21 NOYABR 1992-Cİ İL: YENİ AZƏRBAYCAN PARTİYASININ YARANMASI TARİXİ ZƏRURƏTDƏN DOĞAN BÖYÜK SİYASİ HADİSƏ

21 NOYABR 1992-Cİ İL: YENİ AZƏRBAYCAN PARTİYASININ YARANMASI TARİXİ ZƏRURƏTDƏN DOĞAN BÖYÜK SİYASİ HADİSƏ

Yeni Azərbaycan Partiyasının təsis konfransı müasir Azərbaycan tarixində milli birliyin, siyasi iradənin və dövlətçilik məsuliyyətinin təcəssümü kimi mühüm yer tutur.

   Azərbaycanın müasir siyasi tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, sonrakı onilliklərin ictimai-siyasi mənzərəsinə də öz təsirini göstərir. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi məhz belə tarixi hadisələrdən biridir. Həmin gün ölkəmizin mürəkkəb siyasi şəraitində yeni siyasi təşkilatın əsası qoyuldu, xalqın gələcəyə olan inamını, milli həmrəylik və güclü dövlətçilik arzularını ifadə edən mühüm siyasi proses başlandı.

   1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan XX əsrin sonlarında öz tarixinin ən mürəkkəb sınaqları ilə üz-üzə qalmışdı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızın işğalı, ölkədə hökm sürən siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər, idarəçilik böhranı və cəmiyyətdə artan narahatlıq müstəqil dövlətçiliyimizin gələcəyi ilə bağlı ciddi suallar doğururdu.Belə bir şəraitdə Azərbaycanın milli maraqlarını müdafiə edə biləcək, dövlət müstəqilliyinin möhkəmləndirilməsini, ölkədə sabitliyin və qanunçuluğun təmin olunmasını qarşısına məqsəd qoyan yeni siyasi qüvvəyə ehtiyac yaranmışdı.

   1992-ci il oktyabrın 16-da Azərbaycanın tanınmış ziyalılarından ibarət 91 nəfərlik təşəbbüs qrupu görkəmli dövlət xadimi Heydər Əliyevə müraciət edərək yeni siyasi partiyanın yaradılmasına rəhbərlik etməsini xahiş etdi. Tarixə “91-lərin müraciəti” kimi daxil olan bu sənəd cəmiyyətdə mövcud olan siyasi və ictimai gözləntilərin ifadəsi idi.

   Heydər Əliyev oktyabrın 24-də “Səs” qəzetində dərc olunan “Yeni, müstəqil Azərbaycan uğrunda” adlı cavab məktubunda müraciətə müsbət münasibətini bildirdi. O, yeni siyasi təşkilatın yaradılmasını tarixi zərurət kimi qiymətləndirərək Azərbaycanın müstəqilliyinin qorunmasını, dövlətçiliyin möhkəmləndirilməsini, demokratik inkişafın təmin olunmasını əsas prioritetlər kimi müəyyənləşdirdi.

   Beləliklə, Yeni Azərbaycan Partiyasının yaradılması istiqamətində mühüm təşkilati və siyasi hazırlıq mərhələsi başlandı.

   1992-ci il noyabrın 21-də Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfrans Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrının binasında təşkil olunmuşdu.Tədbirin məhz Naxçıvanda keçirilməsi təsadüfi deyildi. Həmin dövrdə Bakı şəhərində təsis konfransının keçirilməsi ilə bağlı yaranmış maneələr və Naxçıvanın ağır blokada şəraiti təşkilati işləri daha da çətinləşdirirdi. Lakin bütün çətinliklərə baxmayaraq, Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş nümayəndələr tarixi qərarın qəbul edilməsi üçün bir araya gəldilər.

   Konfransın işinə Heydər Əliyev rəhbərlik edirdi. Toplantıda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi, partiyanın Proqramı və Nizamnaməsi təsdiqləndi. Eyni zamanda, təşkilatın rəhbər orqanları formalaşdırıldı və Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçildi.Bu qərar yalnız yeni siyasi partiyanın yaradılması demək deyildi. Bu, Azərbaycanın gələcək inkişafı, dövlət müstəqilliyinin qorunması və milli maraqların müdafiəsi naminə siyasi məsuliyyətin üzərinə götürülməsi idi.

   Həmin günün tarixi əhəmiyyətini artıran məqamlardan biri də konfransın keçirildiyi şərait idi. Heydər Əliyev sonralar həmin günü xatırlayaraq bildirmişdi ki, Naxçıvan Dövlət Teatrının binasında istilik olmayan zalda, iştirakçıların palto və papaqda oturduğu bir şəraitdə konfrans keçirilmişdi. Lakin bütün çətinliklərə baxmayaraq, iştirakçıların iradəsi və gələcəyə inamı yüksək idi.Bu mənzərə bir daha göstərirdi ki, böyük tarixi məqsədlər qarşısında fiziki çətinliklər və maneələr öz əhəmiyyətini itirir. Əsas olan milli iradə, siyasi qətiyyət və gələcəyə inamdır.

   Yeni Azərbaycan Partiyasının yaradılması, ilk növbədə, Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi müdrikliyi və liderlik keyfiyyətləri ilə bağlı idi. Onun uzun illər ərzində qazandığı idarəçilik təcrübəsi, Azərbaycan xalqının həyatında oynadığı mühüm rol və ölkənin gələcəyinə dair aydın siyasi baxışları yeni partiyanın formalaşmasının əsasını təşkil edirdi.

   YAP-ın siyasi fəaliyyətinin mərkəzində dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi, hüquqi və demokratik dövlət quruculuğu, ictimai-siyasi sabitliyin təmin edilməsi və Azərbaycanın inkişafı kimi fundamental prinsiplər dayanırdı.Partiyanın yaranması cəmiyyətdə milli həmrəyliyin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyırdı. Müxtəlif peşə sahələrinin nümayəndələrinin, ziyalıların, tanınmış ictimai-siyasi xadimlərin və ölkənin ayrı-ayrı bölgələrindən olan insanların vahid siyasi məqsəd ətrafında birləşməsi yeni ictimai-siyasi mərhələnin başlanğıcı idi.

   1992-ci il dekabrın 18-də Yeni Azərbaycan Partiyası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı. Sonrakı dövrdə partiyanın ölkənin müxtəlif bölgələrində təşkilatlanması, yerli strukturlarının yaradılması və siyasi fəaliyyətinin genişlənməsi prosesi sürətləndi.1993-cü il Azərbaycan dövlətçiliyi üçün həlledici sınaqlar ili oldu. Ölkədə yaranmış ağır siyasi vəziyyət, vətəndaş qarşıdurması təhlükəsi və dövlət müstəqilliyinin ciddi risklərlə üzləşməsi xalqı taleyüklü seçim qarşısında qoymuşdu. Belə bir şəraitdə Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı Azərbaycanın sonrakı inkişaf istiqamətinin müəyyənləşməsində mühüm rol oynadı.

   15 iyun 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcı oldu. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində onun Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkədə yeni siyasi və iqtisadi inkişaf mərhələsinin əsası qoyuldu.

   Sonrakı illərdə ölkədə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi, dövlət institutlarının formalaşdırılması, iqtisadi islahatların həyata keçirilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkənin iqtisadi potensialının reallaşdırılması və beynəlxalq iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından mühüm hadisəyə çevrildi.

   Bu gün Yeni Azərbaycan Partiyasının tarixinə nəzər salarkən onun yaradılmasının hansı mürəkkəb şəraitdə baş verdiyini, hansı siyasi və tarixi zərurətdən irəli gəldiyini xüsusi qeyd etmək lazımdır. 1992-ci il noyabrın 21-də Naxçıvanda atılan addım sonrakı siyasi proseslərin mühüm başlanğıc nöqtələrindən biri oldu.

   2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Ölkənin iqtisadi potensialının gücləndirilməsi, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və müdafiə qüdrətinin artırılması dövlət siyasətinin əsas istiqamətlərinə çevrildi.

   2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər, 2023-cü ildə Azərbaycanın suverenliyinin bütün ölkə ərazisində tam bərpa olunması müasir dövlətçilik tariximizin mühüm hadisələri kimi yadda qaldı. Bu nailiyyətlər Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini və milli iradəsini nümayiş etdirdi.

   Bu gün 21 noyabr tarixi yalnız Yeni Azərbaycan Partiyasının yaranma günü kimi deyil, həm də müstəqil Azərbaycan dövlətçiliyinin formalaşması prosesində mühüm siyasi iradənin nümayiş etdirildiyi gün kimi xatırlanır.Aradan keçən 34 il ərzində ölkəmizin ictimai-siyasi həyatında baş verən dəyişikliklər, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi və dövlət müstəqilliyinin möhkəmlənməsi həmin tarixi qərarın əhəmiyyətini yenidən dəyərləndirməyə əsas verir.

   21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilən təsis konfransı çətinliklər qarşısında geri çəkilməməyin, milli maraqları hər şeydən üstün tutmağın və gələcəyə inamla baxmağın nümunəsi kimi tariximizdə yaşayır.Bu əlamətdar tarix bizə bir daha xatırladır ki, güclü dövlətin təməlində milli birlik, siyasi məsuliyyət, uzaqgörən strategiya və xalqın öz gələcəyinə inamı dayanır.

   Yeni Azərbaycan Partiyasının təsis konfransı müasir Azərbaycan tarixinin mühüm səhifələrindən biri, Heydər Əliyev siyasi irsinin və dövlətçilik ideyalarının təşkilatlanmış siyasi platformada təcəssümünün başlanğıcıdır. 21 noyabr – milli siyasi tariximizdə özünəməxsus yeri olan, hər zaman ehtiramla xatırlanacaq əlamətdar gündür.

 

Elnur Qəhrəmanov,

YAP Gədəbəy rayon təşkilatının əməkdaşı