Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və misilsiz təbii sərvətlərə malik bölgələrindən biri olan Kəlbəcər xalqımızın milli yaddaşında və dövlətçilik tarixində xüsusi yer tutur. Kəlbəcərin hər qarışında tariximizin izləri, mədəni irsimizin nümunələri, qədim sivilizasiyaların izləri yaşayır. Ərazidə aşkarlanmış 30 min ildən artıq tarixə malik yaşayış məskənləri, 6 min illik qayaüstü təsvirlər, qədim türk əlifbasının nümunələri bu bölgənin zəngin tarixi keçmişini təsdiqləyən mühüm arxeoloji faktlardır. Tərtər çayı boyunca qayalıqlarda yerləşən qədim süni mağaralar, daş abidələr və tarixi-memarlıq nümunələri Kəlbəcərin Azərbaycan xalqının etnogenezində və mədəni inkişafında əhəmiyyətli yer tutduğunu göstərir.
“Kəlbəcər” toponiminin qədim türk dilində “çay üstündə qala” mənası daşıması isə bu ərazinin tarixi-coğrafi kimliyinin qədimliyinə işarədir. Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər 3054 kvadratkilometr ərazisi, zəngin meşə örtüyü, dağlıq relyefi, mineral su ehtiyatları və strateji coğrafi mövqeyi ilə ölkəmizin xüsusi əhəmiyyətə malik bölgələrindəndir. Camışdağ və Dəlidağ zirvələri, Tərtər çayı hövzəsi, nadir təbii landşaftı, zəngin flora və faunası bu diyarın iqtisadi və ekoloji potensialını müəyyənləşdirən əsas amillərdəndir. Kəlbəcərin əhəmiyyəti təkcə təbii sərvətləri ilə məhdudlaşmır. Onun coğrafi mövqeyi, yüksəklikləri və dağ keçidləri tarixən hərbi-strateji baxımdan da mühüm rol oynayıb. Məhz bu xüsusiyyətlər Kəlbəcəri Azərbaycanın milli təhlükəsizliyi və regional nəqliyyat-kommunikasiya sistemində strateji əhəmiyyətli əraziyə çevirir.
1930-cu ildə inzibati rayon statusu alan Kəlbəcər 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bu işğal Azərbaycanın ərazi bütövlüyünə qarşı törədilmiş ağır cinayətlərdən biri olmaqla yanaşı, on minlərlə insanın həyatını dəyişdirən böyük humanitar faciəyə çevrildi. İşğal ərəfəsində rayonda 53 mindən artıq insan yaşayır, 1 şəhər, 1 qəsəbə və 145 kənd fəaliyyət göstərirdi. İşğal zamanı 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Kəlbəcər əhalisi doğma yurdlarından didərgin salınaraq ölkənin 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici mərhələ oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbə siyasi iradənin, hərbi gücün, strateji və taktiki planlaşdırmanın, diplomatik fəaliyyətin və xalq-ordu birliyinin uğurlu nəticəsi idi.
Kəlbəcərin azad edilməsi də bu hərbi-siyasi strategiyanın mühüm nəticələrindən biri oldu. Rayonun mürəkkəb dağlıq relyefi və coğrafi mövqeyi onun strateji əhəmiyyətini artırırdı. Vətən müharibəsində yaranmış yeni reallıqlar və siyasi-diplomatik proseslərin düzgün idarə olunması Kəlbəcərin Azərbaycana qaytarılmasına şərait yaratdı.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonunun noyabrın 15-dək Azərbaycana qaytarılması nəzərdə tutulsa da, Ermənistan tərəfinin müraciəti ilə müddət noyabrın 25-dək uzadıldı. Azərbaycan humanist mövqe nümayiş etdirərək əlavə vaxt verilməsinə razılıq verdi. Lakin ərazini tərk edən ermənilərin evləri yandırması, ağacları kəsməsi və infrastrukturu dağıtması işğalçılıq siyasətinin vandalizm mahiyyətini bir daha üzə çıxardı.
