Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Rəna Bayramova: Laçın Laçınlığına qayıdır

Rəna Bayramova: Laçın Laçınlığına qayıdır

25.08.2026 [16:12]

İkinci Qarabağ müharibəsində Azərbaycanın döyüş meydanında əldə etdiyi
böyük Qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı və ordusu tamamilə
darmadağın edilən, kapitulyasiya aktını imzalamağa məcbur olan Ermənistan üç
rayonumuzdan, o cümlədən Laçından öz qoşunlarını çıxardı. Laçın rayonu 2020-
ci il dekabrın 1-də Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilərək, öz azadlığına
qovuşdu.
Bəli, 2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi
düşən ikinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycan
Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun
şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi.
Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin
imzaladığı birgə bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu
Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u Laçın
rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri
tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri,
Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçının işğaldan azad edilməsini
Azərbaycanın hərbi və diplomatik qələbəsidir.
Xatırladaq ki, 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi
Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb
və şəhər statusu alıb. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu (1 şəhər, 1
qəsəbə və 125 kənd) 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri
tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə
məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal
nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət,
30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta
texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri
işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli
əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni
dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim
xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə
səfər edib. Bu səfərlər zamanı dövlətimizin Başçısı Güləbird Su Elektrik
Stansiyasının, “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının, Laçın şəhərində 1
Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur
küçələrinin kəsişmələrindəki lövhələrin açılışını edib, Laçın Beynəlxalq Hava
Limanının, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr
uzunluğundakı tunelin, 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının,
Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış
məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyub, rayonda
həyata keçirilən layihələrin, aparılan quruculuq işlərinin gedişi ilə tanış olub.
Prezident İlham Əliyev Laçına növbəti səfəri zamanı aparılan quruculuq

işlərindən bəhs edərək deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad
edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə
çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli
dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar
burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə
etdiyi uğurları ilə eyni səviyyədə olsun”.
Azad ediləndən sonra Laçında çox böyük işlər həyata keçirilib. İndi Laçın
böyük bir tikinti meydançasını xatırladır. 2023-cü il avqustun 25-də Laçın rayon
2 nömrəli tam orta məktəbinnin, mebel fabrikinin, “Hoçazfilm” yaradıcılıq
studiyasının çəkiliş pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın, “AzərEnerji”
Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik
stansiyalarının açılışı keçirilib.
2025-ci il may ayında 11,2 ha ərazidə “Laçın” İstirahət Kompleksi istifadəyə
verilib. May ayının 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə
Prezidenti Rəcəb Tayyıb Ərdöğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının
açılış mərasimi keçirilib, sonra iki qardaş ölkənin rəhbərləri Kəlbəcər-Laçın
avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar.
Həmçinin ötən il mayın 28-də Laçında Azərbaycan Prezidenti İlham Əliyevin,
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd
Şahbaz Şərifin Zirvə görüşü keçirilib. Həmin gün Laçında hər üç dövlətin
rəhbərlərinin iştirakı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert
keçirilib.
Nəhayət 2025-ci il iyulun 11-də Prezident İlham Əliyev Laçında Hoçaz
çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq
“Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının onlayn
formatda açılışında iştirak edib və “Həkəriçay” su anbarının təməlini qoyub.
Bu gün ölkəmizin hər yerində, o cümlədən işğaldan azad olunmuş
torpaqlarımızda görülən işlər bir daha sübut edir ki, Ümummilli Lider Heydər
Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasət ölkəmizi müasirləşdirib, respublikamız dünya birliyinin layiqli
üzvünə çevrilib. Sözündə və əməlində bütov olan Möhtərəm Prezidentimizin
müdrik siyasəti nəticəsində Azərbaycanın bir çox sahələrdə təcrübəsi hətta
inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Azərbaycan yalnız öz gücünə, heç
kimdən maliyyə yardımı almadan Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur.
İşğaldan azad edilmiş ərazilərimizdə həyat öz axarına düşür, Azərbaycanın dilbər
guşələrindən olan Laçın Laçınlığına qayıdır.
Rəna Bayramova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Paylaş:
Baxılıb: 150 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

Siyasət

Ədəbiyyat

Elm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30