Azərbaycan-Litva dəyirmi masasında iqtisadi-ticarət-investisiya əməkdaşlığına dair anlaşmalar əldə olunub
Bakıda Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi və Litva Sənayeçilər Konfederasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan-Litva dəyirmi masası keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, tikinti, sənaye, energetika, logistika, nəqliyyat, İKT, maliyyə, turizm, ticarət və xidmət sektorlarında fəaliyyət göstərən 30-dan çox şirkətin nümayəndəsi iştirak edib. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev isə Azərbaycan və Litva arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanların olduğunu bildirib. O, Litva şirkətlərini Azərbaycanın investisiya imkanlarından yararlanmağa, birbaşa biznes əlaqələrini gücləndirməyə və əməkdaşlığı konkret layihələrlə genişləndirməyə dəvət edib.
Dəyirmi masa çərçivəsində hər iki ölkənin investisiya imkanlarına dair təqdimatlar keçirilib, sahibkarların birbaşa görüşləri təşkil edilib.
Qarşılıqlı investisiyaların təşviqi üçün mühüm fürsət
Azərbaycan ilə Litva arasında iqtisadi əlaqələr ticarətin şaxələndirilməsi, qarşılıqlı investisiyalar, enerji təhlükəsizliyi və regional bağlantıların inkişafı üzərində qurulub. Tərəflər münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək və iqtisadi əməkdaşlığı konkret layihələrlə genişləndirmək niyyətindədir. Litvanın xarici işlər naziri Kestutis Budrys tərəflər arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qarşılıqlı əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirən mühüm hadisə kimi dəyərləndirib. Qeyd edib ki, sənəd iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanların yaranması səfərin əsas nəticələrindən biri hesab oluna bilər. Vurğulanınb ki, biznes əlaqələrinin gücləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və investisiya şirkətlərinin birgə iqtisadi imkanlardan daha geniş istifadə etməsi qarşıda duran əsas iqtisadi çağırışlardır.
Enerji, nəqliyyat və logistika bağlantılarının əlaqələndirilməsi
Azərbaycanın əlverişli coğrafi mövqeyi, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat koridorlarında əlaqələndirici rolu, Orta Dəhl?zdə güclənən strateji yeri, eləcə də sənaye və investisiya infrastrukturları Litva üçün yeni imkanlar açır. Ələt Azad İqtisadi Zonasının və Bakı-Tbilisi-Qars xəttinin beynəlxalq nəqliyyat marşrutları ilə inteqrasiyası, sənaye və kommunikasiya, “yaşıl enerji” şəbəkələri Litva şirkətlərinin öz investisiyalarını şaxələndirmək üçün yaxşı fürsət yaradır. Eləcə də Litvanın Balkanlardakı strateji logistika mövqeyi və Avropa İttifaqı bazarına çıxış üçün körpü rolunu oynaması Azərbaycan şirkətləri üçün perspektivlər açır.
Azərbaycanın Avropanın enerji bağlantılarının inkişafındakı rolu və qaz təchizatının şaxələndirilməsinə, enerji təhlükəsizliyinin gücləndirilməsinə verdiyi mühüm töhfələr də Litva üçün xüsusi əhəmiyyət daşıyır. Rəsmi Vilnüs münasibətləri ən yüksək səviyyəyə çatdırmaqla enerji və nəqliyyat bağlantılarında ölkəmizin yaxın tərəfdaşı olmağı düşünür.
Ümumilikdə, tərəflər arasında iqtisadi-ticarət-investisiya sahələrində əməkdaşlığın artırılmasına dair anlaşmalar əldə olunub.
Rəqəmsal texnologiyalar və E-hökumət sahəsində əməkdaşlıq
Azərbaycan və Litva rəqəmsal texnologiyalar, innovasiya, kibertəhlükəsizlik və elektron hökumət sahələrində ikitərəfli əlaqələr qurub, Litvanın dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsindəki qabaqcıl təcrübəsi Azərbaycanın müvafiq qurumları ilə mütəmadi olaraq bölüşülür. Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) Kosmik Akademiyası ilə mübadilələr mövcuddur. Tərəflər Avropa İttifaqının rəqəmsal inkişaf proqramları çərçivəsində də fəal əməkdaşlıq edir. Ölkəmiz süni intellekt sahəsində də bu ölkə ilə əməkdaşlıq quraraq müasir rəqəmsal innovasiyaların yeni modellərin sənayeyə, elm və təhsilə gətirilməsinə xüsusi diqqət yetirir. Bu sahədə ən unikal layihələrdən biri hesab edilən “E-Twinning” layihəsi çərçivəsində ortaq təhsil layihələrinin yaradılması süni intellekt sahəsində şagirdlərin proqramlaşdırma bacarıqlarının inkişafına və yeni texnologiyalar üzrə biliklərinin formalaşmasında müstəsna rol oynayacaq. Eləcə də Litvanın Vilnüs Gediminas Texniki Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında energetika, nəqliyyat, telekommunikasiya, kibertəhlükəsizlik, kompüter mühəndisliyi və iqtisadiyyat istiqamətində birgə tədris, tədqiqat imkanlarının qurulması planlaşdırılır.
Beləliklə, Azərbaycan- Litva əlaqələrinin strateji tərəfdaşlıq mərhələsinə yüksəlməsi üçün güclü iqtisadi-hüquqi zəmin mövcuddur və bu möhkəm sütunlar hər iki ölkənin iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından mühüm perspektivlər açır.
E.CƏFƏRLİ