Azərbaycanın mövcud hərbi qanunvericilik aktlarının Hərbi Doktrinanın müddəalarına uyğunlaşdırılması həyata keçiriləcək. APA-nın məlumatına görə, bu barədə YAP İcra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov bildirib. Artıq bu sahədə bir neçə qanun layihəsi üzərində iş aparıldığını deyən deputat “Hərbi çağırışın əsasları haqqında” qanuna əlavə və dəyişikliklərin müzakirə olunduğunu vurğulayıb.
“Bu çox ciddi məsələdir. ölkə müdafiə şəraitində yaşadığından insanlar daim səfərbərliyə hazır olmalıdır. Burada xaricdə təhsil alanlarla, aspirantlarla bağlı məsələlər də var”, - deyə deputat vurğulayıb.
S.Novruzov onu da əlavə edib ki, hələlik Silahlı Qüvvələrin müqaviləli heyətə keçirilməsi ilə bağlı məsələ qanunvericiliyə əlavə və dəyişikliklərdə nəzərdə tutulmayıb.