2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə həmin günün Kəlbəcər Şəhəri Günü elan edilməsi tarixi Zəfərin əbədiləşdirilməsi baxımından mühüm addım oldu. Beləliklə, 25 noyabr dövlətimizin gücünün, xalqımızın birliyinin və tarixi ədalətin bərpasının rəmzinə çevrildi.
Hazırda Kəlbəcər rayonu üzrə genişmiqyaslı bərpa-quruculuq layihələri həyata keçirilir. Bölgədə yeni yollar, tunellər və körpülər inşa olunur. Xüsusilə Laçın-Kəlbəcər və Tərtər-Kəlbəcər avtomobil yolları bölgənin strateji əhəmiyyətini daha da artırır. Həmçinin İstisu kurort kompleksinin bərpası regionun turizm potensialını canlandırır. Bu gün Kəlbəcərdə yeni yaşayış məhəllələri, təhsil və səhiyyə infrastrukturu tikilir, tarixi və dini abidələrin bərpa və konservasiya proqramları həyata keçirilir. Bütün bu layihələr Kəlbəcərin gələcəkdə Cənubi Qafqazın mühüm turizm və mədəniyyət mərkəzlərindən birinə çevriləcəyini göstərir.
Kəlbəcər artıq Böyük Qayıdışın təcəssümünə çevrilib. Bura qayıdan hər bir vətəndaş tikinti və quruculuqda iştirak etməklə həm tarixə, həm də gələcək nəsillərə öz töhfəsini verir. Azərbaycan dövləti Kəlbəcəri yalnız bərpa etmir, onu müasir və inkişaf etmiş bir region kimi yenidən qurur. Bu isə gələcək illərdə bölgənin sosial-iqtisadi inkişafının daha da sürətlənəcəyinə zəmin yaradır. İndiyədək Kəlbəcər şəhərində 162 ailə, 681 nəfər məskunlaşıb. Bu rəqəmlərin qarşıdakı dövrdə daha da artması üçün yeni yaşayış sahələrinin yaradılması planlaşdırılır. Şəhərdə üç yeni yaşayış məhəlləsinin tikintisinə gələn il başlanılması nəzərdə tutulur. Hazırda layihələr yekunlaşdırılaraq ekspertiza mərhələsinə təqdim edilib. İkinci yaşayış məhəlləsində 182, üçüncü yaşayış məhəlləsində 476, dördüncü yaşayış məhəlləsində isə 807 mənzilin yaradılması planlaşdırılır.
Şəhərin yalnız yaşayış fondu deyil, ümumi siması da dəyişir. Kəlbəcər şəhər parkının layihələndirilməsi artıq yekunlaşıb və parkın tikintisinə gələn il başlanılması nəzərdə tutulur. Şəhərdə inzibati binanın layihələndirilməsi də planlaşdırılıb. Bütün bunlar Kəlbəcərin tədricən müasir, rahat və funksional məkana çevrilməsinin ayrı-ayrı halqalarıdır. Quruculuq rayonun kəndlərini də əhatə edir. Zar kəndində tikinti işləri artıq yekunlaşmaq üzrədir və yaxın zamanda kəndə köçün başlanması nəzərdə tutulur. Burada 547 fərdi ev, 100 yerlik uşaq bağçası və 528 şagird yerlik məktəb binası inşa edilib. Tikinti tam başa çatdıqdan sonra sakinlərin kəndə köçürülməsi həyata keçiriləcək. Beləliklə, bu yaşayış məntəqələrində yenidən ailələr məskunlaşacaq, məktəb qapıları uşaqların üzünə açılacaq, kənd təsərrüfatı və gündəlik həyat öz axarına qayıdacaq.
Böyük qürur və fəxr hissi ilə deyə bilərik ki, 25 Noyabr – Kəlbəcər Şəhəri Günü tarixi qayıdışın, mədəni irsin və Zəfərin rəmzinə çevrilib.
Şövqi Həsənov,
YAP Şəmkir rayon təşkilatı Aparatının əməkdaşı