Azərbaycanın Konstitusiya Quruluşunun Tarixi İnkişaf Yolu və Dövlətçilik Ənənələri

Azərbaycanın Konstitusiya Quruluşunun Tarixi İnkişaf Yolu və Dövlətçilik Ənənələri

 

       Hər bir müstəqil dövlətin möhkəm təməli onun konstitusiya quruluşu, hüquqi prinsipləri və dövlətçilik ənənələri ilə müəyyən olunur. Konstitusiya dövlətin idarəçilik sistemini, hakimiyyət orqanlarının fəaliyyət istiqamətlərini, vətəndaşların hüquq və azadlıqlarını müəyyən edən ali hüquqi sənəddir. Azərbaycanın konstitusiya quruluşunun tarixi isə xalqımızın dövlətçilik ənənələrinin, müstəqillik uğrunda mübarizəsinin və hüquqi dövlət quruculuğu istiqamətində atdığı mühüm addımların əksidir.

     Azərbaycanın dövlətçilik tarixi qədim dövrlərə gedib çıxır. Əsrlər boyu bu ərazidə mövcud olmuş dövlətlər xalqımızın idarəçilik mədəniyyətinin, siyasi düşüncəsinin və dövlətçilik ənənələrinin formalaşmasına mühüm təsir göstərmişdir. Müxtəlif tarixi mərhələlərdə dövlət idarəçiliyi, qanunvericilik və ictimai münasibətlərin tənzimlənməsi ilə bağlı müəyyən qaydalar mövcud olmuşdur. Bu ənənələr sonrakı dövrlərdə müasir Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasına zəmin yaratmışdır.

    Azərbaycanın konstitusiya quruluşunun inkişafında mühüm mərhələlərdən biri 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması olmuşdur. Şərqdə ilk demokratik respublika kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində yeni bir səhifə açmışdır. Cümhuriyyət dövründə demokratik idarəçilik prinsipləri, parlament sistemi, vətəndaş hüquq və azadlıqları, milli dövlətçilik ideyaları ön plana çəkilmişdir. Qadınlara seçki hüququnun verilməsi həmin dövr üçün mühüm demokratik nailiyyətlərdən biri idi.

    Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti uzun sürməsə də, onun dövlətçilik irsi xalqımızın tarixi yaddaşında mühüm yer tutmuşdur. Cümhuriyyətin qəbul etdiyi qərarlar və həyata keçirdiyi islahatlar müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm tarixi təcrübə hesab olunur. 1920-ci ildə Cümhuriyyətin süqutundan sonra ölkədə sovet hakimiyyəti qurulmuş və Azərbaycan SSR-in konstitusiya quruluşu formalaşmışdır.

     Sovet dövründə Azərbaycan SSR-in müxtəlif illərdə konstitusiyaları qəbul edilmişdir. 1921, 1927, 1937 və 1978-ci illərdə qəbul edilən konstitusiyalar həmin dövrün siyasi və ictimai quruluşunu əks etdirirdi. Bu sənədlər Azərbaycan SSR-in dövlət idarəçiliyini, dövlət orqanlarının səlahiyyətlərini və vətəndaşların hüquqi vəziyyətini müəyyənləşdirirdi. Lakin sovet konstitusiya sistemində hakimiyyətin əsas istiqamətləri mərkəzləşdirilmiş siyasi idarəçilik prinsiplərinə əsaslanırdı.

     Azərbaycanın müasir konstitusiya quruluşunun formalaşmasında 1991-ci ildə dövlət müstəqilliyinin bərpası həlledici mərhələ olmuşdur. Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etməklə milli suverenliyini və müstəqil dövlət quruculuğu hüququnu yenidən təsdiq etmişdir. Müstəqilliyin bərpası ölkədə yeni siyasi, iqtisadi və hüquqi sistemin yaradılmasını zəruri edirdi. Bu baxımdan müasir dövrün tələblərinə cavab verən, demokratik prinsiplərə əsaslanan yeni Konstitusiyanın hazırlanması qarşıda duran ən mühüm vəzifələrdən biri idi.

     1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə dövlət quruculuğu prosesində əsaslı dəyişikliklər baş verdi. Dövlətçiliyin qorunması, siyasi sabitliyin təmin edilməsi, hüquqi sistemin təkmilləşdirilməsi və müstəqilliyin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın müasir konstitusiya quruluşunun formalaşmasında həlledici rol oynadı.

     1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiyası qəbul edildi. Bu tarixi hadisə ölkəmizin hüquqi dövlət quruculuğunda yeni mərhələnin başlanğıcı oldu. Konstitusiyanın qəbul edilməsi müstəqil Azərbaycanın siyasi və hüquqi sisteminin əsaslarını müəyyənləşdirdi, dövlət hakimiyyətinin təşkili prinsiplərini, insan və vətəndaş hüquq və azadlıqlarını, dövlət orqanlarının fəaliyyət istiqamətlərini hüquqi baxımdan təsbit etdi.

      Azərbaycan Respublikasının Konstitusiyasında dövlət hakimiyyətinin mənbəyinin xalq olduğu bəyan edilir. Xalq öz suveren hüquqlarını birbaşa referendum və seçkilər vasitəsilə, eləcə də qanunvericiliklə müəyyən edilmiş qaydada seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Bu prinsip demokratik dövlət quruluşunun əsasını təşkil edir.

     Konstitusiyamızın mühüm xüsusiyyətlərindən biri hakimiyyətlərin bölünməsi prinsipinə əsaslanmasıdır. Qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin fəaliyyət istiqamətləri və səlahiyyətləri müəyyən edilmişdir. Bu bölgü dövlət idarəçiliyində tarazlığın qorunmasına, qanunçuluğun təmin edilməsinə və dövlət orqanlarının məsuliyyətinin artırılmasına xidmət edir.

       Konstitusiyanın əsas prinsiplərindən biri də insan hüquq və azadlıqlarının ali dəyər kimi tanınmasıdır. Hər bir vətəndaşın yaşamaq, təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq, mülkiyyətə sahib olmaq, fikir və söz azadlığından istifadə etmək, qanun qarşısında bərabər olmaq hüquqları Konstitusiya ilə qorunur. Bu hüquqların təmin edilməsi demokratik cəmiyyətin inkişafı və sosial ədalətin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Konstitusiyası ölkəmizin demokratik, hüquqi, dünyəvi və unitar dövlət olduğunu təsbit edir. Dövlətin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi əsas konstitusion prinsiplər kimi müəyyənləşdirilmişdir. Bu prinsiplər Azərbaycanın milli maraqlarının qorunması, dövlətçiliyinin möhkəmləndirilməsi və gələcək inkişafının təmin olunması üçün mühüm hüquqi əsasdır.

Sonrakı illərdə ölkənin ictimai-siyasi və iqtisadi inkişafı, yeni reallıqlar və beynəlxalq təcrübə nəzərə alınaraq Konstitusiyaya bir sıra dəyişikliklər və əlavələr edilmişdir. 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar nəticəsində Konstitusiyanın ayrı-ayrı müddəaları təkmilləşdirilmişdir. Bu dəyişikliklər dövlət idarəçiliyinin daha da inkişaf etdirilməsinə, insan hüquq və azadlıqlarının müdafiə mexanizmlərinin gücləndirilməsinə və hüquqi sistemin müasir tələblərə uyğunlaşdırılmasına xidmət etmişdir.

Rəhimə Əliyeva

YAP Ordubad rayon təşkialı 3 saylı tam orta məktəb ƏPT -nın sədri