deməyə əsas verir ki, elmi rəhbər və məsləhətçilərin, dissertasiyaların ilkin olaraq müzakirə olunduğu şöbələrin, elmi seminar və dissertasiya şuralarının, rəsmi opponentlərin və ekspertlərin müdafiəyə təqdim olunan əsərlərə daha tələbkarlıqla yanaşmaları üçün təsirli tədbirlər görülməlidir. Vəzifə borcunun məsuliyyətini dərk etməyənlər, prinsipsizlik göstərənlər, bilərəkdən saxtakarlıq və ya himayədarlıq edənlər ciddi surətdə cəzalandırılmalıdır.

Etiraf edək ki, ötən əsrin 60-80-ci illərində Azərbaycanda çox sanballı albanşünaslıq məktəbi olub. Akademik Z.Bünyadov, akademik İ.Əliyev, AMEA-nın müxbir üzvləri F.Məmmədova, İ.Babayev, professor C.Xəlilov  və neçə-neçə qeyriləri SSRİ miqyasında söz sahibi olan albanşünas alimlər idi. Amma təəssüf hissi ilə bildirməliyəm ki, son illər albanşünaslıq problemi ilə də pis məşğul oluruq. Təsəvvür edin, ötən əsrin 70-ci illərində V.Quqasiyanın çap etdirdiyi 3-4 məqalədən sonra alban əlifbasının tədqiqi istiqamətində demək olar ki, heç bir ciddi iş görülməyib. Halbuki, qonşu Gürcüstanda İ.Abuladze və A.Şanidzedən sonra indi də Z.Aleksidze bu problemlə bağlı cild-cild kitablar nəşr etdirməkdədir. Qədim Azərbaycan dövləti olan Atropatena tarixinin öyrəniləməsi sahəsində vəziyyət bundan da pisdir. Nə qədər acınacaqlı olsa da, indiyədək Atropatena abidələrinin arxeoloji tədqiqinə aid bir dənə də olsun dissertasiya yazılmayıb. Müqayisə üçün bildirim ki, Atropatena ilə eyni vaxtda yaranmış digər qədim Azərbaycan dövləti olan Albanyanın maddi mədəniyyətinə dair  Azərbaycan arxeoloqları tərəfindən hələ ötən əsrin 70-80-ci illərində onlarla namizədlik və doktorluq dissertasiyaları yazılıb. Hansı ki, bununla da kifayətlənmək olmaz.

5. Alimə də, elmdə də münasibət dəyişməlidir

Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Bazarda isə dəyərə uyğun qiymət formalaşır. Akademiya sistemində isə bu meyar hələ ki, özünü göstərmir. Sual olunur: indiki halda hansı intellektli gənc 300-350 manat məvaciblə elm sahəsində çalışmağa razı olar?! Elmimizin gələcəyi üçün son dərəcə gərəkli olan hansısa istedadlı gənc əslində gündəlik olaraq işlətdiyi kağıza, qələmə və kitab-dəftərə yetməyən bu məvaciblə necə yaşasın, necə ailə qursun, neə mənzil alsın?! Axı, bu gənclər də yaxşı geyinmək, yaxşı istirahət etmək, ən azı normal dolanmaq istəyirlər. Xatırladaq ki, bu gün akademiya sistemində baş elmi işçi vəzifəsində çalışan elmlər doktoru-professorun aylıq məvacibi təqribən - 500-550 manat təşkil edir. Təsəvvür edin, AMEA-nın qaraj müdiri baş elmi işçi, professor və şöbə müdirindən daha yüksək əməkhaqqı alır. Azərbaycan elminin inkişafında xidmətləri olan insanların bir çoxu ehtiyac üzündən gündəlik olaraq elmlə bağlı tapşırıqları bir təhər yola verib çörək dalınca ora-bura qaçır, reptitorluq edir və s. Belə məvaciblə elmin inkişafını stimullaşdırmaq olar?! Hansı ağıllı və istedadlı gənc ömrünün ən azı 25-30 ilini sərf edərək bu qədər aylıq əməkhaqqı almağa razı olar?! Bax, buna görə də, son illər doktoranturaya ayrılan yerlərin xeyli hissəsi boş qalır. Hesab edirik ki, aidiyyəti orqanlar ən azı Azərbaycan elminin maraqları naminə bu sahədəki uyğunsuzluqların aradan qaldırılması barədə düşünməlidir.

Elm zəka sahiblərinin meydanıdır. Gəlin, etiraf edək ki, stimullaşdırıcı mühit olmadığından gənc zəka sahibləri başqa sahələrə qaçırlar. Elmi isə diletantların ümidinə buraxmaq olmaz. Bu cür yanaşmanın ağır nəticələri ola bilər. Odur ki, alimlərn bütünlüklə özünü elmə həsr etməsi və istedadlı gənclərin elmə cəlb olunması üçün çox ciddi stimullaşdırıcı tədbirlər görülməlidir. Bunun üçün təkcə dövlətin qayğısı azdır. Yaxşı olar ki, Heydər Əliyev Fondunun nümunəsindən çıxış edərək digər qeyri- hökmət təşkilatları, iri şirkətlər və imkanlı insanlar da elmin və alimin problemlərinə biganə qalmasınlar. Qoy, hər kəs həzrəti Peyğəmbərimizin (s)- “Alimin mürəkkəbi şəhidin qanından əfzəldir” kəlamından irəli gələn borc və vəzifəsini icra etməyə tələsin.

Akademiya sistemində təxirəsalınmadan görülməli olan tədbirlərdən biri də ayrı-ayrı elm sahələrində prioritet istiqamətlərin müəyyən olunması və tədqiqatların daha çox məhz həmin istiqamətlərə yönəldilməsidir. İndiki halda institutlarda da, şöbə və laboratoriyalarda da tədqiqatlar daha çox xaotik məcrada gedir. Uyğun elm sahələrinin və problemlərin koordinasiyası əvəzinə hər yanda ətalət və paralelçilik hökm sürür. Bütün bunlar isə nəticə etibarı ilə tədqiqatların yetərincə səmərə verməməsinə gətirib çıxarır. Elmdə xaltura və plagiatçılığın miqyası artır.

6. Azərbaycan elm sahəsində də regionun lider dövləti olmalıdır

Yuxarıda söylənilən hər cür tənqidi fikirlərə rəğmən ədalət naminə onu da demək lazımdır ki, Azərbaycan alimləri zaman-zaman elmin müxtəlif problemlərinə dair bir sıra çox mühüm və sanballı tədqiqat əsərləri ortaya qoyublar. Bununla belə əgər desək ki, elm adamları öz üzərlərinə düşən vəzifəni tam mənada icra ediblər, bu da doğru olmaz. Hələ görüləsi işlər, həlli vacib olan problemlər olduqca çoxdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan regionun lider dövlətidir. Bir sıra elm sahələri üzrə də liderlik məhz Azərbaycana məxsusdur. Amma ikinci, üçüncü, hətta daha aşağı sıralarda qərarlaşan elm sahələrimizin olduğuna da göz yummaq olmaz. Deməli, haradasa səriştəsizlik, haradasa biganəlik, haradasa ətalət və süstlük var.

Nədənsə hər dəfə ölkəmizin elm məbədi olan Milli Elmlər Akademiyasının potensialı və problemləri barədə düşünürkən qeyri-ixtiyari olaraq görkəmli Azərbaycan şairi Səməd Vurğunun “Bakının dastanı” poemasındakı “Akademiya! Nələr vardır burda bilsən!” misrası yadıma düşür. Ölməz şairimiz bu misrası ilə Akademiyanın fondlarında saxlanılan qədim əlyazmaları və tariximizin maddi qaynaqları olan zəngin eksponatların elmi əhəmiyyətini vəsf edib. Gəlin, unutmayaq ki, akademiyamızda həmin yadigarlardan da çox-çox qiymətli olan digər dəyərlərimiz də var. Bu, Azərbaycan elminin parlaq dühaları olan görkəmli elm adamları və onilliklər ərzində orada formalaşmış olan elmi-texniki potensialdır. Amma ürək ağrısı ilə onu da deməliyəm ki, indiki halda bu elm ocağı özünün intellekt potensialı və elmi-texniki imkanları ilə deyil, daha çox üst-üstə yığılıb qalan, özü də getdikcə daha da artmaqda olan problemləri ilə gündəmdədir. Sözsüz ki, belə bir arzuolunmaz disbalansı yaradanlar, ona göz yumanlar və ola bilsin ki, onun getdikcə daha artıq dərinləşməsində maraqlı olan qüvvələr var.

Heç kəsə sirr deyildir ki, hələ yüksək dövlət vəzifələrində mövqe tutduğu illərdə belə Akademiya Ramiz Mehdiyevin dirijor çubuğu ilə idarə olunub. Yalnız onun siyahısında adı olan kəslər AMEA-nın həqiqi və müxbir üzvü “seçiliblər”. Artıq çoxdandır ki, Azərbaycan cəmiyyətinin nəzərində bənzərsiz bürokrat məmur obrazına çevrilən R.Mehdiyev AMEA-nın prezidenti olduğu dönəmdə elm məbədimiz olduqca ağır, böhranlı və təlaülü günlərini yaşamalı oldu. Ölkə rəhbərliyinin və elmi ictimaiyyətin diqqətinin bütünlüklə Qarabağ probleminə yönəlməsi və pandemiya da akademik müəllimin işinə yaramış oldu. Yoxsa, AMEA-dakı özbaşınalıq və qanunsuzluqların bu həddə gəlib çatmasına heç bir halda yol verilməzdi. Gec də olsa, hər halda AMEA-nın Ramiz Mehdiyev dönəmi artıq keçmişdə qalıb. Amma onun getməsi ilə kifayətlənmək olmaz. Akademiyanın rəhbərliyinə yeni qüvvələr gəlməlidir. Beyni və qələmi sərrast işləyən, iti təfəkkürlü və sağlam düşüncəli qüvvələr! İnanın, bu halda institutlarda və digər elmi strukturlarda abu-hava tezliklə dəyişəcək, Azərbaycan elmi ətalət girdabından çıxaraq, sürətli inkişaf yoluna qədəm qoyacaqdır. Ulu Şəhriyar deyirdi ki, “bizdən öndədir avropalılar, çün işi iş bilənə tapşırır onlar”. Fikrimizcə, AMEA-nın timsalında sadəcə bunu etmək gərəkdir.

Başqalarından fərqli olaraq, elm adamları adətən hər cür çətinlik və problemlərə rəğmən giley-güzar etməyi deyil, işləməyi, daha çox yazıb-yaratmağı özlərinə rəva bilirlər. Onların başlıca amalı odur ki, millətimiz həmrəy, Vətənimiz və dövlətimiz isə qüdrətli olsun. Bütün bunlar isə xeyli dərəcədə Azərbaycan elminin inkişaf səviyyəsindən asılıdır.

B gün elm adamları hər zaman olduğundan daha çox ölkə Prezidentinə inanır, güvənir və ümid edirlər ki, onun fərman və sərəncamlarından, irad, tapşırıq, göstəriş, nitq və tövsiyələrindən irəli gələn bütün vəzifələr həm AMEA, həm də aidiyyətı digər orqanlar tərəfindən layiqincə həyata keçiriləcəkdir. Bu isə nəticə etibarı ilə Azərbaycan cəmiyyətində alimin də, elmin də özünə layiq mərtəbədə olmasına gətirib çıxaracaqdır.

Paylaş:
Baxılıb: 752 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Ədəbiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31