Estoniyanın Azərbaycanda səfirliyi açılıb
Noyabrın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə görüşüb. Görüş zamanı nazirlər Azərbaycan-Estoniya münasibətlərinin hazırkı vəziyyəti, ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri, eləcə də əsas regional və beynəlxalq proseslər ətrafında hərtərəfli müzakirələr aparıblar. Nazirlər ikitərəfli təmasların və qarşılıqlı səfərlərin intensivləşməsini alqışlayaraq, siyasi dialoqun gücləndirilməsinin, Xarici İşlər nazirlikləri arasında müntəzəm siyasi və konsulluq məsləhətləşmələrinin davam etdirilməsinin, eləcə də parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
XİN başçıları görüşüb
C.Bayramov estoniyalı həmkarını Estoniyanın Azərbaycanda səfirliyinin təsis edilməsi münasibətilə təbrik edərək, onun fəaliyyətə başlamasının ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə, siyasi dialoqun genişləndirilməsinə və əməkdaşlığın institusional əsaslarının gücləndirilməsinə töhfə verəcəyini qeyd edib.
Görüşdə ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsinə də xüsusi diqqət yetirilib. Nazirlər noyabrın 4-də keçirilmiş Azərbaycan-Estoniya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının əhəmiyyətini vurğulayaraq, növbəti iclasın yeni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlavə imkanlar yaradacağını qeyd ediblər. Həmçinin nəqliyyat, rəqəmsallaşma, təhsil və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi perspektivləri nəzərdən keçirilib.
C.Bayramov həmkarını Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, regionda baş verən son hadisələr və sülh gündəliyinin irəli aparılması istiqamətində atılan addımlar barədə məlumatlandırıb. O, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasının təmin edilməsinə yönəlmiş tədbirlər, eləcə də minaların yaratdığı humanitar çətinliklər barədə qarşı tərəfə məlumat verib.
Ötən il ticarət dövriyyəsi 32 milyon dollar təşkil edib
Nazirlər beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran digər əsas məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Görüşün yekununda nazirlərin mətbuat konfransı keçirilib və media nümayəndələrinin sualları cavablandırılıb. C.Bayramov bildirib ki, ölkələrimiz arasında münasibətlər hər zaman çox müsbət müstəvidə inkişaf edib. Lakin son dövrdə biz bu münasibətlərdə çox ciddi dinamika müşahidə edirik. Bu, Azərbaycan-Estoniya əlaqələrinin inkişafı baxımından olduqca müsbət haldır. “Ölkələrimiz arasında müqavilə-hüquq bazasına gəldikdə, hazırda 16 sənəd mövcuddur, daha 8 sənəd üzərində isə işlər davam etdirilir. Əminəm ki, yaxın gələcəkdə həmin sənədlərin qüvvəyə minməsinin şahidi olacağıq. Hazırda ticarət dövriyyəsi ilə bağlı göstəriciləri qənaətbəxş hesab edə bilmərik. Ötən il ticarət dövriyyəsi təqribən 32 milyon ABŞ dolları təşkil edib. Estoniyadan Azərbaycana 25 milyon ABŞ dolları həcmində investisiyaların yatırıldığının şahidi olmuşuq. 72 Estoniya şirkəti Azərbaycanda fəaliyyət göstərir, onlardan 48-i aktiv fəaliyyətdədir”, - deyə nazir qeyd edib.
C.Bayramov: ATƏT-ə sədrliklə bağlı konsensus əldə edilməyib
C.Bayramov Azərbaycanın ATƏT sədrliyinə namizədliyi ilə bağlı sualı da cavablandırıb. Onun sözlərinə görə, ATƏT-in hazırkı fəaliyyətdə olan sədri İsveçrədir və onun səlahiyyət müddəti dekabrın 31-də başa çatır: “Bir ildən artıqdır ki, növbəti sədrin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılsa da, üzv dövlətlər arasında konsensus əldə etmək mümkün olmayıb”. Nazir diqqətə çatdırıb ki, Azərbaycan bu müddət ərzində konsensusun təmin olunmasına töhfə verməyə və dialoqa hazır olduğunu bəyan edib. Son həftələrdə intensivləşən məsləhətləşmələr zamanı Azərbaycanın da növbəti sədrliyə namizədliyi irəli sürülüb və ölkəmizə bu təkliflə bağlı müraciət olunub. “Müzakirələr çərçivəsində 2027, 2028 və 2029-cu illər üzrə sədr ölkələrin vahid paket şəklində müəyyənləşdirilməsi təklifi də irəli sürülüb. İlkin paket təklifi Azərbaycan tərəfindən təqdim edilib, sonradan bu təklifə Ermənistanın da daxil edilməsi məsələsi gündəmə gəlib. Azərbaycan yaranmış vəziyyəti nəzərə alaraq, konsensusun əldə olunmasına müsbət töhfə verməyə hazır olduğunu bildirib. Hazırda məsləhətləşmələr davam edir və yekun nəticə barədə əvvəlcədən proqnoz vermək mümkün deyil” - deyə, o vurğulayıb.
M.Tsahkna: Azərbaycandan öyrənəcəyimiz çox şey var
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna isə ölkələrimizin uzunmüddətli əməkdaşlığına ümid etdiyini söyləyib: “Səfirliyin açılması uzunmüddətli məsələdir və düşünülmüş qərardır. Biz qərara gəldik ki, münasibətləri daha da inkişaf etdirək”. “Regionda baş verən proseslər fonunda Azərbaycandan sabitliyin necə təmin olunması ilə bağlı öyrənəcəyimiz çox şey var” - deyə, o vurğulayıb. Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin inkişafı üçün böyük perspektivlərin olduğunu deyən nazir, Avropa İttifaqının Azərbaycanla əməkdaşlıq etmək istəyində olduğunu da diqqətə çatdırıb.
Qeyd edək ki, dünən Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib. Hər iki ölkənin XİN başçısı mərasimdə iştirak ediblər. Nazirlər Estoniyanın Bakıda rezident diplomatik nümayəndəliyinin fəaliyyətə başlamasını alqışlayaraq, bunun münasibətlərin inkişafında mühüm mərhələ kimi dəyərləndiriblər.
Nardar BAYRAMLI