Kəlbəcər: qədim tarixin və zəngin arxeoloji irsin yurdu

Kəlbəcər: qədim tarixin və zəngin arxeoloji irsin yurdu

Hər il 25 noyabr tarixində Azərbaycan xalqı Kəlbəcər şəhəri gününü qeyd edir. Bu tarix təkcə bir rayonun işğaldan azad olunmasının ildönümü deyil, həm də min illərin yaddaşını daşıyan qədim bir diyarın öz həqiqi sahiblərinə qovuşduğu gündür. Kəlbəcər Azərbaycanın tarixi yaddaşında xüsusi yer tutan, maddi-mədəni irsi ilə seçilən və arxeoloji baxımdan son dərəcə zəngin bir bölgədir. Bu diyarın tarixini öyrənmək həm də Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və xalqımızın əzəli torpaqlarına bağlılığının köklərini öyrənmək deməkdir.

Kəlbəcərin coğrafi mövqeyi onun tarixi taleyini müəyyən edib. Kiçik Qafqazın yüksək dağları, geniş yaylaları, bol sulu çayları və müalicəvi bulaqları bu ərazini qədim dövrlərdən insanların məskunlaşması üçün cəlbedici edib. Yaylalar maldarlığın inkişafına, meşələr və çaylar isə təsərrüfat həyatına geniş imkanlar yaradıb. Məhz buna görə də Kəlbəcər torpağında insan fəaliyyətinin izləri çox qədim dövrlərə gedib çıxır.

Bölgənin arxeoloji faktları içərisində qayaüstü təsvirlər xüsusi yer tutur. Kəlbəcər yaylalarında aşkar edilən petroqliflər qədim insanların məişətini, ov səhnələrini, heyvan təsvirlərini və dini təsəvvürlərini əks etdirir. Bu təsvirlər Qobustan qayaüstü rəsmləri ilə birlikdə Azərbaycan ərazisində qədim insan mədəniyyətinin davamlılığını sübut edən mühüm mənbələrdəndir. Rayon ərazisində yerləşən kurqanlar, qədim qəbiristanlıqlar və yaşayış yerlərinin qalıqları da bu diyarın tunc və dəmir dövrlərindən etibarən sıx məskunlaşdığını göstərir.

Kəlbəcərin türk-müsəlman mədəniyyətinə aid abidələri arasında qoç və at fiqurlu qəbirüstü abidələr xüsusi maraq doğurur. Bu daş heykəllər qədim türk tayfalarının dünyagörüşünü, inanclarını və cəsarət rəmzlərini özündə yaşadır. Belə abidələr Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə Qarabağda və Naxçıvanda da mövcuddur və onların Kəlbəcərdə geniş yayılması bu torpağın əzəli türk yurdu olduğunu təsdiqləyir. Məscidlər, türbələr və qədim qəbiristanlıqlar isə bölgədə İslam mədəniyyətinin dərin köklərindən xəbər verir.

Kəlbəcərin tarixi irsi təkcə türk-müsəlman abidələri ilə məhdudlaşmır. Bu ərazidə Qafqaz Albaniyası dövrünə aid çoxsaylı xristian abidələri də yerləşir. Onların ən məşhuru XIII əsrə aid Xudavəng monastır kompleksidir. Kompleksdəki kitabələr abidənin alban hökmdar ailəsinin nümayəndələri tərəfindən ucaldıldığını göstərir. Vəngli kəndi yaxınlığındakı Gəncəsər məbədi də Albaniya memarlığının mühüm nümunələrindəndir. Bu abidələr Azərbaycanın multikultural irsinin, müxtəlif dinlərin və mədəniyyətlərin bu torpaqda əsrlər boyu yanaşı mövcud olduğunun canlı sübutudur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2024-cü il sentyabrın 2-də Kəlbəcərə səfəri zamanı Xudavəng monastır kompleksinə baxış keçirmişdir. Bu addım Azərbaycan dövlətinin bütün tarixi irsə eyni həssaslıqla yanaşdığını bir daha nümayiş etdirdi.

Bölgədə orta əsrlərə aid müdafiə qurğuları da az deyil. Lev qalası və digər qalalar, qalaçalar, mağaralar və kahalar Kəlbəcəri sözün əsl mənasında açıq səma altında tarix muzeyinə çevirir. Bu qalalar bir vaxtlar ticarət yollarını, yaylaq keçidlərini və yaşayış məskənlərini qoruyan strateji obyektlər olub.

Təəssüf ki, 1993-cü il aprelin 2-də başlayan işğal bu zəngin irsə ağır zərbə vurdu. 27 il ərzində Kəlbəcərin tarixi abidələri dağıdıldı, talan edildi, bir qismi isə saxtalaşdırılaraq mənşəyi dəyişdirilməyə cəhd göstərildi. Alban məbədlərinin üzərindəki kitabələr pozuldu, müsəlman qəbiristanlıqları vandalizmə məruz qaldı, qoç fiqurlu abidələr yerindən qoparıldı. Bütün bunlar mədəni irsə qarşı məqsədyönlü siyasətin tərkib hissəsi idi.

Kəlbəcərin işğaldan azad olunması ilə tarixi ədalət bərpa olundu və bu irsin qorunması, elmi tədqiqi və bərpası üçün yeni imkanlar yarandı. Bu gün azad olunmuş ərazilərdə abidələrin inventarlaşdırılması, arxeoloji tədqiqatların aparılması və dağıdılmış abidələrin bərpası dövlətin diqqət mərkəzindədir. Alimlər, arxeoloqlar və tarixçilər Kəlbəcərin tarixini yenidən öyrənir, işğal dövründə gizlədilən həqiqətləri dünya ictimaiyyətinə çatdırırlar.

Kəlbəcərin tarixi əhəmiyyəti onun keçmişi ilə yanaşı, gələcəyi ilə də bağlıdır. Tarixi abidələr bölgənin turizm potensialının mühüm hissəsidir. Bərpa olunmuş qalalar, məbədlər və muzeylər gələcəkdə həm yerli, həm də xarici turistlərin diqqətini çəkəcək. Kəlbəcərdə yaradılacaq İşğal və Zəfər muzeyləri kompleksi isə bu diyarın həm faciəli, həm də qəhrəmanlıq dolu tarixini gələcək nəsillərə çatdıracaq.

Kəlbəcərin mənəvi irsi də zəngindir. Bu diyar aşıq sənətinin, şifahi xalq ədəbiyyatının, xalq mahnılarının və adət-ənənələrin qədim ocaqlarından biridir. Kəlbəcər yaylalarında yaranan bayatılar, dastanlar və rəvayətlər nəsildən-nəslə ötürülərək bu günümüzə qədər gəlib çatıb. Kəlbəcərin toponimləri – dağların, çayların, kəndlərin və yaylaqların adları da qədim türk dilinin izlərini daşıyır. Bu adlar elmi baxımdan da mühüm mənbədir və bölgənin etnik tarixini öyrənmək üçün qiymətli faktlar verir. Kəlbəcərdən didərgin düşmüş insanlar 27 il ərzində bu mənəvi irsi yaddaşlarında qoruyub saxladılar və indi onu yenidən doğma torpağa qaytarırlar.

Kəlbəcər şəhəri günü bizə xatırladır ki, tarixi yaddaş xalqın ən böyük sərvətidir. Kəlbəcərin daşlarında, qayalarında, qəbirüstü abidələrində yazılan tarix bu torpağın kimə məxsus olduğunu açıq şəkildə söyləyir. Bu irsi qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur.

 

Azər Süleymanov,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri