Yaşayış binalarındakı partlayışlar nədən qaynaqlanır?
18.11.2022 [10:10]
Səbəblər və təhlükəsizlik qaydaları...
Yeganə BAYRAMOVA
Noyabrın 16-da Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. Öndördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzildə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Hadisə nəticəsində 3-ü uşaq olmaqla 4 nəfər xəsarət alıb. Partlayış dalğasının zərbəsindən həyətdə park edilmiş 2 avtomobilə ziyan dəyib. TƏBİB-dən verilən məlumata görə, xəsarət alanlardan 22 yaşlı qadının (III dərəcəli termiki yanıq diaqnozu) vəziyyəti ağır, 1, 4 və 7 yaşlı uşaqların (hər biri II-III dərəcəli termiki yanıq diaqnozu ilə) vəziyyətləri isə orta ağır olaraq qiymətləndirilir. Yaşayış binalarında bədbəxt hadisələrin baş vermə səbəbləri müxtəlifdir. Məsələn, elektrik cihazlarının nasazlığı, qaz sızması, gərginlik altında nəzarətsiz qoyulmuş elektrik cihazlarının alışması və s. Ən pisi də odur ki, yaşayış binalarındakı partlayışların əksəriyyəti məhz insanların səhlənkarlığı üzündən baş verir. Öz məsuliyyətsizliyimiz, səhlənkarlığımız başımıza bəla açır. Tikintilər aparılarkən layihələr bütün müvafiq qurumlarla razılaşdırılmalıdır. Qaz kəmərləri vaxtaşırı yoxlanmalı, nasaz kəmərlər təmir edilməlidir. Təəssüf ki, bu məqamlara ciddi fikir verilmir.
Məsuliyyətsizliyimiz ölümlə nəticələnə bilər
Təhükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bütün növ yanğınların baş verməsinin 90 faizindən çoxu insanların laqeyd münasibətindən qaynaqlanır. Ekspertin sözlərinə görə, insanlar yanğın təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər, ancaq təəssüf ki, çox vaxt belə ciddi məqamlara diqqət yetirilmir: “İnsanların məsuliyyətsiz davranışı, ehtiyatsızlığı, təhlükəsizlik qaydalarına riayət olunmaması səbəbindən baş verən yanğınlar böyük əksəriyyət təşkil edir. Ona görə də insanlar birinci növbədə yanğın təhlükəsizliyi haqqında qaydalarla tanış olmalıdırlar. Yaşadıqları, yaxud işlədikləri yerə uyğun qaydalara düzgün əməl etsələr, yanğının baş vermə riskini azaltmış olarlar. Nəticədə yanğınların sayı azalar. Yanğınlar daha geniş miqyasda olanda artıq peşəkar yanğınsöndürmə qrupları da çətinlik çəkir. Nəticədə həm insanlara və mülklərinə, həm təbiətə və ekologiyaya, həm də flora və faunaya ziyan dəyir.
Təbii ki, maarifləndirmə müvafiq qurumlar tərəfindən edilir, amma bunu mütləq sistemli şəkildə, mütəmadi olaraq davam etdirmək lazımdır”.
Ekspert yanğının baş vermə səbəblərindən də danışıb: “Yanğının baş verməsi üçün ilk növbədə yanan maddə, oksigen və istilik olmalıdır. Bu 3 amil bir yerdə olarsa və təhlükəsizlik qaydalarına riayət olunmazsa, yanğının yaranması qaçılmaz ola bilər.
Yanğınlar bərk və ya maye halında olan materialların alışıb yanmasından baş verə bilər. Hər yanğının qarşısının alınmasının öz spesifik üsulları var. Müvafiq qurumların üzərinə müəyyən öhdəliklər düşür. Hər ərazinin spesifik təhlükəsizlik konsepsiyası, təxliyyə planları olmalıdır”.
Hər kəs özünü “usta” sayır
E.Nurəliyevin sözlərinə görə, bəzən vətəndaşlarımız təmir-tikinti zamanı təhlükəsizlik məsələlərinə önəm vermirlər: “Az qala hər kəs özünü “usta” sayır. Elektrik xətlərini özləri birləşdirir, qaz, su borusunu özləri çəkir, yaxud da bu işi bildiyini güman etdikləri dostlarını, tanıdıqlarını dəvət edirlər. Nəticədə bəzən görürük ki, qaz xətti də səhv çəkilib, səhv qoşulub, su xəttini qaz borusuna qoşublar. Kombi sistemləri də çox zaman bu cür səhv quraşdırılır.
Mənzildə təmir aparılarkən xüsusilə elektrik xətləri, qaz çəkilişi və ya qaz borularının dəyişdirilməsi zamanı mütləq mütəxəssislərə, “Azəriqaz”ın yerli bölmələrinə müraciət edilməlidir.
Qaz istismar idarəsinin əməkdaşları bu işi çoxlarından daha yaxşı, dəqiq, güvənli yerinə yetirəcəklər. Mənzildə təmir aparılırsa, bu haqda yerli orqanlara xəbər verilməlidir. Hətta fərdi evlərdə aparılan təmir, tikinti işləri zamanı da təhlükəsizlik məsələlərinə ciddi fikir verilməlidir.
Qaz, elektrik enerjisi çox təhlükəli məsələlərdir. Hansısa qaz sızıntısı, elektrik xəttinin düzgün qoşulmaması həm ev sahibinə, həm də ətrafdakı evlərə zərər verə, insan tələfatı ilə nəticələnə bilər. Çoxmənzilli binalarda isə diqqət üst səviyyədə olmalıdır. Çünki mənzillər bir-birinə bitişikdir. Yaşayış binaları panellərin bir-birinə bağlanması yoluyla tikilir. Ümumi qaz, su xətti, elektrik enerjisi bloku olur. Bir mənzildə baş verəcək nasazlıq bütün binanı silkələyə, güclü partlayışa və insan tələfatına, ağır xəsarətlərə səbəb olar”.
Ekspert qeyd edib ki, qaz, işıq, su idarələri ərazilərdə mütəmadi yoxlamalar, monitorinqlər aparmalı, qəzalı vəziyyətdə olan, köhnəlmiş boruları, xətləri yeniləməli, təhlükəsizlik məsələlərini gözardı etməməlidir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

