Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə bütün məsələləri böyük təmkinlə, müdrikcəsinə izah etdi.
Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə AZƏRTAC-ın birgə layihəsi çərçivəsində Rumıniyanın sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Petre Roman bildirib.
Mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirdiyi müzakirələrdə iştirak edən Petre Roman təəssüratlarını AZƏRTAC-la bölüşüb. O deyib: “Bu müzakirələr ikinci Qarabağ müharibəsi dövründə hansı təhlükələrin olduğu barədə dəqiq məlumat almağımız baxımından çox faydalı oldu. Azərbaycan hökumətinin atdığı addımlar beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tam uyğun idi. Biz Azərbaycan Ordusunun azad etdiyi ərazilərdə rastlaşdığı vəziyyət barədə müfəssəl məlumat aldıq”.
Rumıniyanın sabiq Baş naziri bildirib ki, 30 illik işğaldan sonra həmin ərazilərdə törədilmiş dağıntıların həcminin belə dəhşətli olacağını heç kəs təsəvvür etməzdi.
“Prezident İlham Əliyevin bu məsələlər barədə ümumi fikirləri və Qarabağda aparılan bərpa işləri ilə bağlı konsepsiyası məndə çox xoş təəssürat oyatdı”, - deyə Petre Roman əlavə edib.